Dövlət və hüququn qarşılıqlı əlaqəsi

 

 

Hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı yalnız yuxarıda göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır. Hüquqi fakt qanunda nəzərdə tutulan, konkret hüquq münasibətlərinin əmələ gəlməsi (həmçinin, dəyişməsi və xitam edilməsi) üçün əsas olan həyati hallar - hadisə və hərəkətlərdir. Hüquqi faktları insan iradəsi ilə əlaqəsindən asılı olaraq iki qrupa bölmək olar: hadisələr və hərəkətlər, bunlarla qanun hüquqi nəticələrinin əmələ gəlməsini əlaqələndirir. Hadisələr - bir qayda olaraq insanın iradəsindən asılı olmayaraq baş verən hüquqi əhəmiyyətli faktlardır. Məsələn, insanın ölümü vərəsəliklə əlaqədar hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Hərəkətlər insanın iradəsindən bilavasitə asılı olan hüquqi faktlardır. Hərəkətlər qanunauyğun, yəni hüquq normalarını, onların tələblərini pozmayan (məsələn, alqı-satqı müqaviləsi) və qanuna zidd, yəni qanunu pozan, qanunla düz gəlməyən hərəkətlərə bölünür (məsələn, inzibati, cinayət hüquqpozmaları və s.).

Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun aşağıdakı əlamətləri vardır: Birincisi, hüquq pozuntusu hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. İkincisi, hüquq pozuntusunun subyekti qanunla müəyyən edilmiş yaş həddinə çatmış (bir qayda olaraq 14-16 yaş), hüquq qabiliyyətli, anlaqlı şəxslərdir ki, onlarda öz hərəkətlərinə hesabat vermək, öz davranışına rəhbərlik etmək qabiliyyəti vardır.

Beləliklə, hüquq pozuntusu ağılla hərəkət etməyə qadir olan insanın iradəsinin ifadəsi kimi xarakterizə olunur. Ona görə də azyaşlıların və psixi cəhətdən anlaqsız olan şəxslərin törətdiyi ictimai-təhlükəli əməllər hüquq pozuntusu hesab olunmur. Azyaşlıların törətdiyi qanunvericilikdə nəzərdə tutulmuş ictimai təhlükəli əmələ görə müvafiq tərbiyəni və nəzarəti həyata keçirməməkdə təqsirkar olan şəxs cavab verməlidir. Üçüncüsü, şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Müəyyən yaş həddinə çatmış, anlaqlı şəxsin yalnız o ictimai-təhlükəli, hüquqazidd əməli hüquq pozuntusu hesab oluna bilər ki, bu əməl şəxsin təqsiri ucbatından baş vermiş olsun.

Hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanları nəzərə alaraq hüquq pozuntusuna belə bir tərif vermək olar: hüquq pozuntusu dedikdə - şəxsin ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməli başa düşülür. Hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət (məsələn, xuliqanlıq) və hərəkətsizlik (məsələn, vəzifəli şəxsin şüurlu surətdə məhkəmənin qərarını, hökmünü, qərardadını, yaxud qətnaməsini icra etməməsi) formasında ola bilər. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir.

Hüquq pozuntusunun tərkibinə daxildir:

1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri).

2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan, ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir.

3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu halda cinayət hüququnda hüquq pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs çıxış edə bilər.

4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Bütün hüquq pozuntuları ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə və xətalara bölünür. Cinayət - cinayət qanunvericiliyi (cinayət hüquq normaları) ilə qadağan edilmiş ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o cəmiyyətin mövcud olmaq şərtlərinin özünə, vətəndaşların əsas hüquq və azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd əməllər cinayət hesab olunmur. Belə ictimai təhlükəli əməllər başqa növ hüquq pozuntularına aiddir.

Xətalar - hüquq pozuntusunun subyektindən, vurulmuş ziyanın xarakterindən və həcmindən, habelə bunlara müvafiq olaraq tətbiq olunan hüquqi sanksiyaların xüsusiyyətlərindən asılı olaraq inzibati, intizam və mülki hüquqpozmalara bölünür ki, bunlar da müəyyən hüquq sahələrinə aid olur.

İnzibati xətalar - ən başlıcası dövlət idarəçiliyinə qəsd edən hüquqpozmalardır (küçə hərəkəti, yanğın təhlükəsizliyi, sanitar qaydalarının və s. pozulması). İntizam xətaları - əmək, xidməti, yaxud təhsil intizamına qəsd edən hüquq pozuntusudur. Mülki hüquq pozuntuları (xətalar) öhdəliklərin icra olunmaması, yaxud lazımi qaydada icra olunmaması, hər hansı şəxsə bu və ya digər əmlak ziyanının vurulması (delikt), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir.

Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur. Hüquqi məsuliyyətin fərqli əlaməti - hüququ pozan şəxsin hüququn tələblərini icra etməsinə dövlət məcburiyyətidir.

Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır. Bu halda söhbət hüquq pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri sahəsində tətbiq olunan hüququn bərpası tədbirlərindən gedir. İkincisi, dövlət məcburetməsi cəza tədbirlərində ifadə oluna bilər, yəni hüquq pozuntusuna qarşı cinayət (məsələn, azadlıqdan məhrumetmə) cəzası, inzibati cərimə, inzibati tənbeh tətbiq edilə bilər. Beləliklə, hüquqi məsuliyyət dövlət məcburiyyəti xarakteri daşıyır. Dövlət məcburetmə tədbirləri hüquq normalarında, onların sanksiyalarında müəyyən edilir. Sanksiya - müvafiq hüquq normalarında nəzərdə tutulan hüquq pozuntusunun arzuolunmaz nəticəsi, məhrumetmə vasitəsidir. Sanksiya səlahiyyətli dövlət orqanları (məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir. Hüquq pozuntularının növlərinə uyğun gələn hüquqi məsuliyyətin dörd əsas növü fərqləndirilir. Cinayət - cinayət məsuliyyəti, hüquqpozmaların başqa növləri isə müvafiq olaraq inzibati, intizam və mülki-hüquq məsuliyyəti əmələ gətirir. Son dövr hüquq ədəbiyyatında konstitusiya hüquqi məsuliyyət anlayışına da rast gəlinir.

Cinayət məsuliyyəti törədilmiş cinayətə görə yaranır. Cinayət məsuliyyətinə o şəxs cəlb olunur ki, o konkret cinayət törətsin və ya cinayətin törədilməsində iştirakçı olsun. Cinayət məsuliyyətinə cəlbetmə səlahiyyəti olan yeganə dövlət orqanı məhkəmədir, hansı ki, öz hökmü ilə cəza növünü təyin edir. Konkret şəxsin inzibati məsuliyyəti üçün əsas onun inzibati hüquq pozuntusu törətməsidir. İnzibati məsuliyyət səlahiyyətli dövlət orqanlarının qoyduğu inzibati tənbehlərin (xəbərdarlıq, cərimə, müsadirə, xüsusi hüquqlardan məhrumetmə və s.) tətbiqində ifadə olunur. İntizam məsuliyyəti intizam qaydalarının pozulması nəticəsində baş verir. İntizam xətaları məzəmmət, töhmət, şiddətli töhmət, işdən azadetmə və s. kimi sanksiyaların verilməsinə gətirir.

Mülki-hüquqi məsuliyyət mülkiyyət, əmlak xarakteri daşıyır. Belə ki, mülki-hüquqi mülkiyyət münasibətlərini nizamlayır. O əvəzetmə xarakteri daşıyır, ona görə ki, məqsədi - pozulmuş mülkiyyət hüququnun bərpasıdır. Mülkiyyətin ölçüsü, adətən vurulmuş ziyanın ölçüsünə uyğun gəlməlidir. Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir.

Bu qarşılıqlı əlaqə belə təzahür edir: hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz. Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir. Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 26 dekabr.- S.13.