“Auditoriya KİV-dən
həmişə operativlik, qərəzsizlik və aktuallıq
gözləyir”
Leyla Əliyeva: “KİV-lər
müasirliyin çağırışlarına cavab verə,
eyni zamanda məlumat vermənin və ictimai rəyin
formalaşmasının funksiyalarını düzgün yerinə
yetirə bilməlidir”
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Trend
informasiya agentliyinə müsahibəsini ixtisarla
oxucularımıza təqdim edirik
- Siz "Bakı" jurnalının baş
redaktorusunuz, buna görə də fikrinizi bilmək çox
maraqlıdır, müasir KİV-in qarşısında duran
hansı çağırışları
görürsünüz? Sizcə bu gün oxucuya nələrin
çatdırılması əhəmiyyətlidir?
- "Bakı" jurnalında Azərbaycanın tarixi, mədəniyyəti,
keçmişi və bugünkü günü haqqında
maraqlı materiallar dərc edilir. Nəşr geniş beynəlxalq
auditoriyanın arxitekturanın şah əsərləri ilə
evlərin, teatrların, muzeylərin qədim
fasadlarının unikal müasir komplekslərlə harmonik birləşdiyi
bizim gözəl Bakımızla tanış
olması məqsədi ilə dərc olunur. Biz
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti
və valehedici təbiətini əhatə etməyə
çalışırıq, dahi rəssamlardan,
yazıçılardan, bəstəkarlardan və hətta
öz tarixi olan, Bakıya sevgisi olan sadə insanlardan söz
açırıq. Yəni, bizim
jurnalımızın funksiyaları əsasən, maarifləndiricilikdir.
Bu gün qlobal problemlər bizi əhatə edir. Bu həm hərbi,
həm ekoloji təhlükə təhdidləri, həm qlobal
iqtisadi, demoqrafik problemlər, yoxsulluğun, aclığın
və savadsızlığın aradan qaldırılması məsələləridir.
KİV-lər müasirliyin
çağırışlarına cavab verə, eyni zamanda məlumat
vermənin və ictimai rəyin formalaşmasının
funksiyalarını düzgün yerinə yetirə bilməlidir.
Geniş miqyasdan və
işıqlandırılan hadisənin mövzusundan
asılı olmayaraq, auditoriya KİV-dən həmişə
operativliyi, qərəzsizliyi və aktuallığı gözləyir.
Qeyd etmək
istəyirəm ki, RAGT xətti üzrə biz jurnalistika
fakültəsində təhsil alan Azərbaycan
gənclərini dəstəkləyirik. İstəyərdim
ki, bu sahədə bizim mütəxəssislərimiz daha
çox olardı və onda bizim səsimiz daha uca eşidilərdi.
- Sizin həyatınızda
əhəmiyyətli yeri yaradıcılıq - şeirlər,
rəsmlər tutur. Siz nə zamansa demisiniz ki, rəsm
çəkmək - böyük həzdir, amma əgər
alınmırsa, ilhamı gözləmək lazım olur.
Sizin ilham mənbəyiniz nədir?
-
Düşünürəm ki, ilhamın əbədi mənbəyi
mövcud deyil. Yaradıcı insanlar onları əsaslandıra
biləcək yeni nəyisə axtarırlar. Mən deyərdim, bütün gözəlliklər
ilham mənbəyidir. Bu sevgidir,
bütün onun təzahürlərində, insanlara sevgi, təbiətə
sevgi, həyata sevgi, həyat – ilham mənbəyidir.
Demək istəyirəm ki, tez-tez çoxları mənim
şeirlərimi emosiyalarımla və əhval-ruhiyyəmlə
bağlayırlar və hesab edirlər ki, bəzən onlar
çox kədərlidirlər. Amma əslində, mənim
şeirlərim həmişə kədərli deyillər və
onlar mənə şəxsən aid deyillər. Şeirlər insanın ruhi vəziyyətini və
daxili həyəcanını bütovlükdə əks
etdirir. Bir neçə dəfə qeyd
etmişəm ki, mən dünyaya pozitiv köklənmişəm,
müsbət əhval-ruhiyyə, insanların mərhəməti,
xeyirxah fikirlər şər üzərində xeyrin qələbəsinə
əminlik dünyanı daha yaxşı etməyə kömək
edir. Bu da mənə ilham verir.
- Rəsm
çəkmək daha çox xoşunuza gəlir, yoxsa
şeir yazmaq?
- Rəsm
çəkməyi daha cox xoşlayıram. Rəsm
çəkmək daha çox vaxtımı alır. Rəsm
çəkəndə məndə elə hiss yaranır ki,
sanki vaxt “başqa ölçüdə uçur”. Bəzən
digər işlərə çox az vaxt
qalır. Bəzən mən özümə
söz verirəm ki, cəmi yarım saat rəsm çəkəcəyəm,
amma "yarım saat"dan sonra saata baxanda görürəm
ki, dörd saat keçib. Əlbəttə,
əgər mənim daha çox boş vaxtım olsaydı,
daha çox çəkərdim. Bəlkə
buna görə də mən saatı tez-tez çəkirəm.
Vaxt nəzarət etmək mümkün olmayan,
eyni zamanda, həmişə çatmayan nəsnədir. Hərçənd mən inanıram ki, vaxt da sən
etdiyindən asılı olaraq “cürbəcür uçur”.
Şeirləri isə çox tez yazıram. Əgər hansısa bir
ideya və ya fikir yarandısa, şeir yazmaq yalnız beş dəqiqə vaxt aparır. Əsas odur ki, eyni vaxtda düşünəsən və
mövzunu hiss edəsən. Amma bu zaman mən
başqa heç nə haqqında düşünə bilmirəm.
Və əgər mən ictimai yerdə,
insanların əhatəsindəyəmsə, bu sətirləri
yazıb bitirənə qədər heç nə
görmür və eşitmirəm.
Şeirlərimi birinci olaraq anama və bacıma oxuyuram. Yaradıcılığıma
aid fikir mənim üçün çox əhəmiyyətlidir
və mən onu ürəyimə çox yaxın qəbul
edirəm. Əlbəttə, müsbət
rəylər mənə daha çox ilhamlandırır.
Başqalarına öz əsərlərimi
göstərmək, təəssüratlarımı
bölüşmək istəyirəm. Buna görə də
ümid edirəm ki, çox tezliklə şeirlər
kitabımı dərc etdirə biləcəyəm və ola bilər ki, işlərimin sərgisini təşkil
edim. İstərdim ki, öyrənməyə və
daha peşəkar səviyyədə inkişaf etməyə
davam edim.
- Siz
yaradıcı insan olaraq, müasir incəsənətin təbliğinə
böyük əhəmiyyət verirsiniz, lakin çox əhəmiyyətlidir
ki, milli yaradıcılığın ənənələrini
və köklərini də unutmursunuz. Bunu
bütün tədbirlərdə, müxtəlif sərgilərdə
və biennaledə də görmək olar. Sizcə, keçmişlə indiki zaman arasında
sintez nə dərəcədə mümkündür və
bu, müasir incəsənətdə necə əks olunur?
- Mənə
gəlincə, şəxsən mən rəssamlığın
tərəfdarıyam. Hesab edirəm ki, ən
yeni texnologiyaların dili - video-incəsənət əsərləri
və müasir instalyasiyalar rəsm əsərlərinin
yaratdığı hisslərin harmoniyasını
çatdırmaq qabiliyyətində deyil. Axı
əsəri gözəl edən məhz rəssamın öz
işinə canını - ruhunu qoymasıdır. Mən muzeylərdə və qalereyalarda çox vaxt
keçirirəm. Hətta saatlarla sərgilərdə ola bilərəm. Tez-tez fikirləşirəm
ki, niyə bəzi rəsmlər daha çox xoşuma gəlir,
bəziləri isə yox. Düşünürəm ki,
yenə də bütün məsələ rəssamın
öz işinə can qoymasıdır ki, bu da rəsmlərdə
əks olunur.
- Bu
yaxınlarda icraçı prodüseri olduğunuz "Əli
və Nino" filminin çəkilişləri başa
çatıb. Niyə məhz "Əli və
Nino"?
- Məhz
bu romana müraciətin əsas səbəbi müstəqillik
mövzusudur. Romanda mühüm tarixi əhəmiyyəti
olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü
mövzusuna toxunulur. Müstəqillik istənilən
azərbaycanlı üçün əhəmiyyətli və
əzizdir.
Bundan
başqa, biz hətta 100 il sonra əks-səda
doğuran səmimi və təmiz sevginin tarixi haqqında əsəri
ekranlaşdırmaq və mədəniyyətlərin və
dinlərin qarşılıqlı təsiri məsələlərini
göstərmək istədik. Romanda
Bakının siyasi, etnik və mədəni həyatı
çox aydın təsvir edilir. Bu
romanın məhz Azərbaycanda
ekranlaşdırılmasını ona görə istəyirdim
ki, filmin çəkilişləri kitabda təsvir edilən
yerlərdə aparılsın. Bakıdan
başqa, çəkilişlər Gədəbəy, Quba
rayonunun Xınalıq kəndi və Qobustanda da
aparıldı.
"Əli və Nino" şah əsərdir və onu
ekranlaşdırmaq böyük məsuliyyətdir. Biz filmin
istehsalı üzrə işə istedadlı insanları cəlb
etdik. Olduqca gözəl əsərin
ekranlaşdırılması üçün çox gözəl
kollektiv toplaşdı, səmərəli çəkiliş
prosesi üçün hər cür şərait
yaradıldı. Mən praktiki olaraq hər
gün çəkilişlərə gedirdim, biz birlikdə
çox vaxt keçirirdik və işlər başa
çatanda çox kədərləndim. Aktyorlara
və filmlərin yaradıcılarına necə çətin
olduğunu anladım, axı onlar üçün kollektivdə
daimilik yoxdur.
Mühüm
faktı qeyd etmək istəyirəm: filmin istehsalı üzərində
dünyanın müxtəlif ölkələrindən insanlar
işləyirdilər ki, bu da, əlbəttə, filmə
marağı daha da artıracaq. Bütün
aktyor heyəti, çəkiliş qrupu – filmin
yaradılmasında iştirak edən hər kəs, çox
istedadlı insanlar, öz işinin ustaları - əllərindən
gələni etdilər ki, film maraqlı alınsın. Düşünürəm ki, filmi böyük
uğur gözləyir.
- Siz
çox gözəl uşaqların anasısınız. Sizcə, uşaqlıqdan öyrədilməsi zəruri
olan tərbiyənin və təhsilin əsasları
hansılardır? Siz bunu necə edirsiniz?
-
Uşaqlar – ən böyük xoşbəxtlikdir. İndi mənim uşaqlarım elə bir yaşa
çatıblar ki, mənə onlarla daha çox vaxt
keçirmək maraqlıdır, nəinki dostlarımla.
Biz birlikdə gəzirik, muzeylərə, parklara
gedirik. Lap əvvəldən mənim
onlarla dostluq münasibətlərim var. Mənim
üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə
ilk növbədə hörmət etsinlər, onlardan
qorxmasınlar. Buna görə də
uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə
çalışıram. Həmişə
seçim ixtiyarı verirəm. Hesab edirəm
ki, onlara kifayət qədər çox azadlıq vermək
lazımdır. Fikrimcə, anadan olandan
insana doğrunu və yanlışı anlama qabiliyyəti
Allah tərəfindən verilib. Bəzən
valideynlər uşaqları qorumaq üçün onları həddən
artıq himayə edirlər, məhdudiyyətlər və
qadağalar qoyurlar. Mən onlara daha
çox azadlıq verməyə çalışıram,
xüsusən də onlar oğlan olduqları
üçün. Qoy onlar müstəqil, sərbəst
və güclü olsunlar.
Ən əsası, mən onlarla bir yerdə olanda
yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni
məyus və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə
onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm.
Mənim üçün onların təhsili çox əhəmiyyətlidir. Onlar üç dildə
danışırlar: Azərbaycan, ingilis və rus.
Onlar riyaziyyatla, incəsənətlə
maraqlanırlar. Mən daim onlara kitablar oxuyuram və
çalışıram ki, onlar kompüter arxasında daha az vaxt keçirsinlər. Çox
istərdim ki, övladlarım böyüyəndə öz
uşaqlıq illərini həmişə sevə-sevə
xatırlasınlar, yada salsınlar.
- Leyla xanım, Siz öz yubileyinizi qeyd edirsiniz. İcazənizlə, Sizi ad gününüz münasibətilə təbrik edirik, Sizə və bütün doğmalarınıza cansağlığı, əmin-amanlıq və hər bir işinizdə uğurlar arzulayırıq. Ad gününüzü necə qeyd edəcəksiniz? Oxucularımıza nə arzulayardınız?
- Ad günümü ailəmlə, valideynlərimlə
keçirəcəyəm. Uşaqlıqda ad günümə
çox qonaq gələndə, səs-küylü və
şən olanda sevinirdim. Bu gün isə istəyirəm ki,
ad günümdə mənə ən yaxın və ən əziz
olan insanların əhatəsində, şərtsiz, təmənnasız
sevginin əhatəsində olum. Hamıya xoş əhval-ruhiyyə,
möhkəm cansağlığı və bolluca xoşbəxtlik
arzulayıram.
Xalq cəbhəsi.-2015.-
4 iyul.- S. 5.