Ermənistan
işğal etdiyi Azərbaycan ərazilərində
mədəni irsi məhv edir
II yazı
...Ermənistan
işğal etdiyi Azərbaycan ərazilərində mədəni
irsin məhv edilməsinə və
saxtalaşdırılmasına yönələn, beynəlxalq
konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən
əməllər törədir. Bu ərazilərdə qalan
tarix-mədəniyyət abidələrini ya dağıdaraq
izlərini silir, ya da onları erməni abidələri adı
altında saxtalaşdırır. Erməni mənbələrində
ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə,
ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti
araşdıran missiyasının hesabatına, habelə digər
mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə
indiyədək yüzlərlə tarixi abidə tamamilə
dağıdılıb. Digər abidələr isə erməni
abidələri adı altında
pasportlaşdırılır. Garabagh.net saytının məlumatına
görə, işğal altındakı Azərbaycan ərazilərində
tarix-mədəniyyət abidələrinin kütləvi məhvi
və saxtalaşdırılması 1954-cü ildə qəbul
edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı
mədəni dəyərlərin qorunması haqqında maddə)
ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər
bir dövlətin öz ərazisində və rəqib tərəfin
ərazisində yerləşən mədəni dəyərlərin
qorunması, arxitektura, incəsənət, tarixi abidələr,
arxeoloji qazıntılar kimi daşınan və
daşınmaz mədəni dəyərlərin müdafiə
edilməsini iştirakçı dövlətərin
qarşısında vəzifə kimi qoyur. Həmçinin
işğal ərazilərində tarix-mədəniyyət
abidələrinin dağıdılması və
saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni
və təbii irsin qorunması haqqında”
konvensiyasının pozulmasıdır. Azərbaycanın tələbi
əsasında ATƏT iki dəfə işğal
altındakı ərazilərdəki vəziyyəti öyrənmək
üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin
vəziyyəti də qismən araşdırılıb.
Bununla belə, Ermənistan YUNESKO-nun işğal
altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini
öyrənmək üçün bitərəf missiya
göndərməsini əngəlləyib. Azərbaycanın Mədəniyyət
Nazirliyi bir il əvvəl işğal altındakı ərazilərdə
tarix-mədəniyyət abidələrinin
dağıdılmasına dair hesabat hazırlayaraq YUNESKO-ya tədim
edib.
İşğal
altındakı Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət
abidələrinin əksəriyyəti SSRİ dövründə
sənədləşdirilməmiş qalıb ki, bu da sovet
hakimiyyətinin Azərbaycana qarşı qərəzli siyasətinin
bir hissəsi idi. İşğala qədər isə Azərbaycan
tərəfi bu ərazilərdə 8 dünya, 166 ölkə
və 588 yerli əhəmiyyətli abidə qeydə
almışdı. Dağlıq Qarabağ və ona bitişik
rayonlarda mövcud olan minlərlə tarixi abidə isə rəsmi
qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər
bu abidələri öz adlarına rəsmiləşdirmək
üçün fürsət əldə ediblər.
Son illərdə Qarabağda alban
dövrünə aid 100-ə yaxın ibadətgaha erməni
kilsəsi statusu verilib. Təkcə 2006-cı ildə ermənilər
tərəfindən Şuşa şəhəri ətrafında
500-dən çox abidə “erməni abidəsi” kimi qeydiyyata
alınıb. 2010-cu ildə işğal altındakı ərazilərə
səfər edən isveçrəli jurnalist, “Wochenzeitung” və
“Neues Deutschland” nəşrlərinin əməkdaşı
Andre Vedmer də tarixi abidə və qəbiristanlıqların
acınacaqlı vəziyyətinin şahidi olub. Vidmer Azərbaycanın
Şuşa və Ağdamdakı bir çox mədəniyyət
abidələrinin məhv edildiyini və ya ciddi zədələndiyini
təsdiqləyib. Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun topladığı
faktlara əsasən işğal olunmuş ərazilərdə
qalan və islam dövrünə aid tarixi abidələr
xüsusi amansızlıqla dağıdılır.
Çünki bu abidələrin üzərində müsəlman
epiqrafiyası ilə yazılar olduğundan onları erməniləşdirmək
və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək
mümkün deyil. Bura qəbirüstü abidələr,
türbələr və məscidlər daxildir. İnstitutun
araşdırmalarına görə 1994-cü ildə atəşkəsin
əldə edilməsindən sonrakı 18 il ərzində
işğal altındakı ərazilərdə dağıdılan
tarix-mədəniyyət abidələrinin sayı hərbi
münaqişə zamanı dağıdılmış abidələrin
sayından çoxdur.
Ermənilər
işğal edilmiş ərazilərdə qalan tarixi abidələri
dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib
bu ərazilərdə arxeoloji qazıntılar da
aparmaqdadır. Məqsəd ermənilərin Qarabağa 19-cu əsrin
əvvəllərindən etibarən
köçürüldüyünə dair təkzibolunmaz
tarixi faktları ört-basdır etmək, ermənilərin
guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta
tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji
qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən
başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və
Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı
işğal altındakı Ağdam rayonu ərazisində,
vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının
yerləşdiyi Şahbulaq yaylağına ezam edilib.
Onların qarşısında mifik “Böyük Ermənistan”
dövlətinin paytaxtı “Tiqranakert”in izlərini tapmaq vəzifəsi
qoyulub. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya
Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını
Şahbulaq yaylağına ezam edib. Qısa müddətdən
sonra arxeoloqlar uydurma “Tiqranakert” şəhərinin
qalıqlarını aşkar etdikləri barədə xəbər
yayıblar. Lakin çox keçmədən onların bu “kəşfi”
biabırçı faktla üzləşib, məlum olub ki,
ekspedisiya üzvləri qazdıqları çalalara müasir
texnikanın köməyi ilə yonulmuş mişar
daşları düzüblər və onları “tarixi dəlillər”
kimi təqdim ediblər. Qazıntılarda iştirak edən
xarici ölkə arxeoloqları bu biabırçı faktdan
sonra ekspedisiyanı tərk ediblər.
Buna
baxmayaraq erməni arxeoloqlarının Şahbulaq
yaylaqlarında, tikintisi 1751-1752-ci illərdə başa
çatan və Qarabağ xanlarının iqamətgahı
olan Qıfıl xan sarayı kompleksi ərazisində
qazıntı işlərini hələ də davam etdirməkdədir.
Ermənilərin apardıqları qazıntılar nəticəsində
Qıfıl xan sarayı tarixi abidəsinin böyük
ölçüdə dağıdıldığı
bildirilir.
Ermənilər həmçinin
işğal altındakı Füzuli rayonu ərazisində
yerləşən, ən qədim insan məskənlərindən
biri olaraq tanınan Azıx mağarasında, Xocavənd və
Ağdərə rayonları ərazisində də arxelloji
qazıntılar aparırlar. Azıx mağarasında arxeoloji
qazıntılar 2001-ci ildən başlayıb. Qeyd edək ki,
bu mağaranı ilk dəfə 60-cı illərdə Azərbaycan
alimləri kəşf ediblər və orada qədim insan
sümüklərini tapıblar. Bu sümüklər indiyədək
tapılmış ən qədim insan sümükləri hesab
edilir. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi
arayışına görə, hərbi təcavüz nəticəsində
işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən
olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək,
Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə
istifadə edilərək qəsdən
dağıdılır. Xocalı, Ağdam, Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla
yanaşı işğal olunmuş Füzuli, Laçın, Kəlbəcər,
Qubadlı, Zəngilan rayonlarının ərazilərindəki
qəbiristanlıqlar, türbələr, məzarüstü
abidələr, məscidlər, məbədlər, Qafqaz
Albaniyasına məxsus abidələr və azərbaycanlılara
aid digər milli abidələr məhv edilir. Nazirliyin
topladığı faktlara görə erməni
işğalçıları həmçinin Şuşa
tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və
Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini,
Natəvanın saray kompleksini, milli üslubda inşa
edilmiş əksər yaşayış evlərini, ziyarətgah
və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri,
kurqanları dağıdıblar.
Ermənistanın
işğal altındakı Azərbaycan ərazilərində
mədəni irsi məhv etməyə yönələn siyasətinin
bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə
saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət
və mədəniyyət nümunələrini talan etməsidir.
Azərbaycan Mədəniyyət Nazirliyinin statistikasına
görə, işğal olunmuş ərazilərdə 40 mindən
çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən
Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə
bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq
əsərləri, dünya şöhrətli Azərbaycan
xalçaları, xalça məmulatları, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin xatirə əşyaları,
digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr,
qızıl və gümüş məmulatlar, nadir və
bahalı daşlar, xalçalar və digər əl işləri
ilə zəngin olan Kəlbəcər rayonunun Tarix muzeyi,
Şuşa rayonunun Tarix muzeyləri, Ağdam rayonunun
dünyada nadir olan Çörək Muzeyi, Qubadlı
tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya),
Zəngilan rayonunun tarix-diyarşünaslıq muzeyi (6 minədək
əşya), daş abidələr muzeyi və bir çox
başqa muzeylər bura daxildir. Bu muzeylərin demək olar ki,
heç birini xilas etmək, köçürmək
mümkün olmayıb.
Erməni
işğalı nəticəsində eksponatları ilə
birlikdə talan olunan, məhv edilən muzeylər
sırasında, şübhəsiz ki, ən unikalı
Ağdam Çörək Muzeyi sayılır. Ağdamda
Çörək Muzeyi ilə yanaşı Tarix Ölkəşünaslıq
Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil
Qalereyası da fəaliyyət göstərib. Erməni
işğalı zamanı təkcə Şuşada 8 muzey
dağıdılıb, talan edilib. Bunlardan yalnız Xalça
və Tətbiqi Sənət Muzeyinin Şuşadakı
filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev
Muzeyinin eksponatları çıxarılıb, amma həmin
muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində
Natəvanın, Bülbülün, Əbdürrəhim bəy
Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil
qalereyası, Şuşa və Xankəndi
diyarşünaslıq muzeyləri tamamilə
dağıdılıb. Şuşa şəhərinin Tarixi
Muzeyinin 5 minədək əşyası, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarix
Muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar
Üzeyir Hacıbəyovun (300-dən çox əşya),
vokal sənətimizin əsasını qoymuş böyük
müğənni Bülbülün (400-dək əşya), görkəmli
musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın
(100-dən çox əşya) xatirə muzeylərinin
eksponatları talan edilib. Ermənilər Üzeyir Hacıbəyovun
və Bülbülün, habelə şairə Xurşudbanu
Natəvanın heykəllərini Şuşa şəhərindən
Ermənistan ərazisinə aparıblar. Bu abidələr
bütün əxlaq normalarına , beynəlxalq humanitar
prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə
güllələnmiş və ağır texnika vasitəsilə
zədələnmişdi. Sonradan həmin abidələri
çox çətinliklə Bakıya gətirmək
mümkün olub .
Əli
Xalq cəbhəsi .-2015.- 19
fevral.- S.13.