“Xocalı qətliamında Ermənistanın
indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib”
Elman Məmmədov:
“Hesab edirəm ki, günahsız insanların qanına əli
batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi
qarşısında cavab verəcəklər”
“Bilirsiniz ki, tarix boyu Azərbaycan xalqına düşmən
mövqedə dayanan və zaman-zaman əlinə keçən
fürsətlərdən yararlanan qüvvələr xalqımıza
qarşı qətliamlar, qırğınlar törədiblər. Bu məsələdə
mənfur ermənilər daha «fəal» olublar. 23 il öncə Xocalı
soyqırımının törədilməsi ilə ermənilər
həm də bəşəriyyətin tarixinə qara ləkə
vurublar. Düşünürəm ki,
Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr
heç vaxt unudulmayacaq”. Bunu Xocalıdan
olan millət vəkili Elman Məmmədov deyib. Onun
sözlərinə görə, bu faciə hər bir
xocalılının, hər bir azərbaycanlının
qanına, canına ağrı ilə hopub: “ Mən
bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər
olan dövrün hər bir anını yaşamışam. Hər dəfə müxtəlif istiqamətlərdə
cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan
çıxarkən gəldiyimiz dağlara baxıram və həmin
vaxt baş verən müdhiş anları yenidən
xatırlayıram. Bu elə bir dəhşətli
zərbədir ki, gündən-günə insana daha
ağır təsir edir.
XX əsrdə Xocalı üç dəfə -
1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən
yandırılıb. Xocalı bu hadisələr başlayana qədər,
yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə
həmin vaxt təqribən üç minə qədər insan
yaşayırdı. Ermənilər tərəfindən
Xocalının işğalının çox ciddi səbəbləri
vardı. Əvvəla, Xocalının yerləşdiyi
coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata
keçirilməsində onlara çox gərəkli idi.
Bakıdan qərb istiqamətində gedəndə
Xocalıya qədər Ağdamdır. Ağdamdan
şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir.
Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən
Əsgəran ərazisidir. Əsgəran
zolağı boyunca erməni kəndləri yerləşir ki,
məkrli düşmənlərimiz burada azərbaycanlılar
qarşısında cəbhə xətti
yaratmışdılar. Xocalıdan 10
kilometr qərbə isə Xankəndi şəhəridir və
Xocalının ətrafı yenə də erməni kəndləridir.
Həmin ərazidə elə bir azərbaycanlı
yaşayış məskəni yox idi ki, erməni kəndlərini
keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin
əhatəsində idi. Bizə ən
yaxın olanı isə Şuşanun Malıbəyli və
Quşçular kəndləri idi. Xocalı
ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində
ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və
ora getmək üçün yenə də ən azı iki
erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında
yerləşirdi. Düşmən
Ağdama hücum etmək istəyərkən arxada olan
Xocalı özünümüdafiə dəstələrindən
qorxurdu. Xocalı
Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun
üstündə idi. Dağlıq
Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi.
Üstəlik, Bakıdan Xankəndiyə gedən
dəmir yolu da Xocalıdan keçirdi. Biz
Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq
ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana
avtomobillə 40 kilometrdən çox məsafə qət etmək
tələb olunurdu. Xocalı bu strateji
mövqeyinə görə düşmənin əsas hədəflərindən
birinə çevrilmişdi. Ona görə
də, bu şəhəri işğal etmək ermənilərin
başlıca məqsədlərindən biriydi”.
Millət
vəkili əlavə edib ki, mühasirədə olmasına
baxmayaraq, Xocalı düşmənə lazımi müqavimət
göstərə bilirdi: “ Amma vəziyyət
getdikcə gərginləşirdi, ermənilər
hücumlarını artırırdılar. Bunun
müqabilində isə o zamankı hakimiyyət bizə
kömək göstərmirdi. Vəziyyətin
nə qədər gərgin olması haqda rəhbərliyə
dəfələrlə məlumat verməyimizə baxmayaraq,
kömək göstərilmirdi. Yalnız vədlər
verirdilər. Xocalı faciəsi də məhz belə
bir zamanda baş verdi.
Onu deyim ki, ermənilərin hücumundan əvvəl,
fevralın 25-i axşam şəhər toplardan və
ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə,
fevralın 26-ı səhər saat 5 radələrində
Xocalı tam alova büründü. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı birləşmələri SSRİ dövründə
Xankəndi şəhərində yerləşdirilmiş
366-cı motoatıcı alayının zirehli texnikası və
hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini
işğal edib. Belə bir vəziyyətdə,
erməni əhatəsində olan şəhərdə
qalmış təqribən 2500 nəfər əhali
yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə
Xocalını tərk etməyə məcbur olublar. Şəhəri yerlə-yeksan edən erməni
silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri
dinc əhaliyə divan tutublar.
Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə
yetirilib. Qətlə yetirilənlərin 106 nəfəri
qadın, 83 nəfəri isə azyaşlı uşaqdır.
56 nəfər xüsusi amansızlıq və qəddarlıqla
qətlə yetirilib. Qanlı faciə zamanı 1000 nəfərdən
çox şəhər sakini yaralanıb, şikəst edilib,
1275 nəfər isə girov götürülüb.
Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən
vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin
əsl mahiyyətini, iç üzünü
bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş
ən ağır cinayətlər sırasındadır.
Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə
təkcə Azərbaycan xalqına deyil, bütün
insanlığa, bəşəriyyətə qarşı
yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin Xatın,
Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri
ilə bir sırada dayanır”.
Elman Məmmədov
bildirib ki, Xocalı qətliamında Ermənistanın indiki
prezidenti Serj Sarkisyan birbaşa iştirak edib: “Sarkisyanın
beynəlxalq səviyyədə hərbi cinayətkar kimi
tanınması məqsədilə petisiya üçün 100
min imza verildi. Əlbəttə, bu çox vacib
məsələdir. Xocalı
soyqırımında birbaşa iştirakını Sarkisyan
açıq şəkildə etiraf edib. Qarabağda
günahsız tökülən qanlarda Ermənistanın indiki
prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj
Sarkisyanın dünyada hərbi cinayətkar kimi
tanınması üçün petisiyaya 100 min imzanın
verilməsi çox əhəmiyyətlidir. Hətta
imza verənlər arazında əcnəbilər, ermənilər
də var.
Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur,
dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq
dairələr işğalçı Ermənistanı himayə
edir. Belə bir vəziyyətdə petisiya
üçün 100 min imzanın toplanmasına baxmayaraq,
Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar
elan edilməsinə maneələr ola bilər.
Amma bütün hallarda belə bir kamaniyaının
böyük əhəmiyyəti var. Çünki insanlar
Sarkisyanın kim olduğu daha yaxşı,
aydın şəkildə biləcəklər. Hesab
edirəm ki, günahsız insanların qanına əli batan
Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi
qarşısında cavab verəcəklər”.
Onun
fikrincə, son illər Xocalı soyqırımının
dünyada tanıdılması istiqamətində sistemli
iş aparılır: “Bilirsiniz ki, Milli Məclis 1994-cü il
fevralın 24-də "Xocalı soyqırımı
günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə
səbəbləri, günahkarlar təfsilatı ilə
açıqlanıb. Azərbaycan dövləti
Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən
9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən
qəbul edilən "Soyqırımının
qarşısının alınması və ona görə cəza"
haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə
Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda
üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini,
Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin
"Xocalı soyqırımı günü haqqında"
Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü
il tarixli qərarını, Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycanlıların soyqırımı
haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini
əldə əsas tutur.
Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq
tədbirlərdə Ermənistanın
işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq
tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə
danışılmasın. Ölkə
başçısının rəhbərliyi ilə həyata
keçirilən ardıcıl tədbirlər nəticəsində
bu gün bir sıra Avropa ölkələri Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya
ictimaiyyətinə tanıdılması, Ermənistanın
havadarlarının dəstəyi ilə həyata
keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq
miqyasda ifşası istiqamətində xeyli iş
görülüb, xarici dillərdə kitablar, sənədlər
dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda
gündəmə gətirilib. Dövlət
başçısı, xüsusilə, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz
və diaspor təşkilatlarımız qarşısında
vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının
hər biri Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması işinə
öz töhfəsini verir.
Bu işdə Heydər Əliyev Fondunun və Fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü
işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət"
kampaniyası xüsusi qeyd edilməlidir. Bu
gün dünyanın bir çox ölkəsi və
ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını
rəsmən tanıyır. Gün gələcək,
dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın
haqq səsi bütün cahana yayılacaq. Onun
üçün biz avropalı, amerikalı ilə onlaın
öz dilində, qəbul etdikləri formada danışaraq bu
faciəni, soyqırımı tanıtmalıyıq”.
Millət
vəkili həmçinin əlavə edib ki, Dağlıq
Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi
problemidir: “Bu gün ölkəmiz hərtərəfli şəkildə
inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü
nəticəsində torpaqlarımızın 20 faizinin
işğal olunması inkişafımızın daha da
sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi
bütövlüyünün təmin olunması
üçün bütün imkanlarını səfərbər
edib və hazırda münaqişənin həlli
üçün danışıqlar aparılır.
Son vaxtlar cəbhə bölgəsində gərginliyin
artması münaqişənin həllini daha da zəruri edir. Ermənilər
təxribatlar törədərək problemin həllini
uzatmağa çalışırlar.
Prezident İlham Əliyevin rəhbərliyilə
yürüdülən xarici siyasətdə Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi prioritet yer tutur. Məhz dövlət
başçısının elan etdiyi hücum diplomatiyası
sayəsində bu istiqamətdə ciddi nəticələr əldə
olunub...
Həmsədrlərin hərəsi isə bir dövləti
təmsil edir.
Bu dövlətlərin də strateji maraqları
var. Həmin dövlətlərin nümayəndələri
özbaşına deyil ki? Onların vaxtaşırı
bəyanat verərək, “irəliləyiş var, bu il
qızıl ildir” və s. demələri dünya ictimaiyyətini
aldatmaqdır. Çünki onları 1 milyondan
çox məcburi köçkünün hansı vəziyyətdə
yaşaması, bu insanların öz doğma torpaqlarına
qayıtmaq istəyi deyil, münaqişənin həllində
vasitəçi kimi əldə etdikləri titulları, səfir
vəzifəsi, yaxşı maaşları və xarici ölkələri
gəzmələri maraqlandırır. Həmsədrlər
bu imtiyazları əldən verməmək üçün
yalan məlumatlar yaymaqla məşğuldurlar...”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 26 fevral.- S6.