Konstitusiya quruluşunun
əsasları
Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s. Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur. Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması. Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.
Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir. Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya, sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli «Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, «Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur» (10-cu maddənin I hissəsi); «Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır» (12 maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissəsi) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu. Konstitusiya quruluşunun elementləri Konstitusiyanın birinci bölməsində aşağıdakı qaydada öz əksini tapmışdır:
- Xalq hakimiyyəti (1 -ci maddə);
- Xalq suverenliyi (2-ci maddə);
- Hakimiyyət bölgüsü (7-ci maddənin III hissəsi);
- İnsan və vətəndaşın hüquq və azadlığının üstünlüyü (12-ci maddə);
- İqtisadi plüralizm (13 və 15-ci maddələr);
- Dünyəvi dövlət prinsipi (7, 18 və 48-ci maddələr);
- Konstitusiya quruluşunun zəruriliyi (Azərbaycan Respublikası Konstitusiyasının preambulasının müddəaları).
Ərazisində bütün dövlət və ictimai proseslərin baş verdiyi Azərbaycan dövlətinin normal fəaliyyət göstərməsi şərtləri cəmiyyətin iqtisadi əsaslarının Konstitusiyada təsbit edilməsindən ibarətdir. Azərbaycan Respublikasında vahid iqtisadi məkana, malların sərbəst dövriyyəsinə, xidmət və maliyyə vəsaitlərinə, rəqabətə kömək göstərilməsinə, sərbəst iqtisadi fəaliyyətə təminat verilir. Bazar iqtisadiyyatı sisteminin təşəkkül tapması yönümündə göstərilən parametrlərin həyata keçirilməsi əmtəə-bazar münasibətlərinin inkişafına səbəb olur. Azərbaycanın yeni iqtisadi sistemi üçün mülkiyyət formalarının müxtəlifliyi xarakterikdir. Bu forma Konstitusiyada təsbit edilməklə əldə edilmişdir. Azərbaycan Respublikasında dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və mülkiyyətin digər formaları bərabər surətdə tanınır və müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Torpaq və digər təbii ehtiyatlar, həmçinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətində ola bilər. Mülkiyyət münasibətləri konkret olaraq mülki qanunvericiliklə, torpaq münasibətləri və torpaqdan istifadə qaydaları isə torpaq qanunvericiliyi ilə nizama salınır.
Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:
- xalq hakimiyyəti;
- hakimiyyətin bölgüsü;
- siyasi plüralizm;
- yerli özünüidarəetmə.
Konstitusiya hüququ elmində, adətən xalq, millət və dövlət suverenliyi anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi, sosial və mənəvi məişətini müəyyən etməsi olub, dövlətin suverenliyinin əsasında durur. Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür edir. Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir. Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit etmişdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:
* Bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini bilavasitə həyata keçirir.
* Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət göstərən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir.
Konstitusiya hüququ elmində mövcud olan fundamental problemlərdən biri də bilavasitə demokratiya institutları sistemidir. Bilavasitə demokratiya
institutları sisteminin
kataloqunu müasir konstitusya hüququ elmi aşağıdakı
kimi təsnifləşdirir:
- referendum;
- ümumi seçkilər;
- qanun layihələrinin
və dövlət həyatının mühüm
məsələlərinə dair ümumxalq müzakirəsi;
- vətəndaşların yığıncaqlar, ictimai
təşkilatlar, yerli
özünüidarə orqanları
vasitəsilə cəmiyyətin
işlərinin idarə
olunmasında iştirakı;
- dövlət hakimiyyəti və yerli özünüidarə
orqanlarına fərdi
və kollektiv müraciət (petitsiya) hüququ.
Referendum və azad seçkilər xalq
hakimiyyətinin ali, birbaşa
təzahür formalarıdır. Azərbaycan Respublikasında
seçkilərə - Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və yerli
özünüidarəetmə orqanlarının seçkiləri
aiddir. Seçki dedikdə dövlət hakimiyyət orqanları və
yerli özünüidarəetmə
orqanlarının təşkil olunması üçün
seçki komissiyalarının, seçki dairələri və seçki məntəqələrinin təşkili,
seçici siyahılarının tərtibi,
namizədlərin irəli sürülməsi və
qeydiyyatı, seçkiqabağı təşviqatın
aparılması, səsvermə və ona yekun vurulması üzrə Azərbaycan
Respublikası vətəndaşlarının fəaliyyəti
başa düşülür.
Seçkiləri başqa formada
dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının təşkil
olunması üsulu kimi
də xarakterizə etmək olar.
Seçkilər cəmiyyətin siyasi barometridir. Seçkilərin hüquqi
əsasını Respublika
Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Azərbaycan
Respublikasının digər normativ hüququ aktları təşkil edir. Referendum və
seçkilər - birbaşa demokratiya institutları kimi
məqsəd və subyektlərinə görə çox oxşar, obyektlərinə
və nəticələrinə görə bir-birindən fərqlənirlər.
Onların məqsədi eynidir - xalqın
iradəsini ifadə etmək; subyektlərinə görə də
fərqlənmirlər. Başqa sözlə,
referendumda iştirak
etmək hüququ olan
vətəndaşlar seçkilərdə də iştirak edə bilər. Referendum demokratiya
və dövlət quruculuğu tarixində ən maraqlı formalardan biridir. «Referendum» latın sözü olub, bildirilməsi zəruri olan, xəbər verilməli fakt mənasını verir və zəngin
tarixə malikdir. Referendum keçirilməsi şərtləri və üsulu (prosedurası) müvafiq ölkələrin
və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Respublikası
Konstitusiyasında və
Azərbaycan Respublikasının
Seçki Məcəlləsində
referendum və ümumxalq
səsverməsi anlayışları
sinonim anlayışlar
kimi işlədilir.
Azərbaycan Respublikası Konstitusiyasının
7-ci maddəsində qanunvericilik,
icra və məhkəmə hakimiyyətinə
əsaslanan hakimiyyət
bölgüsü prinsipi
təsbit edilmişdir
ki, bu da
dövlət hakimiyyətinin
normal fəaliyyət göstərməsinin
vacib ilkin şərtidir. Hakimiyyətin bu üç
qolunun hər biri müstəqildir.
Hakimiyyətin bölgüsü prinsipi həmçinin hakimiyyətin səmərəli
tarazlığını yaradır
ki, bunun nəticəsində hakimiyyət
budaqlarından heç
biri digərinin səlahiyyətlərinin həyata
keçirilməsinə qarışmır.
Buna görə də mövcud prinsipin müntəzəm
olaraq həyata keçirilməsi bütün
dövlət mexanizminin
səmərəli fəaliyyət
göstərməsinin zəruri
şərtidir. Ümumiyyətlə isə, qeyd etmək lazımdır ki, hakimiyyətin bölünməsi prinsipinin
dövlət idarəetmə
formasına müvafiq
olaraq Konstitusiyada necə təsbit olunmasından asılı
olmayaraq, artıq demokratiyaya doğru atılmış addım
kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit
edərkən mövcud
sistem nəzərə
alınıb və özünəməxsus bir
bölgü işlənib
hazırlanıb.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 22 dekabr.-
S.13.