Ey ana torpağım, ey
Azərbaycan…
Həbib Sahir: “Boyundakı zəncirləri
basdı pas, hanı yurdlar, hanı ellər, hanı yar?”
Cənubi Azərbaycanın ən görkəmli
simalarından biri Həbib Sahir də
yaradıcılığında qoşma formasına xüsusi
yer verib. Yaradıcılığının əsas xəttində
xalqının arzuları, istəkləri əks olunan Sahir
poeziyasının rişələri folklordan, xalq
yaradıcılığından su içib. Ona görə
də onun əsərlərində xalq ruhu, xalq dili və ifadələri
olduqca qabarıq bir şəkildə özünü göstərir:
Qar əridi,
axar sular lülləndi,
Çay-çəməndə böcək-böcək
dilləndi.
Bağ-bağçada
yenə babam gülləndi,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Kim alnına qara yazı yazandı?
Az
ömürdə qara günlər uzandı.
Bura
qürbət, nə Lalə, Şamqazandı,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Gün
qızartdı, sular oldu zərnigar,
Daşdan-daşa
çaldı bizi ruzigar,
Yağış
yağdı, yenə gəldi ilk bahar,
Hanı yurdlar, hanı ellər, hanı yar?
İllər
boyu bizə hökm sürdü fars,
Əsir olduq, toy-düyünlər oldu yas.
Boyundakı
zəncirləri basdı pas,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Qar əridi,
sel suları atlandı,
Dəli
könlüm hər dərdlərə qatlandı,
Yazıq
cismin iynələrə saplandı,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Göründüyü kimi, Həbib Sahir azadlıq
yanğısı ilə qələmə aldığı
xalqın ağrı-acılarını nümayiş etdirən
bu şeir qoşma formasındadır. Burda da şair
yalnız şeirin birinci bəndini qoşmanın tələblərinə
uyğun biçməyib, qalan bütün bəndlər
qoşma formasının qəlibindən qətiyyən kənara
çıxmır. Bu da Həbib Sahirin də
xalq şeirinə çox yaxşı bələd olmasını,
necə deyərlər, xalq şeiri, xalq ədəbiyyatı
ilə böyüməsinə dəlalət edir.
Həbib Sahirin poeziyasından yurd anlayışı
bütün yaradıcılığı boyu qızıl bir
xətt kimi keçir. Yurd anlayışı şairin təqdimində son dərəcə
səmimi, inandırıcı səslənir və o qədər
poetikləşir ki, epitetsiz belə emosiya, həyəcan
doğura bilir:
Səhər
oldu, gün hər yerə yayılır,
Qurdlar,
quşlar əkinlərdə ayılır,
Kölgə
düşür pərdə-pərdə yollara,
Axar suda daşlar, qumlar sayılır.
Yapraq-yapraq
gəzir qızıl işıqlar,
Al
işıqlar-quşlar uçur biqərar,
Hər
işıqda ovuc-ovuc ulduzlar,
Hər işıqda dərin, gizli bir sirr var.
Çiraq
kimi lalələrdir odlanan
Lalələrin
üzərində qızıl qan
Yer
üzünün cənnətidir yurdumuz,
Unut göyü, bizim yerdə gəl dolan.
Həbib Sahir bu şeiri qoşma formasına yaxın
formada yazıb. Bu şeirdə də Həbib Sahirin
başqa əsərlərində olduğu kimi təşbeh və
istiarələr şeirin məzmun və forması ilə
çox uyuşur və əsərin bədii
gücünü artırır. Bu
misralardakı istiarələrin məqamında deyildiyini,
tutarlılığını, uyarlılığını,
oynadıqları bədii rolu, poetik gücü şərh etməyə
ehtiyac yoxdur. Şairin zəngin ədəbi
irsindən belə misallardan çox-çox gətirmək
olar. Lakin ən əsası odur ki, Həbib
Sahir burda da folklor ənənəsinə sadiq qalıb, folklor
üslubunun özünəməxsus obrazlarını, poetizmlərini
meydana çıxarmış və xalq şeiri dilinin
bütün poetexniki-sintaktik xüsusiyyətlərini əks
etdirib.
Həbib Sahir daim axtarışda olan sənətkar idi. Bu, təkcə
məzmunda yox, formada da özünü göstərirdi.
Şairin əhvali-ruhiyyəsinə məxsus məzmun
özünə münasib yeni-yeni formalar gətirirdi. Lakin bununla belə şair ənənəvi klassik
formalardan, eyni zamanda xalq poeziyası formalarından da istifadə
edirdi.
Ana
dilimizin şeiriyyət və ahəngini dərindən duyan,
onu yaradıcılığı ilə daha da zənginləşdirən
Həbib Sahir yeri gəldikcə əsərlərində
xalqın mübariz ruhunu, yaşamaq və həyat eşqini,
xalq adət-ənənələrini, nikbinlik və inam dolu fəlsəfəsini
tərənnüm edib, ürəklərdə özünə
əbədi heykəl yaradıb. O, milli mədəniyyətimizin
və bəşər mədəniyyətinin ən gözəl
və nəcib xüsusiyyətlərini davam etdirərək Azərbaycan
ədəbiyyatını daha da zənginləşdirib. Şairin ictimai-fəlsəfi lirikası insanın qəlbinə
sadə, səmimi hisslər aşılayan lirikadır.
Burada təsvir obyektinə müstəqim müraciət
üsulu, aydın və şaqraq bir şair təfəkkürü
var. Aşağıdakı misralara diqqət yetirsək,
qoşma formasında qələmə aldığı bu
şeirində şairin nikbin bir ruhda çırpınan lirik
rübabının ecazkar, könüloxşayan, incə və
zərif titrəyişini sezərik, ritmik ahəngini duyar və
bütün duyğularımız, qəlbimizlə bu xitaba
qoşularıq:
Gecə vəqti
ulduzları sayanlar,
Bulaqların
nəğməsini duyanlar,
Öz
ömründən usananlar, doyanlar,
Sabahadək oyaq qalan kimlərdir?
Dəniz
coşur qabardarkən dalğalar,
Buz
suları ay edərkən zərnigar,
Gecələrin
ahəngilə biqərar,
Pərvanə tək şəmə çarpan kimlərdir?
Qızıl,
sarı yarpaqları dağıdan,
Sular
üstə kəhrəbayı bir xəzan,
Bir
alagöz, sarı gülə oxşayan,
Əfsunuma məftun olan kimlərdir?
Axşam
çağı tozlu yolda sürünən,
Uzaqlardan
şübhələr tək görürən,
Qaranlığın
örtüsünə bürünən,
Uzun-uzun fikrə dalan kimlərdir?
Gözəllikdən
sərməst olan-olmayan,
Yar
eşqindən saralmayan, solmayan,
Bir nəğməylə
gözü yaşla dolmayan,
Şairləri dəli sanan kimlərdir?
Şair
sözün hər diləyən anarmı
Şeirdəki gizli qalan min qəmi?
Anlamayan
degil könül məhrəmi,
Naməhrəmə həmdəm olan kimlərdir?
Həbib
Sahir oxucusuna aşılamaq istədiyi fikri poetik hiss və
duyğularla yoğurmağı olduqca peşəkarcasına
bacaran bir şairdir. Bunun əsas səbəblərindən
biri və yəqin ki, başlıcası şairin xalq həyatı
və xalq şeiri ilə möhkəm
bağlılığıdır.
“Hidayət” təxəllüslü şair Həsari
yaradıcılığa 1945-ci ildən başlayıb. Həsarinin
bütün yaradıcılığını izləyərkən
şairin xalq poeziyası formalarının, aşıq
lirikasının üstünlük təşkil etdiyi
görünür. Lakin xalq poeziyasında sıx-sıx
işlənən obrazlar şairin təqdimində tamamilə
yeni, orijinal səpkidə görünür:
Sarı
telli Gilək qızı,
Burda bir gözəli gördüm.
Yanaqları
al-qırmızı,
Üz-gözü piyalə gördüm.
Bilməm
nə cür düşdüm oda,
Aşkar gördüm, ya yuxuda?
Əylənim
qalım Şahıda,
Orda bir tər lalə gördüm.
Bu ceyran
kimin ceyranı,
Kim olar bunun heyranı?
Hidayətin
şirin canı,
Düşüb min məlalə gördüm.
Göründüyü kimi, bu şeir gəraylı
formasındadır, lakin şair ənənəvi sevgi motivini
orijinal formada, dinamik, ritmik ahəngdə elə məharət
və ustalıqla əks etdirir ki, sanki lirik qəhrəmanın
poetik portretini, danışıq tərzini, əda və
duruşunu gözlərimizlə görürük. Belə
şeirləri sözdən, ifadədən, ritmdən, oynaq nəqarətdən
yaranmış lirik səhnəcik, yaddaşa əbədi həkk
olmuş lövhə adlandırmaq daha düzgün olardı.
Şairirin “Nədir” rədifli bu şeiri də gəraylı
formasındadır. Burda da şairin başqa şeirlərində
olduğu kimi, olduqca güclü el üslubu, oynaq və
axıcı ifadə tərzi var. Lakin təşbehlər,
ritmik istiarələr, bənzətmələr olduqca
orijinaldır. Bundan da əlavə şeir
gözəl bir musiqi kimi qəlbə axır və nəğmə
ahəngi, nəğmə şirinliyi yaradır. Şairin yaradıcılığında ümumiyyətlə,
gözəl, bitkin poetik tablolara, nəğmələrə, xəlqilik
ruhu ilə seçilən nümunələrə tez-tez rast gəlmək
olar. Lakin şair nədən yazır, kimdən
yazırsa-yazsın, şeirlərinin möhür bəndi
doğma Azərbaycandır. Vətənpərvərlik
ruhu, ana Vətənə dərin məhəbbət və sədaqət
Həsarinin yaradıcılığında əsas yer tutur:
Ey ana
torpağım, ey Azərbaycan,
Qoy
artsın günbəgün şövkətin sənin,
Aslanlar
becərən, igidlər doğan,
Yayılsın aləmə şöhrətin sənin.
Azadlıq
nəğməsi səndən ucaldı,
Millətlər
səsindən ilhamlar aldı,
Heybətin
şahları torpağa saldı,
Tarixə nəqş oldu qüdrətin sənin.
Zülmə
qarşı çıxdı qəhrəmanların,
Cavanşir,
Koroğlu tək oğlanların,
Səttarxan,
Bağırxan, Heydərxanların,
Zülmə baş əyməyib millətin sənin.
Səhənd,
Savalanın başı ucalsın,
Dünya
yaşadıqca qalsın, qocalsın,
Ellərin
hər yerdə zəfərlər çalsın,
Ucalsın aləmdə dövlətin sənin.
Şairin bu şeiri qoşma formasındadır. Şairin
başqa şeirləri kimi bu şeiri də ilk baxışda
çox sadə görünür. Lakin bu
sadəlik hər kəsin bacardığı bir sadəlik
deyil, mənalı sadəlikdir. Şair
bütün misraları, bütün ifadələri olduqca
nizamlı bir şəkildə ipə-sapa düzür və
o-lduqca təsirli bir mənzərə yaradır. Yeddi bənddən ibarət olan şeirin burda
yalnız dörd bəndi verilib. Hər bəndin
son misrasına diqqət yetirək. Bu bizim
şeirdən aldığımız təəsüratı
qat-qat artırır, fikri mənasını, humanist mündəricəsini
qabarıq şəkildə nəzərimizə
çatdırır. Həsarinin məziyyətlərindən
biri də dilinin və obrazlı ifadələrinin məhəlliçilik
ünsürlərindən kənar olması, ümumxalq ədəbi
dili normalarında yazmasıdır. Şair
heç zaman şeirlərində xalq zövqü, xalq dilinin
gözəlliyi, mənalılıq, dilə yatarlıq
prinsipini unutmur. Həsari ixtisasca yol və
tikinti mühəndisi olsa da, onun Azərbaycan diılinin incəliklərinə
bu qədər mükəmməl şəkildə bələd
olması insanı heyrətə gətirir və onun
yaradıcılığını izləyərkən nə
qədər qüdrətli şair olduğu
görünür. Əfsuslar olsun ki, Mir Hidayət Həsari
Mir Həbib oğlu bir sıra Cənubi Azərbaycan şairləri
kimi Şimali Azərbaycanda çox az tanınıb, Şimali
Azərbaycan oxucuları onun bədii irsi ilə demək olar,
tanış olmayıblar. Lakin mən inanıram
ki, son dərəcə vətənpərvər olan bu şair
tezliklə Şimali Azərbaycanda tanınacaq və layiq
olduğu qiymətini alacaq.
Vüqar Əhməd
Professor
Xalq cəbhəsi.-2015.-
3 iyul.- S. 14.