Konstitusiya quruluşunun əsasları
(əvvəli
ötən sayımızda)
Yeni Konstitusiyanın II fəsli «Dövlətin əsasları»
adlanır və 7-ci maddədə Azərbaycan dövləti
xarakterizə edilir, habelə dövlət hakimiyyətinin təşkili
əsasları göstərilir. 7-ci maddənin III hissəsinə
görə, dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında həyata
keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis
həyat keçirir, icra hakimiyyəti Azərbaycan
Respublikası Prezidentinə mənsubdur, məhkəmə
hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə
məhkəmələr həyata keçirir. Bu prinsipin davamı kimi Konstitusiyanın III bölməsi
«Dövlət hakimiyyəti», tamamilə hakimiyyətin
bölünməsi prinsipi üzərində qurulmuşdur.
V fəsildə qanunvericilik, VI fəsildə icra, VII fəsildə
isə məhkəmə hakimiyyətindən bəhs edilir,
onların təşkili və fəaliyyəti əsasları,
hüquqi vəziyyəti, qəbul etdiyi aktların hüquqi
qüvvəsi və s. kimi məsələlər müəyyən
edilir. Yuxarıda qeyd edilənlərə bir qədər
dəqiqliklə yanaşılsa, hər bir hakimiyyət
budağının hakimiyyətin bölgüsü çərçivəsində
eyni sayda orqanlarla təmsil olunmadığı, bu orqanların
bölgüdə iştirak dərəcəsinin və
onların öz aralarında münasibətlərinin müxtəlif
olması aydın olar. Qanunvericilik hakimiyyətini
Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir. İcra hakimiyyətini
bölgü çərçivəsində, əsasən
prezident təmsil edir, bununla belə, hakimiyyət
bölgüsü mexanizmində Nazirlər Kabineti də
iştirak edir. İcra hakimiyyəti
bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan
bütün orqanlar tərəfindən həyata
keçirilir. Məhkəmə hakimiyyətini
Azərbaycan Respublikası məhkəmələri ədalət
mühakiməsi yolu ilə həyata keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb,
onun yerli orqanları yoxdur. İcra hakimiyyəti
çoxsaylı orqanlar sistemində təşkilatlanıb,
bütün səviyyələrdə müxtəlif orqanlara
malikdir. Məhkəmə hakimiyyəti də
daxilən hər bir üzvü (hər bir məhkəmə)
geniş muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən
həyata keçirilir, yəni bir məhkəmə digər məhkəmənin
işinə müdaxilə edə bilməz, hər bir məhkəmə
ayrılıqda məhkəmə hakimiyyətinin
daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində hər
üç hakimiyyət budağı arasında
tarazlaşdırma sistemi qarşılıqlı şəkildə
realizə olunur. Həm Milli Məclis, həm də Prezident, həm
də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər
vasitəsilə təsir edir. Hakimiyyət
budaqları daxilində ikinci səviyyədə mənzərə
bir qədər fərqlidir. Bu orqanlardan
sonra gələn və orqanlar iyerarxiyasında mühüm
rola malik orqanlar, ancaq və ancaq icra hakimiyyətində dəqiq
və təşkilatlanmış şəkildə
mövcuddur. Burada söhbət mərkəzi
icra hakimiyyəti orqanlarından gedir. Azərbaycan
Respublikasının Konstitusiyasında demək olar ki,
bütün hakimiyyət orqanları hakimiyyətin
bölünməsi prizmasından nəzərdən
keçirilir və eyni şəkildə də təsbitlənir.
Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən
biri də burada plüralizmin mövcudluğudur, yəni onun
ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır. İdeoloji
müxtəliflik o deməkdir ki, heç bir ideologiya, dövlət
səviyyəsində məcburi ideologiya kimi müəyyən
edilmir. Əlbəttə, bu o demək deyil
ki, cəmiyyətdə, ümumiyyətlə, heç bir əsas
ideologiya olmamalıdır. Belə
ideologiyanın Azərbaycan cəmiyyətinin əksər
sosial təbəqələri və qrupları tərəfindən
bəyənilməsi və himayə edilməsi
lazımdır.
Ölkəmizdə həyata keçirilən konstitusion
islahatların məqsədi demokratik dəyərlərin təsbit
olunması və gerçəkləşdirilməsi mexanizmlərinin
işlənib hazırlanmasıdır. Konstitusiyanın
preambulasında elan edilən Azərbaycan xalqının
ülvi niyyətlərindən biri də qanunların aliliyini
təmin edən hüquqi dövlət qurmaqdır. O
dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki,
hüquqla özünün fəaliyyətini məhdudlaşdırır,
insan və vətəndaşların hüquq və
azadlıqlarının təmin olunmasını
özünün başlıca məqsədi hesab edir. Hələ XX əsrin əvvəllərində qeyd
olunurdu ki, müasir mədəni dövlət - hüquqi
dövlətdir. Hüquqi dövlət
anlayışı özündə konstitusion demokratik dövlət
anlayışında mövcud olan əlamətləri birləşdirir.
Lakin hüquqi dövlətin spesifik əlamətlərinin
üzərində dayansaq hüquqi dövlət haqqında
daha geniş, aydın təsəvvür yaratmış
olarıq. Azərbaycan Respublikası
Konstitusiyasında təsbit olunan - «Azərbaycan hüquqi
dövlətdir» formulasına belə dövlət
quruculuğunun başlıca məqsədi, vəzifəsi və
istiqaməti kimi baxmaq lazımdır. Hüququn
aliliyi prinsipi hüquqi dövlətin ən mühüm
prinsipidir. Bu prinsip öz təzahürünü
hər şeydən əvvəl qanunun aliliyində tapır.
Başqa sözlə, ictimai həyatın
bütün sferalarına aid olan əsas ictimai münasibətlər
qanun qüvvəli aktlarla deyil, yalnız qanunla nizama
salınmalıdır. Ölkəmizdə
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik
olan qanundur. Konstitusiya təkcə
qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını
təşkil edir. Digər tərəfdən
Konstitusiya - dövlətin bütün ərazisində
birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının
147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir
sıra özünəməxsus əlamətləri təsbit
edilmişdir. Konstitusiyanın 7-ci maddəsinin
I hissəsinə görə «Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır».
Həmin maddənin II hissəsində isə dövlət
hakimiyyətinin hədləri hüququn aliliyi prinsipinə əsaslanaraq
müəyyən olunur: «Azərbaycan Respublikasında dövlət
hakimiyyəti daxili məsələlərdə yalnız
hüquqla məhdudlaşır», III hissədə isə «Azərbaycan
Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilir»
müddəaları təsbit olunub.
Azərbaycan dövlətinin mahiyyətini təşkil
edən xarakterik cəhətlərdən biri də onun
sosiallığıdır, yəni sosial dövlət
olmasıdır. Azərbaycan Respublikasının sosial
dövlət kimi siyasətinin əsas istiqamətini insanın
azad inkişafı və onun ləyaqətli həyatının
təmin edilməsi şərtləri təşkil edir ki, bu
da Konstitusiyanın I və II bölmələrində təsbit
edilmişdir. Bu bölmələr Azərbaycan
Respublikasının sosial siyasətinin əsas istiqamətini
müəyyən edir. Xüsusilə, insanların
sağlamlığı və əməyin müdafiəsi; əmək
haqqının təminatlı minimum məbləğdə
müəyyən edilməsi; ailələrin,
analığın, atalığın və uşaqların, əlil
və yaşlı vətəndaşların dövlət tərəfindən
himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin,
yardımların və sosial müdafiənin digər təminatlarının
müəyyən edilməsi və s.
Dünyəvi dövlət. Dövlətin bu xarakteristikası
özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır, başqa sözlə,
bunlar qarşılıqlı fəaliyyət göstərir,
bir-birilərinin işlərinə qarışmırlar. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsinə əsasən, Azərbaycan dünyəvi
dövlətdir. Azərbaycan dövlətinin
dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı
amillərdə göstərir. Birincisi, rəsmi,
qanuniləşdirilmiş dinin mövcud olmaması - heç
bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması.
Üçüncüsü, bütün dini
etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası
Konstitusiyasının 18-ci maddəsində təsbit
olunmuşdur.
Dövlət
və hüquq nəzəriyyəsi kursundan məlum olduğu
kimi, dövlətin forması anlayışı özündə
üç müstəqil elementi birləşdirir: idarəetmə
forması, dövlət quruluşu forması və dövlət
rejimi (siyasi rejim). Azərbaycan Respublikası
Konstitusiyasının 7-ci maddəsi dövlətimizin
başlıca əlamətlərini göstərməklə
yanaşı onu, idarəetmə formasına görə
respublika kimi təsbit etmişdir. Respublikanın
başlıca əlamətləri - dövlət
başçısının seçkilər vasitəsilə
bu vəzifəni əldə etməsi və Konstitusiya ilə
müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini
həyata keçirməsidir. Azərbaycan
Respublikası Konstitusiyası dövlətimizi respublikanın
hər hansı bir növünə (parlamentli, prezidentli,
qarışıq) aid olduğunu birbaşa olaraq təsbit
etmir. Dövlət
başçısının konstitusion statusunun təhlili,
onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl
parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə
prezidentli respublikanın mövcudluğu haqqında nəticə
çıxarmağa imkan verir. Belə bir nəticəyə
aşağıdakılar da əsas verir: prezident həm
dövlət başçısı, həm də icra hakimiyyətinin
başçısıdır; prezident ümumi, bərabər
və birbaşa seçkilər nəticəsində xalq tərəfindən
seçilir; hökumət parlament tərəfindən deyil,
prezident tərəfindən təşkil olunur, prezident
qarşısında məsuliyyət daşıyır və
hesabat verir; hökumət parlament qarşısında deyil,
prezident qarşısında istefa verir və s.
Unitar dövlət quruluş forması. Hər bir
dövlətdə onun dövlət quruluşunun forması əhəmiyyətli
rol oynayır. Bu həmin dövlətin mahiyyəti,
habelə dövlətlə onun tərkib hissələri
(inzibati - ərazi vahidləri, muxtar təsisatlar, federasiya
subyektləri) arasındakı münasibətlərlə
müəyyən edilir. Öz növbəsində
dövlət quruluşunun forması dövlət hakimiyyətini
və onun həyata keçirilmə metodlarının
mövcudluğunu möhkəmləndirir. Dövlət
quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və
onun əsasında qəbul edilmiş digər normativ hüquqi
aktlarda təsbit olunur. Azərbaycan
Respublikası Konstitusiyası (7-ci maddə) dövlət
quruluşuna görə respublikamızı unitar dövlət
kimi xarakterizə edir.
Dövlət rejimi - dövlət hakimiyyətinin həyata
keçirilməsi metodlarını səciyyələndirən
dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət
rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür.
Azərbaycan Respublikasının Konstitusiyası
bizim ölkəmizdə dövlət rejiminin konkret
növünü müəyyən etməklə dövlətimizin
dünyanın demokratik dövlətlərindən biri
olduğunu sübut etdi. Konstitusiyanın
7-ci maddəsində birbaşa olaraq Azərbaycan dövlətinin
demokratikliyi təsbit edilir. Hakimiyyətlərin
bölünməsi prinsipi; dövlət hakimiyyət
orqanlarının və yerli özünüidarəetmə
orqanlarının seçilməsi və vaxtaşırı
olaraq dəyişilməsi; insan hüquq və
azadlıqlarının ali dəyərlər
kimi tanınması, onlara riayət edilməsi və təminatının
dövlətin vəzifəsi hesab olunması; siyasi
plüralizm; qanunvericiliyin əsası kimi Azərbaycan
Respublikası Konstitusiyasının aliliyinin müəyyən
edilməsi dövlətimizin demokratikliyini sübut edən əsas
amillərdən hesab olunur.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 23 dekabr.-
S.13