Mücadilədən dönməyən fədakar
ziyalılar
Bütöv Azərbaycan
xalq ədəbiyyatının araşdırılması
baxımından mühacirətdə aparılan tədqiqatların
böyük əhəmiyyəti var
Azərbaycan
mühacirətini təmsil edənlər – Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd
Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə,
Əhməd Cəfəroğlu, Ceyhun bəy Hacıbəyli,
Səlim Rəfiq Rəfioğlu, Nağı Keykurun, Hüseyn
Baykara, Əbdülvahab Yurdsevər, Məmməd Sadıq Sənan,
Mirzadə Mustafa Fəxrəddin, Hilal Münşi, Məcid
Musazadə, Əziz Alpaut, Əziz Özər, Mustafa Haqqı
Türkəqul, Yunus Lənkəranlı, Nəbi Turablı,
Əli Volkan, İren Melikoff, Xavər Aslan, Turxan Gənceyi, Həmid
Nitqi, Behruz Həqqi və başqaları Vətənindən
uzaqlarda xalqının zəngin mənəvi sərvətlərinin
düzgün, qərəzsiz tanıtdırılması
uğrunda mübarizə aparıb, xalq ədəbiyyatının
bütün janrlarını bu və ya başqa şəkildə
araşdırıblar. Beləliklə,
mühacirətdə folklorla bağlı çox zəngin tədqiqatlar
yaranıb.
19-cu əsrin son onilliyindən başlayaraq Azərbaycanda
baş verən siyasi hadisələr və onların dünya
ölkələrindəki əks-sədası Vətəni
istiqlaliyyətinə qovuşdurmaq arzusunda olan bir çox
ziyalıların mübarizəni davam etdirmək məqsədilə
başqa ölkələrə üz tutması ilə nəticələndi. Mücadilədən
dönməyən bu fədakar insanlar xalq
yaradıcılığı örnəklərinə öz
azadlıq davalarının tərkib hissəsi kimi
yanaşırdılar ki, bu da mühacirətdə
folklorşünaslığın yaranmasını zəruri edən
ən əsas şərtlərdən biri idi. Lakin bundan əlavə bir çox məsələlər
də Vətəndən kənarda Azərbaycan xalq
yaradıcılığı ilə bağlı fəaliyyətlərin
meydana çıxmasına səbəb oldu. Onları
qısaca belə ifadə etmək olar:
Azərbaycanın
rus əsarətinə düşməsilə xalqın
istiqlaliyyətinin itirilməsi və Vətənin hürriyyətə
qovuşmasını təmin etmək məsələsinin
mühacirətdəki ziyalıların ən böyük
amalına çevrilməsi; Sovet ideoloji sisteminin xalq
yaradıcılığına qarşı qeyri-obyektiv
münasibəti, əsərlərin senzura tərəfindən
“qayçılanması”, hətta bəzən insanlar kimi
“repressiya qurbanları”na çevrilməsi, yəni tamamilə
yasaq edilməsi; Folklor örnəklərinin sovet Azərbaycanında
bir çox hallarda əslinə uyğun olaraq deyil, sosialist
ideologiyası fonunda yanlış tədqiq edilməsi; Digər
ölkələrdə yaşamaq zorunda qalan ziyalıların
senzuradan kənar, yəni azad mühitdə tədqiqat aparmaq
imkanlarının olması; Xalqının itirilmiş
istiqlaliyyətini bərpa etmək arzusunda olan mühacirət
folklorşünaslarının bu mübarizədə folklor
örnəklərinə xüsusi önəm vermələri;
Sovet sisteminin bütün türkdilli xalqları, o cümlədən
azərbaycanlıları öz tarixi soy-köklərindən
uzaqlaşdırmaq, nəticə etibarı ilə milli dəyərlərdən
təcrid etmə cəhdləri;
Azərbaycan folklor materiallarının toplanması,
ümumtürk kontekstində tədqiqi, nəşri, dünya
ölkələrində təbliğ edilməsi – bu, çox
mühüm məsələ idi. Çünki sovet ideoloji
sistemi cidd-cəhdlə türk xalqları arasındakı
soy-kök bağlarını qoparmağa, onlara yeni bir tarix
uydurmağa çalışırdı.
Mühacirət folklorşünaslığının
elmi-nəzəri tədqiqatları bir çox hallarda həmin
dövrdə sovet basqısı altında yaranan
araşdırmalardan özünəməxsusluğu,
obyektivliyi, metodoloji aspekti ilə ciddi şəkildə fərqlənməkdədir. Xalq ədəbiyyatının
ayrı-ayrı janrları ilə bağlı sovet
senzurasının yasaqladığı bir sıra məsələlərə
ilk dəfə mühacirətdə diqqət yetirilib, bu və
ya digər şəkildə münasibət bildirilib. Onlardan bir neçəsini xatırlatmağa ehtiyac
var.
Hər şeydən əvvəl, Vətəni Quzey və
ya Güney parçasına ayırmadan, daha doğrusu,
Bütöv Azərbaycan xalq ədəbiyyatının tam
şəkildə araşdırılması baxımından
mühacirətdə aparılan tədqiqatlar çox
böyük əhəmiyyətə malikdir. Bundan əlavə,
xalq ədəbiyyatı örnəkləri tarixi köklərinin
bağlandığı türk və dünya
folklorşünaslığı kontekstində təhlilə cəlb
olunub. Keçən əsrin 20-ci illərindən
başlayaraq, mühacirətdə qədim türk abidələrindəki
(“Orxon-Yenisey”, Mahmud Kaşğarlının
“Divanü-lüğat-it türk”, Seyid Cəmaləddin İbn
Mühənnanın “Hilyətül-insan həlbətül-lisan”
və s.) folklorla bağlı məsələlər təhlilə
cəlb olunub. Həmin illərdə repressiya dəhşətlərinin
yaşandığı Azərbaycanda qədim türk mənbələrinin
hər hansı bir şəkildə təhlilə cəlb
edilməsi imkansız idi.
Qaçaqlıqla bağlı bir çox dastanvari rəvayətlər
mühacirətdə sovet Azərbaycanındakı təhlillərdən
tam fərqli bir prizmadan – xalqın müstəmləkəçilərə
(birbaşa ruslara!) qarşı mübarizəsindən
yaranması qənaətlərilə tədqiq edilib. Qaçaq Məhəmməd
bəy Kavalerlə bağlı yaranan folklor örnəkləri
– rəvayət və şeirlər haqqında isə
yalnız mühacirətdə məlumatlar verilib. Azərbaycan və dünya (slavyan, alman, hind və
s.) xalqlarının inancları mühacirətdə keçən
əsrin 30-cu illərindən öyrənilməyə
başlayıb ki, bu da Azərbaycandakı tədqiqatlardan bir
xeyli əvvələ təsadüf etməkdədir.
Xalqın azadlıq uğrunda üsyanlarının liderləri
Babək, Şeyx Şamil, Cavad xanla bağlı yaranan folklor
örnəkləri və onların müəllifləri olan
el şairləri ilə bağlı mühacirətdə bir
sıra tədqiqatlar aparılıb. Hətta maraqlı bir
fakt diqqəti cəlb etməkdədir. Əbdülqadir
Süleyman 1932-ci ildə “Azərbaycan yurd bilgi”sində nəşr
etdirdiyi “Türk qövmlərinin xalq ədəbiyyatında
rus istilasının inikası” adlı tədqiqatında “Cavad
xan” dastanının Güney Azərbaycanda iki müxtəlif
variantını dinlədiyini bildirməkdədir. “Koroğlu” dastanının Paris nüsxəsilə
bağlı mühacirətdə 1933-cü ildə məlumat
verilib, həmin əsər Azərbaycana 1989-cu ildə gətirilib,
1997-ci ildə Bakıda nəşr edilib.
Mühacirətdə
türk folklorunun müqayisəli təhlili probleminə təxminən
80 il bundan əvvəl diqqət yetirilib.
Belə ki, Səlim Rəfiq Rəfioğlunun 1933-1934-cü ildə
yazdığı “Azərbaycan və Anadolu hekayələrinin
təhlili və müqayisəsi” əsərini görkəmli
türk alimi Mehmet Fuad Köprülü məhz müqayisəli
folklorşünaslığa bir töhfə kimi yüksək
dəyərləndirib. Sovet dövründə
bu metodologiyada tədqiqat aparmaq senzura nəzarəti altında
mümkün deyildi. Təəssüf ki,
yazılmasından 80 il keçməsinə
baxmayaraq, hələ də həmin əsər Türkiyənin
İstanbul şəhərində Bəyazid Dövlət
Kitabxanasında əlyazması şəklində
qorunmaqdadır. Mühacirətdə İraq
türkmənlərinin – Kərkük folkloru ilə
bağlı tədqiqatlar keçən əsrin 50-ci illərindən
aparılıb. Məlumdur ki, Azərbaycanda
bu işə 60-cı illərdən sonra başlanıb.
Bütün sadalananlarla yanaşı, “Azərbaycan
antroponimisinə dair notlar” (1958), “Dədə Qorqud” hekayələrinin
antroponim yapısı” (1959), “Türk onomastikasında ay və
günəş ünsürləri” (1964), “Türk
onomastikasında at kultu” (1965) adlı araşdırmaları ilə
Əhməd Cəfəroğlu adlar sisteminə (onomastik vahidlərə)
folklorşünaslıq elminin mövqeyindən yanaşma
metodunun əsasını qoyub. Həmçinin
İren xanım Melikoff bəzi dastan qəhrəmanlarının
adlarının əbcəd hesabı ilə ədəd
qarşılığını və həmin sayların
müqəddəsliyini müəyyənləşdirib ki, bu təcrübəyə
hələ də Azərbaycan
folklorşünaslığında təsadüf etmək
çətindir. Mühacir aşıqlarla
bağlı yenə onlarla eyni taleni yaşayan tədqiqatçılar
müəyyən qədər məlumatlar veriblər. Azərbaycanda hələ də bu barədə tədqiqat
əsərləri, demək olar ki, yoxdur.
Türk mifoloji düşüncəsi keçən əsrin
30-cu illərindən mühacir ziyalıların tədqiqatlarında
araşdırma mövzusuna çevrilib, ilkin ibtidai təsəvvürlərlə
yanaşı, etnosun mənəvi dünyası təhlilə
cəlb edilib.
Bundan əlavə, etnosun ilk dini təsəvvürləri,
şamanizm baxışları, musiqi mədəniyyəti,
qopuz və onun təsir dairəsi haqqında
Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Ə.Cəfəroğlunun,
İ.Melikoffun, B.Həqqinin və başqalarının
maraqlı tədqiqatları var. Sovet senzurasının
yasaqladığı mövzular olması isə mühacirətdə
aparılan bu tədqiqatların dəyərini daha da
artırmaqdadır.
Xatırladaq
ki, son illərdə türk və o cümlədən Azərbaycan
mifoloji sistemilə bağlı çox dəyərli tədqiqatlar
aparılıb, onların mühacirətdəki
araşdırmalarla müqayisəli təhlilinə ehtiyac var.
Mühacirətdə xalq ədəbiyyatına aid
materialların nəşrinə xüsusi diqqət yetirilib, həbsxanalarda
belə folklor örnəkləri toplanıb, beləliklə,
“məhbəs folkloru” silsiləsi yaranıb, Azərbaycanda bu təcrübəyə
təsadüf edilmir.
Sovet hakimiyyəti illərində nəinki mühacirətdə
yaranan tədqiqatlardan bəhs etmək, hətta onların
adlarını xatırlamaq belə böyük narahatlıq
yaradıb. Bununla yanaşı, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu,
C.Hacıbəyli və başqalarının adları sovet
dövrü Azərbaycan mətbuatında ara-sıra səslənib.
Lakin təəssüf ki, bu məqalələr
çox vaxt onların fəaliyyətinə kölgə salmaq
məqsədi daşıyıb, qeyri-obyektiv, sovet
senzurasının tələbinə müvafiq olaraq qərəzli
tənqid ruhunda yazılıb. Belə ki,
Ə.Cəfəroğlunun “Sovetlər Birliyi türkolojisi
araşdırmalarında rus kültür
üstünlüyü davası” məqaləsi ilə
bağlı xüsusi olaraq Azərbaycanda iclaslar təşkil
edilib.
Xatırladaq ki, Əhməd Cəfəroğlunun həmin tədqiqatı 1971-ci ildə Münhendə Sovetlər Birliyini Öyrənmə İnstitutunun orqanı olan “Dərgi”də nəşr olunmuşdu. Əhəmiyyətini nəzərə alaraq, “Azərbaycan” (Ankara) dərgisi 1972-ci ildə həmin tədqiqatı yenidən nəşr etmişdi. Mühacirlər yalnız dövlət və kültür istiqlaliyyətinin birlikdə xalqın azadlığına gətirəcəyinə əminliklərini bildiriblər. Əgər bu iki mühüm amil bir-birindən təcrid edilərsə, hürriyyətin tam olmayacağına inanıblar. Onların bu fikrinin doğruluğunu bütün zamanlarda yaranan ədəbi əsərlər sübut edib, çünki bir çox hallarda, o cümlədən yaxın keçmişimizdə – sovet hakimiyyəti illərində dövlət istiqlaliyyətinin olmaması öz təsirini kültür sahəsində də göstərib.
Azərbaycan mühacirət folklorşünasları dünyanın müxtəlif ölkələrində – Almaniya, Amerika, Fransa, İsveç, Polşa, İngiltərə və başqa ölkələrdə, əsasən də qardaş Türkiyədə fəaliyyət göstəriblər.
Azərbaycan mühacirət folklorşünaslığının təxminən XIX əsrin sonlarında yaranmasını qəbul etmək olar və dörd mərhələdə təsnif etmək mümkündür:
I. XIX əsrin sonlarından Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər;
II. 1920-ci il sovet hakimiyyətinin qurulmasından İkinci Dünya müharibəsinə qədər;
III. İkinci Dünya müharibəsi dövrü mühacirəti;
IV. 1978-ci il İran inqilabından və 1991-ci il Azərbaycanın Quzeyinin müstəqilliyinin elan olunmasından sonra.
Mühacirət folklorşünaslığının ən fəal dövrü ikinci və üçüncü mərhələyə – sovet hakimiyyəti illərinə təsadüf etməkdədir. Bunun da əsas səbəbi sovet siyasi sisteminin türk xalqlarına qarşı olan qeyri-obyektiv münasibəti ilə bağlıdır.
Mühacirətdə yaşamaq məcburiyyətində qalan ziyalılar folklorun müxtəlif janrları – inanclar, ovsunlar, əmək nəğmələri, bayatılar, xalq mahnıları, atalar sözləri, tapmacalar, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, dastanlarla bağlı tədqiqatlar aparıblar.
Almaz Həsənqızı,
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2015.- 24 dekabr.-
S14.