Qarabağ problemi və
“erməni məsələsi”
I yazı
Ermənistanın Azərbaycana qarşı təcavüzü
və işğalçılıq müharibəsinin tarixi
kökləri erməni tarixinin bəzi məsələlərini
nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq
siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və
daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi
ermənilər xəyanətkar niyyətlərini
reallaşdırmaq üçün bütün vasitələrdən
istifadə etmişlər. "Erməni məsələsi"nin də meydana gəlməsini təsadüfi
hesab etmək olmaz. Bu məsələni Ermənistan-Azərbaycan
münaqişəsi baxımından yenidən nəzərdən
keçirilməsinə ehtiyac vardır. Çünki
"Qarabağ məsələsinə" erməni məsələsinin
bir hissəsi kimi baxılmalıdır. "Erməni
məsələsi" isə Şərq məsələsinin
bir hissəsidir. XIX əsrin axırları
- XX əsrin əvvəllərində bu məsələyə
bir çox əsərlər həsr olunub. Tarixçi V.Qurko-Kryajinin 1926-cı ildə nəşr
edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi
də bu əsərlər sırasına aiddir. O, məqalənin
sonunda ümidvar olduğunu bildirərək yazırdı:
"…Erməni mühacirləri arasında ən
vicdanlıları özlərinin əvvəlki istiqamətlərini
dəyişir və keçmişdən əl çəkərək,
təqsirlərini boyunlarına alıb Vətənə
qayıdırlar. Sovet çevrilişindən
sonra Daşnaksutyun tam ölümə məhkumdur".
Lakin tarixçi aldanmışdı…
Buna görə də əvvəlcə həmin məqaləni
təqdim edirik. Sonrakı mərhələlərdə" erməni məsələsinə"
aid materialların ümumiləşdirilməsi, yeni fakt və
tarixi sənədlər əsasında təhlili nəzərdə
tutulur.
Erməni məsələsi - Şərq məsələsi
adlandırılan məsələnin bir hissəsidir və ona
iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət:
böyük dövlətlər Türkiyəni daha
asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma
qüvvələrini gücləndirməyə, beləliklə,
ölkəni zəiflətməyə
çalışırdılar. Daxili mahiyyət: öz
burjuaziyasının rəhbərliyi altında ermənilər
milli müqəddəratın müstəqil təyin edilməsi
uğrunda, elə siyasi-iqtisadi amillər əldə
olunması uğrunda mübarizə aparırdılar ki, bu
amillərin təsiri altında burjuaziya sərbəst
inkişaf edə bilsin.
Erməni məsələsinin zəmini hələ XVIII əsrdə,
Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə
rəhbərlik etməyə başlayanda yaranmışdı. Kiçik
Asiya Türkiyəsinin hər yerinə səpələnmiş
erməni xalqı öz arasından çox erkən ticarət
burjuaziyası yetişdirmişdi. Həmin
burjuaziya Türkiyənin iqtisadi həyatında böyük
rol oynayırdı - hökumətə, əyalət valilərinə
borc pul verərək mülkiyyət sahibi olurdu və s.
Eyni zamanda o, ruhanilər vasitəsilə erməni
xalqının bütün həyatına rəhbərlik
edirdi. Ruhanilər isə çox böyük təsir
gücünə malik idilər. Konstantinopolu fəth edəndən
(1453) sonra türklərin göstərişi ilə
yaradılmış teokraktik erməni icmasının
başında duran Konstantinopol patriarxı dövründə
Notabllar şurası (maliyyə aristokratiyasının
nümayəndələrindən ibarət) vardı, erməni
xalqının "rəhbəri" əslində bu şura
idi. Türkiyədə erməni
burjuaziyasının inkişafında onun əsasən Suriyada
və Livanda, eləcə də Amerikada yaşayan erməni
tacirləri ilə əlaqəsi və xarici kapitalın
axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının
(əsnafların) bir sıra silklərə bölünən
hədsiz dərəcədə çoxsaylı sinfi də
Türkiyənin kustar sənayesində yunanlarla birlikdə
üstün rol oynayırdı.
Buna
görə də tamamilə aydındır ki, Qərb
kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb
dövlətləri məhz erməni burjuaziyasında özlərinə
dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, həmin burjuaziyanın əsarət
altında, siyasi cəhətdən tabelik vəziyyətində
olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz
dərəcədə məhdudlaşdırırdı - bu səbəbdən
də o, Türkiyənin natural təsərrüfatının
və daxili qapalılığının
dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri
müdafiə edirdi. Qərb kapitalı Türkiyənin
hakim sinfi ilə çox sıx bağlı olan iri erməni
maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri
üçün əvvəlcə ruhanilərdən (erməni-katolik
və erməni-protestant qurumdan) istifadə etməyə cəhd
göstərirdi; bu cəhdlər gözlənilən nəticəni
verməyəndə Qərbin ticarət kapitalı orta ticarət
burjuaziyasından özünün iqtisadi vasitəçisi
kimi istifadə etmək qərarına gəldi: onun köməyi
bu burjuaziyanın güclənməsinə səbəb oldu və
milli hərəkatın inkişafına təkan verdi.
Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki
ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə "erməni
liberalizmi"nin mərkəzlərinə çevrilmiş
(Rusiya liberal hərəkatının bilavasitə təsiri altında)
bu şəhərlərdə nəinki ruslar, eləcə də
Türkiyə erməniləri arasında mətbuat vasitəsilə
və şifahi yolla "milli özünüdərkin
oyanması" və hətta döyüşkən millətçilik
təbliğatı aparılırdı.
Orta erməni
burjuyaziyasının özünütəsdiqə doğru ilk
addımları, təbiidir ki, ruhanilərin
hökmranlığının məhdudlaşdırılmasına
doğru yönəldildi: o, şəhər sənətkarlarına
arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol
patriarxatını dünyəviləşdirmək uğrunda
mübarizəyə başladı. Bu mübarizə müvəfəqqiyyətlə
nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində
yaradılmış "erməni nümayəndəliyi"
adlı təşkilatda ruhanilər və maliyyə
burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə
həmin nümayəndəlik baxırdı. Əvvəllər
kəndli kütlələri bu milli hərəkatdan kənarda
qalırdı…
Genişlənən antoqonizmin ikinci səbəbi ondan
ibarət idi ki, ermənilərin şəhər
burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə
münasibətdə Türkiyə şəraitində
yırtıcı, əsas etibarilə sələmçi
xarakter daşıyan kapitalın nümayəndəsi kimi
çıxış edirdi. Beləliklə,
sırf iqtisadi zəmində kəskinləşən erməni
məsələsi "böyük dövlətlərin"
- Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi
nəticəsində daha da mürəkkəbləşdi.
Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu
və Dardaneli zəbt etmək səyi "xristianları
müsəlman Türkiyəsinin zülmündən xilas etmək
uğrunda mübarizə" şüraları ilə pərdələnirdi;
milli-siyasi müqəddəratı müstəqil təyin etmək
məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə
ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti
nəinki özü Rusiya istiqamətini götürdü,
üstəlik, Türkiyə Ermənistanı erməniləri
arasında həmin istiqamətdə təşviqat aparmağa
başladı. Bu mövqe Türkiyə hökumətinin erməni
burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi,
halbuki 1877-ci il müharibəsinədək
hökumət erməni burjuaziyasını nəinki təqib
eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin
böyük dövlət vəzifələri tutmalarına
şərait yaradırdı. Türkiyə ilə sülh
şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin
Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviçə məktub
göndərməsi və patriarx Nerses başda olmaqla
Türkiyə ermənilərinin rəsmi müraciət etməsi
- onların Rusiyadan kömək istəməsi bu münasibətləri
daha da kəskinləşdirdi. Rusiya həmin
müraciətdən istifadə edərək San-Stefaniya ilkin
sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu
paraqrafa görə Türkiyə erməni vilayətlərində
dərhal lazımi islahatlar keçirməli idi, həmin
iş görülənədək rus qoşunları Asiya
Türkiyəsində işğal etdikləri torpaqları
öz əllərində saxlamaqda davam edirdilər.
Çar Rusiyasının "özlərini onun himayədarlığına
vermiş ermənilərin yaşadığı dağlıq
ərazilərə möhkəm qədəm basmaq" cəhdi
Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə
tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə
göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin
Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə
nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində
lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq
edirdi, lakin həmin islahatların keçirilməsi üzərində
nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin
iştirakçısı olan altı böyük dövlətdən
ibarət "birliyə" verirdi.
Berlin Konqresinin qərarları erməni
burjuaziyasının rəhbər dairələrində milli
erməni dövlətinin yaradılması uğrunda
mübarizədə kömək göstəriləcəyinə
ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən
deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal
ermənilərə "dənizdən dənizədək"
(Qara dənizdən Aralıq dənizinədək)
"Böyük Ermənistan" boyun olmuş İngiltərə
diplomatiyası tərəfindən möhkəm
qızışdırılırdı. Lakin
istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid
edilməsi ilə nəticələndi - onların beynəlxalq
vəziyyəti mənasında. Onlar
Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə
yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın
Şərq siyasətində ermənilərdən istifadə
etməyə imkan verməsin. İngiltərənin
Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər
lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini
Türkiyə ilə gizli müqavilə həll etmişdi.
Müqaviləyə əsasən İngiltərə Türkiyəni
Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr
adasını aldı…
Böyük dövlətlərdən kömək almaq
üçün ümidini itirən erməni burjuaziyası
silahlı mübarizəyə keçdi. Rusiya
Zaqafqaziyasında məskən salan millətçi Qnçak
və Daşnaksütyun partiyaları yaradıldı və
onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar
göndərdilər, üsyançı dəstələri təşkil
etdilər. Bu dəstələrin
çıxışlarından məqsəd real
döyüş qələbələri deyildi (Türkiyə
hökuməti ilə mübarizədə qalib gəlmək
üçün ermənilərin qüvvəsi
açıq-aydın çatışmırdı), daha
çox böyük dövlətlərin diqqətini Ermənistan
hadisələrinə cəlb etməyə
çalışırdılar ki, onlar müdaxiləyə və
Berlin traktatının 61-ci maddəsində göstərilən
öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar
- Türkiyə də, Qərbi Avropa dövlətləri də
həmin maddəni eyni dərəcədə unutmuşdular.
Göstərilən partiyaların xaricdəki komitələri
Qərbi Avropada bu istiqamətdə güclü iş
aparırdılar. 1890-cı illərin
axırlarına yaxın Qnçaq meydandan çıxdı və
ermənilərin yeganə rəhbər siyasi təşkilatı
Daşnaksutyun oldu.
Təbiidir
ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha
da kəskinləşdirdi... Misiri işğal edəndən
sonra ingilislərin Nil vadisinin işğalını
leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə
müqavilə bağlamaq niyyəti boşa çıxan
İngiltərə erməniləri "yadına
saldı" və onlardan Sultanı hədələmək
üçün istifadə etməyə cəhd göstərdi….
Cavid
Xalq Cəbhəsi.-
2015.- 28 fevral.- S.13.