Ümumrusiya Xarici
Ədəbiyyat Kitabxanasında Azərbaycan Milli
Kitabxanasının virtual oxu
zalı yaradılacaq
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru, professor Kərim Tahirov və informasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev bu həftə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında olublar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə əsas məqsəd hər iki kitabxana arasında ikitərəfli əlaqələrin qurulması və həmin kitabxanada Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının açılması məsələsinin müzakirəsi olub.
K.Tahirov Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi tərəfindən Xarici Ədəbiyyat Kitabxanasında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin daha da canlandırılması, inkişaf etdirilməsi və mütəmadi olaraq yeni ədəbiyyatla təchiz olunması, Fond tərəfindən başlanmış uğurlu işlərin davam etdirilməsi məsələlərini ev sahibləri ilə müzakirəyə təqdim edib. Azərbaycan klassiklərinin əsərlərinin birgə iki dildə nəşrə hazırlanması və başqa məsələlər müzakirə olunub.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru V.Duda qarşılıqlı əməkdaşlığın onlar üçün də maraqlı olduğunu, bundan hər iki kitabxananın oxucularının bəhrələnəcəyini qeyd edib. O, eyni zamanda Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının təkcə bu kitabxanada deyil, gələcəkdə həmin kitabxananın Rusiyanın 20 iri şəhərində olan filiallarında da açılmasını mümkün hesab edib. Baş direktor eyni zamanda qarşılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin canlandırılmasına da müsbət təsir göstərəcəyini vurğulayaraq Moskvada yaşayan azərbaycanlılar üçün Milli Kitabxananın elektron resursları, o cümlədən elektron kitablar, dövri və ardı davam edən nəşrlər (qəzet, jurnal, elmi əsərlər və s.) ümumilikdə 125 min nüsxədən artıq sənədin əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu söyləyib. Hazırda bu resursların siyahısı kitabxananın saytında və elektron kitabxanasında təqdim olunur, lakin tam mətnlərə yalnız kitabxana daxilində çıxış var və məsafədən istifadə mümkün deyildir. Buna görə də V.Duda AMK-nın virtual oxu zalının Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmasını təklif edib.
Kərim Tahirov bu təklifin Heydər Əliyev Fondunun rəhbərliyi ilə müzakirə olunacağını və əldə olunan nəticənin onlara çatdıralacağını deyib. Azərbaycan Milli Kitabxanasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna ciddi əməl etdiyini və elektron resurslara çıxışı yalnız Xarici Ədəbiyyat Kitabxanasının daxilində və qeyri kommersiya məqsədilə istifadəsi mümkün ola biləcəyini bildirərək ondan regionlarda istifadə olunması məqsədilə xüsusi proqramın işlənməsini vacib hesab edib.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Baş direktorunun məsləhətçisi V.Zaytsev kitabxananın Heydər Əliyev Fondu ilə birgə 2012-ci ildə M.F.Axundzadənin əsərlərinin bir hissəsinin iki dildə çap olunmasından danışaraq, bu təcrübənin davam etdirilməsini, Azərbaycan klassiklərinin və müasir müəlliflərin əsərlərinin tərcümə olunaraq 2 dildə çapını təklif edib.
Xarici Ədəbiyyat şöbəsinin müdiri S.A.Qoroxova klassik əsərlərin müasir tərcüməsinin məqsədyönlü olacağını dilə gətirərək, nəşrlərin hazırlanmasına cavan tərcüməçilərin cəlb edilməsini məqsədəuyğun sayıb. Kitabxananın Beynəlxalq Mədəniyyət Mərkəzində “Tərcümə məktəbi” peşəkar inkişaf proqramının fəaliyyət göstərdiyini, proqrama cavan tərcüməçilərin cəlb edildiyini, Azərbaycan yazıçılarının əsərlərinin tərcüməsinin onlar üçün böyük praktiki təcrübə olacağını bildirib.
V.Duda hazırda arxiv sənədlərinin, o cümlədən əlyazmaların rəqəmsallaşdırılmasının aktuallığından danışaraq “Moskva muzey, arxiv və kitabxanalarında Azərbaycan əlyazmaları kolleksiyası” toplu kataloq layihəsini təqdim edərək rəhbərlik etdiyi kitabxanada, eləcə də Moskvanın digər kitabxana, muzey və arxivlərdə Azərbaycana aid çoxlu sayda əlyazmaların qorunduğunu, rəqəmsallaşmanın çox böyük layihə, elmi iş olduğunu, bu layihənin həyata keçməsində Azərbaycan Milli Kitabxanasının elmi məsləhətçi ola biləcəyini söyləyib. O, hazırda 1,6 milyon tam mətni olan Rusiya elektron kitabxanasına gələcəkdə çıxışı təmin etmək məqsədilə Azərbaycan Milli Kitabxanasında da virtual oxu zalının açılmasını təklif edib. Azərbaycan tərəfi bu təklifi alqışladıqlarını bildirib.
Görüşün sonunda Azərbaycan Milli
Kitabxanası və M.İ.Rudomino adına Ümumrusiya Dövlət
Xarici Ədəbiyyat Kitabxanası
arasında müqavilə imzalanması, virtual
oxu zalının açılması üçün texniki məsələlərin
həllinə başlanılması, birgə səylər əsasında
Azərbaycan mədəniyyət mərkəzinin işinin inkişaf etdirilməsi
və digər məsələlərin
reallaşdırılması üçün
lazimi işlərin görülməsi qərara
alınıb.
Xalq Cəbhəsi.- 2015.- 26 dekabr.-
S.14