Xocalı faciəsi...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə
vəhşicəsinə divan tutulub. Bütün
sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni
silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində
yerləşdirilən 366-cı motoatıcı alayının
hərbi qulluqçularından və zirehli texnikasından
istifadə etməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə
erməni olan 40-dan çox zabit və gizir vardı. 613 nəfərin,
o cümlədən 106 qadının və 63
uşağın həyatına son qoymuş, 8 ailəni tamamilə
məhv etmiş, 487 nəfərin şikəst olması, 1275
sakinin girov götürülməsi, onların 150 nəfərinin,
o cümlədən 68 qadının və 26 uşağın
taleyinin məlum olmaması ilə nəticələnən bu
kütləvi qırğını törədənlər hələ
də azadlıqdadırlar. Bəşər tarixində
soyqırım aktları əvvəllər də olub:
Xatın, Liditse, Oradur hadisələri bu qəbildəndir.
Lakin Xocalı soyqırımı bu faciələrin ən dəhşətlisidir...
Amma hər
il Xocalı soyqırımının
ildönümü ərəfəsində bütün erməni
saytları bu faciənin azərbaycanlılar tərəfindən
törədildiyini iddia edən saxta və əsassız
arqumentlər gətirməklə öz cinayətlərini
ört-basdır etməyə cəhd göstərirlər. Lakin özlərini çaşdıraraq bilmədən
cinayəti etiraf etməyə məcbur olurlar. Məsələn,
Levon Məlik-Şahnazaryan və Hayk Demonyanın
"Xocalı işi: xüsusi qovluq"u (Yerevan, 2002) ilə tanış olduqda bu məqamları aşkar edə
bildik.
"... Erməni hərbi birləşmələri
Xocalıya artilleriyadan atəş açmağa
başladılar. Fevralın 26-sı saat 4
radələrində artıq Xocalıda erməni əsgərlər
görünməyə başladılar". "...
"Memorial"ın (Rusiyanın "Memorial" hüquq
müdafiəsi mərkəzi - C.) hesabatında deyilir ki,
Xocalıya edilən hücumdan sonra orada 200-300 insan evlərin zirzəmisində
gizlənmişdilər və onlar Xankəndinə
aparıldı..." "... Xocalı əməliyyatından
sonra "Arsax"ın azadlığı uğrunda
döyüşən dəstələr şəhərdə
11 ölü tapıblar, o cümlədən 1 uşaq və 4
qadın meyidi..." "... Xankəndində yerləşdirilən
366-cı motoatıcı alay Xocalı
qaçqınlarının daşınması ilə məşğul
idi. "Memorial"ın hesabatında deyilir ki, Xocalıya
hücumda 366-cı alayın hərbi texnikası da iştirak
edib..."
"...
1992-ci ilin yanvarında Şuşa, Xocalı, Kosalar və Canhəsən
kəndləri istiqamətindən Xankəndinə raket-artilleriya
atəşləri açıldığından MDB birləşmiş
hərbi qüvvələrinin baş komandanı marşal
E.Şapoşnikovun əmri ilə 366-cı alay Xankəndində
yerləşdirildi ki, onun təhlükəsizliyi təmin
olunsun..." Vertolyot eskadrilyasının komandir müavini
mayor Leonid Kraveç: "Fevralın 26-da mən Xankəndindən
yaralıları aparırdım və geriyə Əsgərandan
qayıtdım. Diqqətim aşağını
çəkdi və əmr etdim ki, vertolyotu endirsinlər.
Aşağıda 200-ə yaxın insanın
öldürüldüyünün şahidi oldum..."
Bütün bunlar o demək deyilmi ki Xocalı qətliamı
erməni və rus hərbçiləri, xüsusən də
366-cı motoatıcı alayın köməyi ilə törədilib? Bu faktları
erməni başbilən politoloqlarından olan Levon Məlik-Şahnazaryan
və Hayk Demonyan yazaraq elə öz saytlarında yerləşdiriblər.
Erməni ziyalılar da Xocalı qətliamını erməni
xalqının qəhrəmanlığı kimi qələmə
veriblər. O
müdhiş hadisəni öz əsərlərində dönə-dönə
xatırladaraq dünya ictimaiyyətinə bir daha vəhşiliklərini
sübuta yetirmiş olublar. "... Bu
şaxtalı qış şəhərində Daşbulaq
yaxınlığındakı bataqlıqdan bizdən
ölülərdən 1 kilometrlik körpü qurmaq tələb
olundu. Körpüdən mən keçmək
istəmədim. Onda polkovnik Ohanyan mənə işarə
verdi ki, qorxmayıb meyitlərin
üstündən keçim. Bu, müharibənin
qanunlarından biridir. Mən ilk
addımımı 9-11 yaşlı qız meyitinin qanlı sinəsi
üstünə qoyub addımlamağa başladım. Mənim ayaqqabılarım və şalvarım bu
"körpü"nü keçənə kimi tamamilə
qana batdı. Beləliklə, mən 1200
meyiti belə addımladım". "... Martın 2-də Qaflan erməni qrupu (meyitlərin
yandırılması ilə məşğul olurdular - C.)
2000-ə yaxın monqol (türklər) rütbəlilərin
meyitlərini yığıb Xocalıdan 1 kilometr uzaqda
ayrı-ayrı topalarla yandırmağa başladılar.
Axırıncı yük maşınında
boyun nahiyəsindən yaralanmış 10 yaşında qız
uşağı gördüm. Diqqətlə
nəzər yetirəndə gördüm ki, hələ də
yavaş-yavaş nəfəs alır. Şaxta,
aclıq və aldığı yaraya baxmayaraq, uşaq hələ
də yaşayırdı. Mən heç
vaxt ölümdən qorxan bu uşağın gözlərini
unuda bilmirəm. Sonra bir əsgər, deyəsən,
onu Tiqranyan deyə çağırırdılar, onun
qulağından tutub sürüyərək mazutlu gölməçədə
mazuta bulaşdırdı, sonra isə yandırdı. Bu vaxt ətrafda kömək üçün
qışqıran birinin səsini eşitdim. Mən artıq qabağa gedə bilmirdim. Şuşanın azad edilməsinə qatılmaq istəmirdim.
Buna görə mən geriyə qayıtdım.
Onlar isə Xaç naminə öz yollarını davam etdilər..."
Dayd Xeriyan, "Xaç naminə" kitabından (Beyrut,
2000-ci il. Xocalıdakı
döyüş haqqında səh. 26, 62,
63.)
"... Ancaq ermənilər bu sətirlərdən
qürurlana bilərlər. Mən
özüm də vətəndaşlıq və müqəddəs
kişilik borcuma görə bu işlə məşğul
oldum ki, monqollardan qisasımı alım. Mən
və Xaçatur onların saxlandığı zirzəmiyə
daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin
çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi
üçün ölmüş atasının dərisini
qoparıb ağzına soxmuşdular. Sonra
mən 13 yaşlı bir türkün baş, sinə və
qarnından dərisini qopardım. Təxminən
7 dəqiqədən sonra uşaq qan itkisindən öldü.
Mən birinci dərəcəli həkim kimi
humanistəm, ona görə də uşağın
başına gətirdiyim zülmlərdən xoşbəxtlik
hiss eləmirdim. Lakin daxilən sevinirdim... Xaçatur
uşağın cəsədini tikə-tikə doğradı
və itlərə yem kimi atdı. Həmin
axşam biz daha 3 türk törəməsinin başına həmin
oyunu açdıq. Mən patriot, vətəndaş,
erməni borcunu yerinə yetirirdim.
Xaçaturun və digərlərinin gözlərində
mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren
(uşaqlıq dostum) mənə dedi: "Biz vəhşi
deyilik, lakin soyuqqanlı olmalıyıq. Türk
cəlladların əlində qətlə yetirilən ermənilərin
ruhları sakitləşib, şad olmalıdı". Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin
ruhlarına dua oxuduq və dünən
gördüyümüz, törətdiyimiz vəhşiliklərə
görə Allahdan bizi bağışlamasını istədik.
Digər tərəfdən biz Xocalını 30
minlik pislikdən azad etməyə müvəffəq olduq.
Surenin evində olarkən arvadı bizə "Cermuk"
süzdü və Suren dedi: "Ermənilər doğma
torpaqlarını azad edib, böyük Ermənistan
yaratmağa borcludurlar. Göylər bizdən tələb edir
ki, biz əcdadlarımız qarşısında öz
vicdanımızı təmizləyək" (Zori Balayan,
"Ruhumuzun dirilməsi" kitabından (1996-cı il,. səh. 260-262).
Xocalı
hadisəsindən sonra Avropaya insan orqanlarının
satılması prosesinin sürətlənməsi diqqətdən
yayınmadı... Aparılan araşdırmalardan məlum olub
ki, bu donor orqanları Xocalı soyqırımında
əsir və itkin düşən azərbaycanlılara məxsus
olub... (Almaniya, Duysburqda nəşr olunan "Blick" qəzeti
(1997-ci il). "... Erməni
həkimləri Qərbi Avropaya donor orqanları və qan
daşınması əməliyyatında iştirakdan
yazırlar. Daşınan məhsul Köln
və Ştutqartdakı tibb müəssisələrinə gətirilirmiş.
Təsadüfi yoxlama zamanı donor
orqanlarından bəzilərinin sənədlərinin yerində
olmaması polis tərəfindən araşdırma
aparılmasına səbəb oldu. Yarımillik
araşdırmalardan sonra polis Marvel Qalstyan adlı erməni həkimin
izinə düşür. Bu həkim
Tuluzdakı hərbi hospitalda işləyirmiş. Eyni zamanda bu işdə əli olan Fransaya qanunsuz
miqrasiya olunmuş Sarkis Mnatskanov (o da həkimdir), Prokor Berqer
kimi ermənilər müəyyənləşdirilir. Məlum olub ki, əksər hallarda donor orqanlar Ermənistandan
Almaniyaya birbaşa daşınırmış. Əsas daşınan orqanlar böyrək, qız
böyrəkləri, onurğa beyni, ciyər və donor
qanı olmuşdu. Tam məsuliyyətlə demək olar
ki, daşınan bu orqanlar erməni əsirliyində olan
türklərdən götürülüb...".
Bu haqda
amerikalı tədqiqatçı-jurnalist Tomas Qolts "Ötən
əsrin qanlı mənzərəsi" (2001-ci il) kitabında göstərib. Kitabda Bakıda
erməni əsirliyindən Qırmızı Xaç Komitəsi
tərəfindən azad edilmiş Kəlbəcərdən
olan mayor Səlim Həsənovun (o, 1993-cü ilin sonunda əsir
düşüb, 2000-ci ildə azad olunub) müsahibəsi dərc
olunub: "Bir çox mənimlə əsirlikdə
olanların (əsasən də gənclərin) onurğa
beyinləri götürülərək
öldürülmüşlər. Bəziləri
isə bir neçə gün keçəndən sonra kameraya
qaytarılanda bir gözlə və ya hər iki gözü
çıxarılmış formada gətirildilər. Mənimlə eyni kamerada olan 5 qoca və 18 gənc
qalmışdı ki, onların da yaşı 35-i
keçmişdi".
Dünya mətbuatı erməni vəhşiliyindən
yazıb.
Fransalı jurnalist Jan-İv Yunet: "Biz Xocalı faciəsinin
şahidi olduq, həlak olmuş yüzlərcə dinc sakinin,
eləcə də Xocalını müdafiə edənlərin
cəsədlərini gördük... Bu, dəhşətli
mənzərə idi. Mən müharibələr,
alman faşistləri haqqında çox eşitmişdim.
Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə
yetirən ermənilər faşistləri də geridə
qoymuşdular..."
Rusiyanın
"İzvestiya" qəzetinin müxbiri V.Belıx:
"Ağdama vaxtaşırı cəsədlər gətirilir.
Ermənilər həlak olmuş bu insanların
cəsədlərinin müqabilində qarşı tərəfdən
diri adamları girov götürürlər. Gecənin
qaranlığında bu insanların
çıxarılmış gözlərini, kəsilmiş
qulaqlarını, dərisi soyulmuş, bədəndən
ayrılmış başlarını görəndə adam dəhşətə gəlir. Bir neçə
cəsədi kəndirlə bir-birinə bağlayıb zirehli
transportyora qoşaraq sürümüşdülər..."
"Sandi tayms" qəzetinin müxbiri: "Erməni əsgərlər yüzlərcə azərbaycanlıya divan tutmuşlar... Ermənilər bu insanlara fasiləsiz atəş açır, sonra onları süngülərlə dəlik-deşik edir, bıçaqla doğrayırdılar. Bir oğlanın qulağı kəsilmişdi..." "Vaşinqton post"un müxbiri: "Cəsədlər arasında 2 uşaq və 3 qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdı. Ağdam hospitalına gətirilmiş 120 qadının çoxunda süngü yarası vardı..." Parisdə çıxan "Le Monde" qəzetinin müxbiri: ".. 3 nəfərin başının dərisi soyulmuş, barmaqları kəsilmişdi..." Londonda çıxan "Tayms" qəzetinin müxbiri: "Gördüyümüz adamların çoxu eybəcər hala salınmış, balaca qızcığazın isə yalnız başı qalmışdı..." Rusiyanın "Memorial" hüquq müdafiə mərkəzi: "Ermənilər hətta ölüləri də təhqir edirdilər. Bir azərbaycanlının diri-diri başının dərisi soyulmuşdu..."
Cavid
Xalq Cəbhəsi.-
2015.- 25 fevral.- S.13.