Həkim müalicə edir, təbiət isə sağaldır…

 

Xoşbəxtlik - insan ruhunun rahat olması və sevinməsi deməkdir

 

Xoşbəxtlik nə deməkdir? Müxtəlif mütəfəkkir və filosoflar bu suallara müxtəlif cavablar verirlər. Biri deyir: “Səadət - Vətənə qulluq etməkdir” başqası: “Xoşbəxtlik uğurlu ailə qurmaqdır» və yaxud «xoşbəxtlik maraqlı peşəyə sahib olmaqdır» və s. Xoşbəxtlik və yaxud bəxtsizlik haqqında saysız-hesabsız başqa fıkirlər də mövcuddur. Bütün insanlar müxtəlifdir və bir adamı ruhlandıran şeylər başqa bir adama maraqsız görünə bilər. Buna baxmayaraq, dünyanın bütün xoşbəxt insanları bir ümumi cəhətə malikdir: adətən onlar gülür, təbəssüm göstərir və xoş əhval-ruhiyyədə olurlar. Orta əsr ərəb yazıçısı Əbu Osman Əl-Cahiz (775-869) yazırdı: “Uşaq doğulduqdan dərhal sonra əldə etdiyi ilk fayda gülüşdür. Gülən zaman o özünü yaxşı hiss edir... Gülüş sağlamlığı möhkəmləndirir, qüvvət və səadətin mənbəyi olan qanın miqdarını artırır...” Beləiklə, xoşbəxtlik insan ruhunun son dərəcədə rahat olması və sevinməsi deməkdir. Deməli, insan nə qədər çox sevinirsə, özünü bir o qədər xoşbəxt hiss edir.

Əhvalımızın yaxşı olması üçün nə tələb olunur? Bizi əhatə edən mühitin gözəl, daxili dünyamızın isə ahəngdar olması vacibdir. Gözəl şəhər və təbiət mənzərəsini seyr etmək, səliqəli və təmiz evdə yaşamaq insanın əhvalına müsbət təsir göstərir. Ondan başqa insanın psixoloji vəziyyəti onun zahiri görünüşü, geyimi, saç düzümü və istifadə etdiyi ətirlərlə birbaşa bağlıdır. Geyimdəki səliqəsizlik və zahiri görünüşünə laqeyd münasibət insanın özünə hörmət etmədiyindən, bəzən isə onda əsəb və ruhi xəstəliklərin olmasından xəbər verir. Depressiya keçirən insanlar adətən öz zahiri görünüşünə fıkir vermirlər. Onlar öz daxili dünyasına qapanır və beləliklə, iş yerinə saçını daramamış, üzünü yumamış və səliqəsiz geyinmiş halda gələ bilərlər. Bu təhər qeyri-sağlam psixoloji duruma autizm deyirlər. Əksinə, şən və gümrah insanlar adətən öz zahiri görünüşünün qayğısına qalır və ətrafdakı insanlara xoş təəssürat bağışlamağa çalışırlar.

Digər tərəfdən, insanın zahiri görünüşü onun əhval-ruhiyyəsinə təsir göstərir. Bir qayda olaraq, gözəl və səliqəli paltar geyinmiş insan, pis geyinmiş insana nisbətən özünü daha qüvvətli və arxayın hiss edir. Bunları saç düzümünə və parfümeriyaya da aid etmək olar: gözəl saç düzümü, keyfiyyətli losyon və ətirlər insanı arxayın, şən və gümrah edir. Öz cazibədarlığından xəbərdar olan insan özünün kifır olmasını dərk edən insana nisbətən daha şən və xoşbəxt olur. Ona görə də xoşbəxtlik və daxili rahatlıq axtaran hər bir insan həm bədəninin, həm də ruhunun təmiz və gözəl olmasına çalışmalıdır.

Mənəvi gözəllik və daxili dünyanın ahəngdarlığı da yaxşı əhval-ruhiyyənin yaranmasında vacib rol oynayır. Səmimilik, mehribanlıq və məhəbbət insan ruhunu gözəlləşdirir. Əksinə, qəzəb, paxıllıq, yalan onu korlayır və çirkin edir. "Xeyirxah flkir, xeyirxah söz, xeyirxah əməl!" - qədim azərbaycanlıların “Avesta”da (e.ə. I minillik) öz əksini tapmış mənəvi kodeksi bundan ibarət olub. Gözəllik təkcə zahiri və daxili cazibədarlıq deyil, eləcə də sağlamlıqdır. Ən qədim zamanlardan bəri azərbaycanlılar müxtəlif xəstəlikləri ətirli maddələrlə (çiçəklər, ədviyyələr, ənbər, müşk, sürmə, tutiyə, həna, vəsmə və başqa kosmetik vasitələrlə) müalicə edirdilər. Bu maddələr profilaktik məqsədlərlə də geniş istifadə olunurdu.

Məhz buna görə də orta əsr bərbərləri həkimlik vəzifəsini də yerinə yetirirdilər. Hamamlar eyni vaxtda gözəllik salonu və klinika vəzifələrini yerinə yetirirdilər. XI əsrin məşhur «Qabusnamə» kitabında deyilir ki: “Memarlar binalar ucaltmağa başladıqları vaxtdan bu günə kimi hamamdan gözəl şey yaratmamışdılar».

Azərbaycan hamamlarında mövcud olan xidmətlərin arasında çimməkdən əlavə ətirli yağları istifadə etməklə masaj da vardı. Bunun üçün hamamlarda bir neçə masajçı çalışırdı. Masaj fiziki və psixoloji yorğunluğu aradan qaldırır və qan dövranını yaxşılaşdırırdı. Ondan başqa bəzi ətirli yağlardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunurdu. Məsələn, kəklikotu yağı revmatizmə qarşı, həna ilə sarımsaq yağı isə herpesə qarşı istifadə edilirdi. Hamamlarda insanların saçını kəsən, onlara həna, vəsmə və başqa təbii boyalar qoyan bərbərlər çalışırdı.

Çiməndən və massaj aldıqdan sonra insanlar xüsusi otaqda dincələ bilərdilər. Burada onlara ətirli bitkilərlə (nanə, kəklikotu, qaraqınıx, qızılgül ləçəkləri, hil, mixək və s.) dəmlənmiş çay təklif olunurdu. Bundan başqa, insanlar şirniyyat, isti xörəklər və qəlyan da sifariş edə bilərdilər. Şərq hamamında qalmaq insana o qədər böyük ləzzət verirdi ki, bəzi adamlar burada bütün gününü keçirir və yatırdılar. Bir qayda olaraq, insanlar hamadan daha gözəl, sağlam, güclü və enerjili çıxırdılar.

Orta əsr Azərbaycan hamamları memarlıq cəhətdən da çox gözəldir. Adətən hamamın tağları, gümbəzləri və gözəl darvazası olurdu. Hamamın içində bir neçə otaq və hovuz yerləşirdi. İndiyə kimi Bakıda bir sıra orta əsr hamamları qalmaqdadır: Hacı Qayıb hamamı (XVI əsr), Qasımbəy hamamı (XVII əsr) və s. Orta əsrlərdə hamamlar bir gün kişi hamamı, növbəti gün isə qadın hamamı kimi fəaliyyət göstərirdi.

İnsanın zahiri görünüşü onun peşə karyerasında müstəsna rol oynaya bilər. Rəhbər işçilərə, həmkarlara, müştərilərə gözəl təəssürat bağışlamaq qabiliyyəti hər bir işdə uğur gətirə bilər. Məsələn, “Qabusnamə” (XI əsr) kitabında deyilir: “Həkim həmişə təmiz, səliqəli olmalı, yaxşı geyinməli, gözəl ətirlərdən istifadə etməli, nəzakətli olmalıdır ki, görünüşü və rəftarı ilə xəstəyə müsbət təsürat bağışlasın, onda tezliklə sağalacağına inam yaratsın”.

İnsanın ən mənfi cəhətlərindən biri səliqəsizlikdir. Qədim türk misalında deyilir: «Kasıblıq Allahdandır, çirkinlik - insanın özündən». Ona görə də səliqə və təmizlik sağlamlığın şərtləri olmaqla yanaşı, həm də insanın öz peşəsi sahəsində uğur qazanması üçün də vacib zəmindir.

Orta əsr Azərbaycan lətifəsinə əsasən, bir gün Molla Nəsrəddin (Şərq folklorunun komik personajı) öz dostunun təşkil etdiyi yeyib-içmək məclisinə təşrif buyurur. Yüzlərlə qonaq dəvət olunmuşdu və hamısı da baha və gözəl paltar geyinmişdi. Təkcə Molla Nəsrəddin çox nimdaş bir görkəmdə idi. Nökərlər ona fikir vermədilər, yemək-içmək təklif etmədilər. Molla Nəsrəddin heç nə yeməmiş və içməmiş, məclisi qəzəbli halda tərk etdi. Növbəti dəfə o, çox bahalı və səliqəli paltarda gəldi. Nökərlər dərhal ona yaxınlaşaraq şərbət, qızardılmış ət və ətirli plov gətirdilər. Molla bir ovuc düyünü götürüb xələtinin qoluna tökdü. «Ağa, sən nə edirsən- deyə nökərlər təəccüblə soruşdular. «Siz bu plovu mənimçün deyil, paltarımçun gətirmisiniz. Qoy o yesin- deyə Molla cavab verdi…

Bununla yanaşı, hər bir peşə sahibi özünəməxsus tərzdə geyinirdi. Məsələn, müasir təsəvvürlərə görə, iş adamının xarici görünüşü həddindən artıq dəbdəbəli və rəngarəng olmamalıdır. Səliqə, təvazökarlıq, təmizlik və zövq iş adamına məxsus əsas meyarlardır və təkcə geyimə deyil, eləcə də parfümeriyaya aiddir. Orta əsr Azərbaycan tacirləri də çox səliqəli, lakin nisbətən təvazökar təsir bağışlayan paltarlar geyinirdi. Onların geyimləri zadəganlarm paltarları kimi dəbdəbəli və rəngarəng deyildi. İnsanın geyimi onun yaşından da asılıdır. XI əsr müəllifı yazır: “Cavan insanlar çox rəngarəng və şux paltarlar geyinə bilər, yaşlı insanlar isə daha təvazökar geyinməlidirlər”.

Qədim romalılar haqlı olaraq deyirdilər: «Həkim müalicə edir, təbiət iə sağaldır». İnsan təbiətin ayrılmaz hissəsidir. İnsanlar, heyvanlar, bitki və minerallar eyni təbiət ünsürlərindən ibarətdirlər. Ona görə də insan orqanizmi təbii dərmanları və kosmetik vasitələri süni kimyəvi preparatlara nisbətən daha asanlıqla qəbul edir və mənimsəyir. Hələ 700 il bundan qabaq Azərbaycan mütəfəkkirləri insanın təbiətlə sıx əlaqədə olmasını qeyd edirdilər. Məsələn, Mahmud Şəbüstəri (1287-1320) sübut edirdi ki, insanlar, bitkilər, heyvanlar və minerallar eyni mənbədən yaranıb.

Cənubi Azərbaycanın Marağa şəhərində rəsədxananın və elmi mərkəzin banisi Nəsrəddin Tusi də (1201-1274) qeyd edirdi ki, insanın heyvanat, nəbatat və mineral aləmi ilə sıx əlaqəsi var. Keçmişdə yaşamış dahi mütəfəkkirlərin bu parlaq ideyaları bugünkü elmi-texniki tərəqqi dövründə daha da böyük əhəmiyyət kəsb edir. Təbiətdən tamamilə təcrid olmaq, çoxmərtəbəli binalar, asfalt, metal, avtomobil, süni qida əlavələri, qeyri-təbii yeməklər, kimyəvi kosmetika və dərmanlar dünyasında yaşamaq insan üçün olduqca təhlükəlidir.

Son onilliklərdə bir çox Qərb ölkələrində «təbiətə qayıdış» tendensiyası sezilməkdədir. Ekoloji cəhətdən təmiz təbii kosmetika və bitkilərdən hazırlanmış dərman preparatları getdikcə daha da populyarlaşır. Şəhərlərin bir çox yerlərində park və bağlar salınır və insanlar uşaqlarma təbiətə məhəbbət hissi aşılamağa çalışırlar. Çünki yalnız təbii şəraitdə boya-başa çatan insan özünün zehni və fiziki sağlamlığını qoruya bilər. Hazırda bəzi həkimlər hipoterapiya adlanan yeni müalicə üsulundan istifadə edirlər. Bu üsula əsasən, nevrozlardan əziyyət çəkən insanlar heyvanlara baxmaq, onlarla oynamaq, hətta onları sığallamaqla müalicə olunur.

Orta əsr Şərq həkimləri insanın təbiətlə ünsiyyətdə olmasına böyük əhəmiyyət verirdilər. Fiziki və psixoloji yorğunluğu aradan qaldırmaq üçün bağda gəzişmək, ot və çiçəkləri qoxulamaq məsləhət görülürdü. Bundan başqa, xəstəyə quşların cəh-cəhinə, fəvvarə və yaxud bulaq suyunun şırıltısına qulaq asmaq, gözəl mənzərələri seyr etmək tövsiyyə edilirdi. Adətən baş ağrısından əziyyət çəkən orta əsr zadəganları gül bağçalarına üz tuturdular. Onlar ərik ağacının kölgəsində, qızılgül, yasəmən və bənövşə çiçəklərinin yanında əyləşib onların gözəl qoxusundan zövq alırdılar.

 

Fərid Ələkbərli,

tarix elmləri doktoru

Xalq Cəbhəsi.- 2015.- 27 fevral.- S14.