“Akademiya bizim elm məbədimizdir”

 

Akademik Teymur Bünyadovun APA-ya müsahibəsi

 

- Teymur müəllim, telefonda dediniz, gündə üç telekanal dəvət edir, getmirəm. Sizi hansı verilişlərə dəvət edirlər və niyə getmirsiniz?

- Alimliyimi, ciddiliyimi qorumaq üçün çalışıram ki, efirdə çox görünməyim. Bir tərəfdən də, yaşımın bu vaxtında ora-bura qaça bilmərəm. Hətta ciddi verilişlərin, məsələn, alimlər, artistlər, yazıçılar haqqında olan verilişlərin birinə gedirəm, beşindən imtina edirəm. Getməməyimin bir səbəbi də odur ki, səhhətim imkan vermir. Xüsusən, orucluqda lap çətin olur.

- Deməli telekanallarda tez-tez görünən elm adamlarına münasibətiniz mənfidir...

- Bəzən alimlər efirə çıxıb elə şeylər danışırlar, elə bil dünyanı yaradan da, yıxan da onlardır. Harada təmizlik, səmimilik var, o verilişlər tamaşaçıların ürəyinə yol tapır. Mən Ağsaqqallar Şurasının sədr müaviniyəm. Qubaya getmişdik, iclas başlamamış bir nəfər dedi, Teymur müəllimdən küsmüşəm. Yeddi rayondan ağsaqqallar yığışıb, iclas başlayıb, küsmüşəm, incimişəm nə deməkdi? Dedi, ona görə küsmüşəm ki, o, hər dəfə efirdə görünəndə mən televizoru qucaqlayıb öpürəm, elə bilirəm, onun özünü öpürəm. Ancaq son vaxtlar görünmür, bilmirəm niyə belədir. Bizim belə alimlərə ehtiyacımız var, onları tez-tez efirdə görmək istəyirik. Dünən bir verilişə baxdım, Xoşqədəm xanım aparırdı. Orda 11 yaşında bir uşağın 48 yaşlı kişi ilə söhbəti verildi. Bizim xalq kimi namuslu, qeyrətli xalq varmı? Belə şeyləri göstərməklə nə demək istəyirik? Tək o deyil, bir neçə verilişdə qondarma mövzular, problemlər müzakirə olunur. Başa düşmürəm, kanal rəhbəri necə olur o adamlara demir ki, belə veriliş aparmayın. Xoşqədəmin verilişlərini izləyirəm. Özünü öldürür. O qız çox yaşamayacaq. Gəlin, elə mövzular seçək ki, xalqımızın dəyərini düzgün təqdim eləsin.

- Mənə dediklərinizi Teleradio Şurasına, telekanal rəhbərlərinə də deyirsinizmi?

- Bu, mənim ünvanıma sənin iradındır və haqlı iraddır. Vaxtilə dövlət televiziyasında iki veriliş aparmışam. Yaxşı veriliş görəndə, həmişə zəng edib xoş sözlər demişəm. Sən elə bilirsən, telekanal sədrinə zəng edib onunla danışmaq asandır? Dedikcə, onlar daha da qızışırlar, hələ adamı ittiham da edirlər.

- “Dünyanı yaradan və yıxan” alimlər sizi narahat edən nə danışırlar?

- Məsələn, yalandan danışırlar ki, cəbhəyə getdim, əsgərlərlə görüşdüm, filan-filan etdim. Əslində, heç cəbhə bölgəsinə, səngərə ayağı da dəyməyib. Amma oğlanlar var, həyatlarını Qarabağ müharibəsində keçirib. Qazağın bizdə qalmasında Azərbaycan alimlərinin xidmətlərini danmaq olmaz. İndi dəb düşüb, deyirlər, mən müharibədə filan xidmətləri göstərdim. Biz müharibə aparan, vuruşan oğlanları yaxşı tanıyırıq. Yəni dediyim odur, hərə öz yerində otursa, öz işi ilə məşğul olsa, yaxşıdır. Biz alimik və çalışmalıyıq, Xırdalandan o tərəfə keçə bilək. Azərbaycan elminin Ziya Bünyadov boyda alimi var. Qaloyan adlı bir erməni var idi, Moskvada Ziya ilə görüşüblər. Erməni deyib, Ziya, televiziya ilə lazım deyil, bircə dəfə radioda çıxış elə ki, “Azərbaycan VII-IX əsrlərdə” əsərimdən imtina edirəm. Ona Moskvada hər şey təklif etmişdilər. Mənim otağımın yanındakı onun kabinetidir. Bunu mənə deyəndə, soruşdum ki, Ziya, sən nə dedin? Dedi, o adama elə sözlər dedim, bir də belə şeyləri dilə gətirməz. Bizim belə cəsarətli oğlanlarımız, alimlərimiz olub. Bizim Azad Mirzəcanzadə kimi sərt, tələbkar, dupduru alimimiz vardı. Mən 20 ildən artıqdır Ali Attestasiya Komissiyasında “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə şuranın sədriyəm. Elə hadisələr olub, Azad Mirzəcanzadə müdafiə edən adamı kabinetdən qovub.

- Bildiyim qədər Azad müəllimdən xeyli narazılıqlar da olub...

- Narazılıq belə olub ki, doktorluğu müdafiə edən şəxs əsərini təqdim edirdi, Azad müəllim də qırmızı qələmlə oğurluq yerlərin altından xətt çəkirdi. Oturub söhbət edəndə deyirdi, buyur, gör bu adam nə qədər köçürüb, mən bunu necə təsdiq edim? Yaxud “yuxarı”dan kimsə zəng edirdi ki, filankəsə kömək edin, işi keçsin. O da cavab verirdi ki, nə olsun “yuxarı”sınız, mən sizin işinizə qarışmıramsa, siz də mənə mane olmayın. Sərt adam idi, mərd adam idi, sözü bütöv idi.

- Müdafiə məsələləri ilə bağlı tapşırıq, zənglər o vaxtlar çox idi, yoxsa indi?

- Gəl, açıq danışaq: onda da var idi, indi də var, bundan sonra da olacaq.

- Bəs qarşısını almaq...

- Hər şeyin qarşısını almaq mümkündür. Mən təmizəmsə, kim mənə bata bilər, kim məndən xahiş edə bilər? Xahişin də, hörmətin də yeri var. Adam var, bilmirik nə məqsədlə xahiş edir. Biri gəlir, görürəm, bunu müdafiəyə buraxmaq olmaz, zay şey yazıb, içində heç nə yoxdur. Özlərini öldürürlər ki, müdafiə eləsinlər. Hər kəs özünün müdafiə şurasını tərifləyər. Gedin, bütün ölkənin müdafiə şuralarından soruşun, ikinci beləsi olsa, ... Demirəm belə, zəif əsərləri də, güclü əsərləri də buraxırıq, bəzən güzəştə də gedirik, amma eşitsəm ki, müdafiə şurasında kimsə Teymur Bünyadovun bir stəkan haram su içdiyin deyir, ölərəm.

- Sizin kimi insanın belə mühitdə yaşamağının formulu necədir?

- 25 il müdafiə şurasının sədri olmağa ixtiyarım yoxdur. Adam üç il işləyər, beş il işləyər. Arif Mehdiyev hər dəfə deyir, təbrik edirəm, yenə sizi təsdiq edirik. Amma mən neçə dəfə təsdiq olunmalıyam? 25 il təsdiq olmaz axı. Deyir, Teymur müəllim, narahat olmayın. Alimə bundan artıq nə hörmət olmalıdır? Təkcə akademikliyə görə, mənə ayda 1200 manat pul verirlər. Bir azdan sual ver, ayda hansı işdən nə qədər pul alıram, hamısını xırdalayım.

- Onda gəlin, bir az ailənizdən, böyüdüyünüz mühitdən danışaq...

- Bizim Şıxlı kəndi gör, kimləri yetişdirib: Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Hüseynov, Vidadi Babanlı... İndi Qazaxdan kitab hazırlayırıq, 600-ə yaxın alimi var. Görünür, burda Tiflisin, Qorinin Qazaxa yaxın olmağının da rolu var. O ki qaldı mənim ailə məsələmə, heç soruşmasan, yaxşıdır. Ona görə ki, yeddi yaşım olanda anam vəfat edib, səkkiz yaşımda da atamı xalq düşməni kimi güllələyiblər. On doqquz ilimi qəm-kədər, ağlaşma içində keçirmişəm. Bəzən olub, kəndimizdə atam-anam, sənə qurban olum, gəl gedək, deyib, aparıb xəngəl veriblər, südlü aş yedirdiblər. Elələri də olub, deyib, ona niyə yaxın durursan, xalq düşməninin oğludur. Gedib evə yorğanı çəkmişəm başıma, hönkür-hönkür ağlamışam. Amma mənim göydə Allahım var. Mübariz olmuşam, sınmamışam. Rayonda ilk dəfə qızıl medal çıxanda, onu alan iki nəfərdən biri mən olmuşam. Qızıl medal alanı imtahansız qəbul edirdilər, ona görə tarix fakültəsinə girmişəm. Universiteti bitirəndə məni Təhlükəsizlik Komitəsinə işə çağırdılar. O vaxt belə idi: tarixi qurtaranlar ya raykomda işləyirdilər, ya polisə təyinat alırdılar, ya da təhlükəsizlik idarəsinə dəvət olunurdular. Polisdə, təhlükəsizlikdə işləyən çox qeyrətli dostlarım olub. Amma mən Moskvaya getdim ki, arxeologiya üzrə aspiranturaya imtahan verim. Niyə? Çünki partiya tariximi qurdalayacaqdılar, görəcəkdilər, atam güllələnib. Özü də, atam olsa, nə var: atama görə əmim uşaqlarını tutub hərəsinə on bir il iş kəsiblər, sürgün ediblər. Atam Qori müəllimlər seminariyasını bitirəndən sonra Kutaisidə polis işləyib. O vaxtın dili ilə desək, pristav. Taleyin işinə bax, mən qalmışam qıraqda, atamın bütün böyür-başını tutub sürgün ediblər. On doqquz ildən sonra əl boyda kağız veriblər ki, qanunsuz yerə güllələnib. Atamın evdən aparılmağı indiyə kimi yadımdadır. Gəlib atdöşü elədilər, götürüb aparanda qaçıb boynuna sarıldım. İndi mənə deyirlər ki, atanı-ananı tez itirmisən, torpağı sanı yaşayasan, bəlkə elə ona görə ömrün bu qədər uzundur. Nəyə nail olmuşamsa, öz zəhmətim hesabına olub. Aspiranturaya oxumağa gedəndə dedilər, sən “da” ilə “net”i bilmirsən, ora niyə gedirsən? Dedim, gedəcəyəm, qəbul ola bilsəm, oxuyacağam, olmasam, özümü atacağam tramvayın altına. İmtahan da verdim, az-çox rusca danışmağı da öyrəndim. Elmi rəhbərim məni çağırırdı evinə, tapşırırdı ki, bu on kitabı get, oxu. Gələndə deyirdim, 16 kitab oxumuşam.

- Ailədə neçə uşaq olmusunuz?

- Üç qardaş, iki bacı. Onlardan qalan bircə mənəm. Gör, Allahın nə bədbəxt bəndəsiyəm ki, onlar gedib, mən qalmışam.

- Yəqin Qazağa tez-tez gedirsiniz?

- Qazağa getməsəm, ölərəm. Nə aldadım, ildə dörd-beş dəfə gedə bilirəm. Ayın on beşindən sonra istəyirsən məni güllələ, gedəcəyəm. Orda da belədir də: “gəlibsən, gedək bulaq başına, yeyək-içək”. Deyirəm, ağrın alem, mən içən deyiləm, kababı da hər gün yemək olmaz. Mənimki səhərlər sıyıqdır, smetandır. Ona görə çox qalmıram, qayıdıram. Amma bu dəfə söz vermişəm ki, çox qalacağam. Qazağın tarixi haqqında kitab yazıram, gərək qalıb bir az işləyəm.

- Teymur müəllim, sonda yenə Elmlər Akademiyası məsələsinə qayıtmaq istəyirəm. Bəzən belə fikirlər səslənir ki, Elmlər Akademiyası ləğv olunmalıdır, büdcədən artıq maaş alırlar, alimlərin elmi nailiyyətləri yoxdur və s. Bu haqda nə demək istəyərdiniz?

- Heydər Əliyev deyirdi ki, akademiya bizim elm məbədimizdir. Bu gün akademiyanın qalmağında bu sözün böyük gücü var. Akademik Telman Əliyev Nazirlər Kabinetinə ixtiralarını, layihələrini verib. Əgər o həyata keçsə, o vəsait akademiyanı da saxlayar, hələ büdcəyə də pul verər. Akademiyanın təzə prezidenti gücə-gündüz özünü öldürür ki, irəliləyiş olsun. Burda iclas, orda iclas, onun əlindən qaçırıq. Hər sahədə yeniliklər, irəliləyişlər var. Amma bu o demək deyil ki, akademiyada çatışmayan cəhətlər yoxdur. Mən hesab edirəm ki, akademiyanın saxlanılması bu xalq üçün şərəfdir. Amma Elmlər Akademiyasına o qədər boş-boş gəlib-gedənlər var ki, günlərlə heç nə yazmırlar. Gəlin, bir şeyi də nəzərə alaq: onları da işdən çıxarsaq, necə olar, nə ilə dolanarlar?

 

Xalq cəbhəsi.-2015.- 4 iyul.- S. 15.