“Ermənistana
işğalçılıq siyasətini davam etdirmək
üçün bir növ şərait yaradılır”
Elxan
Süleymanov: “1905-ci il soyqırımının 110 illiyi,
uydurma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində
erməni yalanları ilə mübarizə daha da güclənməlidir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının prezidenti,
Şamaxının millət vəkili Elxan Süleymanov 1905.az
portalının suallarını cavablandırır.
- Elxan
müəllim, Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının
yaradılmasından on il ötür. AVCİYA yarandığı ilk gündən Ermənistanın
Azərbaycan təcavüzünü, onun aradan
qaldırılması yollarını ön plana çəkib.
Bu illər ərzində həyata keçirilən
hansı mühüm layihələri qeyd edə bilərsiniz?
- Ermənistanın Azərbaycana təcavüzü mahiyyət
etibarilə 1828-ci ildə ermənilərin bizim ərazilərimizə
köçürülməsindən sonra həyata
keçirilən soyqırım və deportasiya siyasətinin tərkib
hissəsidir.
Bu təcavüz və onun nəticəsində
ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətin
nəticələrinin geniş dünya ictimaiyyətinə
çatdırılması əslində hər bir təşkilatın
və vətəndaşımızın ümdə vəzifələrindən
biri olmalıdır. AVCİYA-nın üzvü olan təşkilatların
adına sadəcə olaraq diqqət yetirsəniz,
bu məsələyə bizim necə həssas
yanaşdığımızın şahidi ola bilərsiniz.
Burada bu problemlə həm birbaşa, həm də
dolayısı ilə əlaqədar olan bir sıra qurumlar –
qaçqın və məcburi köçkünlərin
hüquqlarını müdafiə edən, insan
hüquqları ilə bağlı, azadlıqdan məhrumetmə
yerlərinin monitorinqini həyata keçirən, və s. təşkilatlar
təmsil olunub. AVCİYA-nın xəttilə bu
ümummilli problemlə əlaqədar çoxsaylı konfrans
və simpoziumlar keçirilib, xarici dillərdə müxtəlif
kitablar nəşr etdirib. AVCİYA Ermənistanın
Azərbaycana təcavüzünün ən dramatik hadisəsi
– Xocalı soyqırımı ilə bağlı böyük
əks-səda doğurmuş tədbirlər həyata
keçirib. 2006-cı ildə biz Xocalı faciəsi
şahidlərinin ifadələrini, faktları, hadisənin
dünya mətbuatındakı əks-sədası ilə
bağlı materialları toplayaraq, Azərbaycan, ingilis və
rus dillərində “Xocalı soyqırımı (sənədlər,
faktlar və xarici mətbuatda)” adlı kitabda çap etdirdik.
2007-ci ildə
“Xocalı soyqırımı: milyon imza, bir tələb”
şüarı altında miqyaslı aksiya çərçivəsində
Xocalı soyqırımının beynəlxalq aləmdə
tanınmasını tələbilə bir milyon Azərbaycan vətəndaşının
imzası toplandı. İmzalar kitab halında
çap etdirilərək, qabaqcıl dünya ölkələrinin
parlamentlərinə və kitabxanalarına təqdim olundu.
Xocalı hadisələri zamanı
öldürülənlərin foto-şəkilləri bəzən
ermənilər tərəfindən saxtalaşdırılaraq,
erməni qurbanları kimi qələmə verilir. Növbəti erməni saxtakarlığının
qarşısını almaq üçün AVCİYA 2010-cu
ildə ingilis dilində “Bir faciə haqqında iki foto-söhbət”
kitabını çap etdirdi. Kitaba
Xocalı faciəsi ilə bağlı ən geniş yayılmış
foto-şəkillərin müəllifi olan iki fotoqrafla söhbət
və fotolar daxil edilib. Fotoqraflar
fotoların lentə alındığı gün haqqında və
həmin hadisələr barəsində öz təəssüratlarını
söyləyirlər. Və hadisələrə
heç bir qiymət vermədən mühakimə
yürütmək hüququnu oxucunun öhdəsinə
buraxırlar. 2010-cu ildə həmçinin, ingilis dilində
“Tarixi faktlar erməni miflərinə qarşı”, 2012-ci ildə
isə daha bir məşum hadisə haqqında Azərbaycan və
ingilis dillərində “Qaradağlı faciəsi” adlı kitab
çap etdirmişik. Xocalı faciəsinin 20-ci
ildönümü ilə əlaqədar Bakı şəhərində
24 fevral 2012-ci il tarixində
“İnsanlığa qarşı cinayətlər: Xocalı
soyqırımı” adlı beynəlxalq konfrans keçirilib.
2014-cü ildə çap etdirdiyimiz “Azərbaycanın erməni
vətəndaşları: təhlükəsizlik təmin
olunur!” adlı kitabda Azərbaycanın işğaldan kənar
bölgələrində yaşayan erməni əsilli Azərbaycan
vətəndaşlarının həyat hekayələri
öz əksini tapıb.
2012-ci ildə Assosiasiyamızın karabakhinfo.com beynəlxalq
elektron jurnalı fəaliyyətə başlayıb. Karabakhinfo.tv də
məzmunlu proqramları ilə tamaşaçı
auditoriyasının diqqətini cəlb etməyə müvəffəq
olub.
2012-ci ildə mənim və iqtisad elmləri doktoru
Vurğun Süleymanovun müəllifliyi ilə “Ermənistanın
Azərbaycana təcavüzü və işğalın
ağır nəticələri” kitabı nəşr edildi. Kitabda təcavüz
nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi
zərər ilk dəfə olaraq kompleks
araşdırıldı, ölkəmizə dəyən zərərin
431 milyard dollar olduğu müəyyənləşdirildi.
Qeyd edim ki, bu kitab növbəti ildə
Vaşinqtonda ingilis, Parisdə fransız, Kiyevdə Ukrayna, Sankt-Peterburqda
rus dilində, Bakıda isə həm də ərəb dilində
çap olundu.
- AVCİYA-nın Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı layihələrindən danışanda
ön plana çıxan əsas layihələrdən biri də
“Sərsəng SOS”dur. Bu layihə ilə bağlı
oxucularımıza bir qədər əhatəli məlumat verməyinizi
xahiş edirik.
- 23 ildən
artıq işğal altında qalmış Sərsəng su
anbarı 6 cəbhəyanı rayonda məskunlaşmış
400 000 mülki əhali üçün real təhlükə
mənbəyinə çevrilib. Ermənistan hakimiyyətinin
bu su anbarının yüksəklikdə yerləşməsindən
istifadə edərək istənilən an
planlı və düşünülmüş şəkildə
cəbhəyanı zonada azərbaycanlı əhalini kütləvi
şəkildə məhv etmək məqsədilə silah kimi
istifadə edəcəyi şübhə doğurmur. “Sərsəng
SOS” layihəsi vasitəsilə biz diqqəti Azərbaycanın
işğal edilməmiş ətraf rayonlarının əhalisi
üçün həyati əhəmiyyətə malik Sərsəng
su anbarının işğal nəticəsində
baxımsızlıqdan təhlükəli vəziyyətə
düşməsinə və hər an
dağılma ehtimalına yönəltmək istəyirik.
Layihənin irəli sürüldüyü il Bakıda
keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta
Fondunun Parlament Şəbəkəsinin İllik Konfransı və
iyunun 10-da Vyanada keçirilmiş “Azərbaycanın geosiyasəti
və Avropanın enerji təhlükəsizliyi” beynəlxalq
konfransının tribunalarından Sərsəng su anbarı ilə
bağlı məsələnin ciddiliyi səsləndirildi. Jurnalistlər və gənc rəssamlar arasında “Sərsəng
harayı” mövzusunda müsabiqə keçirildi. “Sərsəng harayı” mövzusunda Tərtər
şəhərində beynəlxalq konfrans, Yevlax şəhərində
isə regional toplantı keçirildi. Daha
bir kitabçaya isə Sərsənglə bağlı hər
hansı bir fəlakət baş verəcəyi təqdirdə
məhv olmaq təhlükəsi ilə üzləşə
biləcək tarix və mədəniyyət abidələrinin
siyahısını daxil etdik. Nəhayət, 2014-cü
ilin mayında bütün təzyiqlərə rəğmən,
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial
Məsələlər, Səhiyyə və Davamlı
İnkişaf Komitəsinin Nikosiyadakı iclasında mənim
təqdim etdiyim “Azərbaycanın cəbhəyanı
rayonlarında mülki əhalinin qəsdən sudan məhrum
edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi
təyin olundu. Dekabr ayında mən Avropa
Şurasının Sərsəng bəndi ilə bağlı
məruzəçisi xanım Milica Markoviç və onu
müşaiət edən şəxslərlə
görüşdüm. Görüşdə Sərsəng
bəndinin yaradığı sosial fəlakət, ekoloji
böhran Yevlax, Bərdə, Ağdam, Tərtər, Goranboy və
Ağcabədi rayonlarının su ilə təmnatında
mövcud olan acınacaqlı vəziyyət və s. məsələlər
ətraflı müzakirə olundu. Ümidvaram
ki, məruzəçinin qaldırdığımız
problemlə əlaqədar məruzəsi obyektiv olacaq.
- Yeri gəlmişkən,
Avropa təsisatlarında Qarabağ problemi ilə əlaqədar
bu və ya digər sənədin qəbulu ciddi müqavimətlə
üzləşir. Bununla belə cari il ərzində
Sizin təqdim etdiyiniz qətnamə layihəsi əsasında
“Azərbaycanın Dağlıq Qarabağ və digər
işğal edilmiş ərazilərində gərginliyin
artması” mövzusunda da məruzəçi təyin olundu. Buna nail olmaq çoxmu çətin idi?
Təəssüf ki, bir çox hallarda dünya birliyi
Dağlıq Qarabağı Ermənistan və Azərbaycan
arasında mübahisəli ərazi, problemi isə
münaqişə kimi təqdim edir. Lakin bu, münaqişə
deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür.
Ermənistan Azərbaycana hərbi təcavüz
edərək müharibə aparıb və Azərbaycan ərazilərini
işğal edib. Ermənistan
işğalçı, Azərbaycan isə işğala məruz
qalan tərəfdir. Amma faktiki olaraq
işğalçı dövlət olan Ermənistanla
işğala məruz qalmış Azərbaycan arasında fərq
qoyulmur, əksinə, əksər hallarda Ermənistan
müdafiə olunur. Heç bir beynəlxalq
təşkilat bu dövlətə qarşı sanksiyalar tətbiq
etmir ki, bu da onlara işğalçılıq siyasətini
davam etdirmək üçün bir növ şərait
yaradır. Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti,
AŞPA-dakı ermənipərəst qruplaşmalar,
dünyanın aparıcı güc mərkəzlərindəki
ermənipərəst qüvvələr Ermənistanın
işğalçılıq siyasətini ifşa edən, bu
işğalçı dövlətə qarşı
sanksiyaların tətbiq edilməsini tələb edən hər
hansı bir sənədin nəinki qəbul edilməsinin, hətta
hazırlanmasının qarşısını almaq
üçün bütün imkanlarını səfərbər
ediblər. AŞPA Bürosunun mənim təqdim etdiyim qətnamə
layihəsi əsasında 2 sentyabrda qəbul edilən, 23
sentyabrda isə təsdiq etdiyi qərar əsasında
oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyası
Siyasi Məsələlər Komitəsində “Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində
gərginliyin artması” adlı məruzənin
hazırlanması üçün məruzəçi təyin
edildi. Yeni təyin edilmiş məruzəçi
britaniyalı deputat Robert Volterdir. Siyasi məsələlər
üzrə komitənin iclasında da müzakirələr iki əsas
məsələ – hesabatın adının dəyişdirilməsi
və kimin məruzəçi təyin ediləcəyi ətrafında
aparıldı. Ermənistan nümayəndə
heyətinin üzvləri hər vəchlə hesabatın
adının dəyişdirilməsinə
çalışıblar. Toplantıda
çıxış edən erməni deputatlar məruzənin
bu adda qalacağı və məruzəçinin təyin ediləcəyi
təqdirdə, Ermənistanın bu məsələdə
AŞPA və onun məruzəçisi ilə əməkdaşlıq
etməyəcəklərini bildiriblər. Lakin
səsvermələrdə məruzənin adı dəyişilməyərək,
olduğu kimi, yəni “Azərbaycanın Dağlıq
Qarabağ və digər işğal edilmiş ərazilərində
gərginliyin artması” kimi qalıb. Bu
bizim üçün çox prinsipial bir məqamdır və
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən həyata keçirilən xarici
siyasətimizin uğurudur. Biz ümid edirik ki, məruzəçi
“Azərbaycanın Dağlıq Qarabağ və digər
işğal edilmiş ərazilərində gərginliyin
artması” adlı sənədi hazırlayarkən Ermənistan
hakimiyyətinin, AŞPA-dakı ermənipərəst qüvvələrin,
ermənipərəst aparıcı güc mərkəzlərinin
təzyiqlərinə baxmayaraq obyektiv məruzə
hazırlayacaq. Məruzədə Ermənistanın
işğalçı dövlət olduğu və
işğal etdiyi ərazilərdə mülki əhaliyə
qarşı kütləvi şəkildə cinayətlər
törətdiyini bir daha dünya ictimaiyyətinə
çatdırılacağına, işğalçı Ermənistana
qarşı konkret sanksiyaların tətbiq edilməsinin
vacibliyinin əks olunacağına böyük ümid bəsləyirik.
Həmçinin, mənim tərəfimdən
Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq məhkəməsi
tərəfindən azadlıqdan məhrum edilən Rusiya vətəndaşı
Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı
Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin
olunmasına dair qətnamə layihəsi hazırlanaraq
AŞPA katibliyinə təqdim olunub. Bu məsələdə
də irəliləyiş olacağına ümid bəsləyirik.
-
Artıq beşinci ildir ki, Siz Şamaxı rayonunu Azərbaycan
Respublikasının Milli Məclisində təmsil edirsiniz. Məlumdur
ki, 1918-ci il mart-aprel aylarında ermənilərin
Azərbaycana qarşı törətdikləri
soyqırımın ən dəhşətli hadisələri
Şamaxıda cərəyan edib.
- Həqiqətən
də Şamaxıda ermənilərin törətdikləri
qırğın həm qurbanlarının sayına, həm də
əhatə dairəsinə görə fərqlənir. O zaman
qəza mərkəzi olan Şamaxı şəhərini ermənilər
fürsətdən istifadə edərək ələ
keçirmək istəyirdilər. 1918-ci ilin
mart ayında başda Stepan Şaumyanın əlaltısı
olan Şamaxı ermənisi Lalayan olmaqla Bakı Sovetinin erməni-daşnaklardan
ibarət cəllad dəstələri dinc, günahsız
şamaxılılara, sözün həqiqi mənasında,
divan tutdular. Şamaxı
soyqırımı bəşəriyyət tarixinin ən
qatı cinayətlərindən biridir. Ona
görə də bu soyqırım haqqında həqiqətlərin
çatdırılması bizim əsas prioritetlərimizdən
biridir. AVCİYA 2011-ci ilin martından
başlayaraq “Azərbaycanda erməni terrorunun izləri –
Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə həyata
keçirməyə başlayıb. Layihə
çərçivəsində 2011-ci ilin martında
Şamaxıda yüksək səviyyədə beynəlxalq
konfrans keçirilib, həqiqətləri çatdırmaq
üçün Azərbaycan və ingilis dillərində
“Şamaxı soyqırımı” adlı kitab nəşr edilərək
müxtəlif ölkələrə yayılıb.
2012-ci ilin martında Bakıda “İnsanlıq əleyhinə
cinayətlər: Şamaxı soyqırımı”
mövzusunda eilmi-praktik konfrans keçirilib. Assosiasiya
erməni cinayətlərinin dünyaya
çatdırılması sahəsindəki məqsədyönlü
işini davam etdirərək, 2012-ci ilin oktyabr ayında
“Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin
30-cu illər repressiyaları)” kitabını nəşr
etdirib. Ümumiyyətlə, bu sahədə
görəcəyimiz işlər hələ ki, yetərincədir.
- Elxan
müəllim, 2014-cü il martın 28-də
Şamaxı şəhərində Sizin təşəbbüsünüzlə
yeni bir layihənin – “1905.az” portalının təqdimatı
oldu. Artıq həmin tarixdən 10 aya yaxın
müddət keçir. Bu layihə ilə
bağlı gözləntiləriniz özünü
doğrultdumu?
- Məlumdur
ki, ermənilər tarix boyu xalqımızı dəfələrlə
soyqırıma məruz qoyublar. Əslində onların bu
siyasətinə bölgəyə qədəm qoyduqları
gündən start verilib. Onlar öz fəaliyyətlərində
Rusiya imperiyasının əməli yardımını daim hiss
ediblər. Bu hadisələrlə bağlı
bizim görkəmli alimlərimiz böyük tədqiqatlar
aparıb, fundamental elmi əsərlər yazıblar. Lakin təəssüflə qeyd etməliyəm ki,
bir çox hallarda bu əsərlər Azərbaycan və ya
rus dillərində yazıldığından, geniş
dünya ictimaiyyətinin bunlardan xəbəri olmur. Və təəssüf hissi ilə qeyd etmək istəyirəm
ki, çox uzun illər ərzində erməniliyin
uydurmaları, yalanları ayaq tutub yeriyib.
“1905.az”
portalını yaratmaqda bizim əsas məqsədimiz azərbaycanlıların
məruz qaldıqları soyqırım həqiqətini,
yaşadıqları tarixi torpaqlardan deportasiya olunmaları
haqqında məlumatları, eləcə də Ermənistanın
Azərbaycana təcavüzü ilə bağlı gerçəklikləri
müasir texnologiyalardan istifadə etməklə,12 dildə
geniş dünya oxucusuna çatdırmaqdan ibarət idi. Bu
gün hər ay dünyanın 100-dən çox ölkəsindən
on minlərlə istifadəçi “1905.az” portalı vasitəsilə
bu məlumatlarla tanış olur. Portal fəaliyyət göstərdiyi müddətdə
Azərbaycanın tanınmış tarixçilərinə
tribuna verib, onların məqalə və müsahibələrini
xarici dillərə tərcümə edərək xarici
ölkə oxucularına çatdırıb. Portalın əsas mövzuları ilə əlaqədar
alim və tədqiqatçıların iştirakı ilə
müxtəlif diskussiyalar təşkil olunur. Şamaxı məktəbliləri arasında
“Şamaxı soyqırımı” mövzusunda inşa
müsabiqəsini, eləcə də oxucular arasında “Tarixi
hekayə müsabiqəsi”ni “1905.az”ın uğurlu layihələrindən
hesab edirəm. Portalın əməkdaşları
vizual effektə böyük diqqət verir, müxtəlif
infoqrafikalar, videolar, işğal olunmuş
rayonlarımızdakı tarixi abidələrin fotolarından
istifadə etməklə maraqlı “divar kağızları”
hazırlayırlar. Mən həmçinin,
“1905.az” portalının Heydər Əliyev İrsini
Araşdırma Mərkəzi (aliyevheritage.org) ilə
faydalı əməkdaşlığını vurğulamaq
istərdim. Belə ki, “1905.az” portalında Heydər
Əliyev İrsini Araşdırma Mərkəzinin materiallarından,
ümummilli liderimiz Heydər Əliyevin qeyd olunan mövzularla
bağlı çıxış, məktub və bəyanatlarının
mətnlərindən uğurla bəhrələnilir. Bir sözlə, 10 ay o qədər də
böyük müddət olmasa da portalın artıq inamla
özünü təsdiq etdiyini söyləyə bilərik.
1905-ci il soyqırımının 110
illiyi, uydurma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində
erməni yalanları ilə mübarizə güclənməlidir.
Bir daha vurğulamaya bilmirəm. Təsəvvür
edin, 110 il bundan əvvəl azərbaycanlılara
qarşı soyqırım törədilib. Dünyada
isə qondarma “erməni soyqırımı”ndan, bu yalanın
100 illiyindən danışılır.
Tarixi həqiqətlərin geniş auditoriyaya
çatdırılması baxımından biz “1905.az”
portalından daha böyük nailiyyətlər gözləyirik.
Biz azərbaycanlı kimi, bir millət vəkili kimi erməniliyin
saya gəlməz cinayətlərini ifşa edən 1905.az
portalını ruhumun qidası kimi dəyərləndirirəm.
Buradaca 1905.az portalının yaradıcı heyətinə
minnətdarlığımı bildirirəm. Portalın
Elmi-Redaksiya Şurasına AMEA-nın müxbir üzvü,
tarixçi alim İlyas Babayev rəhbərlik edir. Portalın direktoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru Fuad Babayevə, resursun bütün əməkdaşlarına,
1905.az saytı ilə əməkdaşlıq edən
bütün yazarlara, dəyərli tədqiqatçılara
uğurlar arzulayıram.
- Minnətdarıq. Çox sağ olun.
Xalq Cəbhəsi.-
2015.- 5 fevral.- S.4-5.