Azərbaycanın milli-mənəvi sərvətlərinin
mühacirətdə təbliği
II yazı
Sovet senzura sisteminin təkidilə xalq ədəbiyyatı
örnəklərinin yanlış təbliğinə və
ya yasaqlanmasına qarşı mübarizə mühacirət
folklorşünaslarını narahat edən əsas məsələlərdən
biri olub. Belə
ki, sovet Azərbaycanındakı qaçaqçılıq hərəkatı
ilə bağlı aparılan tədqiqatlar, “Kitabi-Dədə
Qorqud”un yasaqlanması, Novruz bayramına
olan qeyri-obyektiv münasibət və s. kəskin tənqid
edilib, rəsmi və ya qeyri-rəsmi qadağan edilən
mövzular mühacirətdə daim diqqət mərkəzində
saxlanıb. Folklor örnəkləri toplanaraq
müxtəlif dillərə tərcümə edilib,
ayrı-ayrı ölkələrdə nəşr və təbliğ
olunub. Bu da bir tərəfdən, folklor
örnəklərinin unudulmasının
qarşısını almaq, vətəni dünyada
tanıtdırmaq arzusundan irəli gəlmişdisə, digər
tərəfdən, ziyalıların qürbət
acılarını qismən azaltmış, onlara təskinlik
verib.
Qeyd etmək lazımdır ki, hələ keçən əsrin
20-ci illərindən folklor örnəkləri mühacirətdə
dünya standartları səviyyəsində toplanıb. Belə ki, əsasən
bu materiallar tam söyləndiyi dialektdə, heç bir dəyişiklik
edilmədən verilib, düzgün tələffüz
üçün xüsusi şərti işarələrdən
(uzun, qısa, sağır nun və s.) istifadə olunub. Hər səhifədə bəzi anlaşılmayan
dialektizmlərin ədəbi dildə
qarşılığını göstərən lüğətlər
tərtib edilib, informator haqqında lazımi bilgilər əlavə
olunub, həmçinin folklor örnəkləri çox vaxt
variantları ilə birlikdə göstərilib. Bu da tədqiqatçıların işini xeyli
asanlaşdırmış, həmin materialların
folklorşünaslıq üçün olduğu qədər
dilçilik, xüsusən dialektologiya üçün zəngin
mənbəyə çevrilməsini təmin edib.
Mühacirətdə Azərbaycanın milli-mənəvi
sərvətlərinin təbliği üçün həmin
ziyalılar tərəfindən folklor materialları, həmçinin
onlarla bağlı tədqiqat əsərləri
dünyanın ayrı-ayrı ölkələrində nəşr
olunub ki, bu zəngin irsin dəyərləndirilməsi
xüsusi aktuallıq kəsb edir. Məsələn, Ə.Cəfəroğlunun
1929-1930-cu ildə Berlində alman dilində “Gəncə
şivəsində 75 azəri bayatıları və lisana aid
bir müqəddimə”, 1936-cı ildə Neapolda Şərq Tədqiqatları
İnstitutunun Annalında italyan dilində “Azəri xalq ədəbiyyatında
sayaçı sözləri”, 1957-ci ildə Berlində alman
dilində “Azərbaycan və Anadolu folklorunda saxlanan iki
şaman tanrısı”, 1964-cü ildə Visbadendə alman
dilində “Türk dünyası ədəbiyyatı” silsiləsindən
“Azərbaycan ədəbiyyatı”, 1933-cü ildə Ceyhun bəy
Hacıbəylinin Parisdə, fransız dilində
“Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)”,
İren Melikoffun 1957-ci ildən başlayaraq fransız, ingilis
dillərində nəşr etdirdiyi tədqiqatlar (Onların
bir qismi türk dilinə Turan Alptekin tərəfindən tərcümə
edilərək, 2008-ci ildə İstanbulda “Dastandan masala –
türkoloji yolçuluqlarım” adı ilə nəşr
edilib), 1997 və 1998-ci illərdə Kölndə Behruz Həqqinin
yayımladığı “Ata sözlərinin kökləri və
Azərbaycan şifahi xalq ədəbiyyatından örnəklər”,
2000-ci ildə Kölndə “Tapmacalar, bilməcələr” və
s. Qeyd etmək lazımdır ki, həm Türkiyə, həm
Azərbaycan türkcəsində nəşr olunan folklor
materialları sayca olduqca çoxdur.
Mühacirətdə ayrı-ayrı
folklorşünasların yaradıcılığı
araşdırılıb, dünyada aparılan tədqiqatlar
izlənilib və həm vətəndə, həm xaricdə nəşr
olunan tədqiqatlarla bağlı münasibət bildirilib,
resenziyalar yazılıb. Belə ki, Kırzıoğlu M.Fəxrəddinin
“Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatı
haqqında M.Ə.Rəsulzadə “Dədə Qorqud oğuznamələri”
adlı resenziya yazıb, həmçinin Şamil Cəmşidovun
“Kitabi-Dədə Qorqudu vərəqləyərkən”
kitabı haqqında Əhməd Cəfəroğlu
“Türkiyyat” məcmuəsində münasibət bildirib,
amerikalı professor Robert Dankoffun yanlış təhlillərilə
bağlı İren Melikoff “Qazan sözcüyü üzərinə”
adlı cavab yazıb və s.
1928-ci ildə
Fransada “Asiya jurnalı”nda xanım Şatskayanın (M.Chatskaya)
N.Dmitriyevlə birlikdə “Tatar xalq şərqiləri” adı
altında tədqiqatı nəşr edilib və orada 76 Azərbaycan
bayatısı verilib. Ə.Cəfəroğlu həmin
tədqiqat haqqında 1932-ci ildə “Azərbaycan yurd bilgisi”ndə
kəskin tənqidi münasibət bildirib. Alimi qəzəbləndirən hər şeydən əvvəl,
tədqiqatın sərlövhəsi olub, digər tərəfdən,
bayatıların toplanma xüsusiyyətlərinin də
düzgün olmadığı bildirilib.
Xatırladaq ki, Azərbaycanın Quzeyinin öz müstəqilliyini
yenidən bərpa etməsindən iyirmi ildən çox
keçməsinə baxmayaraq, təəssüf ki, hələ
də mühacirətdəki folklor irsi bütöv şəkildə
təhlilə cəlb olunmayıb. Halbuki Azərbaycanın öz
istiqlaliyyətinə təkrar qovuşması ədəbi-mədəni
irsimizin yenidən, milli mənafelər baxımından nəzərdən
keçirilməsi üçün geniş imkanlar yaradıb
və 70 ildən artıq sovet ideoloji sisteminin birbaşa
müdaxiləsi, həmçinin kommunist partiyasının tələbləri
fonunda ciddi senzuraya məruz qalan mənəvi irsin tamamilə fərqli
mövqedən araşdırılması, həmin tədqiqatların,
toplanan folklor örnəklərinin vətəndə nəşri
və təbliği məsələsi
folklorşünaslığın qarşısında
mühüm bir vəzifə kimi qalmaqdadır.
Bundan əlavə, artıq Güney Azərbaycandakı
folklor materiallarının toplanması, nəşri və təhlili
də qarşıda bir vəzifə olaraq qalmaqdadır. Mühacirətdə bu sahədə
çox ciddi tədqiqatlar aparılıb, onların da nəzərə
alınmasına ehtiyac var. Gəncədə doğulub
İstanbulda vəfat edən məşhur azərbaycanlı
folklorşünas alim Əhməd Cəfəroğlunun
(1899-1975) zəngin yaradıcılığı var. Hələ
keçən əsrin 30-cu illərində Ə.Cəfəroğlu
“Azəri xalq ədəbiyyatında batil etiqadlar” məqaləsində
qaldırdığı problemə müraciət etməsinin
səbəblərini aydınlaşdırarkən, Azərbaycanda
mərasimlərlə bağlı tədqiqatların
aparılmadığını, bu zəngin irsin
toplanılmadığını, diqqətdən kə¬narda
qaldığını, lakin xalqın mə¬nəvi zənginliyinin,
milli xarakterinin göstəricisi olan bu ənənələrin
yaşadılmasının vacibliyini qeyd edib.
Ə.Cəfəroğlu bu mövzu ilə bağlı
bir mənbə, tədqiqat əsəri əldə edə bilmədiyi
üçün yalnız öz xatirində qalan və ailəsində
icra edilən mərasimləri araşdırmasına əlavə
etdiyini oxucusunun diqqətinə çatdırıb. Onun bu əsəri folklorun tədqiqatdan
kənarda qalmış mühüm bir janrının öyrənilməsi
sahəsində ilk addım olmaqla yanaşı, vətənin
həm Quzey, həm də Güney parçasının, daha
doğrusu, Bütöv Azərbaycan xalq ədəbiyyatının
araşdırılması baxımından da böyük əhəmiyyətə
malikdir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, bu
tədqiqatın yazıldığı illərdə sovet
senzura sisteminin ciddi nəzarəti altında Azərbaycanın
özündə bu metodologiyada bir əsərin meydana
çıxması mümkün deyildi. Əlbəttə,
həmin sistemə qarşı digər mühacir həmvətənləri
kimi daim mübarizədə olan Əhməd Cəfəroğlu
bu gerçəyi dərk edirdi və belə bir
araşdırma aparmaqla xalqımızın mənəvi sərvətlərinin
qorunması, təbliği sahəsində onun mühüm bir
addım olacağına inanırdı.
Beləliklə, folklorşünaslığımızda
Bütöv Azərbaycanın xalq ədəbiyyatının
araşdırılması kimi çox böyük bir
addımın atılması bu tədqiqat əsərinin dəyərini
daha da artırmaqdadır. Məlum səbəblərdən
yalnız Azərbaycanda sovet sistemi dağılıb müstəqil
dövlət qurulduqdan sonra Güney Azərbaycan folkloru da
müəyyən qədər araşdırılmağa
başlanıb və çox zaman vətənin hər iki
parçasında yaranan xalq ədəbiyyatı örnəkləri
ayrı-ayrılıqda tədqiq edilib. Halbuki hər
hansı janrın tədqiqində vətənin
bütövlükdə nəzərə alınması daha
çox əhəmiyyət daşıyardı, biz 70 il öncədən Ə.Cəfəroğlu
kimi təcrübəli folklorşünasın
yaradıcılığında bunun şahidi oluruq.
Sonrakı tədqiqatlarında da alim öz
yaradıcılıq ənənəsinə sadiq qalıb. Bu, bir daha göstərir ki,
mühacirət folklorşünasları mümkün
olduğu qədər xalq ədəbiyyatını Güney və
Quzey olaraq ayrılmış vətənin deyil, Bütöv
Azərbaycanın timsalında araşdırmağa
çalışıb, gələcək tədqiqatçılara
da bunu tövsiyə ediblər. Ə.Cəfəroğlunun
xidmətləri bütün bunlarla məhdudlaşmır, O,
öz tədqiqatına dini etiqadlarla bağlı məqamları
da əlavə edib. Ateizmin təbliğatçısı
olan sovet hakimiyyəti illərində dinlə bağlı
inancların nəinki toplanıb təbliğ edilməsi,
adının çəkilməsi belə mümkün deyildi.
Bu xüsusiyyət, təbii ki, özünü
həmin dövrün tədqiqatlarında göstərməkdədir.
Məişət
mərasimləri ilə bağlı aparılan tədqiqatların,
demək olar ki, hamısında ənənəvi olaraq,
ölüm və ona aid olan adətlər ən sonda verilir, yəni
ilk növbədə doğum, toy və s. bəhs edilir. Bu əsərdə
isə müəllif əvvəlcə ölüm və onunla
bağlı inanclar, ayinlər haqqında məlumat verib və
onlara daha çox yer ayırıb ki, bunun da bir neçə səbəbi
var. Hər şeydən əvvəl, sovet hakimiyyəti
zamanı ən çox diqqətdən kənar saxlanan bu mərasim
olub: bir tərəfdən, yas keçirilərkən ayinlərin
icrası zamanı dini amillərə xüsusi diqqət
yetirilir, digər tərəfdən, sosializm cəmiyyəti kədərli
olan hər şeyi inkar edirdi, ölümdən qaçmaq
mümkün olmasa da, sovet ideologiyası onun qələmə
alınmasının əleyhinə idi.
“Azəri-türk həyatında batil etiqadlar” tədqiqatının
diqqəti cəlb edən daha bir cəhəti ondan ibarətdir
ki, Ə.Cəfəroğlu kəndlərdəki yas mərasimlərində
oxunan ağıların şəhərdəkindən fərqləndiyinə,
orada ölənin igidliyinin, cəngavərliyinin daha çox mədh
olunduğuna nəzər yetirib və buna uyğun örnək
göstərib. “Azəri-türk həyatında batil
etiqadlar” əsərinin “Nəzir” fəslində Ə.Cəfəroğlu
azərbaycanlıların müxtəlif məqsədlərlə
yerinə yetirdikləri başqa adətlərindən bəhs
edib. Xüsusilə alimin nəzir olaraq
hazırlanan yeməklərlə bağlı verdiyi şərhlər
diqqəti cəlb edir, ona görə ki, onlar
dövrümüzdə, demək olar ki, artıq
unudulmaqdadır. Burada şilə, səməni, qovut,
dürmək və s. haqqında danışılmış,
onların hazırlanma üsulları və mövsümləri
də əsərdə öz əksini tapıb. Alim çoxcəhətli araşdırma aparıb,
milli yeməklərin unudulmasının
qarşısını almaq məqsədilə imkan daxilində
onların bişirilmə qaydalarını da tədqiqatına
əlavə edib ki, bu da əsərin yalnız
folklorşünaslıq üçün deyil, Azərbaycan
kulinariya elmi üçün də dəyərli mənbəyə
çevrilməsinə səbəb olub.
Ümumiyyətlə, mühacirət
folklorşünaslarının araşdırmalara
ümumtürk və dünya ədəbiyyatşünaslığı
kontekstində yanaşmasının nəticəsidir ki,
Ə.Cəfəroğlu Anadolu folklorunu toplayıb, digər
türkdilli xalqların yaradıcılığına əhəmiyyət
verilməməsinin, müqayisələrin
aparılmamasının yolverilməz olduğunu söyləyirdi. Belə ki,
Əhməd bəy xalq yaradıcılığına həsr
etdiyi “Folklorumuzda milli həyat və dil bakiyələri” məqaləsində
türklərin zəngin yaradıcılıq irsinə sahib
olduqlarını qürurla söyləsə də, bu mənəvi
sərvətin toplanması, tədqiq və təbliğinin
lazımi səviyyədə aparılmamasından
narahatlığını ifadə edib. Ə.Cəfəroğlu
yalnız problemi qaldırmaqla işi bitmiş hesab etməyib,
bu sahədə ciddi bir araşdırma aparıb, türkdilli
xalqların yayıldığı geniş ərazini tarixi
axınlara əsaslanaraq, iki istiqamət üzrə – Xəzərlə
Qara dənizin şimalından cənubi Rusiyaya doğru və
İrandan keçərək Qara dənizin cənubundan
Anadoluya doğru olmaqla izlənilməsini təklif edib. Onun fikrincə, birinci yolla mühacirət edən
hun, peçeneq, avar, xəzər, kuman türkləri bir
çox folklor məhsulları ilə bərabər ərimiş
və bizə, demək olar ki, heç bir yadigar qoymayıblar.
Almaz Həsənqızı
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2015.- 25 dekabr.- S.14.