Şərqdə ilk demokratik-hüquqi
dövlət
Azərbaycan Xalq Cümhuriyyəti
beynəlxalq səviyyədə rəsmi şəkildə,
müstəqil beynəlxalq subyekt kimi tanınırdı
Xalqımızın ruhunun böyüklüyü tarixən
özünü dövlətçilik tariximizdə də təsdiq
edib. Azərbaycan Xalq Cümhuriyyətinin şanlı
tarixi buna gözəl misaldır. Tanınmış
tarixçi-alim Firdovsiyyə Əhmədovanın
araşdırmasında vurğulanır ki, müasir Azərbaycan
dövlətçiliyinin beşiyi başında
dayanmış Cümhuriyyət dövrünü öyrənmək
yalnız tarixi deyil, eləcə də siyasi-mənəvi əhəmiyyət
kəsb edir. 1991-ci il oktyabrın 18-də qəbul
olunmuş “Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda təsbit
olunmuş siyasi qiymət – “1920-ci il aprelin 27-28-də XI
Qırmızı Ordunun Azərbaycana təcavüzü,
respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn
subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi
Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi
hesab edilsin”- ifadəsi tarixə 70 il mövcud olmuş
baxış tərzinin dəyişdirilməsinə
çağırış idi: “Azərbaycan Cümhuriyyətinin
atributlarının bərpasından başlayaraq hüquqi
dövlət quruculuğunu hədəf seçən Azərbaycan
xalq hakimiyyəti idarəçiliyinin milli tarixi köklərinə
söykənərək çağdaş prinsiplər üzərində
dövlət qurmağa başladı. Azərbaycanın
milli-azadlıq mücadiləsinin ideologiyasını rəmzi
ehtiva edən üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan
Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul
olundu. 1990-cı il noyabrın 29-da “Azərbaycan
SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi
haqqında” fərman verildi. Dövlət
bayrağına dair Azərbaycan Respublikasının
Konstitusiyasında xüsusi bənd var”.
Tarixçi-alim vurğulayır ki, Azərbaycan Xalq
Cümhuriyyətinin digər dövlət rəmzləri ilə
bağlı həmin dövrdə tədbirlər
görülmüş, 1919-cu ilin martında dövlət gerbi
və möhürü haqqında müsabiqə elan
olunmuşdu.
Müxtəlif təkliflər, layihələr olsa da,
qısamüddətli hakimiyyət rəsmi qaydada həmin rəmzləri
təsdiq edə bilməmişdi: “Azərbaycanın
işğala məruz qalması ilə Cümhuriyyətin
devrilməsi bu sahədəki işləri
yarımçıq qoydu. Yenə də Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonra əvvəlki
nümunələrə üz tutuldu. Cümhuriyyətin
təkmilləşdirilmiş gerb layihəsinin əsasnaməsi
təsdiq edildi. 1993-cü il 23 fevral
tarixli əsasnamədə dövlət gerbinin təsviri şərh
edilib. Cümhuriyyət dövrünün “Azərbaycan
marşı” (Ü.Hacıbəyli) bəstəkar Aydın
Əzimov tərəfindən aranjeman edilib və Milli Məclis
tərəfindən dövlət himni kimi qəbul olunub.
Dövlət himni haqqında əsasnamə 1993-cü il martın 2-də təsdiq edilib. Cümhuriyyət ənənələrinə sahib
çıxan Azərbaycan hakimiyyəti dövlət rəmzlərinə
yüksək dəyər verərək rəsmi qərarlar qəbul
edib. Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev 1998-ci il martın 13-də “Azərbaycan
Respublikasının dövlət atributlarının təbliği
işinin gücləndirilməsi haqqında” sərəncam
imzalayıb”.
Azərbaycan
Xalq Cümhuriyyəti dönəminin gərgin tarixi durumunu təhlil
edən tarixçi-alim araşdırmasında bildirir ki,
Cümhuriyyət hakimiyyətinin qarşısında dayanan ilk
başlıca vəzifə Bakının azad edilməsi, Azərbaycanın
ərazisinin öz hakimiyyəti altında birləşdirilməsi
idi: “Bunun üçün isə milli ordunun yaradılması
zərurətə çevrildi. İlk gündən silahlı
qüvvələrin təşkilinə başlayan Azərbaycan
hökuməti 1918-ci il iyunun 26-da qərar
qəbul etdi və Müsəlman Korpusu Əlahiddə Azərbaycan
Korpusu adlandırıldı. Hazırda həmin
gün respublikamızın ümumxalq bayramlarından biri kimi
qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun
26-sı – Azərbaycan Milli Ordusunun yaranma günü təsis
edilib. Fərmana əsasən qeyri-iş günü olmaqla
iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri
Günü elan olunub.
Milli orduya səfərbərlik keçirildi. Ölkənin
ərazi bütövlüyünün təmin edilməsi,
müdafiənin təşkili məsələlərinə
dövlət səviyyəsində ciddi diqqət yetirildi.
Azərbaycan ordusu milli dəyərlərə
söykənərək qurulurdu. Türk
dili (Azərbaycan dili) orduda da dövlət dili kimi qəbul
edildi. 1919-cu il yanvarın 11-dən
milli üslubda hazırlanmış yeni hərbi geyim
formasına keçildi. Milli hərbi
kadrların hazırlanması məqsədilə hərbiyyə
məktəbi, istehkamçılar məktəbi, hərbi dəmiryolçular
məktəbi və hərbi feldşer məktəbi
açılmışdı.
XX yüzilin sonunda müstəqilliyini bərpa etmiş
Azərbaycan dövləti yenidən milli ordu quruculuğu prosesinə
başladı.
70 il öncə olduğu kimi, yenə də
Azərbaycan dövləti erməni təcavüzü ilə
üz-üzə qalmışdı. Erməni
iddialarını dəf edərkən Cümhuriyyət
dövrünün diplomatik, hərbi fəaliyyəti nəzərə
alınır, tarixi təcrübədən
çıxış edilirdi. Həmçinin
Qafqaz İslam Ordusunun xilaskar rolu xatırlanır, 1918-ci ildə
Bakı uğrundakı qanlı döyüşlərdə
şəhid olmuş türk hərbçilərinin xatirəsi
əbədiləşdirilirdi. Belə ki, Azərbaycanın
və Türkiyənin dövlət rəhbərlərinin
qarşılıqlı razılaşması əsasında
Bakıdakı Şəhidlər Xiyabanında xatirə abidəsinin
ucaldılması qərara alınmış, 1999-cu il iyunun 24-də abidənin tikintisinə
başlanmış, 2000-ci il aprelin 9-da açılış
mərasimi keçirilmişdir. Bakının
azad edilməsi günü – sentyabrın 15-də, həmçinin
digər tarixi günlərlə yanaşı, gündəlik
ziyarət yerinə çevrilmiş xatirə abidəsi
Türk-Azərbaycan Şəhidlərinin qardaşlıq abidəsi
sayılır. Məhz 1918-ci ildə Qafqaz
müsəlmanlarını, azərbaycanlıları fiziki məhv
olmaq təhlükəsindən xilas etməyə gəlmiş
Türkiyə hərbçilərinin yardımı sayəsində
nicat tapan əhali həmin ilin kütləvi qətliamlarını
unuda bilməzdi. Həmin qırğınları Azərbaycan
xalqının milli yaddaşında yenidən bərpa edib,
növbəti təcavüzlər qarşısında daha
ayıq, qətiyyətli, mübariz olmaqdan ötrü Prezident
Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına
əsasən martın 31-i Azərbaycanlıların
Soyqırımı Günü elan olundu. Məhz 80 il sonra 1918-ci il müsəlman-azərbaycanlı
qırğınlarına siyasi qiymət verməklə
dövlət rəhbərliyi həmin
qırğınların soyqırımı mahiyyəti
daşıdığını rəsmiləşdirdi”.
Hələ
Cümhuriyyət dövründə ermənilər tərəfindən
azərbaycanlıların həyatına və əmlaklarına
qarşı törədilmiş cinayətləri təhqiq etmək
üçün Fövqəladə Təhqiqat Komissiyası
yaradılmışdı: “1918-ci il iyulun
15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş
bu təhqiqat komissiyası Paris sülh konfransına göndərilən
nümayəndə heyəti üçün əşyayi-dəlil
kimi 36 cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd
fotoşəkil hazırlamışdı. Toplanmış
materiallar 36 cild və 3500 vərəqdən ibarət
olmuş, 128 məruzə və qərar layihəsi hazırlanmış,
194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb
edilməsi haqqında məsələ
qaldırılmışdı. Azərbaycanın müstəqilliyi
Paris sülh konfransında de-fakto tanınanda parlament həmin il fevralın 9-da amnistiya haqqında qərar qəbul
etdi və milli ədavət zəminində
qaldırılmış cinayət işlərinə xitam
verdi. Lakin Azərbaycan xalqının “əfvi”
müqabilində ermənilər hər tarixi fürsətdə
qanlı əməllərindən əl çəkmədi.
Azərbaycan xalqına qarşı törədilmiş
kütləvi soyqırımı cinayətlərini sübut
edən təkzibolunmaz ilk mənbə kimi, Fövqəladə
Təhqiqat Komissiyasının materialları mühüm əhəmiyyət
kəsb edir. Həmin materialların nəşri
yönündə də ciddi nəticələr əldə
edilib.
Cümhuriyyətin mədəni quruculuq tədbirləri
də milli dövlətin möhkəmlənməsinə xidmət
edirdi. Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan
bölməsi Qazağa köçürüldü. Qazax müəllimlər seminariyası Azərbaycanda
ibtidai məktəblər üçün müəllimlər
hazırlayan ilk tədris ocağı oldu. 1919-cu
ildə hökumət məktəblərin, kursların,
universitetin açılması yönündə
ardıcıl əməli işlər reallaşdıra
bilmişdi. Həmin ilin aprelində latın
əlifbasına keçməklə bağlı xüsusi
komissiya yaradılmışdı. Cümhuriyyət
tarixinin ən parlaq səhifələrindən biri Bakı
şəhərində Universitetin açılması oldu.
Bu gün Azərbaycanın aparıcı ali
məktəbi olan Bakı Dövlət Universiteti milli təhsil
konsepsiyasının həyata keçirilməsində
mühüm rol oynayır, beynəlxalq əlaqələri də
getdikcə genişlənir.
Cümhuriyyət dövrünün digər bir
yadigarı Azərbaycan Teleqraf Agentliyidir. Bu qurum müstəqil
dövlətin müstəqil informasiya orqanı olaraq 1919-cu il martın 3-də hökumət qərarı
ilə yaradılmışdır. Hökumət 1920-ci il fevralın 2-də Azərbaycan Teleqraf
Agentliyinin yaradılması (AzərTAc) haqqında yeni qərar
qəbul etmişdi. AzərTAc 1920-ci il
martın 1-dən Nazirlər Şurası yanında müstəqil
quruma çevrilmişdi. Sovet dövründə
İttifaqın Teleqraf Agentliyinin tərkibinə daxil idi.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 3 mart tarixli fərmanı
ilə ənənəvi adı saxlanılıb, Nazirlər
Kabineti yanında Dövlət Teleqraf Agentliyinə, 2000-ci il 17
yanvar tarixli fərmanla müstəqil Azərbaycan Dövlət
Teleqraf Agentliyinə çevrilib. Sovet hakimiyyəti
illərində müxtəlif adlar altında fəaliyyət
göstərmiş olsa da, Cümhuriyyət dönəmində
yaradılmış Teleqraf Agentliyi inkişaf edib. Bugünkü “AzərTAc” məhz 1919-cu ildə
bünövrəsi qoyulmuş agentlikdir. 2010-cu
ildə 90 illiyini qeyd etmək üçün AzərTAc-ın
nəinki mənəvi, həm də hüquqi əsası
vardı. Cümhuriyyətin bütün
müsəlman Şərqində, türk aləmində ilk dəfə
məhz Azərbaycan xalqı tərəfindən
yaradılması artıq dünya miqyaslı hadisə
sayıla bilər. Bu cahanşumul hadisənin də hər
il ümumxalq bayramı səviyyəsində
keçirilməsinin tarixi əhəmiyyəti hüquqi
dövlət qururculuğu baxımından şəksizdir.
Azərbaycan Cümhuriyyəti sadəcə, deklarativ məzmunda
bəyan edilmiş dövlət olmayıb. “İstiqlal bəyannaməsi”ndə
əksini tapmış prinsiplərə, dəyərlərə
bütün fəaliyyəti boyu əməl etməyə,
sadiq qalmağa səy göstərib. Bütün
dövlətçilik atributlarına malik, parlamenti, hökuməti,
ordusu olan suveren bir dövlətə çevrilə
bilmişdi. Milli dövlətçilik ənənələrimizin
bərpasında mühüm rol oynamış Azərbaycan
Cümhuriyyətinin elan edildiyi 28 May günü 1992-ci ildə
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
“Respublika günü” kimi dövlət bayramı səviyyəsinə
qaldırıldı.
Uğur
Xalq cəbhəsi.-2015.-
2 iyul.- S. 13.