Gəlimli, gedimli
dünya...
Dədə Qorqud
böyük hörmət və nüfuzuna görə Dədə
titulunu qazanıb
Hanı, dediyim bəy ərənlər?
Dünya
mənim deyənlər,
Əcəl
aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli,
gedimli dünya,
Son ucu
ölümlü dünya!
Qədim
türk dünyasının mənəvi atası,
keçmişdən və gələcəkdən xəbərlər
verən, diləyi hasil olan, təbiətin bütün
canlı və cansız nəsnələrinə ad verən,
oğuz igidlərinin qəhrəmanlığına görə
ad qoyan, nəhayət, üç Oğuz xanına vəzirlik
edən, ozanlar ozanı Dədəm Qorqud min dörd yüz ildən
bəri tarixi şəxsiyyətdən əfsanəvi azmana
çevrilib qeyri-adi insan kimi unudulmayıb, bu gün də
türk dünyasının ulu atası kimi öz yerini tutmaqdadır.
Yaşadığımız minilliyin əvvəlindən
başlayaraq Şərqin və Qərbin bir çox
tarixçiləri, şərqşünasları, salnaməçilər,
səyyahlar, xalq yaradıcılığı və
ozan-aşıq sənətinin araşdırıcıları
Qorqud ata haqqında çeşid-çeşid fikirlər
söyləyib, dürlü-dürlü əfsanələr, rəvayətlər
və nağıllar düzüb, qoşub, nəhayət, «Dədə
Qorqud kitabı» adı ilə məşhur olan boyları
ozanlar ustad-şəyird yaddaşında yazıya alınana qədər
yaşadıblar.
Dədə Qorqudun adı, şəxsiyyəti,
yaşadığı dövr ilk növbədə bu boylarda və
müxtəlif oğuznamələrdə qorunub yaşanıb. Bizim möhtərəm
qorqudşünasların bir qismi Qorqud Atanın tarixi şəxsiyyət
kimi, bir qismi isə əfsanəvi ümumiləşmiş
dastan kimi təqdim etmişlər. Sonuncular
Dədə Qorqudun qəbrinin Qazaxıstanda, Türkmənistanda,
Sır-dərya sahilində və Azərbaycanda da olduğuna əsaslanıb
onun ümumiləşmiş bədii obraz olmasını əsas
götürürlər. Elə bu
başdan xatırladaq ki, Mövlananın, Yunis İmrənin,
Molla Nəsrəddinin, hətta XVII yüzildə
yaşamış Qaracaoğlanın hər birinin bir neçə
qəbri bəllidir. Belə qəbirlər
böyük şəxslərə xalqın onlara məhəbbətindən
yaranıb. Koroğlu memar olmayıb, ancaq
onlarla Koroğlu qalası bəllidir. Qəhrəman səfərləri
zamanı hansı qalaya sığınıbsa, xalq həmin
qalanı sonralar Koroğlunun adına
çıxıb...
Dədə Qorqudun adı bütün türklərin
yaşadıqları bölgələrdə min ildən bəri
dolaşdığına görə onun adı ilə yerlər,
yurdlar və qəbirlərin də olması təbiidir. Dədə
Qorqudun tarixi şəxsiyyət olması, nə zaman
yaşaması, hansı xanlara vəzirlik etməsi, ozanlar
ozanı kimi söylədiyi öyüdlər tarix boyu
yaşayıb, bu gün də yaşamaqdadır.
Oğuznamələrdə Qorqud Ata ilə bağlı məqamları
xatırlamaq üçün ilk növbədə dastanın
özünə müraciət etmək lazım gəlir. «Rəsul əleyhüssəlam
zamanına yaxın Bayat boyundan Qorqud ata derlər bir ər
qopdu. Oğuzun ol kişi tamam
bilicisiydi. Nə dersə olardı. Qaibdən dürlü xəbər söylərdi.
Həqqtəala onun könlünə ilham edərdi.
...Qorqud Ata Oğuz qövmünün
müşkülünü həll edərdi. Hər nə
iş olsa Qorqud Ataya danışmayınca işləməzlərdi.
Hər nə ki, buyursa qəbul edərlərdi.
Sözün tutub tamam edərlərdi». Deməli, Dədə Qorqud peyğəmbərin
(570-633) zamanına yaxın – yəni VI yüzilin ortalarında
oğuzların Bayat boyundan dünyaya gəlib. Bayat qəbiləsi oğuzların ən ulu, ən
nüfuzlu, bütün qəbilələrin ehtiram göstərdiyi
boy olub, türk dünyasına bir sıra böyük şəxsiyyətlər
verib. Dədə Qorqud, Məhəmməd Füzuli,
M.P.Vaqif, məşhur şair-aşıq Bayat Abbas, eləcə
də xalq şeirinin ən çox yayılmış şəkli-bayatı,
bir sıra muğam havaları – Bayatı-Şiraz Bayat qəbiləsinin
adı ilə bağlıdır. Hətta böyük
var-dövlət və nüfuz sahibi olanların adına bay və ya bəy titulu əlavə
etmişlər, bu da güman ki, “bəy-ad-bayat”
sözünün kökündən törəyib. Qaynaqlarda «Bayat» tanrı məqamına qədər
ucaldılıb və etiqad edilib. Qorqud Ata
Dədə Qorqud ləqəbini Oğuz tayfaları arasında
qazandığı böyük hörmət və müdrikliyinə
görə alıb. «Kitabi-Dədə
Qorqud» dastanında deyildiyi kimi, Oğuz övladları 15
yaşa qədər ata adı ilə və ya şərti adla
çağırılıb, sonralar qabiliyyətinə görə
ad qazanıblar.
Qorqud atanın da uşaqlıqda adı Kərənçik
olub (evin beli uzunu qoyulan əsas sütuna kərən deyilir). Güman ki, qəbilənin
bel sütunu kimi Qorqud bu adla çağrılıb. F.Rəşidəddinin
«Oğuznamə»sində deyilir: «...Hələ öz
sağlığında padşahlığı oğlu Ala atlı Keş Dərnəkli Qayı İnal
xana vermək istəyirdi. Qayı atasının
adıdır. Onu şahlıq taxtına
oturtdu. Qorqud Bayat nəslindən olub Qara
Xocanın oğlu idi. Çox
ağıllı, bilikli və kəramət sahibi bir kəs
idi. İnal xan Sır Yavquyun dövründə
meydana çıxmışdı. Bu sözləri
söyləyənin dediyinə görə, iki yüz doxsan beş il ömür sürmüşdü. Onun gözəl sözləri, deyimləri və
haqqında gözəl hekayətlər çoxdur. «Oğuznamə»nin şərh hissəsində
deyildiyi kimi, «Qorqudun adı ilk dəfə yuxarıda
haqqında söhbət gedən şəxslərin adı ilə
birlikdə çəkilir». Ondan öncə
heç bir qaynaqda xatırlanmır. «Oğuznamə»də
verilmiş Oğuz xanlarının şəcərəsində
Dədə Qorqudun vəzir olduğu İnal Sır Yavqu, Ala
Atlı Keş Dərnəkli Qayi İnal xan, Göl Erki
Xan-Tüman (Duman) növbə ilə xanlıq etmişlər.
Qaynaqlarda deyildiyi kimi, Dədə Qorqud bu
üç xana vəzirlik edib. Bu Oğuz xanları
peyğəmbərdən bir az əvvəl,
peyğəmbər dövründə və ondan sonra
yaşamışlar.
Əbdül-Qazidə
hadisələr belə təsvir edilir: «Qayi elindən Qara
Xocanın oğlu Qorqud Atanın, Salur elindən Enksi
Xocanın (Qazan xanın anasıdır) və Avaşban
Xocanın başçılığı ilə bütün
oğuz eli yığıldı və Qayı
elindən olan İnal Yavqıyı padşah seçdilər.
Onun vəziri Qorqud Ata idi. Və
Qorqud Ata nə desə, padşah onun sözündən kənara
çıxmazdı. Qorqud Ata bir çox qəribə
işlər gördü. Yuxarıda
göstərilən hadisələr 622-ci ildən sonra baş
verir».
İstər oğuznamələrdə, istərsə
boyalarda Dədə Qorqud eyni vəzifəni – mənəvi
ata-imam vəzifəsini yerinə yetirir. XVII yüzilin məşhur
türk səyyahı Evliyyə Çələbi də «Səyahətnamə»
əsərində Dərbənddə olarkən Dədə
Qorqudun qəbrini ziyarət etdiyini yazır: «Bir ziyarətgah da
böyük Sultan Dədə Qorqudunkudur. Şirvanlılar
bu Sultana pərəstiş edirlər». Buradaca
məşhur qorqudşünasların da Dədə Qorqud
haqqında fikirlərini söyləmək yerinə
düşər. V.İ.Jirmunski: «O, özündən
neçə il əvvəl olmuşlardan və özündən
neçə il sonra olacaqlardan xəbər verərdi».
V.İ.Jirmunskinin dediyində böyük həqiqət
vardı. Çünki Qorqud Atanın söyləmələrinə
görə boylardakı hadisələr çoxdan olub. Ona görə də hər boyun sonunda
şadlıqdan sonra «hanı gördüyün bəy ərənlər,
dünya mənim deyənlər, əcəl aldı, yer gizlədi»
- deyə keçmişini xatırlayırdı. “Elə bir zaman gələcək ki, oğul atadan
icazəsiz danışacaq, insanlar arasında hörmət-izzət
qalmayacaq” – demişdi Dədə Qorqud. Bu qənaəti məşhur
şərqşünas V.V.Bartold da qeyd edir: «O, qabaqcadan xəbər
verib, elə bir zaman gələcək ki, ata-analar öz
balalarına rəhm etməyəcək, uşaqlar öz
valideynlərinə hörmət qoymayacaqlar, oğul öz
atasının hüzurunda əmrlər verəcək».
Saydığımız bütün məziyyətlərilə
yanaşı, Dədə Qorqud qəbilələrin mənəvi
atası kimi bütün dini və mövsüm mərasimlərinə,
toy və yas mərasimlərinə özü rəhbərlik
edirdi.
Dədə Qorqudun hörmət və nüfuzu
tanıyanlar arasında elə bir məqama çatır ki, hətta
bütün canlılara və cansızlara, bitkilərə belə
ilkin adı o verir. Hətta adqoyma ilə bağlı sonralar xalq onun
haqqında mahnı da qoşmuşlar:
Gəlinə
ayran demədi ol Dədə Qorqud,
Ayrana
doyran demədi ol Dədə Qorqud,
İynəyə
tikan demədi ol Dədə Qorqud,
Tikana sökən demədi ol Dədə Qorqud.
Mənbələrdə deyildiyi kimi, Dədə Qorqud həm
də ilk musiqi aləti-qopuzun ixtiraçısı,
ozanların atası, şeirin, sənətin himayəçisi
kimi əbədiləşdirilib. Boylara və rəvayətlərə
görə, ilk qopuzu Qorqud Ata düzəldib. O, elə
bir musiqi aləti düzəltmək istəyir ki, bütün
havaları onda çalmaq mümkün olsun. Həm
də onun çaldığı havalar elə ecazkar qüdrətə
malik olsun ki, hətta bu musiqi Əzrayılı razı edə
bilsin. Qorqud Ata belə bir musiqi alətini-qopuzu
düzəldir. Qopuz da onu qayıran Dədə
Qorqud kimi müqəddəsləşir. Əfsanəyə
görə, Dədə Qorqud qopuzda çaldığı
sehrli hava ilə Əzrayılı da əfsunlayıb, onu
yaxına buraxmayıb. Yalnız Qorqud
Atanı yuxu apardıqdan sonra qopuz əlindən
düşüb, bundan sonra Əzrayıl onun canını
alıb.
Xatırladaq ki, Uşun qocanın böyük oğlu
Əkrək əsir düşdükdən sonra kiçik
qardaşı Səkrək böyüyüb
qardaşını xilas etməyə gedir. O, Təkurun qoşununu məğlub
edib, sonra yuxusunu almaq üçün çəmənlikdə
yatır. Təkurun əmri ilə zindandan
Əkrəki çıxarıb qardaşı Səkrəyin
üstünə göndərirlər. Qardaşını
tanımayan Əkrək onun belində qopuz olduğunu
görür, buna görə də onu öldürmür.
Qopuzu çala-çala oxuyub onu oyadır və deyir: «Mərə,
kafir, Dədə Qorqud qopuzu hörmətinə
çapmadım. Əgər əlində qopuz
olmasaydı, anam başı üçün səni iki para
qılardım».
Nəhayət, Dədə Qorqud ulu ozan, ozanların Dədəsi
kimi şöhrətlənib. O, fitri istedadı, ağlı,
uzaqgörənliyi və müdrikliyi ilə ifaçı
ozanlardan fərqlənən hərtərəfli biliyə malik
ustad sənətkar olub, böyük hörmət və
nüfuzuna görə Dədə titulunu qazanıb.
Bütün yuxarıda xatırladığımız
bilgilər Dədə Qorqudun VI-VII yüzillərdə
yaşadığını söyləməyə əsas
verir.
Xatırladaq ki, böyük tarixi şaxsiyyətlərin
qurub-yaratdıqları, insanlığa xidmət edən əzəli
işləri, sonralar xalq tərəfindən sevilə-sevilə
mübaliğəli dona bürünür,
şəxsiyyət qeyri-adi, əfsanəvi ümumiləşmiş
bir qəhrəmana çevrilir. Dədə
Qorqud da möcüzələr yarada bilən əfsanəvi
insana çevrilib. Dədə Qorqud öz əyyamının
müdrik bilicisi olub qədim Şumer («Bilqamıs» dastanı)
İslam, Midiya mədəniyyətini «Avesta» abidəsini,
Oğuz xaqan və başqa türk dastanlarını və
ümumiyyətlə, xeyir-şər fəlsəfəsini
öyrənib insanlıq naminə ən xeyir¬xah əməllərə
xidmət edib. Dədə Qorqud bir əzəmi
söz ustadı kimi sonrakı ozan-aşıq
yaradıcılığına dərin təsir göstərib.
Orta əsr ozanlarından Dədə Kərəmin, Tahir Mirzənin,
Sarı Aşığın, Koroğlunun, Aşıq Cununun,
Miskin Abdalın, Qəribin, Novruzun (Dədə Çoban),
Qurbaninin, Qaracaoğlanın, Xəstə Qasımın hətta
Ələsgərin sözlərində ulu ustadın ruhu
görünməkdədir.
Qeyd edək ki, bizim günümüzdə də xalq
arasında Dədə Qorqud və Dədə Qorqud
nağılları yaşamaqdadır. 1968-ci ildə Bakı
Dövlət Universitetində Dədə Qorquddan dərs
keçərkən Əhmədli qəsəbəsində
yaşayan Zeynəb adlı tələbəm nənəsinin
çoxlu Dədə Qorqud nağılları bildiyini söylədi.
Xahişimizlə o nağıllaradan birini - «Buğacın
nağılı»nı yazıb gətirdi.
Bu nağıl doğrudan da Dədə Qorqud
boylarının ağızlarda yaşanan variantı idi.
Təəssüflər olsun ki, vaxtında o
nağılları bütövlükdə yazıya ala bilmədik.
Zeynəbin nənəsi dünyadan getdi, o nadir inciləri də
özü ilə apardı…
Qara Namazov
professor
Xalq Cəbhəsi.-
2015.- 13 fevral.- S14.