Dövlət və hüququn qarşılıqlı əlaqəsi

 

Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hazırda verdikləri müxtəlif təriflər mövcuddur. Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur. Təbii hüquq sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur. Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın tarixi həyatı müəyyən edir. Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır. Marksist-Leninçi hüquq nəzəriyyəsi hüququn sinfi mahiyyətini - onun qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsi olduğunu xüsusi qeyd edir. Hüququn tərifinə, onun təbiətini sosial hadisə kimi başa düşən digər yanaşmalar da mövcuddur. Aşağıdakı tərif hüquq ədəbiyyatında geniş yayılıb.

Hüquq - dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur. Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada işlədilir:

a) obyektiv hüquq və ya obyektiv mənada hüquq. Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının məcmusu kimi hüquq obyektiv hüquqa aiddir.

b) subyektiv hüquq və ya subyektiv mənada hüquq. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ). Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Məsələn, onlar müəyyən sosial rifahlardan istifadə etmək, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər.

Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq - qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır. Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin edilən hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs Konstitusiyaya və qanunlara riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

Hüquq normasını hüququn özünəməxsus ilkin hüceyrəsi kimi təsəvvür etmək olar. «Norma» latın dilindən tərcümədə - qayda, nümunə mənasını verir. Hər bir normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış modeli görünür. Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra olunmalıdır. Normanın bu hissəsi hüquq elmində hipoteza adlanır. Məsələn, pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir. İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir. Məsələn, ailə hüquq normalarına müvafiq olaraq valideynlər öz uşaqlarını tərbiyə etməyə, onların fiziki inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar. Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət orqanları buna müvafiq olaraq normadakı göstərişləri yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyənlərə qarşı bu məcburi təsir vasitələrini (sanksiya) tətbiq etmək iqtidarında olur. Bunlar intizam xarakterli (töhmət, işdənçıxarma və s.), inzibati (cərimə və s.) və cinayət xarakterli (azadlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər.

Başqa sözlə hüquq normaları aşağıdakıları müəyyən edir:

a) kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza);

b) bu icra nədən ibarət olmalıdır (dispozisiya);

c) normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya).

Lakin heç də bütün normalar bu cür üç elementli struktura malik deyil. İnsanların davranışını müəyyən edən hüquq normaları onların fəaliyyətini subyektiv hüquqların verilməsi ilə, yaxud üzərilərinə vəzifələrin qoyulması ilə tənzimləyir. Ona görə də hüquq normalarına belə bir ümumi qayda kimi baxmaq olar ki, bu normalar insanların, onların kollektivlərinin davranışını onlara subyektiv hüquqların verilməsi və üzərilərinə müvafiq hüquqi vəzifələrin qoyulması yolu ilə tənzimləyir. Rəsmi elan (dərc) olunmuş hüquq norması dövlət məcburetmə xarakterini daşıyır, yəni bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir. Daha vacib hüquq normaları qanunlarda təsbit olunur. Lakin qanunlarla yanaşı digər normativ aktlar da mövcuddur (prezidentin fərmanları, hökumətin qərarları və s.). Hüquq normaları həmişə ümumi xarakter daşıyır, yəni o, bütün analoji hallara aid olur, dəfələrlə tətbiq etmək imkanını nəzərdə tutur. O, qeyri-müəyyən sayda hüquq subyektlərinə yönəlir ki, onlar bu məqamda, yaxud gələcəkdə bu hüquq normaları ilə tənzimlənən münasibətlərin iştirakçısı ola bilsinlər. Hüquq normalarının müxtəlif 5 əlamətlərə görə təsnifatını vermək olar. Normadakı göstərişin xüsusiyyətlərindən asılı olaraq hüquq normalarını aşağıdakı kimi təsnifləşdirmək olar:

a) səlahiyyətverici normalar (norma - icazələr, nəyi etmək olar). Məsələn, AR Konstitusiyasının 26-cı maddəsində müəyyən olunub ki, hər kəs qanunla qadağan edilməyən bütün vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir;

b) məcburedici normalar (nəyi etmək lazımdır). Azərbaycan Respublikası Konstitusiyasının IV fəsli belə normaları təsbit edib.

c) qadağanedici normalar (nəyi etmək olmaz). Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

Normadakı göstərişin müəyyənlik dərəcəsinə görə hüquq normalarının iki növü fərqləndirilir:

1. Dispozitiv normalar (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur). Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının insan və vətəndaşın hüquq və azadlıqlarını nəzərdə tutan üçüncü fəslində təsbit olunmuş maddələrdə müəyyən olunan hüquq normaları.

İmperativ normalar (belə normalarda vahid davranış qaydası müəyyən olunmaqla hüquq subyektinə alternativ davranmaq imkanı verilmir). Məsələn, qadağanedici xarakterli bütün normalar (Azərbaycan Respublikası Konstitusiyasının 6- cı, 155-ci maddələri), habelə məcburedici normaların əksəriyyəti (Azərbaycan Respublikası Konstitusiyasının dördüncü fəslində nəzərdə tutulan normalar). Hüquq normalarının digər meyarlara görə də təsnifatı aparıla bilər.

Roman-German hüquq sistemi Kontinental Avropada yayılıb. Roma hüququ əsasında formalaşıb. Bu hüquq sistemində hüququn əsas mənbəyini normativ 6 hüquq akt təşkil edir. Azərbaycan Respublikasının hüquq sistemidə Roman-German hüquq sisteminə aiddir. Anqlo-sakson hüquq sistemi - Bu sistem Böyük Britaniya, Kanada, ABŞ, Yamayka, Avstraliyada yayılıb. Bu hüquq sisteminin əsasını məhkəmə presedentlərindən ibarət İngiltərənin hüquq sistemi təşkil edir.

Dini hüquq sistemlərinin əsasını dini kitabların və dini təlimlərin müəyyən etdiyi normalar təşkil edir. Bura islam hüququ və iuadizm hüququ (qalaxa) aiddir. Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya salınmalıdır. Bu dövlətin hüquq yaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun köməyi ilə qanunvericiliyin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya digər hüquqi aktlarda tapır. Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür. Belə orqanlara, məsələn, Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, Nazirlər Kabineti və b. aiddir. Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Məsələn, prezidentin müxtəlif fəxri adların konkret elm, incəsənət xadimlərinə və başqalarına verilməsi haqqındakı sərəncamları hüququn mənbəyi hesab olunmur, baxmayaraq ki, onun dövlət-hüquq xarakteri göz qabağındadır. Onlar hüquq mənbələri kimi çıxış edə bilməzlər, ona görə ki, onlarda ümumi qaydalar, yəni hüquq normaları yoxdur. Belə fərdi, konkret məsələləri müəyyən edən aktlar fərdi aktlar adlanır. Onlar öz səlahiyyətləri daxilində bütün dövlət orqanları tərəfindən verilir (məsələn, hakimiyyətin müvafiq strukturu vətəndaşa mənzil sahəsinin verilməsi, təqaüdün təyin olunması və s. barədə qərar qəbul edir), lakin bunlar hüquq mənbəyi ola bilməzlər.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 24 dekabr.- S13.