Qarabağın atüstü oyunları
Onlar özündə qədimliyi,
zənginliyi və rəngarəngliyi ehtiva edir
I yazı
Azərbaycan xalqının ənənəvi oyun mədəniyyəti
qədim, zəngin, əhatəli və rəngarəngdir. Bu zəngin ənənəvi
mədəniyyət müxtəlifliyi içərisində at
üstündə oynanılan oyunların xüsusi yeri var. Azərbaycan
xalq oyunlarının bu hissəsi az öyrənilib
və müasir tipli tədqiqatlardan kənarda qalıb. Əlimizdə olan nəticələr isə
yalnız təsvir xarakterli toplama nümunələridir.
Getdikcə unudulmağa doğru gedən və
real oyun təcrübəsindən çıxmağa
başlayan bu qrup oyunların öyrənilməsinə,
qorunmasına və bərpasına mədəni müxtəlifliyimizi
yaşatmaq, gələcəyə itkisiz və zədəsiz
çatdırmaq baxımından ciddi ehtiyac duyulmaqdadır.
Söyləyicilərin məlumatlarından və oyun
nümunələri üzərində müşahidələrdən
aydın olur ki, Qarabağda atüstü oyunların zəngin
resursları var. Təhlil nəticəsində Qarabağın
atüstü oyunlarının eyni zamanda özündə
arxaik ritual elementlərini də ehtiva etməsi üzə
çıxır. Müxtəlif dövrlərin miqrasiya
prosesləri Qarabağın atüstü oyunlarında izlərini
saxlayıb. Bu oyunlar həm qədim Albaniya
dövrü Azərbaycan mədəniyyətini, həm orta əsrlər
dövrünü, həm də müasir dövrdəki
inteqrasiya və transformasiya proseslərini öyrənmək
üçün material verir.
Mövcud
tədqiqatlarda Qarabağın atüstü oyunları “tərəkəmə
oyunları” adı altında təsnif olunub, “Papaq oyunu”, “Dəsmal
oyunu”, “Keçipapaq oyunu”, “Çoban oyunu” və s. təqdim
olunub. Bizcə, bu oyunlar öz xarakterinə
görə “Çoban oyunları” qrupuna aid edilməlidir.
Təsnifat sistemində isə “atüstü
oyunlar” olaraq seçilməlidir. Çünki burada
oyunun kollektivin sayından asılı olmayaraq əsas iki tip
iştirakçısı var. Bunlardan biri adam
(atlı), digəri isə atdır.
Türk xalqlarının, o cümlədən azərbaycanlıların
ənənəvi mədəniyyət tarixində atla
oynanılan oyunların çox önəmli bir yeri var. Bu
önəm özündə həm qədimliyi, həm zənginliyi,
həm də rəngarəngliyi ehtiva etməkdədir. Azərbaycanda
atla oynanılan oyunlar haqqında orta əsrlərə aid
yazılı qaynaqlarda geniş məlumatlar əksini tapır.
Buraya Mahmud Kaşqarlının
“Divan”ını, Nizami Gəncəvinin “Xəmsə”sini,
Firdovsinin “Şahnamə”sini, və s. aid etmək olar. Nizaminin “Xosrov və Şirin” əsərinə
illüstrasiya olaraq çəkilmiş XVI əsrə aid
miniatürdə “Çövkan” oyununun təsviri verilib.
Azərbaycanın Beyləqan rayonu ərazisindən
arxeoloji qazıntılar nəticəsində şirəli
qablar üzərinə çəkilmiş atüstü oyun təsvirləri
də bu qaynaqlar sırasına aid edilə bilər.
Burada iki əsas məsələ aydınlaşır:
1.
Atüstü oyunların tarixi qədimdir.
2.
Atüstü oyunların qədim məkanlarından biri Azərbaycandır.
Atüstü oyun tarixinin zamanı və məkanı
haqqında ümumi mülahizələrdən yola
çıxdığımız zaman onun bu çərçivə
daxilində daha detallı şəkildə öyrənə
bilməmizə imkan yaranır. Çünki ənənəvi
mədəniyyət fenomeninin öyrənilməsində zaman
və məkanın müəyyənləşdirilməsi
çox vacibdir. Əlbəttə,
atüstü oyunlar türk xalqlarının
yaşadıqları bütün ölkələrdə və
bölgələrdə möv¬cuddur. Bu
tipli oyunlar bu və ya digər şəkildə başqa
xalqlarda da müşahidə olunur. Amma
türk xalqları dünya mədəniyyət tarixinə
“Atlı mədəniyyəti”, “Bozkır mədəniyyəti”
kimi xüsusi bir fenomen bəxş ediblər. Türk xalqlarının əski tarixində at
üstündə doğulub, böyüyüb, elə at
üstündə də ölmək kimi bir həyat tərzi
nümunəsi olub. At türkün həyatında
və məişətində onunla tam vəhdət təşkil
edib, onun ayrılmaz hissəsi, dominant elementi olub. İbtidai türk mədəniyyətində igid
atı ilə birlikdə dəfn olunur. Arxaik
ritualda at “o dünya”ya keçidi təmin edən vasitə
kimi isitifadə olunur.
Əski epik məlumatda ad və at qoşalaşması
müşahidə edirik. Belə ki, dastan qəhrəmanlarının
adlarında ən intensiv müşahidə olunan məsələ
onların atlarına görə tanın¬masıdır. Yəni at adın epiteti olur və bu, sistemli xarakter
daşıyır. “Qədim türk
lüğəti”ndə də “at” iki anlamı ifadə edir-ad
və titul. M.Kaşqarlının
“Divan”ında ayrıca “ad” sözü yoxdur; həm at (horse), həm
də ad (name) anlamında “at” sözü verilib.
Məlumdur ki, türk dastanlarında at mühüm bir
obrazdır. Türkün həyatında atın
oynadığı çox önəmli rol dastanlarda da
özünü göstərir. Dastan qəhrəmanları
atı təkcə dost deyil, həm də qardaş bilirlər
(“At igidin qardaşıdır”- “Koroğlu” dastanında). Qəhrəmanın atını oxşayaraq “əslim
qara kişiydi, adımı sən çıxardın,
yürügüm” deməsi də ata münasibətin nə dərəcədə
önəmli oldu¬ğunu göstərir. Dədə
Qorqud boylarında da əsas rolu at oynayır, ər
öyünür. Qazan deyir: “Hünər
atınmıdır, ərinmidir?”, “Ərindir” dedilər. Xan
“Yox, at işləməsə, ər öyünməz. Hünər atındır”. “At
işlər, ər öyünər” (Dədə Qorqud).
At haqqındakı eyni sözləri orta əsrlər
türk dastanlarında da müşahidə edirik. XVIII əsrin tarixi qəhrəmanlarından olan
Kötübar Batırın al atı da düşmənin gəlməsini
sahibinə xəbər verir. Bu məlumat
“Ayman-Çolpan” lirik şeirinde təsvir edilib.
Altay-Yenisey
dastanlarında qəhrəmanlar hər yerdə atları ilə
birlikdə xatırlanır: Ağ atlı
Ağ xan, Ağboz atlı Ağ molot, Qara atlı Qatay xan,
Göy atlı Göy xan və s.
Ötən əsrin birinci yarısında Altay-Yenisey
türklərinin dastanları üzərində
araşdırmalar aparan V.Titova görə, qəhrəmana ad,
at aldığı gün verilir. Dədə Qorqud boylarında
da qəhrəmanlıq gös¬tərən Bamsı Beyrəyə
Dədə Qorqud “bunun adı boz ayğırlı Bamsı
Beyrək olsun” deyir. Salur Qazan da “Qonur
atın sahibi” deyə xatırlanır. Gəncin
yalnız qəhrəmanlıq göstərdikdən sonra at və
ad alması dastan məlumatlarında təsdiqlənir. At
və ad alan gənc artıq qəbilənin
həqiqi üzvü olur. V. Titovun da qeyd etdiyi kimi, qəhrəman
olmayan adi adamların adı yoxdur.
Qeyd et¬dik ki, türk adlandırma sistemində atın
xüsusi yeri var. Burada atla adlandırma sistemi qabiliyyət və
əlamətlə adlandırma sisteminə doğru inkişaf
edir. Bu zaman at adın yanında epitet olur. Beləliklə, adlandırma sistemi yeni bir mərhələyə
keçmiş olur.
1. At adın epiteti olur. Bunu
aşağıdakı paraleldə müşahidə edə
bilərik:
- Qonur atlı - Qazan
- Təpəl
qaşqa -Tondaz
- Gög
bədəvi - Qaragünə
- Ağ bədəvi
- Şir Şəmsəddin
- Boz
ayğırlı - Beyrək
- Turı
- Yegnəg və s.
Buradan görünür ki, atlar bəzi differensial əlamətlərlə
təqdim olunur. Belə ki, atla yanaşı ayğır da işlədilir
və onlar rənglərə görə çeşidləndirilir:
Qonur, Gög (boz), Ağ, Boz, Turı (qırmızı) və
s.
2. Atla
bağlı qabiliyyətə görə fərqləndirmə.
Bu
aşağıdakı nümunədə müşahidə
olunur:
Ayğırgözlü
suyundan at yüzdürən.... İlək Qoca
oğlı Alp Ərən. Qalın Oğuz bəglərini
bir-bir atından yıqıcı Qazlıq Qoca oğlı bəg
Yegnəg. Atının bəzəyinə
görə fərqləndirmə. Bunu bu nümunədə
müşahidə edirik: - Atı bəhri hotazlı Qarabudaq və
s.
Oğuz bəyləri təqdim olunduğu zaman onların
atları da burada yer alır.Yəni kimin hansı ata sahib
olduğunu da diqqətə çatdırır. Hər kəsin atı ilə
təqdim olunduğu formulda “At ağızlı Aruz Qoca” nın atının adı çəkilmir...
Nümunələrdən və eposda qorunmuş motivlərdən də aydın olur ki, adlandırmanın ritual əsasları mövcuddur. Əski cəmiyyətdə fərdlərə ad vermək üçün xüsusi törənlər təşkil olunub. Bu zaman əsas diqqət ad alacaq fərdlərin fiziki və zehni səviyyələrinin yoxlanmasına verilib. Ritual sınaqlarında güləş, cıdır (at yarışı), oxatma, savaş (qılınc oynatma), ov məharəti və s. yoxlanılıb. Bütün bu ritual hərəkətlərinin əksəriyyəti atla birbaşa bağlıdır və heç şübhəsiz, atüstü oyunların arxetipləri də bu rituallardan gəlir.
Ənənəvi mədəniyyətdən gələn atın prototiplərindən biri də Qarabağ atıdır. Qarabağın Azərbaycan atçılıq mədəniyyəti tarixində xüsusi bir yeri və mövqeyi var. Qarabağ həm də dünyada məşhur olan Azərbaycanın Qarabağ atının vətənidir. Qarabağ atı dünyada ən yaxşı oyun atıdır. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb.
Təsadüfi deyil ki, atçılıqla bağlı bir çox peşə və ənənəvi sənətlər də məhz Qarabağda, o cümlədən Şuşada mərkəzləşmişdi. Sərraclıq sənətinin ənənəvi şəkildə yaşadığı yer də Şuşa şəhəri idi. Şuşada atçılıq təsərrüfatları da geniş yer tuturdu. Həm təbii-coğrafi, həm də tarixi-mədəni baxımdan Qarabağ atçılıq mədəniyyətində önəmli bir mövqeyə malik olub. Qarabağ atlarının oyunla bağlılığı həm də onunla səciyələnir ki, “Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır. Atın adi yerişi saatda 8 kilometrdən çoxdur. Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur”.
Qaynaqlardan alınan məlumata görə “eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri - Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Herodot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilib. Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə Nesey atlarından götürüb. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf edib ki, onlardan biri türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus olan Qarabağ atları olub”.
Ağaverdi Xəlil,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2015.- 18 fevral.- S.14.