Ermənilər tarixi abidələrimizi məhv edirlər

 

Qasım Hacıyev: “Vaxtilə Qarabağda mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirib”

 

I yazı

 

Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarix elmləri doktoru Qasım Hacıyev bildirib ki, Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr - Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də qarabağın müxtəlif yerlərində aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını - mənəvi düşüncəni əks etdirən maddi mədəniyyət nişanələridir: “Bütöv Azərbaycan ərazisində Manna, Midiya, Skit, Atropatena dövlətləri sırasında, e.ə IV-III əsrlərin qovşağında Azərbaycan Respublikasının ərazisində Qafqaz Albaniyası dövləti meydana çıxıb. B.e. I əsrində Albaniyanı Alban Arşakiləri soyu idarə etmişdir. Albaniyanın cənub sərhəddi bu dövrdə Araz çayı boyunca keçmişdir. Girdman, Sakasena, Uti, Arsak, Paytakaran, Sisakan Qarabağın tarixi torpaqları idi. B.e.ə. VI-III əsrlərə aid Beyləqan, Ağcabədi, Bərdə, Yevlax, Tərtər və Qarabağın Dağlıq ərazisində türk xalqlarına məxsus olan çoxlu sayda skif kurqanları aşkar edilib”.

Onun sözlərinə görə, Antik mənbələrin Qarabağın qədim ərazisində - Uti, Arsak və Paytakaranda qədim şəhərlərin mövcudluğu barədə maraqlı məlumatlar verir: “Bərdədə, Govurqalada (Ağdam), Qaraköpək təpədə (Füzuli), Ergi yaşayış yerində (Ağcabədi) və s. arxeoloji tədqiqatlar deyilənləri təsdiq edir. Qarabağ bölgəsində arxeoloji abidələrdən başqa xeyli yerüstü xristian abidələri tədqiq edilmişdir. Belə abidələrə Qarabağın Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Ağdərə ərazisində, habelə Laçın və Kəlbəcərdə rast gəlinmişdir. Bu məbədlərdən ən məşhuru Çəncəsər(Qanzasar), Amaras, Yelisey, və Xotavəng məbədləridir. Onu da qeyd etmək lazımdır ki, albanlara məxsus xristian abidələri Azərbaycanın digər ərazilərində də (Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı) mövcuddur. Yeri gəlmişkən XIX əsrə qədər Dağlıq Qarabağda heç bir zaman erməni etnik kütləsi olmayıb. Qarabağın avtoxton albanlarının olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülüb”.

O, həmçinin əlavə edib ki, bunu Dağlıq Qarabağda Ağdərənin (Mardakert) Marağa kəndində Qarabağa (İranın Marağa şəhərindən) ilk 200 erməni ailəsinin köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özlərinin qoyduqları abidə əyani şəkildə sübut edir: “Qarabağ ərazisində müxtəlif dinlərin mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərib. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcud olması və biri digərini əvəz etməsi tikinti mədəniyyətində özünü göstərib. Qarabağ ərazisində və Albaniyanın digər yerlərində xeyli alban xristian avidəsi inşa edilib.

Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olub. Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunub.

İslam dininin qəbul edilməsi Albaniyada (Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilib. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də saxlanılıb. Həmin dövrdə Qarabağın mənəvi mədəniyyətində çiçəklənmə dövrü başlanıb. “Qarabaği”, “Bərdəi” təxəllüsü ilə tanınmış onlarla mütəfəkkir yetişib, onların adı, şəxsiyyəti və yaradıcılığı haqqında məlumatlar tarixə çevrilib.

XI-XII əsrlərdə memarlığın əsas istiqamətlərini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa məktəblərinin geniş yayıldığı dövrdə Arran (Qarabağ) memarlıq məktəbi də orta əsr Azərbaycan memarlığının sonrakı inkişafını müəyyənləşdirib. Memarlıq və şəhərsalma, dekarativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlayıb, epiqrafik abidələr də çoxalıb. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınıb. Bunların arasında yaşayış evləri, ictimai binalar, həmçinin dini tikililər, ziyarət yerləri var.

Qarabağın şəhərləri - Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan-müsəlman dövründə meydana gəliblər. Bu şəhərlərin quruluşunda milli-mənəvi və ideolojı təfəkkür tərzi inşa mədəniyyətində öz bədii əksini tapıb. Yeni milli-ideolojı xüsusiyyətlər evlərin və inzibati binaların interyerində özünü göstərir. Bu, bütün Azərbaycanda, həmçinin Qarabağda, orta əsrlərdə inşa olunmuş memarlıq şedevləri ilə təsdiq olunur. Qarabağ ərazisində müxtəlif növ mədəniyyət abidləri qeydə alınmışdır ki, bunların da əksəriyyətini epiqrafik abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisindən vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələr qeydə alınıb və tədqiq edilib”. Onun sözlərinə görə, Füzuli bölgəsində Şeyx Yaqubun (XII əsr) türbəsi, Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Aşağı Veysəlli kəndindəki Mir Əli (XIV əsr) və Əhmədallar kəndindəki türbələr (XIV əsr), Şeyx İbrahim türbəsi (XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi (h.t.1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayıl rayonunda “Qız qalası”, Cəbrayılın Şıxlar kəndində türbə (1308) və d. türbələr, Ağdam bölgəsində Xaçın-Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, Bərdə şəhərindəki Tərtər çayı üzərində 12 tağlı körpü (XIV əsr), “Bərdə”, “Axsadan baba” türbələri (XIV əsr), Kərbalayi Səfxan Qarabaği tərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli “İmamzadə” məscid kompleksi (1868), “Bəhmən Mirzə” türbəsi, Şuşa şəhərində səkkiz bucaqlı türbə, Pənah xan qalası, Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab oğlunun məscidli karvansarayı, Culfalar məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi (XIX əsr), Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Soltan baba türbəsi, Şeyx Əhməd türbəsi, Sarı aşığın türbəsi (XV əsr), Cicimli kəndindəki türbələr, Quşçu kəndində “Uşaq qalası”, “Böyük bulaq” abidəsi (XV əsr), Həmzə Sultan sarayı (1761) da tariximiz üçün qiymətli maddi mədəniyyət nümunələridir: “XVIII əsrin II yarısında Qarabağda Bayat, Şahbulaq (Tərnəküt), Pənahabad (Şuşa) qalaları salınıb və həmin qalalarda bazar, karvansaray, məscid, hamam, və s. inşa edilib. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid kümbəzlər tikilib: “Qarabağ xanlığı dövründə bir çox qalalar (Bayat, Şahbulaq, Pənahabad (Şuşa) tikilib, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranıb. Qarabağ xanlığının mərkəzi Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerlərində divar naxışlarının gözəl və tipik nümunələri yaradılıb.

Bu abidələrin çoxu Azərbaycanda memorial tikililərin əsas növünü təşkil edir. Hazırda işğal altında olduğuna görə həmin abidələrin taleyi məlim deyil. Orta əsrlərdən məşhur olan Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlayıb. Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilir. Qarabağ xalçaları Bərdə, Ağcabədi xalçaları olub birinci qrupa, Şuşa xalçaları adı altında ikinci qrupa, Cəbrayıl xalçaları adı altında üçüncü qrupa ayrılır. Qarabağ xalçaçılıq sənətində qədim ənənə intensiv olaraq davam etdirilib. Qarabağın xalça sənəti XVII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşmiş, daha geniş miqyasda inkişaf etməyə başlayıb.

Bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirib. Qarabağ mədəni mərkəz rolunu itirməyib. Beləliklə, tədqiqatlar Qarabağın maddi mədəniyyət irsinin Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsinin olduğunu aydın şəkildə göstərir. Qarabağ abidələrinin bu günkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın işğalçılıq siyasəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altına qoyub.

Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Muzey eksponatlarının və kitabxanaların köçürülməsinə imkan verilmədi. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. XX əsrin ən böyük faciəsini - Xocalı qətliamını törətdilər erməni və rus hərbi birləşmələri. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbrstanlığını texnika vastəsilə darmadağın etdilər. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Şuşa muzeylərini dağıtdılar.

Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. İslam abidələri dağıdılıb yer üzərindən silindi. Alban xristian abidələri isə təmamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və yazı təmamilə məhv edildi”...

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 18 fevral.- S13.