Ay dağlar,
qoşa dağlar...
Ötən il “Qarabağ: folklor da bir
tarixdir”. VII kitab (Xocavənd rayonundan toplanmış folklor örnəkləri; Bakı,
“Elm və təhsil”,
2014, 444 səh.) “Qarabağ
folklorunun toplanması,
sistemləşdirilməsi və
araşdırılması” adlı layihə əsasında çap olunub. Layihənin rəhbəri AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov),
toplayıb tərtib edəni fil.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova), redaktor fil.ü.f.d. İlkin Rüstəmzadə, nəşrinə
məsul fil.ü.f.d. Əziz Ələkbərlidir.
Tərtibçi Ləman
Vaqifqızının bu
mövzuda gərəkli
yazısını təqdim
edirik.
***
II yazı
Qaytaran Qədim oğlu Quliyev ilə elə ilk səfərimizdə
görüşməyi məsləhət
bildilər. İlk görüşümüzdə Çərkəz Ağəli
oğlu İmanov ilə birlikdə oturub danışdılar
(məni onun evinə Çərkəz
baba aparmışdı).
Çərkəz babanın
təhkiyəsi daha gözəl olsa da, Qaytaran baba
qədər nağıl
bilmirdi. Çərkəz
babanın etirafına
görə, danışdığı
nağılların bir
qismini vaxtilə elə Qaytaran kişidən, bir qismini isə nənəsindən eşidib.
Onlar bir-birinin danışığına müdaxilə
edir, tez-tez mübahisə edərək
bir-birinin danışığına
düzəliş verirdilər.
Hətta elə nağıl oldu ki, əvvəlini Qaytaran baba başlasa
da, qalanını Çərkəz baba davam etdirdi. Bəzən söyləyicilər
nağılın sonuna
öz başlarına
gətirilən müsibətlərlə
bağlı əlavələr
edirdilər. Məsələn,
Çərkəz baba
“Şərə düşmüş
qızın nağılı”nı
belə tamamladı: “Orda atanın qeyrətsizdiyin gösdərir.
Xudavəndi-aləmnən sada
gəlir kin, nahax qan yerdə qalmaz yüz il də qala.
İndi ermənilər bir heylə uşax-muşağı
qırdılar e. Xojalı məsələsini deyirəm. Hələ
olar elə işdər eliyiflər ki, Xojalı məsələsi
muşduluxdu e onun yanında. Allah-taala olların cəzasını
nə vaxsa verəjək”.
Bəzən
elə olurdu ki, söyləyici nağıldakı (“Tacirin
Allahı qonaq çağırması”) obrazı tacir deyə
təqdim edir, nağılın ortasında isə tacir əvəzinə
padşah deyə danışırdı. Və yaxud
“Üç bacı” nağılının əvvəlində
söyləyici qızların qardaşının
olmadığını qeyd etsə də, sonda qızları
divin əlindən qardaşı qurtarırdı və s. Gələcəkdə
söy¬lə¬yi¬cilərlə bağlı aparılan tədqiqatları
nəzərə alaraq bu mətnləri kitabda elə olduğu
kimi verməyi məqsədəuyğun saydıq.
İkinci
dəfə Qaytaran baba bizə 10 mətn,
üçüncü dəfə 11 mətn, sonuncu
görüşümüzdə isə 7 mətn
danışdı ki, danışdığı mətnlər
nağıl, lətifə və rəvayət
janrlarını əhatə edirdi. Son 3
görüşümüzdə gələcəyimizi bildiyi
üçün danışacağı mətnlər
haqqında vərəqdə əvvəlcədən
özü üçün qeydlər etmişdi (Kasıb
kişi oğlunu aparıb bir kişinin yanına qoyur. Bir
arvadın əri dağa gedib, arvad aranda qalıb. Bir
çoban, nökər. Keçəl kişi. Avdal Qasım. Qarışqa
qarğuya yığma və s.). O, bəzən
danışacağı nağılı özü
adlandırırdı. Biz söyləyicinin
adlandırdığı nağılların üzərinə
ulduz işarəsi qoymuşuq. Qaytaran kişinin nağıl
repertuarı zəngin olsa da, təhkiyəsi qurudur. Bəzən
də söyləyici nağılın müəyyən hissəsini
unudur, nağılın sonunda unutduğu hissəni
xatırlayır, “Ən qəşəh yeri də
burasıydı”, – deyərək, unutduğu hissəni yenidən
danışır. Bu kimi hallar da onun çoxdandır
nağıl ifa etmədiyindən xəbər verir. Əslində
o, özü də bunu etiraf etdi. Danışdığı
nağılları Ağdam rayonunun Mərzili kəndində
uzun qış gecələrində bir yerə toplaşan
yaşlılardan və iştirak etdiyi məclislərdə
müxtəlif adamlardan eşitdiyini bildirdi. İlk dəfə
11 yaşında öz həmyaşıdlarına nağıl
danışdığını da dedi. Hər
nağılı başlamazdan əvvəl “Birini də deyim?”,
– deyə icazə alırdı. O, nağılı tələsə-tələsə
danışır, cümlələri tamamlamırdı. Biz də
həmin cümlələri mətndə elə
yarımçıq formada verməyi məqsədəuyğun
saydıq. Qaytaran baba hərdən nağılın
ortasında diktofona işarə edərək, “Yazır?” – deyə
soruşurdu. O, nağıla müasir dövrdən maraqlı
xallar vururdu: “Həmən kəndə çatanda görür
ki, camaat hamısı yığılıb belə. Ukranyada
kı nümayiş eliyillər, onnan sora Suriyadakı kimi
yığışıblar. Çoxlu əhalidi” və s.
Dəfələrlə
qeyd olunub ki, yaxşı repertuara malik söyləyicilərlə
bir-iki saatlıq ünsiyyət onların əsl
potensialının üzə çıxarılmasına imkan
vermir. Odur ki, belə söyləyicilərlə 2 dəfə
(Həsən Mehdiyev, Rasta Mustafayeva, Çərkəz
İmanovla), 3 dəfə (Əsmət Rüstəmova ilə),
bəzən də 4 dəfə (Qaytaran Quliyevlə) görüşüb
söhbət etmişik. Nadya Həsən qızı Qurbanova əvvəlcə
dediyi bayatıları - bir neçə bayatını adi
formada şeir kimi söylədi. Sonra mahnı kimi oxumağa
başladı. Hərdən bizə elə gəlirdi ki,
söyləyici ətrafı sanki hiss etmir, otaqda kiminsə
olması, onu dinləməsi Nadya nənəni qətiyyən
maraqlandırmırdı. Mahnı kimi oxuduqca yadına daha
çox bayatı düşürdü. Mahnı kimi oxumaq
söyləyicinin fikirlərini sanki sistemə
salmışdı. O, əvvəl adi formada dediyi
bayatıları da yenidən mahnı kimi oxuyurdu. Nadya nənə
bəzən bir misranı iki dəfə təkrar edir, birinci dəfə
dediyi misranın sonuna avazla ey (bəzən yey) nidası
artırır, ikinci misranı əlavəsiz oxuyurdu:
Köynəyin
gülü yansın ey,
Köynəyin
gülü yansın.
Od tutsun,
gülü yansın ey,
Od tutsun,
gülü yansın.
Belə
deyir, səni mənnən ayıranın ey,
Səni mənnən
ayıranın,
Ağzındakı
dili yansın ey,
Ağzındakı
dili yansın.
Söyləyici
bəzən əvvəlki misraları iki dəfə təkrar
etsə də, son iki misranı bir dəfə deyirdi:
Dağlarda
qar səsi var ey,
Dağlarda
qar səsi var.
Yağıfdı,
qar səsi var ey,
Yağıfdı,
qar səsi var.
Atdar ifcin
nallanıv ey,
Veranada gənə
səfər səsi var.
Arada bir
oxumağını dayandırıb “bayatıdı ha”, – deyə
xəbərdarlıq edirdi. Bəzən də bayatının
üç misrasını deyirdi:
Ay
dağlar, qoşa dağlar ey,
A
dağlar, qoşa dağlar.
Nə verifsən
baş-başa, dağlar ey?
Nə
verifsən baş-başa, dağlar?
Səni
görüm, min il yaşa, dağlar ey,
Min il
yaşa, dağlar.
Gəlininin
dediyinə görə, Nadya nənə evdə tək qalan
kimi görünməyə başlayır. Bizə xeyli
bayatı deməsinə baxmayaraq, o, hərdən “Sən gəldin
deyə mənim bayatım, mahnım qurtardı, ay bala”, - deyə
gileylənirdi.
Nadya
Qurbanovanın söylədiyi bayatıları kitabda onun dediyi
kimi verə bilmədik. Çünki Nadya nənə söylədiyi
əksər bayatıları mahnı kimi oxuduğundan
yuxarıda da qeyd etdiyimiz kimi, hər misranı iki dəfə
təkrar edir, misraların sonuna nidalar artırır, bəzən
də bayatının üç misrasını söyləyirdi.
Canlı ifa prosesində bu kimi hallar normaldır və mətnin
təbii olmasını bir daha sübut edir. Ancaq yazıya
köçürülmə zamanı mahnının
avazını vermək mümkün olmadığından təkrar
cümlələr ağırlıq yaradır. O səbəbdən
də, təəssüf ki, biz bu mətnlərin təbiiliyini
qoruya bilmədik.
Bəzən
söyləyicilər ifa prosesində də bayatı
yaradırdılar. Məsələn, Rasta Şavağat
qızı Mustafayeva da bizə dalbadal xeyli bayatı söylədi.
Sonda alqış dediyi zaman zarafat etdik ki, onu da bayatıyla
desin. Nəticədə belə bir alqış-bayatı
meydana çıxdı:
Bala, səni
görüm xoş yaşa,
Götürgünən
xoş yaşa.
Fələyə
yalvarıram,
Sana bir
gün, taleh yazsın,
Onda
ömrünün sonunacan xoş yaşa.
Bu və
bu kimi ifa prosesində yaradılan mətnlər bəzən
poetik baxımdan zəif olsa da, tədqiqat baxımından
yararlıdır. Bayatı ifaçıları ilə
ünsiyyətdə olarkən bayatının deyilmə məqamları
və formaları haqqında da xeyli informasiya aldıq. Bununla
bağlı tam təsəvvür əldə etmək
üçün rayon sakinlərindən birinin yas məclisində
də iştirak etdik. Söyləyicilərin “Məjlis olanda
yadıma düşür. Onda deməsəm, bağrım
çatdar. Amma tini olmasa, yadıma düşmür də,
bala”, “Dolu vaxdımda deyirəm. Ancax yas yerrərində
demişəm, ayləmin, uşağımın yanında deməmişəm
heç. Bayatı çoxdu, amma fikrimi cəmliyə bilmirəm”,
“Birdən gejə ağrılarım tutanda karavatın
üsdündə o qədir bayatılıyıram, yadıma gəlir,
birdən də yadımnan çıxır. Gejə mən
bayatılamağa başdıyanda səhərədək
bayatılayıram. Di gəl indi yadıma düşmür”
kimi gileyləri bayatının konteksti məsələsinə
işıq tutur. Yəni söyləyici bayatını həmişə
söyləyə bilmir, bunun üçün özləri
demiş, “tini gəlməlidir”.
Söyləyicilər
bayatının deyilmə formaları haqqında da xeyli məlumat
verdilər.
Gərənaylamaq
- əlini qulağının dibinə qoyub yüksək səslə
ağı deməkdir. Bu zaman misraların sonuna lay-lay
artırılır. Gərənaylamaq olduqca yüksək səs
tələb edir. Amma yas məclislərində gərənaylamaq
o qədər də yaxşı qarşılanmır.
Çünki bu, el arasında ölünü urvatdan salmaq kimi
qiymətləndirilir. Söyləyicilərin dili ilə desək,
“yasda ləyaxnan oxumaq lazımdır”.
Yas məclislərində
yanıqlı səslə bayatı deməyə “ediləmək”
deyirlər. Söyləyicilər təklikdə, alçaq səslə,
ağlaya-ağlaya bayatı söyləməyi ediləmək
adlandırırdılar. Onlar bəzən inək sağarkən
oxumağa da “ediləmək” deyirdilər. Bu bölgədə
dodağının altında, yalnız özünün
eşidə biləcəyi tərzdə bayatı söyləmək
“gümüldənmək” adlandırırılır.
Hüzür
yerlərində deyilən bayatıları ağu adlandıran
söyləyicilər eyni zamanda qeyd etdilər ki, ağı adətən,
bir qadın tərəfindən deyilir. Ağının bəhr
forması da var. Bəhri də adətən, bir adam oxumağa
başlayır. Hər misranın sonuna “Şahüseyn,
Vahüseyn” kəlmələri artırılır ki, bunu məclisə
yığışan qadınlar xorla, əllərini dizlərinə
vura-vura deyirlər. Bölgədən qeydə
aldığımız ağıların bir qismi də
sinkretik paralelizm formasındadır. Bu tipli ağılar
bayatı formasında deyilməsə də, cümlələr
sanki qafiyəlidir. Söyləyicilər bu cür “qafiyələri”
bəzək vermək adlandırırdılar:
Duranda yerə
naz eliyən,
Gedəndə
boyuna naz eliyən,
Gedəndə
yerişi göyçək,
Gələndə
gülüşü göyçək,
Gözəlliyi
güldən götürən,
Ağlığı
qardan götürən ...
Yas aparmaq
üçün kənardan gətirilən qadınları
bölgədə ağıbaşı adlandırırlar.
Kitaba
salınmış materialların müəyyən bir qismini də
etnoqrafik mətnlər təşkil edir. Bunların arasında
tərəkəmə həyatını əks etdirən mətnlər
maraq doğurur. Qarabağın işğalı Quzey Azərbaycanda
tərəkəməliyə, demək olar ki, son qoydu. Bu səbəbdən
də gənc nəslin tərəkəməçiliklə
bağlı təsəvvürləri yox dərəcəsindədir.
Odur ki, tərəkəmə həyatı ilə bağlı
materialları çox çətinliklə toplaya bildik.
Çünki söyləyicilərə bununla bağlı
suallar ünvanlayarkən çətinlik çəkirdik.
Yaşlı nəslin dünyasını dəyişməsi həmin
təsəvvürlərin birdəfəlik itməsi deməkdir.
Odur ki, bu mətnləri də kitaba daxil etməyi lazım
bildik. Abdal Qasımın adını çəkdiyimiz zaman
hamı gülümsəyirdi. Amma bəzi mətnləri
qeyri-etik hesab etdikləri üçün danışmaq istəmirdilər.
Ərazidə Abdal Qasımın şeir
yazdığını qeyd edən söyləyici də oldu,
amma o da “latayırdı” deyərək şeiri söyləməkdən
imtina etdi...
Ləman
Vaqifqızı
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 12 fevral.- S14.