Tolerantlığın əsas məkanı – Azərbaycan

 

“Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanınır”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanda dini etiqad azadlığı ilə bərabər insan hüquq və azadlıqlarının müdafiəsi, azad sözün, müstəqil mətbuatın, demokratik dəyərlərin inkişafına xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyevin son 11 ildə həyata keçirdiyi siyasi strategiyanın prioritetindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması və multikulturalizmin inkişafıdır. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Təsadüfi deyildir ki, bu gün Azərbaycan multikulturalizmin, tolerantlığın əsas məkanlarından biri kimi tanınır. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzinə çevrilib. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatı ilə elmi cəhətdən əsaslandırılıb.

 

Qeyd edək ki, Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar.

Ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan millətlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsi Azərbaycana gələn bütün qonaqları valeh edib. Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu verib. Qeyd edək ki, Allah evi Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov tərəfindən bərpa edilib. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryamın Miladı baş kilsəsi bərpa olunub.

Polşalı keşiş Yerji Pilyusun səyləri nəticəsində qeydiyyatdan keçən respublikanın katolik icması da qayğıdan kənarda qalmayıb. İlk iclaslar dindarların mənzillərində keçirilirdi, 2000-ci ildə isə bu məqsədlər üçün bina alınıb və o kiçik kilsəyə çevrilib. Katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir, ibadətlər bazar və dini bayram günləri yerinə yetirilir.

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabının hazırlanmasına başlanıb. 1990-cı ildən respublikada "Azərbaycan-İsrail" dostluq cəmiyyəti, habelə "Soxnut" cəmiyyəti fəaliyyət göstərir.

Azərbaycanda islam şiə-imami, sünni-hənəfi və şafii məzhəbləri ilə də təmsil olunub. Azərbaycan yeganə müsəlman ölkəsidir ki , burada islam məzhəblərarası ziddiyyətləri nəzərəçarpacaq halda olmayıb. Azərbaycanda şiə, sünni etiqadlı müsəlmanlar xoş , mehriban, qardaşlıq şəraitində yaşayırlar. Xüsusilə, Məhərrəmlik ayında Azərbaycanda sünnilər şiələrlə bərabər məclislər quraraq, öz məzhəb tolerantlıqlarını göstərirlər. İslam Peyğəmbərinin doğum günündə məzhəblərarası mühitin sağlam olması daha çox diqqəti cəlb edir.

Heç vaxt Azərbaycanda mövcud olmayan Beynəlxalq Krişna Şüuru cəmiyyəti artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, burada yəhudi və islam inanclı insanlar bir-biri ilə doğma, mehriban şəkildə yaşayırlar. Azərbaycan insanı başqa irqdən , dindən olanlara qarşı açıqdır. İrqi, dini diskriminasiya bu xalqın psixolologiyasına yaddır.

 

Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması var. 2010-cu ildə Bakıda səfərdə olan bütün ermənilərin katolikosu II Qaregin və onu müşayiət edənlərin erməni kilsəsinə baş çəkmələri bir daha Azərbaycanda işğalçı millətə xas olan abidələrə belə toxunulmadığın göstəricisidir. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunub. Ölkədə, xüsusilə, Bakıda müsəlmanların və digər dindən olan şəxslərin bir qismi İsa Peyğəmbərin doğum günündə kilsəni hörmət məqsədi ilə ziyarət edirlər. Bu onu göstərir ki, Azərbaycanda insanlıq amili, qardaşlıq amili hər şeyin fövqündədir. Azərbaycanda xristianlara qarşı heç bir diskriminasiya yoxdur. Əksinə münasibətlər olduqca yaxşı, xoşagələndir. Bunun səbəblərindən biri də SSRİ dövründə kosmopolit ideologiyanın təsirləri ilə bağlıdır. Belə ki, ümumi sovet vətəndaşı olaraq adlandırılan respublikaların əhalisi dini və irqi diskriminasiyaya yol verməməyə çalıışırdılar. Sovet dövründə sosialist respublikaların əhalisi digər respublikanın əhalisindən olan şəxslərlə ailə münasibəti qururdular. Belə ki, hələ Azərbaycan SSR-də əhalisi müsəlman olan vətəndaşlarımızın digər respublikalardan, əsasən, xristian qızlarla nigaha girdiklərinə dair çoxsaylı faktlar vardır. Bu da öz növbəsində Azərbaycanda xristianlara qarşı münasibətin yumşaq olmasına təsir edən amillərdən biri olmuşdur.

 

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış bərabər hüquq və sərbəst fəaliyyət dünya birliyi və ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiya rəsmilərinin də diqqətindən yayınmayıb.

ABŞ Konqresinin “Rol Call” qəzeti bu məsələ barəsində araşdırma apararkən Azərbaycanda bütün dinlərin nümayəndələrinin heç bir maneə olmadan fəaliyyət göstərməsini yüksək dəyərləndirərək yazır: “Azərbaycan öz dini rəngarəngliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Hətta, əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. Məzhəblərarası nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanda bütün dini konfessiyalar qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər”.

Avropa Yəhudilər Parlamentinin (AYP) sədr müavini Tomer Orni: "Azərbaycana səfər edib film çəkərkən burada hər iki xalq arasında qarşılıqlı hörmət olduğunu gördüm. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri bir-birilərinin bayramlarını qeyd edirlər. Azərbaycanda icmalararası münasibətlər çox yüksək səviyyədədir. Gəldiyim qənaət isə budur ki, Azərbaycandan çox şeyləri öyrənmək olar".

Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazi: "Doğrudan bir daha əmin oldum ki, Azərbaycan tolerant bir ölkədir. Ölkənizin ən ucqar bölgəsində xristianlığa aid belə bir tarixi abidənin qorunub saxlanması tarixə verdiyiniz əvəzsiz qiymətdir və buna görə sizlərə minnətdaram".

Böyük Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən seçilmiş millət vəkili, Yerli Özünüidarə və Biznes Komitəsinin üzvü Bob Bləkman: "Öz milli və dini tolerantlığı ilə ad çıxarmayan Cənubi Qafqaz ölkələri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Çünki bu ölkə bütün dini etiqadları və etnik azlıqları təşviq edir. Suriya, Yaxın Şərq və Şimali Afrikada radikal İslamın baş qaldırdığı, Misirdə isə xristianların təzyiq altında olduğu bir zamanda yaşayırıq. Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradılıb".

Ölkəmizdəki mövcud tolerantlığı qiymətləndirən Moskva və bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir". Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır".

 

Belə faktlar istənilən qədərdir. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkədə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir.

Bir sözlə, tarixi reallıq və ənənələri nəzərə almaqla, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını, tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının bir sabitlik adasına çevirə bilib. Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilib. Dünya meridianlarında ölkəmiz sivilizasiyalararası toqquşma deyil, əksinə onların harmoniyada və əməkdaşlıqda olduqları bir coğrafi məkan kimi tanınmaqdadır.

 

Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrıseçkilik ucbatından haqsızlığa məruz qalsa da, özünün ali milli keyfiyyətlərinin tərkib hissəsi olan tolerantlıq, dözümlülük, multikultralizm kimi yüksək dəyərlərinidaim yaşatmış, bu xüsusiyyətlərini itirməmişdir. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələrin nüfuzlu ictimai, siyasi, elm xadimləri, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri, əldə etdiyimiz böyük nailiyyətləri, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və bu sahədəki zəngin təcrübəni öyrənmək, yaymaq, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq nümayiş etdirmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər. Bu, bizim üçün böyük şərəfdir.

 

Cavid ŞAHVERDİYEV

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Xalq Cəbhəsi.- 2015.- 27 fevral.- S.11.