Tarixi erməni təcavüzünün
beynəlxalq qiymətləndirilməsinin reallıqları
Mətbuat Şurasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin
təşkilatçılığı ilə konfrans keçirilib
Bu gün Azərbaycan Sosial Rifah Partiyası,
Azərbaycan Mətbuat
Şurası və Azərbaycan Qiymətləndiricilər
Cəmiyyətinin təşkilatçılığı
ilə "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün
beynəlxalq qiymətləndirilməsinin
reallıqları" mövzusunda
konfrans keçirilib.
Trend-in məlumatına görə,
tədbiri giriş sözü ilə açan Azərbaycan Sosial Rifah Partiyasının
sədri Xanhüseyn Kazımlı müasir Azərbaycanın unikal inkişaf modeli və erməni təcavüzünün ölkəmizə
vurduğu ziyanların
qiymətləndirilərək beynəlxalq təşkilatlar
qarşısında təqdimatlarının
keçirilməsinin zərururiliyi
barədə danışıb.
O, bildirib ki, Ermənistanın
Azərbaycana qarşı
uzun illər ərzində apardığı
işğalçılıq siyasəti ölkəmizə
böyük miqdarda zərərlər vurmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülhün pozulması və qeyri sabitliyin
əsas səbəbidir:
"İşğal nəticəsində
çoxçeşidli təbii
sərvətlərimiz, o cümlədən
zəngin mineral xammal bazamız, ərazilərimizdəki
zəngin və qiymətli fauna və floramız varlanmaq naminə ermənilər tərəfindən talan edilib. Bu kimi
təcavüz hallarının
cəzasız qalması
və aparıcı dünya dövlətlərinin
ikili yanaşmaları
hazırda beynəlxalq
aləmin geniş miqyasda əziyyət çəkdiyi terrorizmin artmasına rəvac verib".
X.Kazımlı vurğulayıb k, misli görünməmiş erməni
təcavüzünə baxmayaraq,
müstəqilliyimizin və
inkişafımızın qarantı
olan ölkə rəhbərliyinin xarici və daxili səviyyələrdə apardığı
düzgün siyasi xətt, respublikamızın
mövcud stabil və güclü iqtisadiyyatının yüksək
tempdə inkişafı
hər kəsdə fərəh hissi doğurur.
Daha sonra genetik fondumuza qarşı Ermənistan tərəfindən törədilmiş
terror hadisələrindən bəhs edən qısametrajlı filmin nümayişi olub.
Konfransda məruzə ilə çıxış edən "MBA LTD" Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupunun üzvü Nüsrət İbrahimov deyib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edir: "Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv olunması nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur. Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artır".
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Hərbi ekologiya şöbəsinin rəisi Adil Məmmədov ermənilərin Azərbaycana qarşı törətdiyi ekoloji terrordan söz açıb.
Hər hansı bir ölkə tərəfindən və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyanın ekoloji terror hesab edildiyini deyən A.Məmmədov qeyd edib ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi məqsədilə yollar çəkilən zaman ağaclar qırılır, yandırılır və torpaq qatları qazılaraq məhv edilir: "Bunun nəticəsində həmin ərazidə ağaclar torpaq altında qalmış, pöhrələr məhv olmuşdur. Əldə edilmiş məlumata əsasən həmin meşədə havadan müdafiə və piyadalar əleyhinə hərbi texnikalar yerləşdirilmişdir. Çəkilən yol müharibəyə xidmət etməklə yanaşı, Azərbaycan təbiətinin məhvinə səbəb olmuşdur".
A.Məmmədov əlavə edib ki, ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb və yanğınlar zamanı ətraf mühitə milyonlarla manat məbləğində ziyan dəyib.
Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, itki və tələfatların beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsi olduqca vacibdir: "Maddi baxımdan qiymətləndirmə mümkündür, ancaq mənəvi baxımdan qiymətləndirmə isə kifayət qədər çətin və vacibdir".
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov da çıxışında qeyd edib ki, Ermənistan daim Azərbaycana maddi və mənəvi ziyanlar vurub. Onun sözlərinə görə, zaman keçdikcə maddi ziyanları aradan qaldırmaq mümkündür, lakin mənəvi ziyanları heç cür unutmaq olmur: "Biz erməni tapdağı altında olan torpaqlarımızı mütləq azad etməliyik və ermənilər də bilməlidirlər ki, o torpaqlar onlarda müvəqqətidir".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, bu gün Azərbaycanın sosial-iqtisadi və bütün digər sahələrdə inkişafında xüsusi bir sistem, təcrübə toplanıb ki, bunu da inkişafın Azərbaycan modeli adlandırırlar: "Yəni, Azərbaycanın uğurlarından çox danışmaq olar, çoxlu sayda nümunə göstərmək olar, rəqəmlər sadalamaq olar. Əgər bu bədnam qonşularımızın Azərbaycana qarşı bu təcavüzü olmasaydı, uğurlarımız daha çox ola bilərdi. Əlbəttə ki, bu təcavüzün bizə vurduğu ziyanları hesablayırıq. Mən hələ maddi itkilərimizi qoyuram kənara, bizim burada ən böyük itkilərimiz insan itkiləridir. Bizim 13 700 şəhid ailəmiz var".
Onun sözlərinə görə, hazırda 11 mindən çox Qarabağ müharibəsi əlilimiz var: "Ailələri ilə birgə götürdükdə 30 mindən çox təkcə müharibədə birbaşa ziyan görənlər var. 70 minə qədər isə müharibədə psixoloji və digər zərbələr alan veteranımız var. Bunlar da böyük itkilərdir".
Tədbirdə mövzu ətrafında məruzələr dinlənilib və bir sıra təkliflər səsləndirilib.
Konfransın sonunda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsinin birinci ilinin yekunlarına həsr olunan iclasda geniş, məzmunlu çıxışı ilə bundan sonra da xalqımız və dövlətimizin beynəlxalq səviyyədə mənafeyi naminə çalışacağını bəyan edən dövlət başçısı İlham Əliyevə təşəkkür xarakterli müraciət qəbul olunub.
Xalq Cəbhəsi.- 2015.- 4 fevral.- S.7.