Düzgün danışıq norması
necə olmalıdır?
Müasir tətbiqi dilçilik lüğətləri
daha çox dilçilik elminin konkret nailiyyətləri əsasında
tərtib etməyi tələb edir. Bu, o deməkdir ki,
lüğət bir nəfərin, nə qədər
talantlı dilçi olsa belə, inhisarından azad olmalı,
empirik tədqiqatlara söykənməli və dil
daşıyıcılarının orta səviyyəsini əks
etdirməlidir. Bu deyilənlər danışıq
normasını əhatə etməli olan, dialekt və şivələrin
fövqündə duran, fərdi özəlliklərdən
uzaq orfofonik lüğətlərə daha çox şamil
edilməlidir, çünki orfoqrafiya lüğətində
ümumi, dövlət tərəfindən müəyyən
edilmiş normaya əməl olunduğu halda (məktəblərdə,
qəbul imtahanlarında, idarə və təşkilarlarda, rəsmi
yazışmalarda və s.), şifahi dil sahəsində bu
normanı müəyyən etmək o qədər də asan
deyil. Hər kəs bir cür danışır,
ədəbi danışıq normalarına daha ciddi əməl
etməli olan radio və televerilişlərdə son zamanlar ədəbi
dil normasından yayınmalar baş alıb gedir,
çünki dilin işlənməsində daha mükəmməl
tənzimləyici instrument rolunu oynayan məktəb və ya
teatr daha əvvəlki monopoliyasını qoruyub saxlaya bilmir.
Bəzi hallarda ayrı-ayrı natiqlərin
çıxışlarında və nitqlərində
provinsializm və dialektizmlər adi hala çevrilir. Vəzifəli adamlara və aydın, səlis tələffüz
üçün məsul şəxslərə (redaktorlara,
kitab müəlliflərinə və s.) irad tutanda cavab verirlər
ki, nədir o düzgün danışıq norması, niyə
bu, siz deyən kimi olmalıdır? Düzgün
iraddır, əlimizdə normativ qaydaları əks etdirən
vahid sənəd olsa, yəni sanballı orfofoniya lüğəti
olsa, biz bu iradlara cavab verə bilərik, ən azından mənbəni
göstərə bilərik. Doğrudan da, yazıda norma gözlənildiyi kimi, danışıqda
da vahid ədəbi tələffüz normasına əməl
etmək lazımdır.
Sual oluna
bilər: orfofoniya nədir? Niyə indiyə qədər
bu, bizdə və bəzi ölkələrdə orfoepik
lüğət adı altında qəbul edilib? Əvvəla, qeyd edək ki, dilçiliyin
bugünkü inkişaf səviyyəsində orfoepiya işlətmək
qəti düzgün deyil. Bu, sözdəki
ikinci komponentin tələffüzə heç bir dəxli
yoxdur. Düzdür, bu termində də birinci komponent, yəni
“orfo” düzgün deməkdir, ancaq ikinci komponent “epos”
sözündən olub şifahi, adi, bir növ nəqletməni
əks etdirir. Deməli, “orfoepiya”
sözünün lüğəvi mənasının dilin
şifahi formasının nizamlanması ilə heç bir əlaqəsi
yoxdur. Elə bu səbəbdəndir ki,
dünyanın bir sıra xalqları binayi-qədimdən
orfoepiya terminini işlətməyiblər. Məsələn, alman dilində 1975-ci ildə 21 dəfə
yenidən çap olunmuş məşhur etimologiya lüğətində
(müəllifi F.Kluge) “orfoepiya” sözü yoxdur.
Dünyada
ilk orfofonik lüğətin yaranması
Dünyada
ilk sistemli danışıq lüğətini çap
etmiş almanlar orfofoniya lüğətini hazırlamaq
üçün XIX əsrin sonlarında 6 nəfərdən
ibarət komissiya yaradıb (3 unuversitet professoru və 3 teatr
xadimi), onlar da Berlində 1898-ci ilin 14-16 aprelində bir araya gələrək
geniş müzakirədən sonra qərara gəliblər ki,
məsləhətləşmələrin nəticələrini
Qraifsvald universitetinin professoru, bu ideyanın müəllifi
T.Zibs ümumiləşdirib “Alman dili səslərinin tələffüzü”nü
tənzimləyən bir kitab hazırlasın və ona bir
lüğət də əlavə etsin. Bu zaman əsas
kimi yaxşı aktyorların danışığının
fonetik transkripsiyası, səhnə dili, yəni sakit və
anlaşılan danışıq əsas
götürülsün, əhval-ruhiyyə və emosional nitq
nəzərə alınmasın, dildə
danışanların hamı tərəfindən qəbul
olunan tələffüzə əsaslansın. Kitab ilk dəfə elə “Bühnendeutsch” (Alman səhnə
dili) adı altında 1898-ci ildə çap olundu. Sonralar bu lüğət dəfələrlə,
müxtəlif ad altında çapdan çıxdı.
Onun axırıncı, 19-cu nəşri 1969-cu ildə “Alman tələffüzü
(təmiz və münasib alman ədəbi tələffüzü
lüğətlə birgə )” adı
altında çap olunub. Qeyd edək ki, ingilislər
də həmişə “Tələffüz lüğəti”
terminini işlədiblər və İngiltərənin məşhur
dilçi-alimi D.Jounz tərəfindən hazırlanmış
lüğət ilk dəfə 1917-ci ildə məhz
“İngilis tələffüz lüğəti” adı
altında çap olunub. Həmin
lüğət 2006-cı ildə 17-ci dəfə nəşrdən
çıxıb. Ruslarda isə ilk dəfə
danışıq normasını əhatə edən
lüğət XX əsrin 60-cı illərində “Rus ədəbi
tələffüzü və vurğu. Lüğət-sorğu
kitabı” adı altlında işıq üzü
görüb.
Azərbaycanda da ötən əsrin 40-cı illərində
K.Ziyanın müəllifliyilə “Səhnə dili”lə
bağlı müəyyən fikirləri və mülahizələri
əks etdirən kiçik bir vəsait çap olunub. Sonralar məşhur
dilçilərimiz Ə.Əfəndizadə və Ə. Dəmirçizadə
XX əsrin 50-ci illərində orfoepiya sahəsində ciddi
elmi axtarışlar aparıb və sanballı əsərlər
yazıblar. Bir qədər sonra gənc tədqiqatçı
Ə.Məmmədli də kiçik də olsa tələffüz
sözlüyü çap etdirib. Azərbaycan
dilçiliyinin korifeylərindən biri M. Şirəliyev “Azərbaycan
dili orfoepiyasının əsasları” adlı kiçik həcmli
bir əsər yazıb ortaya qoyub. Həmin
əsərində M.Şirəliyev doğru olaraq göstərir
ki, orfoepiya sahəsində hərc-mərcilik gözə
çarpır. Orfoepiyanın əsaslarının
və qaydalarının hazırlanmasını bir vəzifə
olaraq qarşıda durduğunu vurğulayan bu alim çox
haqlı olaraq yazır ki, “Azərbaycan dilinin orfoepiyası tətbiqi
dilçiliyimizdə, demək olar ki, az işlənmiş sahələrdən
biridir”. Göründüyü kimi, Azərbaycan
dilçilərinin hamısı ədəbi dilin
danışıq normalarından bəhs edərkən
“orfoepiya” terminini işlətmişlər.
Orfoepiya, yoxsa orfofoniya?
Azərbaycan dilinin danışıq normasının əsaslarını
ilk dəfə eksperimental-fonetik metodlarının tətbiqilə
öyrənən A. Axundov olub. Onun əldə etdiyi
bütün nəticələr rentgeneqramların və
ossilloqramların təhlilinə əsaslandığı
üçün daha inandırıcıdır. Həmin
kitab latın qrafikasında çap olunub
oxucuların istifadəsinə verilsə, bir çox
mübahisəli məsələyə aydınlıq gətirilə
bilər. Ancaq istənilən halda böyük
orfofonoya lüğətinə bu gün çox böyük
ehtiyac var. Burada bizim məqsədimiz danışıq
norması lüğətlərinin yaranması tarixini və
xüsusiyyətlərini araşdırmaq deyil, sadəcə
olaraq, göstərmək istəyirik ki, “orfoepiya” termini
dilimizdə yerində işlənməyən sözdür.
Bundan fərqli olaraq “orfofoniya” sözü ifadə
etdiyi mənaya görə öz funksiyasına daha çox
uyğun gəlir. “Ortho” yunanca “düz”, “fonia” isə “səslənmə”
demək olduğu üçün bu termin dilin düzgün səslənməsini
özündə ehtiva edən lüğətin adına daha
uyğundur və münasibdir. Dilçiliyimizdə
ilk dəfə olaraq bu məsələni biz qaldırsaq da (1980),
təşəbbüsümüz cavabsız qalıb.
Yalnız son iki-üç il ərzində
“Orfofoniya lüğəti”nin yazılıb hazırlanması
məsələsini biz yenidən gündəmə gətirdik.
Bu məqsədlə orfofoniya lüğətinin
tərtibi üçün gənc dilçi
könüllülərdən ibarət bir işçi qrupu
yaradıldı.
İşçi qrupu həftədə iki dəfə
yığışaraq lüğətin tərtibi prinsiplərini
və elmi əsaslarını müzakirə edib. Bəzən
bu və ya digər sözün düzgün verilməsi
üçün tərtibçilər diktofon götürərək
müxtəlif yerlərdə dil
daşıyıcılarına müraciət edib, onların tələffüzü
lentə alınıb və sonradan birgə müzakirə
olunaraq bu və ya digər tələffüz forması
haqqında yekun qərar qəbul edilib. Bu metoddan
xüsusilə qoşa sait və qoşa samit qrafemlərilə
yazılan sözlərin normaya uyğun tələffüzünü
müəyyən edəndə istifadə olunub: “maaş, saat,
maarif, baqqal, saqqal” və s. Bunlardan birinci 3 sözündə-
/ma./, /sa.th/, /ma.`rif/ kimi, yəni /a./ saitinin yarımuzun tələffüzü
müəyyən edilib. İnformantlardan (20-30 nəfər)
heç biri tam uzun /a:/ işlətməyib.
O biri iki sözdə isə /kg/ ardıcıllığı
qeydə alınıb, yəni /bakgal/, /sakgal/ kimi tələffüz
müşahidə edilib. Ona görə bu qəbildən
olan sözlərin hamısı yuxarıda şərholunan
prinsipə əsaslanıb.
Orfofoniya dildəki fonoloji qarşılaşmaların
danışıqda reallaşması, bu zaman vurğu və
intonasiya ilə bağlı ortaya çıxan tələffüz
xüsusiyyətlərini sistemləşdirib öyrənməklə
məşğul olur. “Orfoepiyadan fərqli olaraq ayrı-ayrı
fonemlərin müəyyən fonetik mövqedə, başqa
fonemlərlə qonşuluqda, eləcə də vurğu və
intonasiyanın təsiri altında məruz qaldığı dəyişiklikləri
öyrənən elm sahəsinə orfofoniya deyilir”.
Orfofoniya lüğətinin tərtibi prinsiplərindən
danışarkən birinci növbədə bu filoloji
lüğətin sözlüyündən bəhs etmək
lazımdır. Məsələ burasındadır ki, əgər
izahlı lüğətin tərtibatında ümumişlək
olmayan sözlərin lüğətə daxil edilməsinə
heç bir məhdudiyyət qoyulmursa, orfoqrafiya lüğətində
dünya təcrübəsində qəbul olunmuş hər
üç prinsipə (fonetik, morfoloji və etimoloji və ya
semantik) əməl olunursa, orfofoniya lüğəti əsasən
ədəbi dil normasını əhatə etməli və
onun danışıqdakı xüsusiyyətlərini
özündə əks etdirməlidir. Başqa
sözlə, buraya Azərbaycan xalqının hər gün
işlətdiyi və başa düşdüyü
danışıq tərzini əks etdirən tələffüz
xüsusiyyətləri daxil edilməli və hətta sözlərin
transkripsiyasında fonemin allafonlarının seçimi orta tələffüz
normasına əsaslanmalıdır. Müasir
dilçiliyimizin patriarxlarından biri Ə. Dəmirçizadə
ədəbi dil normalarının müəyyənləşdirilməsində
istifadə olunan meyarları və şərtləri belə təyin
edir: dürüstlük, düzgünlük, dəqiqlik,
asanlıq, sadəlik, vahidlik, eynilik, sabitlik, ahəngdarlıq,
səlislik, fəsihlik və davamlılıq.
Fəxrəddin
Veysəlli, professor
Xalq Cəbhəsi.-
2015.- 17 fevral.- S14.