Ermənistanın təcavüzü beynəlxalq
təşkilatların sənədlərində
BMT-nin qətnamələri
niyə yerinə yetirilmir?
II
yazı
Ötən sayımızda Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının
Dağlıq Qarabağ münaqişəsiylə bağlı
822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrindən
bəhs etmişik. Bu qətnamələrdə ermənilərin
işğalçılıq siyasətindən və
Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin
qeyd-şərtsiz tərk edilməsinin vacibliyindən
danışılıb.
Bəs bu günədək BMT kimi nüfuzlu təşkilatın
qətnamələri niyə yerinə yetirilmir? Bu sual uzun illərdir
ki, Azərbaycan rəsmiləri tərəfindən ən
yüksək tribunalardan səsləndirilir.
Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov deyib
ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul edilən qətnamələrin heç
biri yerinə yetirilmir. Onub sözlərinə görə burada ikili standartdan
söhbət gedir: “Münaqişənin həllinə ikili
standartla yanaşırlar. Liviyada və
Yuqosalaviyada aksiyalar, böhranlar baş verən zaman BMT qətnamə
qəbul etdi və tez müddətdə qətnamələrin
icrasına başlanıldı. Ora
qoşun göndərildi. Dağlıq
Qarabağla bağlı BMT-nin 4 qətnamə qəbul edib.
Amma o qətnamələrin hələ heç
bir yerinə yetirilməyib.
22 ildir BMT-nin TŞ Qarabağ münaqişəsi ilə
bağlı qətnamələr qəbul edib. Bu qətnamələr
bəs niyə yerinə yetirilmir? Krım,
Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir
tərəfdən Rusiyaya qarşı sanksiyaya qəbul edirsiz?
Bəs 20 ildir ki, Ermənistana qarşı niyə
sanksiyalar qəbul etmirsiz? Axı bizim də
ərazilərimiz işğal edilib".
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri,
keçmiş səfir Metyu Brayza da Ziyafət Əsgrovun dediklərini
təsdiqləyib. “Düzdür, ikili standartlar var. Mənim
diplomatlığım dövründə Rusiya kənarda durub
özünü sülhün tərəfdarı kimi təqdim
edirdi. İndi rusiyalı həmsədr də
Qarabağ münaqişəsinin həlli prossesində
iştirak edir. Mən inanamıram ki,
rusiyalı həmsədr münaqişənin həll edilməsini
istəməsin".
İslam
Əməkdaşlıq Təşkilatının baş katibi
Amin Madani bildirib ki, BMT Təhlükəsizlik Şurası
Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamələr
qəbul edib: "Bu sənədləri yerinə yetirmək
lazımdır. Hesab edirəm ki, beynəlxalq
ictimaiyyət bu qətnamələrin icrasını təmin
etmək üçün siyasi iradə göstərməli və
səmimi olmalıdır”.
A.Madani Azərbaycanın İƏT daxilində aktiv fəaliyyətini
təqdir etdiyini bildirib. O xatırladıb ki, ötən il
BMT TŞ-də sədrlik edən Azərbaycan BMT və
İƏT arasında əməkdaşlığın dərinləşdirilməsi
məqsədilə görüş təşkil edib. Baş katib Azərbaycanın Şərqi Yerusəlimin
(əl-Qüds) inkişafında rolundan da danışıb.
Maraqlıdır ki, BMT Təhlükəsizlik
Şurası tərəfindən Azərbaycan və digər
dünya ölkələri ilə bağlı kifayət qədər
qətnamələr qəbul edilib.
Amma bu günə qədər Qarabağla bağlı
verilən tələblərlə yanaşı, kifayət qədər
icra edilməyən qətnamələr var. Bu, böyük
dövlətlərin maraqları ilə izah olunur.
Politoloq
Razi Nurullayev bildirdi ki, BMT-nin qətnamələrinin yerinə
yetirilməməsində ciddi bir səbəb axtarmaq bir az sadəlövhlük
olardı: "Çünki BMT-nin tək Azərbaycanın
işğal olunmuş ərazisi Dağlıq Qarabağla
bağlı dörd qətnaməsi yox, bundan əlavə
Afrika və Latın Amerikası, Cənub-Şərqi Asiya və
Avropa ölkələri, Fələstinlə bağlı qəbul
etdiyi minlərlə qətnamə də yerinə yetirilməmiş
vəziyyətdə qalır. Bu da ondan irəli
gəlir ki, BMT artıq daha çox könüllü bir birliyə
çevrilib. Eyni zamanda BMT-nin Təhlükəsizlik
Şurası monopoliyadadır. Orada qərarın
qəbul olunması üçün 5 daimi üzv konsensusla
bütün məsələlərə hə deməlidir.
Burada isə hər zaman ABŞ, Fransa və
Böyük Britaniya üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə
bir çox məsələlərə veto qoya biliblər.
Onun üçün də həmin qətnamələrin
yerinə yetirilməsində güc variantının tətbiq
olunması kimi məsələlər gündəmdən
çıxır. Bu baxımdan da Dağlıq Qarabağla
bağlı qəbul olunmuş dörd qətnamənin yerinə
yetirilməməsi də məhz BMT-nin dişsiz bir qurum
olması məsələsindən irəli gəlir. Buna görə də zaman-zaman həm Almaniya, Rusiya,
Türkiyə, İspaniya tərəfindən çox məsələlər
qaldırılıb ki, BMT-nin strukturunda dəyişiklik olsun.
O beş ölkənin monopoliyasından
çıxarılsın. BMT-nin strukturunda mobil
qüvvələr yaradılsın. Qətnamələrin
yerinə yetirilməsi üçün bir mexanizm olsun. Bunlarla bağlı hələ ki, ciddi qərarlar qəbul
olunmayıb. Onun üçün də
BMT-nin qəbul etdiyi qətnamələrin artıq elə bir
ciddi təsiri olmur.
Sadəcə olaraq, danışıqlarda, diplomatik
gedişlərdə o ölkələrin əlinə bir əsas
verir ki, məhz BMT çərçivəsində də əgər
bu qətnamə qəbul olunubsa, demək bu qətnaməyə
səs verən ölkələr də həmin qətnamədə
qeyd olunan məsələlərlə razılaşırlar. Həmin məsələlərdə
də erməni qoşunlarının Azərbaycanın
işğal olunmuş ərazilərindən qeyd-şərtsiz
çıxarılması tələb olunur. Bu da o anlama gəlir ki, həmin ərazilər BMT tərəfindən
Azərbaycanın ərazisi kimi tanınır. Bu baxımdan qətnamələr əhəmiyyətlidir,
amma yerinə yetirilməsi üçün Ermənistana təzyiq,
güc tətbiqi lazımdır. Buna isə
BMT getməyəcək”.
Azərbaycan
Yaşıllar Partiyasının sədri Mais Güləliyev
deyir ki, Qarabağ məsələsi ilə bağlı konkret
addımların atılmaması dəfələrlə qeyd
olunub: “Biz bunu 2002-ci ildən bəri dəfələrlə
bunu vurğulamışıq ki, yaxın perspektivdə bu barədə
real addımların atılması da gözlənilmir. Bu da onunla bağlıdır ki, Azərbaycan - Ermənistan
münaqişəsinin qalmasında dünyada maraqlı olan
qüvvələr var. bu qüvvələr indiki halda regionda
sabitliyin qorunmasında da o qədər də maraqlı deyillər.
Bu regionda sülhün və sabitliyin bərqərar
olması bölgədə söz sahibi olmaq istəyən
qüvvələrin gələcəkdə xarici siyasətinin
anatomiyasını üzə çıxara bilər. Bütün hallarda əlbəttə qətnamələrin
yerinə yetirilməməsi BMT-nin özünə
başucalığı gətirmir. Çünki
bu qətnamələrin yerinə yetirilməsi bütün
hallarda böyük güclərin, xüsusi ilə BMT-nin
özünə, onun nizamnaməsindən irəli gələn
müddəalara müəyyən qədər hörmət və
ehtiram yaradardı. Qarabağ probleminin hər
hansı bir formada həllini yaxın gələcəkdə
gözləmək düzgün olmazdı. Ümumiyyətlə, mən inanmıram ki, yaxın
on ildə bunu həll etmək mümkün olsun. Çünki, nə qədər ki, regionda
böyük güclərin enerji maraqları var, bu ölkələr
arasında inteqrasiyanın həyata keçirilməsində,
regional sülhün bərqərar olunmasında həmin
qüvvələr maraaqlı olmayacaqlar. Yəni,
Damokl qılıncı kimi bu problem həm Azərbaycanın,
həm Ermənistanın başının üzərində
dayanacaq və bu konflikt hər iki ölkəyə
qarşı yaxın on ildə təzyiq vasitəsi kimi istifadə
olunacaq. Azərbaycanın ərazi
bütövlüyünün ən yüksək səviyyədə
təmin olunması şərti ilə bu münaqişə həll
oluna bilər. Bu, məncə, Ermənistanın
da xeyrinə olacaqdır. Yalnız bu yolla
regionda sülh və sabitlik bərpa oluna bilər. Qalan bütün hallar isə mən belə
düşünürəm ki, yaxın vaxtlarda mümkün
olmayacaq. Hərb variantına gəldikdə
isə regiona təhlükə gətirdiyi üçün,
xüsusi ilə neftin hasilatına, ixracatına kifayət qədər
təhlükə yaratdığı üçün
böyük güclər bundan narahatdırlar. Əlbəttə, Azərbaycan hakimiyyəti dəfələrlə
deyib ki, bu məsələnin dinc variantlarla həlli yolları
hələ tükənməyib. Mən də
belə düşünürəm ki, nəinki tükənməyib,
hətta ən optimal bir variantdır ki, bu münaqişə
dinc yolla həll olunsun”.
Qafqaz və
Beynelxalq Münasibətlər Araşdırmalar Mərkəzinin
sədri Araz Aslanlı: “Hamıya məlumdur ki,
danışıqların ancaq bir adı var: vaxt udmaq!. Nə qədər bəzi
görüşlər üçün “uğurlu keçib” –
desələr də, mövqelərdə heç bir
yaxınlaşma yoxdur. Danışıq
yolu ilə münaqişə o vaxt həll oluna bilər ki,
mövqelərdə irəliyə doğru addım
atılsın. Fransanın və
Rusiyanın mövqeləri birmənalı şəkildə bəllidir.
BMT-dən belə bir qərarın çıxmasına ola bilsin ki, Fransa və Rusiya veto qoysun. Hərbi yolla məsələnin həllini
düşünsək, yəqin ki, iki-üç gün ərzində
Azərbaycan Ermənistana qalib gələ bilər. O
zaman da ortaya yenə Rusiya amili çıxır. Nə qədər ki, Rusiyanın Cənubi Qafqazda və
Qarabağdakı maraqları dəyişməyib, hərbi
yolla məsələnin mümkün deyil, amma bu məsələ
sabit bir şey deyil. Çünki, bizim də
enerji məsələsindən dolayı Rusiyanın siyasətinə
təsir imkanlarımız artıb. Bizim
artıq nəinki Rusiya, eyni zamanda dünya enerji resurslarına
təsir etmək imkanlarımız var. Burdan belə
çıxır ki, birinci növbədə Rusiyanın
neytrallaşdırılması əsas şərtdir. Bunun üçün də Azərbaycanın daha
güclənməsi lazımdır”.
Cavid
Xalq Cəbhəsi.-
2015.- 5 fevral.- S.11.