Qədim Şamaxı ilə bağlı soraqlar Avropada

 

Şirvan muğam mühiti

 

II yazı

 

Azərbaycanımızın qədim diyarı, min ildən artıq qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı kimi şərəfli tarixə malik olan Şamaxı dini mərkəz, poeziya, pedaqoji, aşıq mühiti olmasıyla yanaşı, musiqi-muğam beşiyi kimi də bütün Yaxın Şərqdə məşhur olub. XII əsrdən üzü bəri cahanşümül klassik şairlər - Ə.Xaqani, Fələki Şirvani, altı xarici dil bilən Zülfüqar Şirvani, üç dildə əsərlər yazan İ.Nəsimi, eləcə də Nişat Şirvani, S.Ə.Şirvani və başqalarının yaradıcılığına nəzər saldıqda muğamla, musiqi alətlərinin quruluşu, xanəndəlik sənəti ilə bağlı müxtəlif məlumat və fikirlərə rast gəlmək mümkündür. Bu da inkaredilməz faktdır ki, Şirvanşahlar dövləti və eləcə də xanlıqlar dövründə sarayda şairlərlə yanaşı, xanəndələr, musiqiçilər və hətta rəqqasələr də fəaliyyət göstərib. Bu sənətkarlar arasında aşıq və muğam ustadlarının ayrıca yeri olub...

Təbii ki, Şirvanda bu ulu sənətin nə vaxt intişar tapdığını bilmək mümkün deyil. Muğam sənətinin tarixindən söz açan görkəmli musiqişünas-alim F.Şuşunski yazır: «Muğamatımız musiqimizin təməl daşı, onun bünövrəsi, onun dayaq sütunudur. Əsrlərdən bəri xalqımızın yaratdığı mahnılar, təsniflər və

oyun havaları muğamat üzərində yaranıb. Öz tarixi etibarilə qədim keçmişlə bağlı olan muğamatın harada, nə vaxt, kim tərəfindən yaradıldığını konkret şəkildə demək çox çətindir».

Bu qədim diyarda - Şirvanda da bu müqəddəs sənətin intişar tarixi də sirlərə bələnib. Buna baxmayaraq, Şirvanda yaşamış musiqişünas, ifaçı, xanəndələr haqqında mənbələrdə müəyyən məlumatlar yaşamaqdadır: Məhəmməd İbn – Əbubəkir Şirvani (XII əsr), Hacı Nəcəf Şirvani (XIV əsr), Abdulla, Şirvani (XV əsr), Zakir İbn Mustafa (XVII əsr)... Rzaddin Şirvani haqqında XVII əsrdə Şamaxını ziyarət etmiş böyük türk səyyahı Övliya Çələbi «Səyahətnamə»sində yazır: «Şeşxanə - icad edən Rzaddin Şirvanidir. Bu da telli sazdır. Ud kimi burğu yerləri əyridir. Qolu uddan uzundur, gövdəsinə balıq qursağı çəkilib. Amma pərdələri yoxdur. Altı telli olduğundan şeşxanə adlanır. Çətin bir sazişə də bütün muğamat (seçmələr bizimdir - S.Q) bunda icra oluna bilər».

Deməli, yuxarıda qeyd etdiyimiz əsrlərdə Şirvanda musiqi-muğam bilicilərinin və ifaçılarının yaşaması inkaredilməzdir. Məqsədimiz heç də Şirvanda muğam sənətinin tarixini araşdırmaq deyil. Sadəcə olaraq, XII-XIV əsrlərdə Şamaxıda

muğam sənətinin yayıldığını təsdiq edən bir neçə faktla oxucuları tanış etməkdir. Məsələn, XII-XIV əsrlərdə yaşamış klassik şairlərin - Nizami, Xaqani, Nəsiminin əsərlərində 30-dan artıq musiqi alətinin - saz, cifti saz, ud, bərbət, setar, cəng, qanun, ərqanun, rübab, kamança, təmbur, şurna, nəfir, nay, qaranay, daxul, dəf, zəng və s. adlarına rast gəlirik. Və yaxud bütün Yaxın Şərqin tanıdığı - ana dili ilə

yanaşı, ərəb, fars dillərində sanballı əsərlər yaradan Nəsimi yaradıcılığı təsdiq edir ki, bu dövrdə muğam sənəti Şamaxıda geniş şəkildə yayılıb və təbliğ olunub. Xanəndə və hürufi dərvişlərin avazı ilə Nəsiminin aşağıdakı məşhur qəzəli

sübutsuz-filansız təsdiqləyir ki, şair təkcə Şamaxıda deyil, bütün Yaxın Şərqdə XIV əsrdə ifa olunan muğamları, muğamların şöbə və guşələrini bütün incəliklərinə qədər bilirmiş:

 

Həsrət yaşı, hər ləhzə qılir bənzimizi saz,

Bu pərdə kim, nəsnə bizə olmadı dəmsaz.

Üşsaq meyindən qılalı işrəti - «Novruz»,

Ta «Rast”a gələ «Cəngi-Hüseyni»də sərəfraz.

Bu «Çahargahı» lütf qıl, ey hüsnü «büzurgi»,

Kuçik dəhanından bizə, ey dilləri-Tənnaz.

Zəngülə sifət nalə qılmaz zar «Segaha»,

Çün əzmi – «Hicaz» eyləyə məhbubi-xoşavaz.

Ahəngi- «Sifahan» qılır ol nami - «Əraqi»,

«Rəhavi» yolunda yenə canın qıla pərvaz.

Könlümü «Hisar» eylədi ol ruhi - Mübərriğa,

Gəl olma «Müxalif» bizə, ey dilbəri – «Şahnaz».

Çün «Şurə» gəlib eşq sözün qıla Nəsimi,

Şövqündən anın cusə gəlir Sədiyi-Siraz.

 

Qəzəldən tam aydın olur ki, hürufi şair Yaxın Şərq xalqlarının 12 əsas muğamını, eləcə də Azərbaycan musiqisinin 7 əsas məqamlarını, hətta bəzilərinin şöbələrini aydınca açıqlaya bilib. Qəzəlin birinci beytində əvvəl «Novruz» («Humayın » da şöbə); «Rast» (on iki muğamdan biri); sonra «Hüseyn»i (12 əsas muğamın on birincisi və «Rast» dəsgahında şöbə); ikinci beytində «Çahargah» (12 əsas muğamdan biri); «Segah» (12 muğamdan biri, bizdə «Segah»ın üç növü var), «Hicaz» (12 əsas muğamdan biri və ya «Rast» dəsgahında şöbə), dördüncü beytdə «Əraq» (12 əsas muğamdan beşincisi və ya bir çox muğamların ən zil şöbəsi); «Rəhavi» (12 əsas muğamın onuncusu və ya ayrıca dəsgah); beşinci beytdə «Hisar» («Çahargah» dəsgahında şöbə); «Mübərrigə» («Zabul », «Rahab» dəsgahında şöbə); «Müxalif» («Cahargah» dəsgahında şöbə) göstərilir. Bu qəzəllə Nəsiminin o dövrdə geniş təhlilə ehtiyacı olmadan muğamlarımızın o vaxtdan geniş yayılmasını və şairin muğamların kamil bilicisi olmasını təsdiq edə bilərik. Sufi - şəriət, təriqət, mərifət, həqiqət mərhələlərinə yetən dərvişlərin bu şöbələri ifa etdikləri məlahətli səsi, avazı olmasını da bura əlavə etsək, deyə bilərik ki, şair özü də muğamlarımız, onun şöbələrini də xüsusi şövqlə ifa edə bilirmiş. Burada

belə bir məntiqi sual yaranır: XlV əsrin sonunda Nəsimi muğam dərsini kimlərdən alıb? Cavab isə dəqiq olmasa da, müəyyən mənada aydındır. Təbii ki, hələ orta əsrlərdən musiqi beşiyi olan Şamaxının muğam biliciləri və ya ustad sənətkarlarından. Mənbələrdə qeyd olunur ki, Şamaxıda xanlıq dövründə də sarayda muğam məclisi olduğu kimi, rəqqasələr də fəaliyyət göstərib. Bir sözlə, muğam sənəti XIX əsrdə Azərbaycanın bir çox bölgələrində - Bakı, Qarabağ və Şamaxıda daha geniş şəkildə intişar tapıb, muğam məktəbləri yaranıb və bu məktəblərdə onlarca istedadlı sənətkar yetişib. Odur ki, həmin dövrdə Lənkəran, Şuşa, Ağdam, Bakı və Naxçıvanda yaranan ədəbi məclislərin sorağı bütün Azərbaycana yayıldı. Ədəbi məclislərlə yanaşı, Şuşada həm də ayrıca «Xanəndələr məclisi » də yaradılmışdı. Şamaxıda isə zəngin insanlar XIX əsrdə öz imarətlərində musiqi gecələri təşkil edirdilər. Məsələn, Şamaxıda ilk musiqi məclisinin təməlini Mahmud Ağanın atası Əhməd Sultan qoyub. Düzdür, indiyə kimi Mahmud Ağanın

xeyriyyəçilik, qonaqpərvərlik və mesenatlıq fəaliyyətindən bəhs edənlər - akademik F.Qasımzadə, professor Ə.Cəfərzadə, musiqişünas F.Şuşinski, filoloq-alim N.Qarayev, musiqişünas V.Məmmədov və başqaları Əhməd Sultanın şairliyi və musiqi təbliğindən söz açmayıblar...

Mənbələrdən artıq bəlli olur ki, Mustafa xanın sarayında fəaliyyət göstərmiş xanəndə, sazəndə və rəqqasələrin çoxu Əhməd Sultanla dost idi. Əhməd Ağa musiqi aşiqi olduğu kimi, klassik poeziyaya da bələd idi. Mənbələrin qeyd etdiyi kimi, o, XIX əsrdə yaşayıb-yaradan sairlərin çoxu ilə dost olub, özü də şeirlər yazıb. Bir təsadüf nəticəsində əldə etdiyimiz bəyazdan, eləcə də filologiya üzrə elmləri doktoru, prof. Ə.Cəfərzadənin şəxsi arxivindən şairin bir neçə tam və yarımçıq şeirlərini əldə etmişik. Aşağıdakı qəzəl şairin dünyagörüşü, klassik poeziyaya necə bələd olması barədə günümüzə lazımi söz deyə bilir... Şükür olsun xudapərvərə məclisimə yar gəlibdir, Min naz ilə qədəm qoyub yəqin lütvü var gəlibdir.

 

 

Behiştin məlayikidir cənnəti-rizvandan çıxıb,

Açıbdır ayinəmizi kama səbəbkar gəlibdir.

Ol əbrü kamanım, cahu-cəlalım, ol qibləgahım,

Duyub hər arzumu, etməyib inkar gəlibdir.

Bu xoş günlər düşməz ələ, saqi, ver badə xürrəm olaq,

Eynimizi xoş etməyə, təgəni ilə tar gəlibdir.

Pərvanə tək qoy dolanım, yanım qətrə-qətrə şamə,

Gör nə qədər bəxtiyarəm, nazlı sahibkar gəlibdir.

Dur düş yarın payinə Əhməd Ağa dili-qafil,

An ötüb, gedir ömürdən şadlan salqar gəlibdir.

 

 

Haşiyə: XIX əsrdə Şamaxıda bir çox - Hacı Zeynal, Hüseyn Ağa, Məşədi Süleyman, Kərbəlayi Nağı, Mürsüd Zəki oğlu, Hacı Xəlil, Mirzə Tapdıq, Kərbəlayi Muxtar, Məşədi Səlim və s. kimi bir çox imkanlı şəxslərin karvansaraları mövcud olub. Şəhərin İmamlı məhəlləsində olan məşhur karvansaralardan biri də atası Cavad Ağanın tikdirdiyi Əhməd Ağa karvansarası idi. Mahmud Ağanın babası Cavad Ağaya, atası Əhməd Sultandan qalma Şamaxının müxtəlif məhəllələrində dörd karvansarayı olub. Ən böyük karvansarası Şamaxının Bakı tərəfdən gələn yolunda idi. Şəhərin o girişindəki olan körpünü də ona görə tikdirmişdi. XIX əsrdə Şamaxıda təşkil edilmiş «Beytüs-Səfa» ədəbi məclisi haqqında bir çox alim - F.Köçərli, F.Qasımzadə, Ə.Cəfərzadə, K.Məmmədov, N.Qarayev və başqaları bəhs ediblər. Bu müəlliflərin hamısı qeyd edib ki, məclis 1867-ci ildə «Seyid Əzimin dostu Ələkbər bəyin təşəbbüsü ilə Əhməd Ağanın karvansarasında təşkil edilib”.

S.Ə.Şirvani, Mirzə Məhəmməd Həsən Nalə, Aşıq Bilal, eləcə də, Mahmud Ağa və «Beytüs-Səfa» məclisi ilə bağlı apardığımız tədqiqatlar nəticəsində və dövlət arxivində «Samaxı bəyləri» haqqında olan sənədlərdən müəyyən etmişik

ki, S.Ə.Şirvaninin dostu Ələkbər bəy şeirin, sənətin pərəstişkarı olan imkanlı şəxs olub. Bu cəhətinə görə o, Şamaxı ziyalıları arasında böyük nüfuz və hörmət sahibi idi. O, Mahmud Ağanın atası Əhməd Ağa ilə də «saqqaldaş», «cur» olub. Onun musiqi məclisində bəy dostları - Süleyman bəy, Xəlil bəy, Mürsəl bəy, Ağa bəy, Nəcəf bəy, Nağı bəy vaxtaşırı iştirak ediblər. Professor Ə.Cəfərzadənin məlumatına əsasən «Beytüs-Səfa»nın keçirildiyi karvansara elə Mahmud Ağanın atasının olubmuş. Deməli, bu xeyirxah insanlar S.Ə.Şirvani məktəbinin yaşamasına maddi kömək göstərdikləri kimi, onun şeir məclisinin fəaliyyətinə də hər cür qayğı bəsləyiblər...

Musiqi aşiqi olan Əhməd Sultan həmişə onların məclisinin dinləyicisi və seyrçilərindən olub. Musiqiyə uşaqlıqdan həvəsi olduğuna görədir ki, Əhməd Sultan oğlu Mahmud Ağanı mollaxana və dövlət məktəblərində oxutdurmaqla yanaşı, Şamaxının ustad sənətkarları tərəfindən evində ona musiqi təhsili də verib. Mahmud Ağanın pəsdən səsi olduğu kimi, o, gözəl də tar çala bilirmiş və musiqiyə - muğamlara dərindən bələd olub. Bu barədə professor F.Şuşinski yazır: «Mahmud

Ağa musiqi tariximizdə görkəmli bir musiqişünas kimi yer tutur. O, özü pəsdən oxuyur, həm də şirin tar çalırdı. Mahmud Ağa özünün bir gününü də musiqisiz keçirməz, necə deyərlər, «Şüştər»lə yatıb, «Osmanlı» ilə oyanarmış».

 

Seyfəddin Qəniyev

Professor

Xalq cəbhəsi .-2015.- 9 iyul.- S. 14.