Uşaq oyunlarının tərbiyəvi əhəmiyyəti

 

Uşaq oyunları uşaqların dünyagörüşünün yaranıb formalaşmasında gərəkli rol oynayır

 

I yazı

 

Qarabağ zonasında folklor nümunələri sırasında uşaq oyunları da özünün çoxçeşidliyi və özünəxaslığı ilə seçilirdi. Bu gün uşaqlar əllərində telefon aparatı ilə, yaxud kompyuterdə müxtəlif oyunlarla məşğul olduqları necə təbii görünürsə, eləcə də qədim tarixə malik Qarabağın kəndlərində uşaqların, yeniyetmələrin də müxtəlif cür əyləncə xarakterli oyunlarda iştirak etməsi təbii idi. Daha doğrusu, oyunlarsız nə kənd həyatını, nə də uşaq dünyasını təsəvvür etmək mümkün deyil.

İlk baxışda bəlkə də böyüklərə (halbuki onlar da vaxtilə bu cür uşaqlıq, yeniyetməlik mərhələlərindən keçmişdilər) adi, hətta maraqsız kimi təsir bağışlayan bu oyun-əyləncələrin gələcəkdə kamil insan kimi yetişməsində müstəsna əhəmiyyəti var idi. Uşaq oyun və əyləncələrinin, eləcə də tamaşaların mahiyyətində, mayasında, cövhərində əslində xalq müdrikliyi dayanırdı. Bu oyun-əyləncələr prinsip etibarı ilə insanı cəmiyyətdə formalaşdırmağa xidmət edəsi qabaqlayıcı tədbirlər - “xalq dərsləri” idi. Məhz bu kimi oyun və əyləncələrdən, tamaşalardan məharətlə keçən uşaq və yeniyetmələr gələcəyin dürüst insanları, elin, obanın layiqli övladları olacaqlar.

Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov «Masallı folkloru» (I kitab) adlı kitabında oyunlara da xüsusi toxunub: «Masallı folklorunda uşaq oyunları daha geniş yer tutur. Bu oyunların bir qismi məktəbəqədər yaşlı uşaqları əhatə edirsə, bir qismi kiçik məktəbyaşlı uşaqları, digər qismi isə ortaböyük məktəbyaşlıları əhatə edir». Müəllif mövzusu ilə bağlı olaraq fikirlərini Masallı folkloru üzərində qursa da, əslində bu söylənilənlər ümumilkdə Azərbaycan folkloruna, eləcə də Qarabağ bölgəsində keçirilən uşaq oyunlarına da şamil edilməklə, buradakı aparılan qruplaşma da doğru-dürüst müşahidələrin nəticəsini əks etdirir. Bu bölgüdən çıxış edib, uşaq oyunlarının xarakter tipini yaş prinsipinə görə belə müəyyənləşdirmək - təsnif etmək olar: 1) məktəbəqədər yaşlı uşaq oyunları; 2) kiçik məktəbyaşlılar üçün səciyyəvi olan uşaq oyunları və 3) orta və yuxarı yaşlı uşaqlar arasında keçirilən oyunlar.

Uşaq oyunlarının yaş prinsipinə görə bu cür təsnifat bölgüsünü aparmaq sadəcə mexaniki təsir bağışlamır, bu yaş bölgüsünə görə uşaq oyunlarının ayrılmasının - seçilib-fərqlənməsinin özündə bir sosial-psixoloji-fəlsəfi mahiyyət gizlənib. Uşaq oyunlarının yaş etibarilə bu cür qruplara bölünə bilməsinin nüvəsində də hər yaşın öz psixologiyasına uyğun, dünyagörüşünə və orqanizmin bərkiyib-bişmə əmsalına görə - çəkisinə müvafiq olaraq tələbləri dayanırdı. Başqa sözlə, hər sinfin özüaid məktəbli dərsliyi olduğu kimibu zəmin üzərində də şagirdlər yuxarı siniflərə keçdikcə bilik səviyyələrini artırdıqları kimi, uşaq oyunları da öz mahiyyəti etibarilə insan həyatında mərhələ-mərhələ öz xaraktertipini dəyişməklə tədrici və davamlı proses olub, yaş psixologiyasına uyğun tərzdə öz məzmununu dəyişməklə uşaqların dünyagörüşlərinə, davranış normalarına da özünün kamilləşdirici təsir funksiyasını yerinə yetirir. Başqa sözlə, insanın kamillik yaşına yetişməsi - kamilləşməsi yolunda hər yaşın öz xarakterik xüsusiyyətləri olduğu kimi, uşaq oyunlarının da hər yaş dövrü üçün səciyyəvi formaları bir-birilə təbii şəkildə dəyişilib-əvəzlənir. Beləcə, uşaq oyunları uşaq dünyasının ayrılmaz tərkib hissəsi olmaqla həm də onların dünyagörüşlərinin yaranıb formalaşmasında müstəsna rol oynayır. Başqa cür ifadə etsək, insanın həyatda böyük-kiçik yerini bilməsi, «qaşıq çömçədən yekə olub» kimi mənəvi kataklizmlərin yaranmaması üçün uşaq oyunlarının xarakter və məzmununun müvafiq yaş dövrlərinə əsasən dəyişdirilib-əvəzlənməsi xüsusi məna daşıyır. Misal gətirməklə fikrimi şərhə çalışacağam. Bunun üçün konkret olaraq “Gizlənpaç” oyunu ilə “Ənzəli” (buna “Eşşəkbeli” oyunu da deyirlər) oyunlarının müqayisəsi yolu ilə - uşaq psixologiyası və yaş dövrü ilə bağlı fiziki durum arasındakı fərqin müqayisəsi yolu ilə mahiyyətini açıqlayacağam. Əvvəlcə oyunların təsvirini verək.

«Qarabulaq (Füzuli) folkloru antologiyası» (I kitab) kitabının tərtibçisi və toplayıcısı olan Faiq Şükürbəylinin qələmə aldığı «Ənzəli» oyununun təsvirinə diqqət yetirək: “Bu oyunu oğlanlar oynayırlar. Oyunda 10-a qədər uşaq iştirak edir. Oyun başlamazdan əvvəl uşaqlardan ən diribaşı, yaxud nisbətən yaşlısı deyir:

- Birinci (yəni mən birinciyəm). Sonra uşaqlar 2-ci, 3-cü, 4-cü və s. deyə öz sıralarını elan edirlər. Sonra aparıcı püşk atmaq üçün ovcunda bir çöp tutaraq hər iki yumruğunu sıra ilə uşaqlara fərdi qaydada uzadır. Uşaqlar çöpün hansı əldə olduğunu tapmaq üçün həmin əlin üstünə vura-vura deyirlər:

 

Ya bundadır, ya bunda,

Halva götür qoy bunda.

 

Axırıncı söz hansı yumruqda qurtarırsa, aparıcı hər iki ovcunu onun qarşısında açır. Əgər uşaq çöpü tapıbsa, aparıcı çöpü xəlvətcə yenidən əlləri arasında gizlədir növbəti uşağa müraciət edir. Kim çöpü tapmadı, say dayandırılır, həmin uşaq «yatmalı» olur. Belə ki, o, əllərini dizlərinə dayayaraq, belini aşağı əyir (oyunun adındakı «Eşşəkbeli» ifadəsi burdan qaynaqlanır – Ş.A.). Birinci uşaq onun belindən o tərəfə tullanıb ucadan deyir:

- Ənzəli! Uşaqlar sıra ilə əllərini əyilən uşağın belinə qoyaraq tullanır aparıcının sözlərini təkrar edirlər. Hamı o tərəfə tullandıqdan sonra aparıcı əks tərəfə tullanaraq:

- Birdə (yəni birinci dəfədə - Ş.A.) yumşaq keçərlər, - deyir. Hamı onun sözlərini təkrar edərək növbə ilə yatanın belindən əks tərəfə hoppanırlar. Aparıcı oyunu davam edərək yumruqlarını yatan uşağın belinə möhkəmcə dayayıb tullanır deyir:

- İkidə (yəni ikinci dəfədə - Ş.A.) qulunc əzərlər.

Bu zaman uşaqlar onun hərəkətlərini təkrar edərlər.

- Üçdə (üçüncü dəfəyə - oyunçunun belindən üçüncü dəfə tullanmağa işarədir - Ş.A.) sillə çəkərlər.

Bu zaman uşaqlar hoppandıqca yatan uşağın yanına sillə ilə vurub keçirlər.

- Papaq qoyub keçərlər (Bu, oyunda artıq növbəti dəfə uşağın belindən tullanılaraq icra olunan hərəkətdir - Ş.A.).

Uşaqlar növbə ilə hoppandıqca öz papağını yatanın belinə qoyub keçir. Əgər papaqlardan biri kimin növbəsində yerə düşsə, həmin uşaq yatır oyun yenidən başlayır (əslində davam etdirilir - Ş.A.). Oyunun ən təhlükəli məqamı papaq qoymaqdır. Çünki əks tərəfə tullanarkən hər kəs öz papağını götürməlidir. Başqasının papağını yerə salan uşaq yatanı əvəz etməli olur. Hər şey təhlükəsiz ötüşsə, oyun davam edir. Aparıcı tullanaraq deyir:

- Əl dəysin, ətək dəyməsin.

Bu zaman elə etmək lazımdır ki, heç kəsin paltarı yatana toxunmasın. Əks təqdirdə qaydanı pozan oyunçu yatmalı olacaq.

- Yambız vurub keçərlər

Bax, beləcə oyun davam edər”.

Azərbaycan Anadolu folklorunda oyun tamaşalaradlı tədqiqatında Məleykə Məmmədova gizlənpaç oyunundan belə bəhs açır: «Günlük əyləncələr qrupunda çox variantları növləri olan gizlətmə-gizlənmə tipli oyunlar əsas yer tutur. Bu tip gizlənmə oyunlarından biri Azərbaycanda Anadoluda oynanılanGizlənpaç”dır. «Gizlinpaç, gizlənqaç, Qaçgizlən, Gizlilimpars (Muğan), gizlənparç, gizdələnparç, gildirimparç (Naxçıvan), yaşınbacı (burada «yaşın» gizlən mənasındadır), yeşinbac, yeşinbaba, yeşinbabaş, saxlanbac, salanbac (Şimal-qərb rayonlarımız), Çapbakal (Oğuz) s. kimi müxtəlif adlarla bilinən «Gizlənpaç» oyununun bənzəri Anadoluda «Saklambaç» adıyla oynanılır. Eyni şəkildə oynanılan hər iki oyunda oyunçular arasından seçilən əbə (sayan) sayır, hər kəs qaçıb gizlənir. Əbə əvvəlcədən müəyyənləşdirilən rəqəmə qədər sayıb qurtardıqdan sonra Azərbaycanda «Alma saraldı, gözüm qaraldı, gəldim qaç, gizlənpaç», Anadoluda isə «Önüm, arxam, sağım, solum söbə, saxlanmayan əbə» kimi təkərləmələr söylənilir. Oyunda əsas fərq Azərbaycan variantında ilk tapılan oyunçu, Anadolu variantında isə son tapılan oyunçu əbə (sayan) olur».

Məlumdur ki, gizlənpaç oyunu ən çox məktəbəqədər yaşlılar və kiçikyaşlı məktəblilər arasında keçirilirsə, ənzəli (eşşəkbeli) oyunu yuxarıyaşlı məktəblilər arasında və özü də oğlanlar tərəfindən oynanılır. Səbəbi? Öncə yaş psixologiyası ilə əlaqədardır. Böyüklər böyüklər üçün bütün növ uşaq oyunları sadəcə oyun tipini xatırladır, adi əyləncə təsiri bağışlayır, hətta lüzumsuzluq kimi də düşünülür. Halbuki böyüklər özü də bu mərhələni uşaqlıq, yeniyetməlik dövrlərində yaşamışlar. Eləcə də yuxarı yaşlılar üçün aşağıyaşlılar arasında keçirilən oyunlar gizlənpaç oyunu da daxil olmaqla gülməli ovqat oyadır, daha doğrusu, onlar bir daha gizlənpaç oynadıqları çağlara qayıdıb gizlənpaç oynamazlar. Oynasalar, nəinki böyüklər tərəfindən, elə öz həmyaşıdları olan yeniyetmələr tərəfindən də qınağa tuş gələrlər: “Uşaqsanmı, təzədən uşaqlıq edirsənmi?” və s. bu kimi ifadələrlə lağ obyektinə çevrilərlər. Elə böyüklər də qayıdıb uşaq oyunları ilə məşğul olsalar, eyni cür qınaq hədəfinə çevrilərlər. Bu cür yanaşma tərzində bir məntiqi reallıq var. Çünki hər yaşın özünün müəyyən qanunları olduğu kimi, hər yaş dövrünə məxsus da uşaq oyunları var. Əslində uşaq oyunları həm də insan həyatında idman yarışlarının ibtidai əsası sayılmalıdır. Yəni bu oyun-əyləncələrdə məşq xarakterli idman hərəkətləri özünü büruzə verir. Sadəcə olaraq bu oyunların idman növü olduğu, yaxud yarış xarakteri daşıdığı nə dilə gətirilir, nə də ki ağıla. Ona görə ki, burada məsum, saf, heç bir neqativ rəqabət hissi tanımayan sağlam duyğulu uşaq dünyası oyunların obyekti-iştirakçısıdır. Axı idman özü də fiziki və mənəvi sağlamlıq deməkdir. Hər halda mən uşaq oyunlarını ibtidai, primitiv idman növü, idman yarışı hesab edirəm.

 

Şakir Albalıyev,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2015.- 5 fevral.- S.14.