“Mən şərəfli yolu
seçdim...”
Vaqif Abışov: “O illəri itirilmiş
illər kimi yox, şərəfli bir yol, tarixə
yazılmış, Azərbaycan xalqı üçün
lazım olan bir dövr kimi qiymətləndirirəm”
İllərdir onu tanıyıram və hörmət edirəm. Bu hörmət tək onun insani keyfiyyətlərindən yaranmayıb, həm də Vətəni, Dövləti, Milləti, Xalqı təmənnasız sevgisindən və bu sevginin bir qolunun da bu millətin əsrlərdir yaşadığı soyqırımı həqiqətlərini bir tarixçi alim kimi tədqiq etməsindən, heç yorulmadan həmin həqiqətlərin Rusiyanın, Türkiyənin arxivlərindən araşdıraraq bu günə qədər yazdıqları və yazacaqları kitablarda, elmi məqalələrdə vicdanla qələmə almasından yaranıb. O, yenə də Vətəndən uzaqda-Moskvada elmi araşdırmalarla bağlı ezamiyyətdədir. Söhbət fevralın 27-də-bu gün 60 yaşı tamam olan tarixçi alim, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi Vaqif Abışovdan gedir. Vaqif bəylə yubley ərəfəsində görüşdüm və bu dəfə onun həyat yolunu birgə vərəqlədik.
-Vaqif bəy, başlayaq sizin doğum tarixinizdən, uşaqlığınızdan, gəncliyinizdən... Harada anadan olmusunuz?
- 1955-ci il fevralın 27-də İmişli şəhərində anadan olmuşam və orta məktəbi də orada bitirmişəm. 1973-cü ildən də rayondan çıxmışam. İndiki BDU olan ADU-ya sənədlərimi verdim. Müsabiqədən keçmədim və sovet ordusu tərkibində hərbi xidmətə getdim. O vaxt Almaniya Demokratik Pespublikasında 2 il hərbi xidmətdə olmuşam. 1975-ci il may ayında hərbi xidmətdən qayıtdım və bir həftə İmişlidə ailəmin yanında qalıb Bakıya gəldim. 1975-ci ildə 7 ay yarım indiki 20-ci sahədəki texniki peşə məktəbində avtonəqliyyat üzrə 4-cü dərəcəli avtonəqliyyat ustası adını aldım. Bir müddət Qaraçuxurda avto cilingər işləmişəm. 1975-ci ildə peşə məktəbində oxuyarkən keçmiş Lenin adına toxuculuq kombinatında əvvəlcə fəhlə, maşinist, sonra usta köməkçisi kimi müxtəlif vəzifələrdə çalışmışam. O vaxt ADU-nun nəzdində fəhlə fakültələri açılmışdı. Kombinatdan göndərişlə universtetin fəhlə fakültəsinə göndərildim və müsabiqə yolu ilə daxil oldum. Dövlət fəhlələrə qayğı göstərərək onlara pulsuz təhsilini davam etdirmək üçün şərait yaratmışdı və onlara təqaüt də verilirdi. Buranı oxuyub bitirdikdən sonra yenidən imtahan verib bu və ya digər ixtisaslara qəbul olunmaq mümkün idi. Demək istəyirəm ki, o vaxt universtetə girmək çox çətin idi. Sayılıb-seçilən ali məktəb idi ki, universitet statusu vardı. Digərləri pedaqoji sayılırdı. Ora girmək hər adamın işi deyildi.
-Tarix fakültəsi isə universitetin nüfuzlu fakültələrindən hesab olunurdu.
- Ən çətin və rəqabət çox olan fakültə idi. İmtahanı 5-6 müəllim götürürdü və çəkdiyin biletdən əlava suallar verilirdi. Bir neçə gündən sonra nəticələrin elanını ali məktəbin xüsusi lövhəciyində yerləçdiridilər. Yadımdadırr, ADU-nun indiki əsas korpusuna gəldim. Elə ki, adımı universitetə daxil olanlar sırasında gördüm Elmlər Akademiyası metrosuna qədər necə getdiyimi bilmədim. Bu hadisə 1980-ci ildə olub. O vaxt bu çox böyük bir hadisə idi ki, öz gücünə ADU-ya daxil olmusan. Fəhlə fakültəsindən gəldiyim üçün artıq müəllimlər məni tanıyırdılar. Onu da qeyd edim ki, fəhlə fakültəsində tarixçilər, hüquqşünaslar, kitabxanaçılar, jurnalistlər, filoloqlar birlikdə oxuyurduq. Sonra ixtisas bölgüsündən imtahan verib ayrıldıq. Yəni demək istəyirəm ki, çox mehriban kollektiv vardı və bugün də çoxu ilə görüşürük. Yenidən 1981-ci ildə imtahan verərək tarix fakültəsinə daxil oldum. Artıq 2-ci kursdan məni tarix fakültəsinin partiya təşkilat katibinin mavini seçdilər. Oxuya-oxuya həm də bu işi aparırdım. Baxmayaraq ki, təqaüd alırdım, ancaq yaşamaq üçün yetərli deyildi. Buna gərə də axşamlar 158 saylı məktəbdə mühafizəçi işləyirdim.
-Ailədə neçə uşaq olmusunuz?
-3 qardaş 1 baci olmuşuq. Mən ailənin sonbeşiyi olmuşam.İmişlidə ata həyəti var. O həyətdə mənim qardaşımın uşaqları yaşayır. Qardaşım Rafiqin oğlu 1994-cü ilin yanvarında Ermənistanın hərbi təcavüzü ilə bağlı Fizuli rayonunda gedən döyüşlərdə itkin düşdü.
-Universiteti
neçənci ildə bitirmisiniz?
-1986-cı ildə.
-Həmin
vaxt tarix fakültəsində sonrakı proseslər
üçün-1988 –ci ildən başlayan hadisələr-
hansısa işlər görülürdümü? Və yaxud müzakirələr
aparılırdımı?
-Açığını
deyim ki, bizim fakültədə bu proseslər haqqında kimsə
danışmırdı. Bəlkə də bu
fakültənin siyasi bir fakültə olmasıyla bağlıydı.
-Vaqif bəy,
mən ADU-nu 1985-ci ildə bitirmişəm. Jurnalistika
fakültəsində oxuduğum müddətdə müəllimlərim
Qulu Xəlilov, Şirməmməd Hüseynov, Tofiq Rüstəmovdan
elə söhbətlər eşitmişəm ki, fikirləşmişəm
bunlar qorxmurlarmı auditoriyada mövcud sistemin əleyhinə
danışırlar? O vaxt rəhmətlik Qulu Xəlilov
Əbülfəz Elçibəy haqqında danışıb
bizlərə. Sanki prosesləri , ona gedilən
yolu görürdü. O, açıq-aşkar bu rejimə
qarşı səsini qaldırmışdı. Elə
çılpaqlığı ilə danışırdı
ki... Yəni baxmayaraq ki, proseslərin başlanmasına 3 il vaxt vardı, ancaq bu abu-hava jurnalistika
fakültəsində yaşanırdı.
-Tarix
fakültəsi bu proseslərdən tamamilə təcrid
olunmuş vəziyyətdə idi. Bu da sistemin
özündən irəli gəlirdi. Çünki
fakültəni qurtaranların bir çoxu partiya işlərində
irəli çəkilirdilər. Həm də ola bilsin ki, tarix fakültəsi daha qapalı
olub, nəzarət daha güclü olub deyə, müəllimlərdən
belə açıq danışan yox idi.
Rüşvərtsiz
40 saat dərs...
-Universiteti
bitirdiniz və təyinat aldınız...
-Mən
universteti bitirən vaxt İmişlidə təyinatıma
uyğun yer olmadı. Vətənpərvərlik
hissi o qədər güclü idi ki, mənim
üçün hansı bölgədə işləməyin
fərqi yoxuydu. Düşünmürdüm ki, adam tapım İmişliyə qayıdım və
ya Bakıda qalım. Dedim üç il
gedib təyinatım üzrə çalışaram sonra
qayıdaram. Fikirim vardı ki, universitetə
qayıdım. Təyinatım verilən
vaxt Laçında və Lənkəranda boş yerlər
oldu. Onu da deyim ki, orta məktəbdə
oxuyanda Lənkərana pioner düşərgəsinə
getmişdim. O yerlər çox xoşuma gəlmisdi. Ona görə də Lənkəranı seçdim.
Kimsəni tanımırdım, el-obadan kənar
düşmüşdüm. Orada iki təhsil
şöbəsi vardı- biri rayon, digəri şəhər
təhsil şöbəsi idi. Təyinatımı
rayon təhsil şöbəsinə vermişdilər. Orada məsləhət verdilər ki, imkan varsa təyinatını
şəhərə dəyiş. Yəni
şəhərdə 3 saylı məktəbdə yer
vardı. Oradan Bakıya- Təhsil Nazirliyinə
gəldim. Dedim ki, şəhərdə filan məktəbdə
yer var. İmkan varsa məni ora dəyişin. Dedilər
yaxşı. O vaxt pul söhbəti yoxuydu,
rahatçılıq idi. Beləcə 3
saylı məktəbdə işləməyə
başladım. Mənə 40 saat dərs
verdilər. Məktəbin direktoru
İsrafil müəllim yaxşı insan idi. Dedi nə
ehtiyacın var kömək edəcəm. Kirayədə
qaldığım evdə stol, stul belə
yox idi. Məktəbdən direktor verdi ki, hələlik
alınca istifadə eləyim. Bu minvalla orada tədrisə
başladım. Hətta bir müddət
1986-1987-ci illərdə dərs dediyim sinifdə muzey də
yaratmışdım. Dedim kimin küncdə-bucaqda
sınmış qabı, bıçağı, köhnə
tüfəngi, qədim qəlp pulları var, gətirin tarix
muzeyinə. Tüfəng, xəncəl, mis qablar o zaman bunlara
baxan kim idi. Əməlli-başlI
muzey düzəltdim. Elə ki, 1988-ci il
hadisələri başladı, 1990-cı ildə də
İranla sərhəd açıldı mis qablar, pullar, qədim
əşyalar İrana daşınınırdı. Yaxşı ki, vaxtında mən bunları
yığmışdım. Heç kimə
də vermədim.
2000-ci ildə Bakıya gələndə bildim ki, bunları
dağıdacaqlar. Lənkərada keçmiş xan evi
vardı. Oranı təmir edərək
muzey yaratmışdılar. Getdim ora
direktorla danışdım, işçilərin
götürüb məktəbə gətirdim. Akt tərtib etdim ki, hansı inventarları verirəm.
Hər birimiz həmin akta imza atdıq. O
aktın surətini indiyə kimi özümdə
saxlayıram.
Şuşaya
ərzaq aparmaq lazımdır
-1987-ci ildə ziyalılarla bir klub
yaratmısınız. Klubu yaratmaqda məqsəd nə olub?
-Məqsəd Azərbaycanın milli musiqisini təbliğ
etmək, rəssamlıq məktəblərində rəssamlıq
işlərini göstərmək, əski əlifbanı
öyrənmək üçün fars-ərəb dillərini
bilmək idi.
Orada rəssamlar məktəbi vardı və biz
onun otağında yığışırdıq. Etiraf edim ki, o vaxt siyasi söhbətlər belə
ciddi getmirdi. 1988-ci il yanvarın 26-da
başlayan proses məni özünə çəkdi. İlkin mitinqlər başlayanda kənarda da dayana
bilərdim. Orada məni kim
tanıyırdı? Oturub dərsimi deyə,
proseslərə qarışmaya da bilərdim. Ancaq elə bil məni nəsə arxadan itələyirdi.
Sən hökmən gedib qoşulmalısan,
ziyalı kimi sözünü deməlisən. Başqa rayonları deyə bilmərəm, ancaq o
vaxt Lənkəranda proseslərin önündə
aparıcı ziyalılar olub. Buna görə
orada nizam-intizam, qayda-qanun vardı. Hər
hansi bir dağıntıya, toqquşmaya imkan verilmirdi. Xalq Hərəkatı getdikcə öz məcrasından
çıxır, daha geniş dairəni əhatə edir, hadisələr
daha da qızışırdı. Ermənistandan 1988-ci il yanvarın 26-dan başlayaraq
soydaşlarımız qaçqın olaraq gəlməyə
başladılar. Bir qismi də Xocalı və
Şuşada yerləşdirilmişdi. 1988-ci il noyabırında mitinq keçirilirdi. Mitinqdə çıxış edən də
ziyalılar idi. Onda yerli hakimiyyət, təhsil
şöbəsi bizə maneələr yaradırdılar və
deyirdilər ki, müəllimlər mitinqlərdə
iştirak edə bilməzlər, yoxsa işdən
çıxardarıq, həbs etdirərək. Dəfələrlə belə təzyiqlər olurdu.
Lakin artıq vəziyyət elə idi ki,
xalqı meydanlarda başsız qoymaq ağlımızdan belə
keçmirdi. Çünki Vətənin, Xalqın
ağır günləriydi...
Mitinqdə bildirildi ki, Şuşaya ərzaq aparmaq lazımdır. Yəni böyül yük maşınında ərzaq və 2000 rubl Şuşaya çatdırılmalıydı. Ərzaqla yüklənmiş maşın gecə çıxmalıydı. Açığı deyimki, çox qorxulu idi. Bilmirdin getdiyin yollarda səni nələr gözləyir. Dedim mən gedirəm. Biri əhsən dedi, biri təriflədi. O zaman ailə həyatı təzə qurmuşdum. Evə gəlib xanımıma dedim ki, axşam gedəcəm. Gecə 2000 rubl pul, maşın dolu ərzaq, bir nəfər də köməkçilə Lənkərandan çıxdıqr. Səhərə yaxın saat 6-da Ağdamın girişinə çatdıq. Orada rus hərbiçiləri post qurmuşdular. Bizi sorğu-sual elədilər. Onlara gəlişimizin məqsədini anlatdıq və bildirdik ki, Ağdam royonunun birinci katibiylə görüşüb yolumuza davam eləməliyik. Raykomin həyətində bizi ağdamlı uşaqlar qarşıladı. Sanki əzizləri gəlmişdi. Bizi apardılar yemək yedik, vəziyyəti müzakirə elədik. Qayıtdıq raykomun binasına. Raykomun birinci katibi dedi ki, qorxuludur, hər an nəsə ola bilər. Ancaq bildirdim ki, getməliyik. Bizə bir nəfər milis işçisi verdilər ki, mühafizəmizi təmin eləsin. Əsgəran postuna gəlib çatdıq . Postda duran rus əsgərləri Şuşaya getməyiməzə mane olsalar da onlarla da dil tapa bildik. Ancaq qarşıdakı təhlükədən xəbərimiz yox idi. Xankəndinin kənarıyla Şuşaya gedən yoldakı postda saxlamadan maşını sürməyi tapşırdım. Deməyəsən postu keçəndə maşının kənarı posta toxunub, hərbiçilər də fit çalıblar eşitməmişik. Maşınımızı saxladılar ki, qanunu pozmusunuz və əmrə tabe olmamısınız. Bildirdilər ki, bizimlə hərbi hissəyə getməlisiniz. Mayor rus idi və ona dedim ki, apardığımız ərzaqlar xarab olacaq, istəyirsiniz açıb baxın. Nəsə ağılına batdı. Ermənilər də maşının ətrafını əhatəyə almışdılar. Ancaq rus hərbiçiləri orda olduğuna görə girişə bilmirdilər. Hadisələrin daha qabarıq vaxtında olsaydı bəlkə də tikəmiz ələ gəlməzdi. Mayor dedi ki, yaxşı maşın getsin, ancaq sən bizimlə gəlməlisən. Mən 2000 rublu verdim sürücüyə və tapşırdım ki, əgər mən gəlməsəm verərsən üçüncü katib işləyən Ruhangiz xanıma. Mən əyləşdim bunların maşınına, arxamızca da bizi mühafizə edən milis gəldi. Biz Xankəndinin içindən keçdik və hərbi hissəyə çatdıq. Məni çıxartdılar yuxarı. Milis də arxamca gəlirdi. Saldılar otağa və danışdırmağa başladılar. Dedim bura mənim öz torpağımdır, Ermənistandan soydaşlarımız qovulub onlara ərzaq yardımı aparırıq. Burada nə var? Bir günah o olub ki, fit səsin eşitməmişik və maşını saxlamamışıq. Yenə də başladılar ki, qanunu pozmuşuq, erməni-azərbaycanlı bir-birini qırır və s. Orada milis həqiqətən kömək etdi və dedi ki olub-olub da ölüm-itim yoxdu burada. Nə varsa xərcini ödəyək, ancaq biz gedib apardığımız yardımı təhvil verməliyik. Bizi buraxdılar. Milis maşına oturan kimi sürətlə sürməyə başladı. Hər an bizi ermənilər öldürə bilrərdi. Şuşa qapısının qabağına çatanda gördüm hərbiçilər maşını dayandırıblar. Maşındakı ərzaqı töküb baxırdılar ki, birdən silah olar. Gəldim hərbiçiyə başa saldım ki, məni Xankəndiyə aparıb danışdırdılar. Niyə tökmüsünüz yerə, burada nə var. Uzun danışıqdan sonra hərbiçilər kömək etdi. Yenidən ərzaq maşına yığıldı və Şuşanın içinə girdik . Pulu sürücü cibindən çıxarıb mənə verəndə tez hərbiçilərdən biri gəldi. Çıxardıb dedim ki, puldur, yardım pulu. Onu da bildirim ki, hərbiçilər Xankəndində xəbərdarlıq elədi ki, günortaya kimi vaxt vermişik siz qayıtmalısınız. Burda isə maşının boşaldılması, yenidən ərzağın yığılması vaxt itkisi demək idi. Getdik Şuşa rayon katibliyinin binasına. Üçüncü katib vəzifəsində işləyən Ruhangiz xanımla görüşdüm və nələr gətirdiyimizi bildirdim. Onun göstərişindən sonra ərzağı aparıb anbara boşaltdıq. Yenə də ildırım sürətiylə geri döndük, gəlib Ağdama çatdıq. Həmin günün səhəri Lənkərana yollandıq.
-Təyinatınızın vaxtı bitsə də, siz Lənkəranda qalıb işlədiniz.
-Bəli ya geri qayıtmalı, ya da işləməliydim . Ancaq hadisələr başlayanda mən hadisələrin nüvəsində olduğuim üçün orda qalmağa üstünlük verdim. Bəziləri xalq hərakatına qoşulmadı, karyeralarını düşündülər. Mən isə fərqli düşündüyüm üçün karyeranı fikirləşmirdim . 1986-cı ildən 2000-ci ilin yanvarın 9-na kimi Lənkəranda pedaqoji fəaliyyətlə məşğul oldum. 2000-ci ilin yanvarın 9-da rəhmətlik Əbülfəz Elçibəy məni beynəlxalq məsələlər üzrə köməkçi təyin etdi. Həmin vəzifədə qalmaqla aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasına işə düzəldim. O vaxt Milli Münasibətlər İnisitutu vardı. Oranın rektoru rəhmətlik Vaqif Arzumanlı idi. Sonra həmin institut Akademiyanın digər insitutları ilə birləşdi-sosial, fəlsəfə, hüquq, tarix ilə. Mən də tarixçi olduğum üçün 2003-cü ildə Tarix İnstitutunda öz işimi davam etdirdim. Bu günə kimi də Tarix İnİstitutunda aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru kimi elmi dərəcə ilə fəaliyyət göstərirəm.
-Vaqif bəy, bu qədər yol gəlmisiniz. Bəzən insan gəldiyi yola dönüb baxanda deyir ki, bunu bu cür etsəydim şəxsi həyatım ücün, kariyeram üçün daha yaxşı olardı. Siz gəldiyiniz yolun hansısa dönəmində fikirləşmisinizmi ki, kaş ki, bunu bu cür etməzdim. Məsələn, mənim biliyimə görə siz gec ailə qurmusunuz, eyni zamanda, namizədlik müdafiəniz gec olub. İndi də doktorluq müdafiəsi üzərində işləyirsiniz. Bildiyimə görə birinci oxunuşdan keçib.
- Mənim
elmə meyilim güclü olub. Fikirim var idi ki, 3
illik təyinatı bitirib qayıdım universtetə və bu
prosesi davam etdirim. 1986-cı ildə tarix
fakültəsinin dekanı Yaqub Mahmudov idi. İndi Akademiyanın Tarix İnistitutunun direktorudur.
Hətta onunla söhbətdə mənə
demişdi ki, sənin savadına bələdəm. Gedib təyinatını başa
çatdırdıqdan sonra tarix fakultəsinə gəlib fəaliyyətini
davam etdirə bilərsən. Açığı
sizə deyim ki, mənə bu sualı bir neçə dəfə
veriblər. Yəni bu hadisələrdən
kimi özünə kariyera qurdu, kimi istifadə etdi. Səmimi deyirəm ki, məndə bu fikir heç
vaxt olmayıb. 1988-ci ildən başlanan bu
hərəkatda iştirakımın şəxsi həyatıma
mənfi təsir göstərməsi, kariyera qura bilməməyim
və ya elmi işimi davam etdirə bilməməyimlə zərrə
qədər peşimançılıq yoxdur. Yəni söhbət nədən gedir? Şərəfli bir yoldan. Mən
deyirəm ki, o dövrdə bu hərəkatda ziyalılar
öndə getməliydi. Bu şərəfli
yolu seçdim. Mən o illəri
itirilmiş illər kimi yox, şərəfli bir yol, tarixə
yazılmış, Azərbaycan xalqı üçün
lazım olan bir dövr kimi qiymətləndirirəm. Heyfislənmirəm, çünki, gec də olsa istər
ailə, istərsə də elm baxımından öz
cığırımla addımlayıram.
-Neçə
uşağınız var?
-Üç
uşaq. İki oğlan, bir qız. Narazılığım yoxdur. Verən də, alan da Allahdır. Yəni ailəmdə
narahatçılıq yoxdur. Uşaqlar
baxmayaraq ki, kiçikdir. Biri 9-da ,
biri 8-də, biri də 4-cü sinifdə oxuyurlar. Oxumaqlarından narazılığım yoxdur. Bildiyiniz kimi böyük oğlum şahmatistdir.
Az- çox tanınır.
-Sizin sahənizi,
yolunuzu davam etdirəni var?
-Elə
yaşdadılar ki, 8-də oxuyan tarixə daha meyillidir. Ancaq yuxarı siniflərə qalxdıqca fikirlərini
dəyişə bilərlər. Çalışmışam
ki, düz istiqamət tutsunlar, düz yolda olsunlar.
- Sizin fəaliyyətinizə
bələd olduğum üçün deyirəm. Ailənizə zaman ayıra bilirsiniz? Bilirəm
ki, elmi işlər, pedaqoji fəaliyyət, ezamiyyətlər
və s. zamanınızı məhdudlaşdırır.
-Mən həmişə
deyirəm ki, o ailə xoşbəxtdir ki, orada kişi
ilə qadın bir-birini başa düşür, qiymətləndirir
və ailədə mehribançılıq var. Bu baxımdan mən
çox şanslıyam. Uzaq səfərlərə
ezamiyyətə gedirəm və ya mən hər gün evə
gec gedirəm. Ancaq evimin qapısı
üzümə narazıçılıqla
açılmır. Bu, mənə imkan verdi ki, elmi sahəyə
gec gəlməyimə , yaşımın
keçməsinə baxmayaraq sürətlə elmlər namizədi,
tarix üzrə fəlsəfə doktoru adını alım,
bir sıra kitabların müəllifi olum. Ailəmə,
uşaqlarıma qarşı hər zaman diqqətli olmuşam.
-
Yoldaşınız işləyir?
-Yox
işləmir. Bütün yük mənim
üzərimdədir.
-Bəzən
uşaqların maddi təlabatları, valideyindən
umacaqları çox olur. Valideyin onu
uşağa verə bilmədikdə müəyyən mənada
sıxıntılardan yorulur. Sizdə necədir?
-Akademiyada
əmək haqqı çox aşağıdır. O
sıxıntıları yaşasam da uşaqlar məni
başa düşəcək səviyyədə onlara
açıq demişəm ki, bax buna gücümüz
çatmır. Evdə də hamı başa
düşür ki, imkan bu qədərdir, güc buna
çatır. İndi mən baxıram nə
yaxşı ki, vaxtında bunları demişəm. Görürəm ki, məndən artıq nələrsə
tələb olunmur. Deyirlər ki, güc
çatırsa bunu alaq. Bu
uşağın sonrakı təhsili, tərbiyəsi, fəaliyyəti
üçün də önəmli məsələdir.
Tələb ilə təklif düz mütənasib
olmalıdır. 9-cu sinifdə oxuyan
oğlum Oğuz şahmat yarışından xaricə gedə
bilmədi. İmkan , vəsait
olmadı.
20 məqaləm
olmasa...
-Doktorluq
müdafiəsinə hazırlaşırsınız...
-Dissertasiya
işimdə mənim çalışdığdım
mövzu həmişə azərbaycanlılarım
soyqırım ilə bağlı olub. Elmi
işi götürəndə tarixşünaslığa meyl
etdim. Mövzu 1917-1920-ci illərdə
Şimali Azərbaycanda sovet hakimiyyətinin qurulmasının
tarixi idi. Hadisələrin, yazılan monaqrafiyların,
elmi tədqiqat əsərlərinin dərinliyinə getmək
üçün tarixşünaslıq mənə daha
yaxşı təsir bağışladı .
2015-ci il yanvarın 30-da birinci müzakirəni
keçirdik. Birinci müzakirə qəbul olunub
və artıq ikinci müzakirəyə hazırlıq
görürəm. Həm də monaqrafiyasını
hazırlayıram. Çətinlik
çoxdur. Ən çətini də
odurki, doktorluq işi yazmaq üçün müəyyən
prosedurlar, mərhələlər var ki, onları keçməlisən.
Ən ağır mərhələ də 20 məqalədir.
Demirəm məqalə yazmaq çətindir.
Sadəcə o məqalələri pulla çap
etdirməlisən. Ən azı
üçü xarici jurnalda çap olunmalıdır.
Bunun üçün də vəsait tələb olunur
-Bəs
bunu necə edəcəksiniz?
-
Açığı deyim ki, bu çox çətin,
çox ağırdır
-Bəs həmin
məqalələri çap etdirməsəniz müdafiə
edə bilməyəcəksiniz?
-Bəli.Tələb
belədir. Ən aşağı 20 məqalə
olmalıdır. Bir-iki jurnal var ki, Elmlər
Akademiyasının xəbərləri, Tarix İnstitutunun əsərlər
orda işıq üzü görür. Onlarda
çap olunmaq pulsuzdur, ancaq vaxt tələb edir. Həm növbədir, həm də məqalələrin
sayı çox olur. Gərək gözləyəsən.
Elə olur ki, ildə bir dəfə məqələn
çıxır.
-Bir məqalənin
xaricdə çap olunması neçəyə başa gəlir?
-Daxildə
bir səhifəsi 10 manatdır. Xaricdə bir az
bahadır. Ən azı 10 səhifəlik məqalən
olmalıdır.
-Deməli
bir məqalə əlli manatdır.
Bəli, əlli manatdır.
-Bəs
xaricdə qiymət neçəyədir?
-Xaricdə
daha bahadır. Mənim bir tarixçi dostum var.
Elmlər doktoru adını almaq üçün məqalə
problemi vardı. Məqaləsini Nyu Yorka
göndərmişdi. 1000 manata başa gəldi.
Mənim Rusiyada bir elmi jurnalda məqaləm
çap olundu. 200 dollardan çox xərcim
çıxdı. Yəni bu baxımdan
elmlər doktoru adı almaq çox çətindir. Çox təəssüf ki, bunlar sovet ittifaqı
dövründən qalma yanaşmalardır. Buna görə də elmlər doktoru adını
almağa çalışanlar çox azdır.
-Vaqif
müəllim xaricdə də ad almaq belə çətinidir?
-Keçmiş
sovet ölkələrində on beş
respublikadan demək olar ki, onunda bu prosedura var. Qalan heç bir
yerdə belə bir şey yoxdur. Keçmiş SSRİ
respublikalarından başqa heç bir ölkədə belə
bir qurum yoxdur ki, desin hökmən bu jurnallarda çap et, sonra müdafiə edə bilərsən. Orada elmi işi mütəxəssislərə verirlər.
Onlar da oxuyur, təhlil edirlər. Əgər layiq olarsa müdafiə edirsən. Elmi əsərini yazırsan, manaqrafiya
çıxır, təhlil edirlər. Layiqdirsə
o adı verirlər. Yəni bu çətinlik elmlər
doktoru adını almaq isəyənlərin qarşısını
alan səbəblərdən biridir. Müdafiə edib bu adı aldıqdan sonra da əmək
haqqı cüzi dəyişir. Halbuki bu zəhmətin
müqavilində verilən əmək haqqı heç nədir.
Düzdür, Azərbaycan tarixi, vətəni ,
milləti üçün bu lazımdlr. Azərbaycanda elmi ad alan nə qədər çox olsa, o qədər
yaxşıdır. Azərbaycanın elmi
potensialı artmalıdır.
- Allahdan
sizə pul arzulayaq ki, tezlilklə məqalələrinizi
çap etdirə biləsiniz.
-İnşallah. Bir neçə yerdə işləməklə
çalışırıq ki, öhdəsindən gələk.
Çünki insan getdiyi yoldan qayıtmaq istəmir.
Bu yol Azərbaycan üçün
lazımdır.
-Həm də
arzulayaq ki, ALlah Azərbaycan üçün lazım olan
bütün yolları həmişə açıq etsin. Sizin də altmış illiyinizi təbrik edirik.
Sizə can sağlığı, işləriniuzdə
uğurlar arzulayırıq.
-Təşəkkür edirəm.
Arzu Şirinova
Xalq Cəbhəsi.-
2015.- 27 fevral.- S7-8.