Noğay tarixi və
qəhrəmanlıq nəğmələri
Noğay
folklorunda liro-epik poemaların da yeri böyükdür.
Onların sırasında biz “Karaydar və
Qızılgül”, “Kozı-Korpeş və Bayan-Slu”, “Bozyigit”
və b. qeyd edə bilərik. Məsələn, “Karaydar və
Qızılgül” poemasında iki gəncin məhəbbəti
vəsf olunur. Poemanın baş qəhrəmanı Karaydar
Qızılgülü bir başqa kişiyə məcburən
ərə verən zaman ortaya çıxır.O, bir mahnı
oxumaqla sevgilisinə onun yanına çatdığı barədə
işarə verir. Bu nəğmədə
Qızılgülün poetik obrazı canlanır. Burada istifadə
olunmuş müqayisələr noğayların qız gözəlliyi
haqqında müvafiq təsəvvürlər yaradır:
Qışda
qardır ağappaq,
Qızılgül
ondanda ağ.
Çöhrəsi
qırmızı, al,
Dodaqlar
da aldır, al.
Sözləri
bala bənzər,
Tapmazsan
belə şəkər.
Əsərdə
Karaydar obrazı yüksək poetiklikliyi ilə fərqlənir.
Bütün çətinliklərə və müxtəlif sədlərə
baxmayaraq qəhrəman nikbindir və o, öz sevgi hisslərini
bütün ömrü boyu saxlayacağına əmindir.Noğay
şifahi xalq yaradıcılığında tarixi qəhrəmanlıq
dastanları xüsusi yer tutur. Bu siklə noğayların
“Edige”, “Aysul oğlu Əhməd”, “Mamay”, “Şora
batır”,”Koplanı-batır”, ”Yr Kasay”, ”Musevkə”, ”Adil
Soltan”, “Yr-Tarqıl”, “Kazı-Tuqan” və başqaları
daxildir. Yeri gəlmişkən qeyd edək ki, adlarını
çəkdiyimiz bu epik və liro-epik poemaların əksəriyyəti
ilə biz qazax və qaraqalpaq epik və liro-epik poemalarında
da rastlaşırıq. Noğayların epik və liro-epik
poemalarında XIV-XIX əsrlərin hadisələri əksini
tapıb. Bu dövrdə noğay, qazax, qaraqalpaq, başqurd
kimi türk xalqlarının tarixi taleyi bir sıra cəhətdən
bir-birinə uyğundur. Poemaların əksəriyyətinin məzmununu
xronoloji baxımdan Qızıl Ordanın mövcudluğu
dövrünə aid etmək olar. Elə buna görədə
bu poemalarda Teymur, Mamay və Toxtamış kimi hökmdarlarla
bağlı hadisə və epizodların təsviri daha
mühüm yer tutur.
Noğay
tarixi-qəhrəmanlıq poemaları qəhrəmanların
psixoloji əhval-ruhiyyəsini əks etdirmək və intonasiya
baxımından rəngarəngdir. Bu poemalarda xalq öz qəhrəmanlarını
öyür, onların sosial ədalət uğrunda
mübarizlik əzmini ürəkdən alqışlayır.
Bu tipli poemalar sırasında “Aysıl oğlu Əhməd”
xüsusən maraqlıdır. Poemada Aysıl oğlu Əhmədin
Canıbəy xana qarşı üsyanı, mübarizəsi əksini
tapır. Xan qəzəbindən qurtulmaq üçün
Aysıl arvadını və kiçik oğlunu evdə qoyub
meşələrə üz tutur. Poemada başlıca diqqət
Əhmədin ailəsinin uzun illər sərgərdan
qalması üzərinə yönəldilir və
bütün bunların səbəbinin xanın Əhmədin
atasını gözaltına alması ilə
bağlılığı vurğulanır. Xan
qarşısında mərdi-mərdanə dayanmaq, ona baş əyməmək,
insan ləyaqətini qoruya bilmək istəyi Aysıl
obrazını və onun oğlu Əhmədin mübarizliyini əks
etdirir. Poemada eyni zamanda qəhrəman və hadisələrin
təsvirində nağıl priyomlarından istifadə etmək
də mühüm yer tutur.
Poemada
epik başlanğıc batırın silahının təsvirində
hiperbolaların köməyi ilə realizə olunur. Aysıl
oğlu Əhməd cəsur və vicdanlı
döyüşçüdür. Əhməd cəsur və
qoçaq kimi təsvir olunduğu halda Canıbəy xan
hökmdara xas olan xüsusiyyətlərlə zəngindir. O, məkrli
və bicdir. O, onun Əhmədin qızı Şəərbəyə
olan odlu məhəbbətini öz məqsədlərinə
uyğunlaşdırmaq istəyir. Əhməd kimi əsur
döyüşçünü düşmənləri
üzərində qələbə çalması, öz tərəfinə
çəkmək üçün o, Əhmədə
qızı Şəərbəyi verəcəyini vəd edir.
Həqiqətdə isə xan Əhmədin məhv ediləcəyinə
ümid bəsləyir. Əhmədsə böyük uğur
qazanıb Şəərbəylə nişanlanacağına
ümid edir. Xansa onu aldadıb qızını varlı birisinə
verməyə çalışır.
Poemanın
ikinci hissəsində Əhmədlə onun sevgilisinin birgə
qaçıb aradan çıxdığı, qəhrəmanın
xana qarşı apardığı mübarizəni axıra qədər
davam etdirməyə hazır olduğu haqqında
danışılır. Əhməd sevgilisi Şəərbəylə
dağlara çəkilir. Dastanda daha sonra tezliklə Canıbəy
xanın və digər bəylərin zülmündən cana
doymuş xalqın onun ətrafında
yığıldığı təsvir olunur. Aysıl isə
doğma yerlərə yalnız xalqın çətin
günündə qayıdır. Aysıl deyir: ”Xalqın
çətin anında mən onunla birgə xana qarşı
mübarizəyə hazıram”.
Əhməd
də atası Aysıl kimi atasının ölümündən
sonra tək mübarizə aparır. Döyüşlərdə
xanın özünü üstələyir. Bunu görən
xalq ordusu düşməndən qorxur və qaçmağa
başlayır. Batırların qəhrəmanlığı
poemada epik idealizasiyanın köməyi ilə
yaradılır. Onlar bədəncə böyük,
güclü təsvir olunurlar. Sosial zidiyyətlər fonunda belə
fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Qəhrəman-batırların
humanizmi, onların xeyirxahlığı hakim sinfə məxsus
mənfi xarakteristikalar fonunda daha görümlü təqdim
olunur. Noğay tarixi-qəhrəmanlıq eposunun kompozisiya
xüsusiyyətlərinə gəldikdə isə onu qeyd edək
ki, burada digər türk xalqlarının dastanları
üçün xarakterik olan nəzmlə nəsr bir-birini əvəzləyir.
Poemalardakı nəsr hissəsi nəzmlə qarışıb
çarpazlaşaraq təhkiyəni daha da genişləndirməklə
əsərin müxtəlif hissələrini üzvü surətdə
bir-birinə bağlayır.
Yüksək
poeziya və incə lirizmlə ifa olunan şeir hissələri
xalqın bədii təfəkkürünün özünəməxsusluğunu
daha yaxşı sübut edir. Burada metaforik ifadələrdən,
müqayisələrdən, canlı təsvirlərdən
geniş istifadə olunur, atlı əsgərin koloritli
obrazı yaradılır. Poemada qəhrəmana hər bir
kömək etməyə hazır olan sadə insanlar
arasında olan birlik əsərin başlıca motivi kimi dəyərləndirilməlidir.
Nəinki bu, həm də yuxarıda adlarını çəkdiyimiz
digər poemalarda xalq qəhrəmanlarının obrazları
mühüm ideya yükü daşımaqdadır. Burada biz
heç də yalnız qəhrəmanların yox, həm də
xalqın müxtəlif təbəqələrinin nümayəndələrini
görürük. Məsələn, digərləri ilə
yanaşı poemada xalqın müdrik ağsaqqallarının
öz məsləhət və hərəkətləri ilə
ən çətin məqamda belə insanlara kömək istəyi,
xalqa dəstək verməsi, gənc qızların doğma vətən
qarşısında kişilərlə bərabər borcunu
vermək bacarığı, onların mənəvi təmizliyi,
qadınların ana kimi öz xalqının mənəvi ənənələrini
təcəssüm etdirmələri poemanın süjet xəttini
daha da gücləndirməyə xidmət edir. Bu cəhət
“Cəsur Ja-Bikeş” nəğməsində maraqlı şəkildə
əks olunub.
Noğay
epik təfəkkürünün mühüm səhifəsini
təşkil edən “Edige” tarixi poeması XIV əsrə aid
edilir. Poemada feodal və saray mübarizəsinin əksini
tapması onun Qızıl Orda xanı Toxtamış
dövrünə təsadüf etdiyini təsdiqləyir. Yeri gəlmişkən
bildirək ki, XIV əsrin sonu XV əsrin əvvəllərində
baş vermiş hadisələr və Qızıl Ordanın
süqutundan sonra Noğay dövlətinin yaranması
noğayların nəinki “Edige”, həm də digər
eposların başlıca motivinə çevrilib, tarixi əfsanə
və rəvayətlər onların əsasını təşkil
edib. Noğay Ordasının əsasını qoyan noğay qəbilələrinin
başçısı Edigenin şəxsiyyəti tarixdə
iyirmi ildən artıq hökmranlıq etmiş Qızıl
Ordada təsadüfən hakimiyyətə yiyələnmiş
Edige xan tarixdə kifayət qədər tanınmış
şəxslərdəndir.
Poemada
göstərilir ki, Qızıl Orda xanı
Toxtamışın qeyri-adi iki şahini olub. Xanın
şahinlərini bəsləyən cəsur Qutluqaya quşlara
elə qulluq etməlidir ki, bu qeyri-adi cinsdən olan şahinlər
digər xanın əlinə keçməsin. Lakin Qutluqaya
başqa xanın hədiyyələrindən başını
itirərək, o biri xana bu şahinlərin yumurtasından
göndərir. Toxtamışa bu məsələ məlum
olur. Məhz bu da konfliktə çevrilir. Xan Qutluqayanın
xanlığın ərazisindən qovulması haqqında fərman
verir. Lakin Edige Qutluqayanın oğlu öz süd
qardaşının köməyi ilə xilas olunur. Poemada daha
sonralar davam edən hadisələr əsasən Edige və
onun oğlu Nurəddinin Toxtamışdan aldığı qisası
əks etdirir.
Poemanın
mətnində çoxsaylı nəğmələrdən
istifadə olunur və bu nəğmələrin kim tərəfindən
oxunması, kimə həsr olunması, onların hansı
şəraitdə oxunması izah olunur. “Edige” poemasında
istifadə olunmuş bəzi kompozisiya priyomları bunlardan ibarətdir
və onlar qəhrəmanlıq siklinə daxil edilmiş digər
çoxsaylı noğay poemaları üçün də
xarakterikdir.
Göründüyü
kimi, mənəvi-etik istiqaməti və bədii formalarına
görə noğay folkloru, xüsusən onun epik qatı digər
türk xalqlarının (xüsusən qazax və qaraqalpaq,
qaraçay və malkar) şifahi yaradıcılıq
nümunələri ilə yaxınlıq təşkil edir.
Qeyd etdiklərimiz sübut edir ki, noğay folklorunun xarakterik
xüsusiyyəti onda epik janrın üstünlük təşkil
etməsi ilə əlaqədardır. Bu, ilk növbədə
etnosun məişətinin, sosial ukladının, tarixinin
xüsusiyyətləri ilə bağlıdır. Məlum
olduğu kimi, noğay folklorunda tarixilik üstünlük təşkil
edir. Noğay tarixi və qəhrəmanlıq nəğmələri,
epik dastanları məhz tarixiliyi ilə fərqlənir.
Noğay ədəbiyyatında yeni dövrdə epik ənənələrin
formalaşması milli və etno-mədəni ənənələrin
epik qəhrəmanlarını - Edige, Şora-batır,
Aysıl oğlu Əhməd, Adil Soltan kimi obrazların
timsalında noğay fəlsəfəsi özünü əks
etdirib. Noğay ədəbiyyatının yorulmaz tədqiqatçısı
A.Sikaliyev yazır: ”Noğay epik əsərləri qədim
insanların dünyanı dərkini öyrənmək
üçün qiymətli mənbədir. Epos nəinki
azadlıq uğrunda istismarçılara qarşı
mübarizə aparan xalqın qəhrəmanlıq mübarizəsini,
həm də uzaq zamanların içtimai quruluş, məişət,
təsərrüfat, həyat tərzi və adətləri və
idealını əks etdirib”.
Məlum
olduğu kimi, epos ədəbi janrların əksəriyyətinin
əsasını təşkil etməklə, xalqın tarixi
taleyi, milli şüuru ilə bağlıdır. Noğay qəhrəmanlıq
eposunda şəxsiyyətin nüfuzu yüksək dəyər
kimi daha aydın hiss olunur, burada tayfa və qəbilədən
xalqa və dövlətə qədər etno siyasi konsolidasiya,
insan şəxsiyyətinin bir qəhrəman kimi kollektiv dəyəri
təcəssüm etdirməyə söykənən epik qəhrəmanın
ideallaşdırılmasının mahiyyəti ifadə olunur.
Bu cəhət “Edige” qəhrəmanlıq poemasında
xüsusilə görümlüdür. Noğay
xalqının başçısının şəxsiyyəti
bu poemanın yaradıcısı tərəfindən daha
parlaq ifadə olunub. Eposdakı bu xüsusiyyətlərlə
bağlı Şahidət Kurmanqulova yazır: “Eposda qəhrəmanın
hərəkəti sırf konkret, məqsədyönlü
xarakter daşıyır, və, bir qayda olaraq, müəyyən
sosial rəngə malikdir. Tarixi epos janrının ideya-estetik əsasını
xalqın real həyatından götürülmüş hadisələr
təşkil edir”.
Noğay
folklorunun çoxsaylı qəhrəmanlarında, xalq təfəkkürünün
bu janrların öyrənilərkən daha da
aydınlaşmasında bədii ənənələrin
ardıcıllığını, mədəni irsin yeni bədii
irslə əlaqələrini, etno-bədii ənənələrin
xalqın yeni bədii şüurunda formalaşmasında rolunu
nəzərdən keçirməyə imkan verir. Noğay
folkloru elə bu müstəvidə noğay yazılı ədəbiyyatının
formalaşmasında, onun inkişafında zəngin mənbə
kimi xidmət etdiyi qeyd olunmalıdır.
Nizami Tağısoy
professor
Xalq Cəbhəsi.- 2015.-
10 fevral.- S14.