“Hazır qidalar xərçəngə
tutulma riskini
artırır”
Onkoloq Samir Hacıbabayev:
“Mədə xərçənginin
əsas səbəblərindən
biri hazır qidalardır”
Ev yeməyinə
əli çatmayan acmış insanın fikri ucuz başa
gələn yemək əldə etməkdir. Mağazalarda satılan hazır yeməklərin üzərinə
qaynar su əlavə etməklə
və ya azacıq qızdırmaqla
hazır olan və ilk dəfədən
dadlı saydığımız
qidalar ən ideal
variant kimi görünə
bilər. Amma onların
tərkibi barədə
nə bilirik? Ekspertlər,
həkimlər dəfələrllə
bildiriblər ki, tez hazırlanan və ayaqüstü qəbul edilən yeməklər ziyanlıdır.
Belə qidalara qatılan maddələrdən biri də, el arasında "Çin duzu” adlanan Mono Natrium Glutamat (MNG) maddəsidir.
Həmin
maddə dondurmaya, sosislərə, dönərə
və bir sıra ayaqüstü yeyilən qidalara qatılır. Kimyəvi maddələrin
təkcə dadını
deyil, rənglərini
dəyişib cəlbedici
edərək qida məhsullarına qatırlar.
MNG məhlulunun əsas
özəlliyi qidanı
dadlı etməsi və insanların həmin qidadan doymamasıdır. MNG maddələri
mağazalarda hazır
şəkildə satılan
küftə, ət suyu həbləri, hazır souslar, cips, kolbasa, qamburger kimi məşhur qidalara qatılır.
“Çin duzlar”ının
insan orqanizmi üçün zərərlidir. Belə ki,
bu maddə əllərdə allergiya,
qaşınma, ürəkbulanması,
astma, sinə, mədə ağrıları,
mürgüləmə, halsızlıq
yaradır.
Azad İstehlakçılar Birliyinin
rəhbəri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirir
ki, tərkibində müxtəlif rəng və dadverici qatqılar olan qidalardan lazımi qədər az
istifadə olunmalıdır:
“Bu gün qida sənayesinin inkişafını
kimyəvi qatqılarsız,
protein tipli dərmanlarsız
təsəvvür etmək
mümkün deyil. Qida sənayesində istifadə
olunan “E” kateqoriyasına
aid olan formaldehidlər
normadan artıq istifadə olunduqda insan orqanizmini mənfi təsir göstərir. Mən dəfələrlə
vurğulamışam ki,
idxal olunan məhsulların əksəriyyəti
laborator analizlərdən
keçirilmir. Çünki ölkədə qidaların
tərkibini yoxlaya biləcək müasir laborator analiz qurğuları yoxdur”.
E.Hüseynov hesab edir ki,
hökumət qurumları
açıq şəkildə
əhalini xəbərdar
etməlidir ki, tərkibində qatqılar
olan qida məhsullarından istifadə
edərkən ehtiyatlı
olsunlar. Ekspertlərin bir çoxu
“Doşirak” makaron tipli əriştələrin
insan mədəsində
xərçəng xəstəliyi
yaratdığını bildırir.
Beynəlxalq təcrübə mərkəzinin araşdırmaları
nəticəsində məlum
olub ki, doşirak yeyildikdən sonra uzun müddət
mədədə ərimir
və bu, insan orqanizmində müxtəlif spazmalara gətirir. Yarımfabrikat məhsulların mədə divarları arasında saatlarla saxlanılıb qalması
müxtəlif növ
xoralara səbəb yaradır, tədricən isə bu xoralar
xərçəngə çevrilir.
Massaçuset Baş Elmi Araşdırma institutunun rəhbəri Breyden Kuo öz elmi
araşdırmalarına əsaslanaraq
bildirib ki, tez hazırlanan əriştələrin əsas
tərkib hissəsi tullantı neft məhsullarından hazırlanır.
“Antioksidant” hesab
edilən doşirak isə əslində natri tərkibli dad konservantlarından ibarətdir.
Birləşmiş dünya
ekspertlər qrupunun araşdırmaları nəticəsində
bəlli olub ki, bir günə
beş ədəd
doşirak paketinin qəbulu insanı birbaşa ölümə
apara bilər.
Ekspertlərin iddiasına görə,
əvvəl ev
şəraitində hazırlanan,
indi isə yarımfabrikat halda mağazalarda satılan yeməklər də sağlamlığa böyük
təhlükədir. Onkoloq Samir
Hacıbabayevin sözlərinə
görə, mədə
xərçənginin əsas
səbəblərindən biri
hazır qidalardır.
Hazır
qidalar səbəbiylə
son illərdə mədə
xərçəngi yerini
dəyişdirib. "Əgər əvvəllər
xərçəng mədənin
altında başlayırdısa,
zaman keçdikcə yuxarı qalxmağa başladı. Xərçəng altda olanda onu
kəsib götürə
bilirdik. Mədənin qalan hissəsi fəaliyyətini davam etdirirdi. Son illərdə
isə böyük yerdəyişmə müşahidə
edilir". Onun dediyinə görə, hazır qidaların qoruyucu maddələr ehtiva etməsi, qidaya vurulan müxtəlif kimyəvi maddələr hazırlanması
zamanı bişirilmə,
fermantasiya, pasterizasiya
və s. bu kimi əməliyyatlar
mədə üçün
təhlükə mənbəyidir.
Tozlu məhsullar, meyvə içkiləri (toz halında), şirniyyatlar, hazır suplar, un məmulatları,
hazır çörəklər,
düşbərə, xəngəl,
vafli, fermentasiya edilmiş pendir, çörək, yoqurt, kərə yağı, turşu, sirkə, şərab, pivə, dondurulmuş qidalar və s. bu kimi
məhsullar da mədə üçün
təhlükəlidir.
Mütəxəssislər hesab edirlər ki, hazır qidaların hazırlanma şəraiti bəlli olmadığı üçün
zəhərlənmə halları
da baş verə bilir. Qidalar hazırlanarkən
yaxşı yuyulmaması,
keyfiyyətsiz məhsullardan
istifadə edilməsi
qida zəhərlənmələrinin
yaşanmasına səbəb
olur.
Qida üzrə
mühəndis Firudin Məmmədov deyir ki, hazır qida dedikdə, paketdə qablaşdırılmış,
qoruyucu maddələr,
qida boyaları və kimyəvi maddələrlə zəngin
məhsullar nəzərdə
tutulur. Ümumiyyətlə, evdə hazırlanmayan,
təbii olmayan, marketlərdən alınan
bütün məhsullar
hazır qidalar sinfinə aiddir. Hazır qidalar, ən çox xərçəng
riski daşıdığı
üçün mütəxəssislər
tərəfindən qəbul
edilmir. Qidaların tərkibində olan
bəzi qatqı maddələrinin, qida boyalarının və uzunömürlüyü təmin
edən kimyəvi maddələrin xərçəng
yaradıcı xüsusiyyətdə
olduğu, xüsusilə
uşaqlar üçün
böyük təhlükə
daşıdığı bildirlir.
Uzun müddət və çox miqdarda istehlak
edildiyində xərçəng riski də artır. Buna görə də əsasən uşaqları
hazır qidalaradan uzaq tutmaq lazımdır. Hazır qidalar böyüklərdə xərçəngə
tutulma riskini 30, uşaqlarda isə 60 faiz artırır. Hazır qidalar xərçənglə yanaşı
şəkər, təzyiq, ürək və damar xəstəliklərini
də artırır, uşaqların inkişafına və boy
atmasına maneə yaradır.
"Pomidor
sousu, bibər sousu, turşu, ketçup və s. bu kimi məhsulların
ev şəraitində hazırlanması məsləhət
görülür. Hazır məhsulların
uzunömürlüyü nə qədərdisə, tərkibinə
qatılan kimyəvi maddələrdə o qədər
çoxdur. Çoxumuz uşaqlar
üçün hazır yoqurtlar alırıq, amma siz bunu evdə
də hazırlaya bilərsiniz. Qatıq evdə
hazırlana bilən ən asan qidadır. Ona bal və ya meyvə qatıb uşaqlara vermək
olar. Hazır yoqurtların 70 faizini kimyəvi
maddələr təşkil edir. Konservlər
əvəzinə mövsümi tərəvəzlərdən
istifadə edə bilərsiniz. Hazır ət
və ət məhsulları, un məhsulları da
sağlamlıq üçün böyük təhlükə
mənbəyidir".
F.Məmmədovun bildirdiyinə görə, hazır
bulyonlar, suplar da sağlamlıq üçün təhlükəlidir. Bunun əvəzinə ev şəratində hazırlanmış
qidalardan istifadə etmək lazımdır. Məmmədov
bildirir ki, hazır qidaların tərkibində 2000-ə
yaxın qatqı maddəsi var və insanlar hər gün bunu
müxtəlif qidalarla qəbul edirlər.
Dadlandırıcı, konsistensiya qoruyucu, konsistensiya
artırıcı, rəng qoruyucu, ağardıcı, xarab
olmağın qarşısını alan,
boya, qoxulandırıcı və s. kimi maddələr
hazır qidalara vurulur. Müsahibimiz məsləhət
görürür ki, bütün qidaların təbiisindən
istifadə etmək lazımdır: "Açıq süd
alınmalı, bu süd qaynadıldıqdan sonra istifadə
edilməlidir. Qəssabdan sümüklü ət
alınmalıdır. Ət bişirilərkən
uzun müddət qaynadılmalıdır. Mağazalarda
satılan şişirdilmiş toyuqlardan uzaq olmaq
lazımdır. Bunun əvəzinə
lobya, noxud və ya kartofdan istifadə edə bilərsiniz.
Mağazalarda satılan düşbərə, xəngəl,
pitsa, qızardılmış qidalardan nə qədər uzaq
dursanız, bir o qədər çox və sağlam
yaşayarsınız".
İşləyən xanımların bir çoxu bir
müddət üçün hazırladığı
qidaları dondurucuda saxlamağa üstünlük verir. Belə yarımfabrikat
halında olan yeməkləri istənilən an
dondurucuda götürüb tez müddətdə
hazırlayaraq süfrəyə vermək olar. İlk
baxışdan hər şey olduqca asan və rahat
görünür. Lakin bioloq Mirqasım
Mahmudun sözlərinə görə, qidanın hansı
formada olur-olsun dondurularaq süfrəyə verilməsi elə
təhlükənin özü deməkdir. Ev şəraitində qidaların dondurularaq daha
dadlı və keyfiyyətli olduğunu düşünənlər
yanılırlar. Sağlamlıqdan əlavə
sadəcə dondurulma üsuluna baxdıqda hazır
dondurulmuş qidalar evdə dondurulmuş qidalardan daha təmiz
və keyfiyyətli hesab oluna bilər. Çünki
dondurmaq sadəcə buzluqdan istifadə etməklə həyata
keçirilməməlidir. Bu cür dondurulan qidalar özü
elə təhlükə mənbəyi hesab oluna bilər:
"Əvvəla, ev şəraitində
hansısa ərzaqı və ya hazırlanmış yeməyi
dondurmaq üçün dərin soyuducu dediyimiz irihəcmli
soyuduculardan istifadə edilməlidir. Belə
soyuducular qidanı maksimum müddətdə soyudub tərkibində
mikrob və bakteriyaların yaranmasının
qarşısını alır. Evdə istifadə olunan
soyuducuların markası hansı olmasından asılı
olmayaraq bu soyuducular qısa müddətdə ərzağı
buz halına çevirmə gücünə malik deyil" deyən
həmsöhbətimiz buna görə də ev
şəraitində dondurulma prosesi aparmağı məsləhət
görmür. Onun sözlərinə görə,
mağazalarda satılan hazır qidaların dondurulma prosesi
olduqca sürətlidir və ərzaq dondurucuda maksimum yarım
saata bu hala çevrilir. Ərzağın
tərkibi, keyfiyyətli olub-olmaması artıq ikinci plana keçir.
Çünki ən keyfiyyətli məhsul belə ev şəraitində dondurulursa, donma müddəti
2-3 saatı keçirsə, artıq tərkib etibarilə qida
dəyişilmiş olur. Bioloq bildirir ki, bundan
sonra buzun açılma prosesində qidanın tərkibi ikinci
dəfə dəyişilmiş olur ki, artıq mikrobların
qidanı tamamilə bürüməməsi
qeyri-mümkündür. "Ev şəraitində
dondurulan qidalara fikir vermək lazımdır. Onları dondurarkən şok üsulu dediyimiz
üsuldan istifadə etmək məsləhətdir. Dondurulma üçün uyğun qidalar meyvə-tərəvəzlər
və paxlalı bitkilərin bişməmiş, çiy olan
halıdır. Tərəvəz və
bitkilər şok üsulu ilə dondurulmalıdır. Əvvəlcə qaynar suya salınan dondurulacaq ərzaq
1-2 dəqiqədən sonra buzluğa qoyulmalı və istifadə
zamanı buzun rahatlıqla açılmasını gözləmək
məsləhətdir".
M.Mahmudun dediyinə görə, ərzaqların buzluqda
olduğu halda qısa zamanda tərkibinin dəyişməsi
bir neçə inqridientin birlikdə dondurucuya qoyulmasına
görədir.
Hazırlanan yeməyin tərkibində olan ət
və tərəvəz məhsulları birlikdə donub
açıldığı üçün ideal mikrob şəraiti
meydana gəlir. Halbuki, ayrı-ayrılıqda dondurulduqda
bu təhlükə maksimum azalmış olur: "Buzluğa
qoyulan çiy dolma, hazırlanmış yağ soğan,
blinçiklər, qaynadılmış ərzaqlar sadəcə
bir ərzaqdan ibarət deyil. Müxtəlif tərkibli
qidaları birləşdirib eyni anda soyuducuya qoyduqda, üstəlik
soyuducunun gücü qısa bir müddətdə soyutmağa
yetmədikdə yeməklərin tərkibi dəyişməyə
başlayır. Bişirilən zaman yeməkdən
fərqli dad gəlir və təzə bişirilmiş yemək
kimi olmur. Ümumiyyətlə, ev
şəraitində heç bir ərzağın
dndurulmasını məsləhət görmürəm. Əgər dərin buzluq varsa, dondurulmada heç bir
problem yoxdur. Ev soyuducularında dondurulan
qidaların keyfiyyətinə isə şübhə var və
bu cür yeməkləri hazırlayıb, saxlayıb yemək
məsləhət deyil".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2015.- 4 fevral.- S.13.