Ustad şilləsi

 

Aşığın ustadlıq statusu həm onun yetişdirdiyi şəyirdlərlə ölçülüb

 

Ustad sənətkar təkcə ifaçılıq imkanları ilə məhdudlaşmır, həm də geniş yaradıcılıq imkanlarına malik olur. Ustad sənətkarlar aşıq sənətini dərindən bilən, bədahətən söz deyən, şagird yetişdirən, həm də mükəmməl danışıq tərzi və yüksək ifaçılıq qabiliyyətləri ilə seçilənlərdir. Sənətkarlıqda "ustad" və "usta" sözləri yaxın mənanı ifadə etsə də, bu sözlərin işlənmə məqamlarına fikir verdikdə hiss ediləcək dərəcədə fərqlər özünü göstərir. "Ustad" sözünün mahiyyətində müdrikliyə, nəsihət verməyə, yol göstərməyə, nümunə olmağa haqqı olan, sənətdə təkrarsızlığı, bənzərsizliyi ilə seçilən, öz yolu, izi olan anlamları dayanır. "Ustad" sözü daha çox ədəbiyyat və musiqi sahələrinə şamil olunan sözdür. Bu söz digər sahələrlə müqayisədə aşıq yaradıcılığı ilə daha sıx bağlıdır. Çünki aşıq sənəti həm sinkretikdir, həm də canlı ustad-şəyird (şagird) münasibətlərini (öyrətmə və öyrənmə) qoruyub saxlayan bir ənənəyə malikdir. Digər sənət sahələrində bu ənənə müəllim, sələf anlayışları ilə daha çox üst-üstə düşür. "Usta" sözü isə bütün sənət və peşə sahələri ilə bağlı işlənir; yəni öz sənətinin, peşəsinin bilicisi, yüksək səviyyədə bacaran, peşəkar və s. Bu sözü hər hansı bir işinin öhdəsindən ləyaqətlə gələn ifaçıya, sazbəndə, bənnaya, çəkməçiyə, maşın təmirçisinə və bir çox sadə peşə sahiblərinə aid edə bilirik.

Aşıq sənəti əsrlər boyu yaranıb formalaşan bir sıra ənənələrlə zəngindir. Bu ənənələrdən biri ustad-şagird (şəyird) ənənəsidir. Aşığın ustadlıq statusu həm də onun yetişdirdiyi şəyirdlərlə ölçülüb. Ustad-şəyird münasibətləri əxlaqi-etik norma üzərində qurulub, əsrlər boyu xalqımızın milli ruhunun göstəriciləri olan mənəvi zənginlik - böyüyə hörmət, kiçiyə qayğı, bugünkü mövcud olanı gələcəyə ötürmək, milli-mədəni dəyərlərə hörmət kimi keyfiyyətlər bu münasibətlərdə tənzimlənib. Ustad-şagird münasibətlərini, yüksək əxlaqi normanı Aşıq Ələsgər bir şeirində belə ifadə edib:

 

Bir şəyird ki ustadına kəm baxa,

Onun gözlərinə damar, damar.

 

yaxud başqa şeirində - "Ustad görməyənin işi xam qaldı" - deyərək ustad yanında dərs almayanın heç vaxt kamil sənətkar ola bilməyəcəyini vurğulayıb. Ustad-şagird münasibətlərində tədqiqatçıların da ən çox diqqətini çəkən "ustad şilləsi" deyilən anlayışın izahından ibarətdir. Ustad sənətkar öz şəyirdinin artıq aşıq kimi yetişdiyinə əmin olduqdan sonra məclislərin birində şəyirdinə qəfildən bir şillə vurarmış. Bu şillənin rəmzi mənası varmış - yəni mən ustad kimi bu gündən sənə müstəqil aşıqlıq eləməyə icazə verirəm. Bu, şəyirdin illərdən bəri gözləyib həsrətini çəkdiyi şillə olarmış. Ritualı məclisdəkilər başa düşərmiş, şəyird özü . Bunun bir mənası da o imiş ki, mən sənin ustadınam, üzərində haqqı-sayım var, bunu heç vaxt unutma, bu həm ustadın şəyirdə halallığı sayılırmış. Ustad-yaradıcı sənətkarlar öz əsərlərində rəmzlərdən (simvollardan) istifadə etdikləri kimi, müəyyən jestlərdə bu üsuldan istifadə ediblər. "Usta şilləsi" ifadəsi bu gün el arasında işlənməkdədir. Bu jestin özü ustad-şagird münasibətlərində əxlaqi-etik normaların qədər möhkəm təməl üzərində qurulduğunu göstərir.

Aşıq sənətində ustadlıq mərtəbəsinə yüksəlməyin yolu şagirdlik peşəkarlıq mərhələsindən keçir. Bundan sonra ustadlıq mərtəbəsidir. Şagirdlik mərhələsini keçməyən aşığın ustadlıq mərtəbəsinə qalxması mümkünsüzdür. A.Nəbiyev ustad sənətkarları iki qrupa bölür: sənətə ənənəvi yolla yiyələnənlər; butalanma yolu ilə sənətə gələnlər, haqq aşıqları. Hər iki qrupa aid olan sənətkarlar xalqın nəzərində eyni yüksəklikdə dayanıb, böyük hörmət nüfuz sahibi olublar. Bu sənətkarlar içərisində xalqın daha çox inandığı, gələcəkdən xəbər verən, duaları qəbul olan, bütöv bir elə ağsaqqallıq eləməyə qadir olan sənətkarlara "ustad" sözündən əlavə "dədə" deyə müraciət ediblər. Deməli, ustad sənətkar sayılmağın daha yüksək mərhələsi dədəlik titulu qazanmaqdır. İstər ozan sənəti dövründə, istərsə aşıq sənəti dövründə bu titulla tanınan sənətkarlar olublar.

Bütün prizmalardan baxdıqda "Dədə" titulu Aşıq Ələsgər yaradıcılığının şəxsiyyətinin əksər parametrlərinə uyğun gələn bir anlayışdır. Ustad sənətkarlar - aşıq şeirinin müxtəlif şəkillərində istedadlarını nümayiş etdiriblər. Bu şeir şəkilləri içərisində ustadnamə məzmunlu şeirlərin özünəməxsus yeri var. Ustadnamələr ustad aşığın dünyagörüşü, həyata baxışı, öz dövrünə münasibəti, xalq müdrikliyinə, mənəvi dəyərlərə qədər yaxınlığı barədə verdiyi hesabatdır. Ustadnamələr poetik dildə söylənmiş dədə nəsihətidir, ata öyüdüdür. Ustadnamələrin ilk nümunələrinə "Kitabi-Dədə Qorqud" dastanlarında rast gəlirik. Ustadnamələr məclislərdə bir növ maarifləndirmə funksiyasını daşıyıb. Aşıqlar hər hansı bir dastanı danışmağa başlamazdan əvvəl bir neçə ustadnamə deməklə dinləyicilərin diqqətini cəmləməyə çalışıblar. Ustad aşıqları ən çox sevdirən, rəğbət qazandıran daha çox onların yaratdığı ustadnamələr olub. Bu səbəbdən ustadnamələr yaratmaq yaradıcı aşıqlar tərəfindən ənənəyə çevrilib. Yuxarıda qeyd etdiyimiz kimi, "Kitabi-Dədə Qorqud" dastanlarında ustadnamə elementlərinə rast gəlinir:

 

Ulaşuban sular daşsa dəniz olmaz,

Təkəbbürlük eyləyəni Tanrı sevməz.

Könlün yuca tutan ərdə dövlət olmaz.

Yad oğlu saqlamaqla oğul olmaz, -

Böyüyəndə salur gedər - gördüm diməz.

 

yaxud:

 

"Oğul daxı neyləsün baba ölüb mal qalmasa,

Baba malından faidə, başda dövlət olmasa"

 

- kimi deyimlər bu qəbildəndir. Dastana nəzər saldıqda ustadnamə məzmunlu deyimlərlə xeyli zənginliyinin şahidi oluruq".

XIII əsrin ikinci yarısında XIV əsrin əvvəllərində yaşamış türk dünyasının böyük aşıq-şairi Yunus İmrənin şeirlərində ustadnamə məzmunlu deyimlərə yetərincə rast gəlmək olur:

 

Çalış qazan, ye, yedir,

Bir könül ələ gətir,

Yüz Kəbədən yeyrəkdir

Bir könül ziyarəti.

Hanı mülkə mənim deyən,

Köşkü saray bəyənməyən,

Şişman başı göyə dəyən

Qalmayıb nişanları.

 

Müxtəlif zamanlarda müşahidə olunan bu ədəbi proses bitkin forma məzmunu özündə birləşdirən ustadnamələrin yaranması üçün zəmin rolunu oynayır. Ancaq daha kamil formaya məzmuna malik bu səpkili şeirlər XVI əsrdə yaşamış Qurbaninin yaradıcılığında bitkin formada özünü biruzə verir. Sözsüz ki, bu cür mükəmməl şeirlərin özü ənənəyə söykənməliydi, lakin ondan əvvəlki dövrdə aşıq şeiri formasında yaranmış ustadnamələr bizə çatmadığına görə şərti olaraq forma məzmun mükəmməlliyi cəhətdən başlanğıc kimi Aşıq Qurbaniyə istinad edirik. Qurbani "Gülərmiş" rədifli şeirinin tapşırma bəndində (möhürbənddə):

 

Qurbani, qəmlənmə, kərəm-kanı var,

Ədalət hakimin haqq divanı var,

Bu çərxi-fələyin nərdivanı var,

Yenən ağlayarmış, qalxan gülərmi

 

- deməklə insanlarda haqqın, ədalətin gec olsa qələbə çalacağına inam hissi oyatmağa çalışıb.

Bu ənənə XVI-XVII əsrlərdə yaşamış Aşıq Abbas Tufarqanlının yaradıcılımında davam etdirilir. Ümumiyyətlə, Abbas Tufarqanlının bütün şeirlərində dilin zəngin imkanlarından məharətlə istifadə, rəvanlıq, olduqca aydın ifadə tərzi, səmimi deyim tərzi diqqəti cəlb edir. Ustadnamələrindəki poetik semantika özünü daha çox biruzə verir. "Olmaz" rədifli ustadnamədən:

 

Özündən böyüyün saxla yolunu,

Düşən yerdə soruş ərzi-halını.

Amanat, amanat qonşu malını,

Qonşu yox istəyən özü var olmaz

 

- deyən ustad xalq psixologiyasından gələn ədəb-ərkan qaydalarını nəsihət şəklində dürüst ifadə edib. Atalar sözlərindən, xalq aforizmlərindən çox istifadə etdiyi üçün ustadnamələrinin poetik ifadəsi daha maraqlıdır. Aşığın "Bəyənməz" rədifli ustadnaməsində yaşadığı dövrə münasibəti bu yöndə ümumiləşdirmə bacarığı diqqətçəkəndir. Atalar sözləri aforizmlərin poetik şəkildə ifadə tərzinin daha bir nümunəsinə "Yandırar" rədifli şeirdə rast gəlirik:

 

Ulğun cuşa gəlsə köpük yağ olmaz,

Söyüd bar gətirsə bağça bağ olmaz.

Zibil təpə olsa, küllük dağ olmaz,

Yel əsəndə alçaqlara yendirər.

 

XVII əsrdə yaşayıb-yaratmış Sarı Aşığın bayatılarında da ustadnamə elementlərinə rast gəlinir. "Mərdin bir əl kölgəsi, Namərdin yüz hasarı", "Çor deyənə can desən, Görən nəyin azalır", "Könlü bədov istəyən, Vaxtında alı dayı", "Namərdə dost olanın, ömrü yarıdan keçər" s. Ustadnamələrin daha mükəmməl, daha kamil nümunələrinə XVIII əsrdə yaşamış ünlü sənətkar Xəstə Qasımın yaradıcılığında rast gəlirik. Bu tip şeirlər artıq həmin dövrdə ustadnamə yaradıcılığı ənənəsinin bir qədər möhkəmləndiyini, sabitləşdiyini təsdiqləyir. Xəstə Qasımın ustadnamələrində istər mövzu cəhətdən, istər ideya-məzmun cəhətdən ənənəyə sadiqlik xətti davam etdirilir. "Olmaz" rədifli şeirdə mərifətə, sədaqətə, Tanrıya tapınmağa, halallığa, nəfsə qalib gəlməyə, namusla, qeyrətlə yaşamağa çağırış var.

 

Üz vermə nadana, sirr vermə pisə,

Axır qəlbin ya inciyə, ya küsə.

Ot bitər kök üstə, əsli isə,

Yovşan bəsləməklə çəmənzar olmaz.

Vəfalıya əmək çəksən itirməz,

Bədəsil nəsihət, öyüd götürməz.

Qabaq tağı tər şamama bitirməz,

Göy söyüddə heyva olmaz, nar olmaz.

 

Yüksək səviyyədə ümumiləşdirmə gücünə malik, əsrlərin həyat təcrübəsinə, müşahidə qabiliyyətinə söykənən belə ustadnamələr Xəstə Qasımın yaradıcılığında xeyli qabarıq görünür. XVIII əsr aşıq yaradıcılığında Xəstə Qasımla bərabər Aşıq Valehin, Dəllək Muradın şeirlərində ustadnamələrin gözəl nümunələri görünməkdədir.

 

Ramiz Ələkbərov,

Araşdırmaçı

Xalq cəbhəsi.-2015.- 7 iyul.- S. 14.