Su çərşənbəsi
Novruz çox qədim görüşlərlə səsləşir.
İnsan ruhunun - qəlbin, torpağın bayramı - təbiətin,
ölkəmizin bayramı
olan Novruzun tədqiq edilib öyrənilməsi də
folklorşünaslıq, etnoqrafik
nöqteyi-nəzərdən böyük əhəmiyyət
daşıyır. “Yaz
bayramı”, “ilbaşı
bayramı” kimi adlarla da tanınan
“İlbaşı, Novruz
yaz bayramı Türk Dünyasının
ənənəvi birliyinə
şərait yarada bilən milli bayramdır” (Güllü Yoloğlu). Düşünəndə
ki, yeni bir fəslin - yaz fəslinin başlanması olmaqla həm də yeni bir təqvim
ilinin başlanğıcı
bayramı kimi də anılan Novruz bayramının təmtərağı bir
və ya bir neçə günlə məhdudlaşmır,
onda məsələyə
daha geniş rakursdan yanaşmaq zərurəti ortaya çıxır.
Görkəmli folklorşünasımız Məmmədhüseyn Təhmasib
məhz bu kimi amillərə nəzərən yazırdı:
“Böyük bir səbirsizliklə yazın
gəlməsini gözləyən
qədim azərbaycanlı
əkinçi böyük
çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü,
yəni yeddi həftənin hər çərşənbəsini bayram
edirdi. Bunlardan birinci üçünə
“oğru üsgü”,
ikinci üçünə
“doğru üsgü”,
sonuncusuna isə “ilin axır çərşənbəsi” deyirdi.
Bu çərşənbələrin hərəsinin özünə
görə adət və ənənələri,
rüsumat və dəbləri var idi. Tədqiqatdan görünür ki, bütün bu adət və dəblər qışın
mümkün qədər
tez çıxması
üçün vaxtilə
icra edilən sehr və əfsunların
indi qismən unudulmuş, qismən də başqa təsirlər nəticəsi
olaraq qarışmış
qalıqlarından ibarətdir.
Bu sehr və əfsunlar vasitəsilə
qışın tez çıxması üçün
altı çərşənbə
hazırlıq görmüş
xalq, nəhayət,
son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ili, yəni
yazın ilk gününü
isə elliklə bayram edir”.
Buradan bir daha göründüyü
kimi, Novruz bayramı özündən
əvvəlki yeddi çərşənbənin də
bayram edilməsini öz əhatə dairəsinə almaqla böyük bir mərasim kompleksinə malikdir. Deməli, Novruzu bir bayram
kimi özünəqədərki
ilaxır çərşənbə
bayramlarından təcrid
edilmiş şəkildə
araşdırmaq olmaz.
Hazırda bu çərşənbələrdən yuxarıda “doğru üsgü” adı ilə qeyd edilən
üç çərşənbə
və bir də sonuncu ilin axır çərşənbəsi öz
mərasimi aktuallığını
qoruyub bayram şəklində el arasında
sürdürməkdədir. Bəs bu çərşənbələr
nəyi işarələyir?
Çərşənbələrin adlarına fikir verdikdə onların su, od, yel
və torpaq olmaqla dörd yaradılış ünsürünü
simvolizə etdiyi ilk baxışda özünü
göstərir. Yəni
bu dörd ünsür həyatın
əsasını təşkil
edir, yeni həyatı - diriliyi təmsil edir. Qış fəslində ölü sükuta, donub məhv olmuş ətraf aləmə, təbiətə
yeni can - nəfəs gəlməsi ilə yeni fəsil - yaz fəsli dünyaya qədəm qoyur; bununla yaz bayramı olan Novruz bayramı
bərqərar olur.
M.Təhmasibin də göstərdiyi
kimi, ilaxır çərşənbə ritualları
“qışın tez çıxması”, yəni
sağlıqla, rahatlıqla
ötüşüb keçib
getməsi naminə keçirilir. Bu baxımdan
Novruz yaz bayramı olmaqla həm də ilbaşı - yeni mövsüm ilinin başlanğıcının mərasimi
aktıdır. Bir il isə məlum
olduğu üzrə,
dörd fəslin növbəli şəkildə
əvəzlənməsi və
tsiklik olaraq qapalı dövrə üzrə təkrarlanmasıdır.
Bu məntiqdən düşündükdə
yazda - Novruzda doğulan təbiət canlı orqanizm kimi inkişaf dövrü keçirib, yayda, payızda bu mərhələləri
müxtəlif formada yaşayır və qışda ölür. Necə ki, insan
dünyaya gəlir, yeniyetməlik, gənclik, müdriklik, ahıllıq
çağlarını yaşayıb
sonda bu həyatla vidalaşır,
onun yerini övladları, nəvə-nəticələri
tutur (əvəz edir), bununla özünün fiziki varislərinin simasında təzədən dirilik tapıb, nəsillərin bir-birlərini əvəzləməsi
olaraq yaşayır. Bax beləcə də canlı təbiət bu dörd fəslin içində özünün
inkişaf dövrünü
keçirir. Bunun inikası kimi xalqımız tapmacavari bir bayatı nümunəsi də qoşub-yaradıb:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığar gətirər,
Üçü vurar dağıdar.
Hər biri üç aydan ibarət olan ilin fəsillərini
xalqımız bu cür qruplaşdırıb.
Təbiətdə üç
fəsil beləcə
təbii proses kimi ard-arda düzülüb
dördüncü fəsil
olan yaz fəslinə yetişdiyi kimi, bu minvalla
bir ilin dörd fəslini tamamladığı kimi ilaxır çərşənbələr
də bir-birilərini
əvəz etməklə
yaz fəsli olan Novruzun gəlişinə
zəmin yaradırlar.
Bu prinsiplə düşündükdə
ilaxır çərşənbələrin
(M.Təhmasibin təbirincə
desək, üç
“doğru üsgü”nün
və sonuncu ilaxır çərşənbənin)
də hər birinin sadəcə dörd yaradılış
ünsürünü (su,
od, yel və
torpaq) yox, elə həm də hər birinin öz adlarına uyğun şəkildə ilin müəyyən bir fəslini simvolizə etdiyini aydın göstərir. Yəni dörd çərşənbə
həmçinin ilin dörd fəslini işarələyir.
O ki qaldı ilaxır
çərşənbələrin sıra ardıcıllığına,
hansı düzümdə
olmalarına, bu barədə folklorşünaslıqda
hələ də vahid fikir yoxdur.
Bu da hardasa təbiidir. İl dörd fəslin qapalı çevrəsindən
ibarətdir: yaz →yay→payız→qış. Bu mövsümi ardıcıllıq
düzxətli inkişaf
dövrü keçirsə
də, axırda təzədən qayıdıb
təkrarlandığından dövrə şəkilini
alır. Ilaxır çərşənbələrin sıra ardıcıllığına
münasibətdəki fərqliliklərin
özəyində il adlı canlı orqanizmin fəsillərinin
qapalı təkrarlanan
birgəliyindən, vəhdətindən
irəli gələn amil dayanır. Bu ardıcıllığa münasibətlər
müxtəlif olsa da, mahiyyət dəyişməz, sabit qalar: su, od,
yel, torpaq ünsürləri heç
nə ilə dəyişilib-əvəzlənmirlər. Onların yaradıcılıq
stixiyası öz hökmünü icra etməklə təbiətə
yaz gəlir, Novruz bayramı qədəm qoyur. Belə olan halda bu ünsürlər
öz yaradıcılıq
güclərini ayrı-ayrılıqda
nümayiş etdirsələr
də, bütövlükdə
hərəsi birləşib
ümumi bir anlayışı - yeni həyat amilini formalaşdırır. Vahid
bir müstəvidə
qərarlaşan bu dörd ünsürün yerdəyişməsi isə
ümumilikdə heç
nəyə xələllik
gətirmir.
Mərhum
professor Azad Nəbiyev bu
barədə yazır:
“Boz ayın dörd müqəddəs
çərşənbəsindən birincisi Əzəl çərşənbədir. Bu, xalq içərisində çox əzizlənən
çərşənbələrdən hesab olunur. Xalq
arasında o, “Əvvəl
çərşənbə”, “Gözəl çərşənbə”,
“Su çərşənbəsi”, “Sular Novruzu”, “Gül çərşənbə”
kimi də tanınır. Əski inanclara görə, Əzəl çərşənbədə
təzə ilin gəlməsi münasibətilə
ən əvvəl su təzələnir, elə buna görə
də bu çərşənbə su,
suyun təzələnməsi
ilə əlaqələndirilir.
Türk xalqlarının
mifoloji təsəvvürlərində
ən qədim kultlar içərisində
su kultu mühüm yer tutur. Su ilə bağlı yayılmış
tapınmalar içərisində su tanrısı Abanın və
Nahidin adı ilə əski süjet və nəğmələr
geniş yayılıb. Həmin görüş və
etiqadlarla bağlı təsəvvürlərin bir çoxu
Əzəl çərşənbənin - Su çərşənbəsinin
ayin-etiqadları ilə çarpazlaşıb, bu çərşənbənin
adı ilə bağlı silsilə inanc, etiqad, ənənə,
mərasim və s. yaradıb”.
Məleykə
Məmmədova isə yazır: “İlaxır çərşənbələri
içərisində birinci gələn su çərşənbəsini
xalqımız müxtəlif mərasim və oyunlarla qeyd edir.
Çərşənbənin adı ilə adlandırılan
və oyun elementləri ilə zəngin olan “Su çərşənbəsi
mərasimi” ayin və ritual xarakterli oyun şəklində icra
olunur. Belə ki, su çərşənbəsi mərasimində
sübh tezdən bulaq başına gedərək
“Ağırlığım-uğurluğum,
azarım-bezarım suya” deyib su üstündən atlanması,
əl-üz yuyub, bir-birlərinin üstünə su atıb,
sifətlərinə su çilənməsi, xəstələri
su üstündən hoppandırıb, sonra günah işləməyəcəklərinə,
yaxşılıq edəcəklərinə and içdikdən
sonra əl-ələ tutub suyun ətrafında su ilə
bağlı nəğmələr oxunması və s.
bütün bunların hamısı ümumilikdə oyun
formasında həyata keçirilir”.
Hər
iki müəllif su çərşənbəsini əzəl
çərşənbə hesab edir, eyni zamanda su çərşənbəsi
ilə əlaqəli keçirilən ayin və mərasimlərə
diqqəti çəkir. Yuxarıda da qeyd etdiyim kimi, çərşənbələrin
sıra düzümü haqda mübahisə açmadan
(çünki sıra əvəzlənməsi dörd
yaradılış ünsürünün vəhdətinə
xələllik gətirmir), bəzi əlavələr etmək
istərdim. Xalq düşüncəsindəki inam belədir
ki, hər çərşənbəni müəyyən bir
ünsürlə əlaqələndirib, misal
üçün, “çərşənbə bu dəfə
suya düşdü”, yaxud “çərşənbə bu dəfə
yerə (torpağa )düşdü” və s. tipli sabit deyimlərlə
fikir yürüdülür. Bu fikir onu bildirir ki, yəni əgər
su çərşənbəsidirsə, “çərşənbə
suya düşür” deyiləndə suyun canına istilik
düşür, su qızmağa, donu-şaxtası
açılmağa (kristal buz və ya qar dənəcikləri
formasından yumşaq maye şəklinə keçir)
başlayır ki, bununla da soyuqdan donmuş, ölmüş su
qızmaqla suya can gəlir, başqa sözlə,
“ölmüş su” yenidən dirilik tapıb dirilir, yeni həyat
qazanır. Kainatdakı yaradılmışın üçdə
iki hissəsinin su, üçdə bir hissəsinin quru
olduğunu da nəzərə aldıqda, yenə suyun
dünyada hansı böyük miqdarda olmasını və
yaradılış üçün mühüm baza təşkil
etdiyini təsəvvürümüzdə
aydınlaşdırarıq.
Bəli, su çərşənbəsinin təbiət hadisəsi olaraq hansı təbii stixiyanı yerinə yetirməsi bu prizmadan düşündükdə hamımıza bəlli olur. O ki qaldı Novruz bayramı hadisəsi olaraq su çərşənbəsinin cəmiyyətdə - insan dünyasında inikasına, bu məsələlər də su çərşənbəsi mərasimi adı ilə keçirilən ayin və mərasimi aktlarda gerçəkləşir. Yəni insan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə ilgili əfsun, sehr, oyun, icra ayinləri, mərasimi hərəkətlər və s. yerinə yetirir - su üstündən adlamaqla, evinə zəmzəm suyu gətirməklə və s. şəklində su çərşənbəsini bayram edir. Su çərşənbəniz mübarək olsun!
Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 24 fevral.- S14.