Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti
Onun tarixinin öyrənilməsi hüquqi dövlət quruculuğu baxımından önəmli məsələlərdəndir
III yazı
Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin
başının üstünü alan
xarici müdaxilə təhlükəsini sovuşdurmaq
üçün gənc respublikanın beynəlxalq aləmdə
tanınması istiqamətində böyük iş
aparırdı. Parlament xarici siyasət məsələlərinə
ciddi şəkildə əhəmiyyət verirdi. Bununla
bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri
Ə.M.Topçubaşovun başçılığı ilə
Paris sülh konfransına xüsusi nümayəndə heyətinin
göndərilməsi haqqında qərar qəbul etmişdi.
Cümhuriyyət dövrünün görkəmli dövlət
xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri
dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir
sıra böyük dövlətlər tərəfindən
de-fakto tanınmasına nail olsa da, XI Qırmızı Ordunun
Şimali Azərbaycanı işğal etməsilə onun bu
sahədəki fəaliyyəti yarımçıq qaldı. Tarixçilər hesab edir ki, Azərbaycan parlamentinin
və Cümhuriyyət hökumətinin fəaliyyətinin
mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən
biri də yaxın qonşularla münasibətlər və sərhəd
məsələləri olmuşdu. Aparılan
gərgin işdən sonra Gürcüstanla münasibətlər
nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi
iddiaları üzündən Azərbaycan-Ermənistan
münasibətlərini normal məcraya yönəltmək
mümkün olmamışdı. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə qonşu İranla da
bir sıra saziş və müqavilələr
imzalanmış və həmin sənədlər parlamentdə
təsdiq olunmuşdu.
Cümhuriyyət dövründə Azərbaycanda
parlamentçilik ənənələri getdikcə möhkəmlənir
və inkişaf edir, ən müasir parlament mədəniyyəti
formalaşırdı.
Professor
Qüdrət Əbdülsəlimzadə Cümhuriyyətin
xarici siyasət məsələsinə münasibətini belə
dəyərləndirir: "Azərbaycan Xalq Cümhuriyyətinin
1918-1920-ci illəri əhatə etmiş fəaliyyətini,
beynəlxalq aləmdəki addımlarını düzgün
qiymətləndirmək üçün ilk növbədə
hakimiyyətə necə ağır miras
qaldığını unutmamaq lazımdır. O zaman neft
hasilatı və onun ixracında çətin vəziyyət
hökm sürürdü. Elektrik enerjisi istehsalı kəskin
azalmış, dəmir yolu və dəniz nəqliyyatı pis
işləyirdi, maşınqayırma və metal emalı
müəssisələrinin məhsul buraxılışı
kəskin ixtisar olunmuşdu".
Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə 155
parlament iclası keçirilmişdi ki, bunun da 10-u Azərbaycan
Milli Şurasının (27 may-19 noyabr 1918-ci il),
145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi
dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdu. Parlamentin müzakirəsinə 270-dən çox
qanun layihəsi çıxarılmış, onlardan 230-a
yaxını qəbul olunmuşdu. Qanunlar
qızğın və işgüzar fikir mübadiləsi
şəraitində müzakirə edilir, özü də
yalnız üçüncü oxunuşdan sonra qəbul
olunurdu. Parlament qanunlarının
hazırlanması, müzakirəsi və təsdiq
olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri
iştirak edirdilər. Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı. Parlamentin fəaliyyəti bu məqsəd
üçün hazırlanmış nizamnamə - "Azərbaycan
Parlamentinin nakazı (təlimatı)" əsasında idarə
olunurdu.
M.Ə.Rəsulzadə
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə
belə dəyərləndirirdi: "Millət məclisi məmləkətin
bütün sinif və millətlərini təmsil edib,
dövlətin tamamən taleyinə hakim idi. Onsuz
heç bir əmr keçməz, heç bir məsrəf
yapılmaz, heç bir müharibə başlamaz, heç bir
barışıq imzalanmazdı. Hökumət
məclisin etimadını qazananda qalır, itirəndə
düşürdü. Ortada hakim olacaq vasitə
- vəzifə yox idi. Parlament hakimi-mütləq
idi".
Tarixçilər hesab edir ki, Azərbaycan Xalq
Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata
keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə,
eləcə də qarşısına qoyduğu məqsəd
və vəzifələrə görə də Avropanın ənənəvi
demokratik respublikalarından geri qalmırdı.
Parlament tərkibində Milli Şuranın 44 nəfər
üzvündən başqa daha 36 nümayəndə
seçilməsi nəzərdə tutulmuşdu. Seçki məntəqələri:
Bakı 5 nəfər - 3-ü şəhərdən, ikisi isə
yaxın ətrafdan; Gəncə 3 nəfər; Göyçay
qəzası, Bakı quberniyası - 2 nəfər; Cavad qəzası,
Bakı quberniyası - 2 nəfər; Quba qəzası,
Bakı quberniyası - 3 nəfər; Lənkəran qəzası,
Bakı quberniyası 2 nəfər; Şamaxı qəzası,
Bakı quberniyası - 2 nəfər; Ərəş qəzası,
Yelizavetpol quberniyası 2 nəfər; Cavanşir qəzası,
Yelizavetpol quberniyası - 1 nəfər; Zəngəzur qəzası,
Yelizavetpol quberniyası - 2 nəfər; Qazax qəzası,
Yelizavetpol quberniyası 1 nəfər; Cəbrayıl qəzası,
Yelizavetpol quberniyası - 1 nəfər; Nuxa qəzası,
Yelizavetpol quberniyası - 2 nəfər; Şuşa qəzası,
Yelizavetpol quberniyası - 2 nəfər; Zaqatala qəzası -
2 nəfər; Naxçıvan qəzası, İrəvan
quberniyası - 1 nəfər; Şərur qəzası, İrəvan
quberniyası - 1 nəfər; Ordubad qəzası, İrəvan
quberniyası - 1 nəfər; Borçalı qəzası,
Tiflis quberniyası - 1 nəfər.
Azərbaycan Parlamentinin Tərkibi belə idi.
I
hökumət kabineti: 28.05.1918 - 17.06.1918.
1. Nazirlər
Şurasının sədri və daxili işlər naziri -
F.Xoyski (bitərəf);
2. Hərbi
nazir - X.Sultanov (Müsavat);
3. Xarici
işlər naziri - M.H.Hacınski (Müsavat);
4. Maliyyə
və xalq maarifi naziri - N.Yusifbəyli (Müsavat);
5.
Ədliyyə naziri - X.Xasməmmədov (Müsavat);
6. Ticarət
və sənaye naziri - M.Y.Cəfərov (bitərəf, sonra -
Müsavat);
7.
Əkinçilik və əmək naziri -
Ə.Şeyxülislamzadə (Hümmət);
8. Yollar,
poçt və teleqraf naziri - X.Məlikaslanov (bitərəf);
9.
Dövlət müfəttişi - C.Hacınski (sosialist);
II
hökumət kabineti: 17.06.1918 - 07.12.1918. Nazirlər
Şurasının sədri və Ədliyyə naziri F.Xoyski
(bitərəf); Xarici işlər naziri - M. Hacınski
(Müsavat); Xalq maarifi və dini etiqad naziri - N. Yusifbəyli
(Müsavat); Daxili işlər naziri - B.Cavanşir (bitərəf);
Əkinçilik naziri - X.Sultanov (Müsavat); Səhiyyə və
sosial təminat naziri - X.Rəfibəyli (bitərəf ); Yollar
naziri - X.Məlikaslanov (bitərəf); Ticarət və sənaye
naziri - A.Aşurov (bitərəf); Malliyyə naziri -
Ə.Əmircanov (bitərəf); Portfelsiz nazir -
Ə.M.Topçubaşov (bitərəf); Portfelsiz nazir - M.Rəfiyev
(Müsavat); Portfelsiz nazir - X.Xasməmmədov (Müsavat);
***
6.10.1918
tarixli kabinədaxili dəyişikliklərdən sonra Nazirlər
Şurasının sədri - F.Xoyski (bitərəf); Ticarət,
sənaye və daxili işlər naziri - B.Cavanşir (bitərəf);
Xarici işlər naziri - Ə.M.Topçubaşov (bitərəf);
Maliyyə naziri - M.H.Hacınski (Müsavat); Xalq maarifi naziri -
H.Yusifbəyli (Müsavat); Yollar naziri - X.Xasməmmədov (bitərəf);
Əkinçilik naziri - X.Sultanov (Müsavat); Xalq səhiyyəsi
naziri - X.Rəfibəyli (bitərəf); Poçt-teleqraf naziri
- A.Aşurov (bitərəf); Sosial-təminat və dini etiqad
naziri - M.Rəfiyev (Müsavat); 11. Hərbi
işlər üzrə müvəkkil - İ.Ziyatxan (bitərəf);
12. Dövlət müfəttişi -
Ə.Əmircanov (bitərəf).
***
III
hökumət kabineti: 26.12.1918 - 14.03.1919.
Nazirlər
Şurasının sədri və xarici işlər naziri -
F.Xoyski (bitərəf); daxili işlər naziri - X.Xasməmmədov
(Müsavat); maliyyə naziri - İ.Protasov (Slavyan-Rus Cəmiyyəti);
yollar naziri - X. Məlikaslanov (bitərəf); ədliyyə
nazırı - T.Makinski (?); maarif və dini etiqad naziri - N.Yusifbəyli
(Müsavat); poçt-teleqraf və əmək naziri - A.Səfikürdski
(sosialist); hərbi nazir - S.Mehmandarov (bitərəf); sosial-təminat
naziri - R.Xoyski (bitərəf); xalq səhiyyəsi naziri -
Y.Gindes (Slavyan-Rus Cəmiyyəti ); ticarət və sənaye
naziri - M.Əsədullayev (bitərəf). Dövlət
müfəttişi - M.H.Hacinski (16.01. 1919). Ərzaq naziri - K.Lizqar (Slavyan-Rus Cəmiyyəti).
Əkiçilik naziri - X.Sultanov (Müsavat).
***
IV
hökumət kabineti: 14.03.1919 - 22.12.1919.
Nazirlər
Şurasının sədri və daxili işlər naziri -
N.Yusifbəyli (bitərəf); Maliyyə naziri - Ə.Həsənov
(bitərəf); Ticarət və sənaye naziri - A.Əminov
(bitərəf); Xarici işlər naziri - M.Y.Cəfərov
(Müsavat); Yollar naziri - X.Məlikaslanov (bitərəf);
Poçt-teleqraf naziri - C.Hacınski (sosialist); Hərbi nazir -
S.Mehmandarov (bitərəf); Sosial-təminat naziri - V.Klenevski
(Slavyan-Rus Cəmiyyəti); Səhiyyə naziri - A.Dastakov (?);
Maarif və dini etiqad naziri - R.Kaplanov (Əhrar);
Əkinçilik naziri - A.Qardaşov (Əhrar); Portfelsiz nazir -
X.Amaspür (Daşnaksütun); Dövlət müfəttişi
- N.Nərimanbəyli (Müsavat); Ədliyyə və əmək
naziri - A.Səfikürdski (sosialist); Sonralar daxili işlər
naziri - X.Xasməmmədov (Müsavat).
***
V
hökumət kabineti: 24.12.1919 - 01.04.1920.
Nazirlər
Şurasının sədri - N.Yusifbəyli (Müsavat); Xarici
işlər naziri - F.Xoyski (bitərəf); Hərbi nazir -
S.Mehmandarov (bitərəf); daxili işlər naziri -
M.H.Hacınski 18.09.02.1920-ci ildən sonra M.Vəkilov (birincisi əvvəl
Müsavat, sonra kommunist, M.Vəkilov - Müsavat); Ədliyyə
naziri - X.Xasməmmədov (Müsavat); Maliyyə naziri -
R.Kaplanov (Əhrar); Maarif və dini etiqad naziri - H.
Şahtaxtinski (05.03.1920-ci ildən sonra N.Şahsuvarov, hər
ikisi-İttihad); Əmək və əməkçilik naziri -
Ə.C.Pepinov (sosialist); Yollar naziri, eyni zamanda Ticarət, sənaye
və ərzaq üzrə müvəqqəti nazir - X.Məlikaslanov
(18.02.1920-ci ildən sonra ticarət, sənaye və ərzaq
naziri - M.H.Hacınski); Poçt-teleqraf naziri - C.Hacınski
(sosialist); İctimai təminat və səhiyyə naziri - M.Rəfiyev
(Müsavat); Dövlət müfəttişi - H.Məmmədbəyov
(İttihad).
Azərbaycan
Xalq Cümhuriyyəti parlamentinin tərkibi
aşağıdakı deputatlardan ibarət idi: Əli Mərdan
bəy Topçubaşov- parlamentin sədri; Məmməd Yusif
Cəfərov-sədrin I müavini; Sultan Məcid Qənizadə
(Qəniyev) sədrin müavini; Bağır bəy Rzayev-
parlamentin baş katibi; Mehdi bəy Hacınski - parlamentin katibi;
Bayram Niyazi Kiçikxanlı-parlamentin katibi.
Müsavat
və bitərəflər fraksiyasına daxil idilər: Məhəmməd
Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Nəsib
bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmmədhəsən
Hacınski, Abbasqulu Kazımzadə, Musa bəy Rəfiyev, Cavad
bəy Məlikyeqanov, Mehdi bəy Hacınski, Mehdi bəy
Hacıbababəyov, Rəhim bəy Vəkilov, Şəfi bəy
Rüstəmbəyli, Hacı Səlim Axundzadə, Mustafa
Mahmudov və c. Habelə bunlardan başqa parlamentdə
İttihad, Əhrar, Sosialistlər fraksiyası, Müstəqillər,
Sol müstəqillər, Milli azlıqlar fraksiyası vardı.
Uğur
Xalq cəbhəsi.-2015.-
9 iyul.- S. 13.