Zaman dönə, bircə görəm üzünü

 

Səhəndin “Araz” poeması

 

1934-cü ildə Sərab şəhərində anadan olmuş Bəxtiyar Nüsrət qoşma formasında şeir yazanların ön cərgədə gedənlərindən sayılır. Onun Süleyman Rüstəmə məktub adı ilə yazdığı “Qardaş həsrəti” şeiri qoşma formasının tələblərinə cavab verir. Sadəcə olaraq şeirin sonrakı bəndlərinin son misraları birinci bəndin son misrası ilə qafiyələnmir. Bu da sözsüz, şeirin ümumi ahənginə qətiyyən xələl gətirmir:

 

Mən uzaqdan eşidirəm sözünü,

Alqış deyib, həm öpürəm gözünü,

Zaman dönə, bircə görəm üzünü,

Araz çayın qılınclayıb keçəydim,

Güllərindən dəstə tutub biçəydim.

 

Fələk vurdu, bizi yaman ayırdı,

Yurdumuza tülkü yuva qayırdı,

Boş, yiyəsiz qalan evlər bayırdı,

Kövşənimi qara duman bürüyüb,

Qürbət eldə şirin canlar çürüyüb.

 

Düşmənlərin, qardaş, sönsün çırağı,

Düşüb sınsın qan içdiyi çanağı,

Xan Bakıdan mən alaydım sorağı,

Gəzə-gəzə dolanaydım diyarın,

Qışın, yayın, həm payızın, baharın.

 

Qoy söz açım bağlı qalan dillərdən,

Öz soyuna həsrət qalan ellərdən,

Bağ-bağatın kökün qazan sellərdən,

Ay biz əkən zəmiləri biçdilər,

Mey yerinə al qanımızı içdilər.

 

Hamıya məlumdur ki, istər Şəhriyar, istər Səhənd, istər Sönməz və bir çox 1950-1980-ci illərdə ədəbi fəaliyyət göstərmiş şairlər öz sələfləri kimi hər iki dildə olduqca mükəmməl biliyə malik idilər və hər iki dildə olduqca dəyərli cəvahirlər meydana gətirirdilər.

Əlbəttə, biz onların yalnız türk dilində meydana gətirdikləri əsərləri təhlil eləyirik, fars dilində qələmə aldıqlarını süzgəcdən keçirmirik. Söz yox ki, türk dilində olan nümunələrin arasında da fars dilindən tərcümələr var. Lakin fərqi yoxdur, bunlar onsuz da türk dilindədir, biz də onları türk dilində yazılmış nümunələr kimi təhlil edirik. Lakin təhlil zamanı da sosializm ideologiyası zamanında olduğu kimi keçmişimizin, irfan ədəbiyyatımızın üstündən qara xətt çəkməməliyik. Bunu da bir çoxları bilir ki, sovetlər dönəmində tədqiqatçılar irfan ədəbiyyatını çürümüş ədəbiyyat adlandırırdılar və bununla da Azərbaycanın minillik poeziyasının üstündən dərin bir qara xətt çəkirdilər. Bu da yüzlərlə sənətkarımızı unutmağımıza səbəb oldu. Sosializm ideologiyasının ən dəhşətli cəhətlərindən biri də bu idi ki, o, bizə tariximizi də yanlış anladırdı və biz öz milli mənsubiyyətimizi də bilmirdik. Lakin məhz Şəhriyar kimi sənətkarlar bizə öz dəsti-xəttləri ilə bizə irfan ədəbiyyatının nə olduğunu anladırdı və biz bununla şeirimizin təkcə Lenini, Marksı, Kommunist Partiyasını, komsomolu tərifləməkdən ibarət deyil, əsl həyat həqiqətlərindən bəhs etdiyini başa düşürdük.

Səhənd “Sazımın sözü” poemasında xalq yaradıcılığı ənənələrinin bir neçə formasından istifadə edib. Poemanın bir çox bəndləri qoşma xarakterlidir. Yəni hər bənd on bir hecadan və dörd misradan ibarətdir:

 

Gecənin qoynunda vüqarlı dağlar,

Sanki əbədi bir yuxuya batmış.

Dərələr, təpələr, meşələr, bağlar

Dünyanın xeyrini, şərini atmış.

 

Lakin şair əsərin bəzi hissələrini “gəraylı” formasına yaxın şəkildə qələmə alıb. Əsər bilavasitə poema olduğu üçün şair onu bəzən dördlükdən ibarət bəndlərə bölməyib. Kompozisiyanın tələb etdiyi nöqteyi-nəzərindən sıralayıb:

 

Dişi aslan, qoç igidlər,

Qulluğunuza söyləyim mən.

Bu ellərin,obaların,

Ataların, babaların,

Gəldiyindən, keçdiyindən,

Haqq badəsin içdiyindən.

 

Səhəndin həm “qoşma”, həm də “gəraylı” formalarına uyğun formalar seçməyində səbəblər var. Təcrübəli, eyni zamanda xalq şeirinə dərindən bələd olan şair, qoşma ilə gəraylının çox oxşar cəhətlərini, sadəcə olaraq hecaların sayında olan fərqi çox yaxşı bilirdi. Şair poemanın böyüklüyündən asılı olmayaraq, seçdiyi formaların bir-biri ilə gözəl harmoniya təşkil edəcəyini anladığı üçün belə bir yol, üslub seçmişdi. Düzdür, şair bəzən poemaların bir çoxunda şairlərin istifadə etdiyi sərbəst vəzndən də istifadə edir. Lakin bu əsərin ümumi gedişinə nəinki xələl gətirmir, əksinə, onu bir qədər də oxunaqlı, təsirli edir. Şair bəzi misraları sərbəst vəzndə qələmə alarkən ritm qətiyyən pozulmur, əksinə daha da ahəngdar olur:

 

Niyə şivən qoparıbsan,

Ağlayırsız? Nə xəbərdir?

Nə olubdur?-

Deyə gəlir Dəli Domrul

Qazlıq atın cilovunu

Çəkib durur.

- Görkəmli bir igidimiz,

Ölüb bu gün, ağlamağa

Səbəb odur!

-Deyin görüm, o igidi

Kim öldürdü?-deyə Domrul

Yenə sorur.

 

Göründüyü kimi, ahəngdarlıq tamamilə itmir. Əsərə qapılarkən bu hissələrin də heca vəznində yazıldığını güman edirsən, yalnız təhlil zamanı onların sərbəst vəzndə yazıldığını başa düşürsən. Səbəb isə yuxarıda qeyd olunduğu kimi şairin həm xalq şeirinin incəliklərini, həm də müasir poeziya üsullarını mükəmməl bilməsi idi.

Səhənd şeirinin müvəffəqiyyətini təmin edən cəhətlərdən biri də şairin yerində işlətdiyi poetik formalardır. Səhənd onu məşğul edən, düşündürən, nifrət və məhəbbətinə, kədər və sevincinə səbəb olan məsələləri həmişə əlverişli poetik formalarla verməyə çalışıb, bu sahədəki axtarışını heç vaxt dayandırmayıb. Folklora və klassik ədəbiyyata münasibətdə ən doğru mövqe tutan, ənənənin rolunu çox düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən şair istər şifahi xalq şeirinin, istərsə də klassik poeziyanın poetik formalarına həmişə həssaslıqla yanaşıb, bunlardan çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, məsnəvi, üçlük, dördlük (mürəbbe), səkkizlik (müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad və sairə formaları poeziyasında işlədib:

 

Qarğış zəmanənin qanunlarına,

Qarğış ürəkləri ayıranlara,

Qarğış insanları qəfəsə salıb,

“Bəşər hüququndan” dəm vuranlara.

 

Göründüyü kimi, bu şeir qoşma formasındadır. Lakin burda şair ənənəni saxlamaqla bərabər canlı, həyati lövhə çəkir, eyni zamanda şeirin emossionallığını gücləndirmək üçün olduqca böyük əhəmiyyətə malik olan bədii təkrirlərdən istifadə edir. Burda “qarğış” sözünün üç dəfə təkrar edilməsi müəllifin nifrət və qəzəbinin daha güclü səslənməsinə imkan yaradır.

Səhəndin xalq poeziyasına vurğunluğu onun bütün yaradıcılığına sirayət edib. Şairin “Araz” poeması başdan-başa bayatı formasındadır. Lakin Səhənd poemanın bütün bəndlərini bədii oxşatmalarla, təşbehlərlə, mübaliğələrlə, təzadlar, bədii təyinlər və sairə kimi bədii təsvir vasitələri ilə xeyli zənginləşdirib, bununla da şairanə təfəkkürünün obrazlılığını, şeirin gözəlliyini, xislətini, zərifliyini olduqca orijinal bir şəkildə nümayiş etdirib. Anasının qardaşının beşiyi başında oxuduğu laylasından:

 

“Arazı ayırdılar,

Qum ilən doyurdular,

Mən səndən ayrılmazdım,

Zülmünən ayırdılar”

 

- bayatısını eşidən Səhənd ömrü boyu qəlbində sağalmaz bir iz buraxan vətənin iki yerə parçalanmasına məhz “Araz” poemasında dərin fəlsəfi məna verərək növbəti dəfə orijinal sənətkarlıq cəhətləri ilə oxucuların hüsn-rəğbətini qazanıb:

 

Mən Arazın adıylan

Çox zamandır tanışam.

Ən kiçik yaşlarımdan

Onu rəvanlamışam.

 

Qoca babam nə vaxt ki,

Boğazım ağrıyardı;

“Araz keçmişəm”- deyə,

Boğazımı sığardı.

 

Soruşardım – Ay baba,

Araz nədir, keçmisəm?

Nə kimi şeydir o ki,

Suyundan da içmisən?

 

Sualımdan babamın

Yaşarardı gözləri,

Üzünün çinlərində

Gizlənərdi kədəri.

 

Üzümə məyus-məyus

Baxıb deməzdi bir söz;

Görərdim ancaq onun

Olub tükləri biz-biz.

 

 “Araz” poeması poetexnikası etibarilə xalq şeirini xatırladır. Yuxarıda qeyd olunduğu kimi poema bayatı formasına yaxındır, lakin Səhəndin ədəbi-bədii düşüncə məharəti və mədəniyyəti, nəticə etibarilə poemanın formasının tarixi nizam və dolğunluğunu şərtləndirir.

Hamıya məlumdur ki, Səhəndin “Sazımın sözü” poeması onun şah əsəridir. Belə bir sual meydana çıxır, niyə Səhənd bu monumental poemaya məhz “Sazımın sözü” adını verib. Cavab isə çox sadədir. Bu ad Səhəndin ümumən poetik yaradıcılığının əsas mahiyyətini, ruhunu və mündəricəsini dəqiq ifadə edir. Doğrudan da şairin bütün yaradıcılığında sazının sözü filosof sənətkar təfəkkürü ilə dərki, yaşanması və poetik mənalandırılması son dərəcə səciyyəvidir. Bu ad şairin bütün lirik və epik əsərləri üçün xarakterikdir. Səhənd həyatın, ictimai varlığın pafosunu, əsas və aparıcı meyllərini duyan və ona əsərlərində tez əks-səda verən, həmişə poetik axtarışlarda olmağı xoşlayan, əsərlərində məna, ifadə və forma gözəlliyinə xüsusi diqqət verən, sözün həqiqi mənasında, sənətin, bədii yaradıcılığın əzablarından zövq alan poeziya mücahidlərindən biridir:

 

İnsan?

Bu dişi qarnında quduzun-

“Mədəniyyət” çuxasın qap.

Başına bir cüt buynuz,

Gövdəsinə bir quyruq tap!

 

Məlumdur ki, bütün dövrlərdə şeirin əsasən tədqiq və təsvir obyekti insan olub və insan olaraq da qalır. Lakin Səhəndin insanı məhz ayrıca bir obraz kimi, daha doğrusu insan cildinə girmiş şeytanları sual altı insan kimi xarakterizə etməsi ümumiyyətlə, poeziyada yeni bir görüntüdür. Bu da şairin novatorluğundan, daim axtarışda olmasından irəli gəlir. Bu da təsadüfi deyildi. Onun bütün yaradıcılığı, eyni zamanda poetik uğurları ictimai həyatın təzadlı, təlatümlü mübarizələr dövrü ilə bağlı idi. 1941-1946-cı illər hadisələrindən sonrakı təqiblər, 1951-ci ildə şairin həbsi, şah-üsul idarəsinin anbaan qanunu tapdalması, haqsızlıq, Pəhləvilər sülaləsinin xalqın qanını sorması, canını alması, daha sonrakı illərdə İran İslam inqilabına doğru uzanan illər.

Səhənd dustaqxanada yatdığı zaman da, ondan sonra da günün tələbləri ilə ayaqlaşır, hadisələrə zamanın, dövrün gözü ilə baxırdı və bu da şübhəsiz ki, onun yaradıcılığına səmərəlilik, aktuallıq gətirirdi. Səhəndin poeziyasında məzmun, mətləb, məna və problematika təzəliyi ilə yanaşı, həm də forma, bədii sənətkarlıq da hamının diqqətini cəlb edirdi. Tək İranda və Azərbaycanda deyil, bütün müsəlman Şərqində çox böyük şöhrət qazanan şair, eyni zamanda novatorluğun bütün sirrlərinə-forma, məzmun, zahiri və daxili komponentlərin çalarlarına mükəmməl surətdə bələd idi. Bu da onun şeirlərinin siyasi, sosial məzmun və vüsətini, tutumunu genişləndirirdi. Şairin poetik “Mən”i böyük fəallığa, cavabdehliyə, vətəndaşlıq məsuliyyətinə malik olmaqla, həm də dəruni bir səmimiyyət, öz daxili hiss və duyğuları ilə sərbəst həsbi-halı hakimdir:

 

Mən o kəpənəyəm ki,

Dünyada həyat adlı-

Şöləyə vurulmuşam.

Yansam da, odum yoxdur.

Əzəldən bu sevdada-

Yanmağa doğulmuşam...

 

 

Vüqar Əhməd

Professor

Xalq cəbhəsi.-2015.- 1 iyul.- S. 14.