Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti
Onun tarixinin öyrənilməsi
hüquqi dövlət quruculuğu baxımından önəmli
məsələlərdəndir
II yazı
Ötən
sayımızda 1918-ci il dekabrın 7-də
Azərbaycan Xalq Respublikasının parlamenti yaradılması
haqqında yazı təqdim etmişdik. Mövzunu
davam etdiririk. Parlamentin ilk iclasında
"Müsavat" fraksiyasının təklifi ilə
Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən
bəy Ağayev birinci müavin seçildi. Paris sülh konfransına yola düşmüş
Ə.Topçubaşov səfərdə olduğu üçün
parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi.
Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski
hökumətinin istefası qəbul edildi və yeni hökumətin
təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə
tapşırıldı. 1918-ci il
dekabrın 26-da F.Xoyski parlamentdə proqramı ilə
çıxış etdi və yeni hökumətin tərkibini
təsdiq olunmağa təqdim etdi. Parlament
hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil
etdiyi hökumətə etimad göstərdi.
Parlamentdə ermənilərin iştirakına gəlincə,
Azərbaycan parlamentində ermənilərə 21, ruslara isə
10 yer ayrılmasına baxmayaraq onlar parlamentin
açılışında iştirak etmədilər. Bakıda fəaliyyət
göstərən Rus Milli Şurası Azərbaycanın
öz müstəqilliyini elan etməsilə "Vahid və
bölünməz Rusiya"nın parçalanmasına yol
açdığı üçün "Azərbaycanın
Rusiyadan ayrılması faktını" tanımadı və
Azərbaycan parlamentini boykot etmək barədə qərar qəbul
etdi. Ancaq Azərbaycanda yaşayan rus-slavyan əhalisinin
təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı
ləğv etməyə məcbur oldu. Həmin
dövrdə Azərbaycanın müstəqilliyi ilə
barışa bilməyən ermənilər də Rus Milli
Şurasını müdafiə etdilər və iki aydan
çox müddət ərzində parlamentin iclaslarında
iştirak etmədilər. Parlamentə
qatıldıqdan sonra isə həmişə Azərbaycan
dövlətçiliyinə xəyanət mövqeyindən
çıxış etdilər.
Ölkədə
ali hakimiyyəti öz əlində cəmləşdirmiş,
sayı 100 nəfərə çatmayan parlamentdə 11
fraksiya və qrupun fəaliyyət göstərməsi olduqca
mürəkkəb daxili və beynəlxalq şəraitdə
müstəqil dövlət quruculuğuna ciddi əngəl
törədirdi. Ayrı-ayrı fraksiya və
qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və
qrup mənafelərini ümummilli mənafedən üstün
tuturdular. Məsələn, parlamentin sosialist bloku
"yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi
altında müntəzəm olaraq Azərbaycanın Sovet
Rusiyasına birləşdirilməsini təbliğ etmiş,
Sovet Rusiyasında diplomatik nümayəndəlik
açılması barədə qərar qəbul edilməsinə
nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə
müdaxiləsinə tərəfdar
çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan
Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi
aparmaqdan başqa bir şey deyildi.
Bununla belə,
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 17 aylıq
aramsız fəaliyyəti dövründə həyata
keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi,
qəbul etdiyi yüksək səviyyəli qanunvericilik
aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi
tarixində, xüsusən də parlament mədəniyyəti
tarixində dərin və zəngin iz qoymuşdu.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə parlamentçilik
tariximiz iki dövrə ayrılır: I dövr 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam
edib. 6 ay ərzində Azərbaycan Milli
Şurası adı ilə fəaliyyət göstərən,
44 nəfər müsəlman-türk nümayəndədən
ibarət olan ilk Azərbaycan parlamenti mühüm tarixi qərarlar
qəbul etdi. Azəərbaycanın ilk parlamenti 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini
elan etmiş, ölkənin idarə olunmasını öz
üzərinə götürmüş və tarixi
İstiqlal bəyannaməsini qəbul etmişdi.
Tarixçilərin qənaətincə, Azərbaycan
Milli Şurasının o zaman çox mürəkkəb və
həlledici tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında
elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan
demokratiyası və parlamentarizm ənənələri
tarixinin parlaq hüquqi sənədi olaraq bu gün də
öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
Milli Şura dövründə Azərbaycan parlamentinin təsis
toplantısı ilə birlikdə cəmi 10 iclası
keçirilib.
İlk iclas - 1918-ci il mayın 27-də
Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda
keçirilib. Mayın 27-də Azərbaycan Milli
Şurası təsis olunub, iyunun 17-də isə fəaliyyətini
müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər
Məclisi çağrılmaq şərti ilə
bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti
hökumətə verib. Xalq Cümhuriyyəti hökuməti
1918-ci il sentyabrın 17-də Bakıya
köçdükdən sonra Azərbaycan Milli Şurası
noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa edib.
Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin
(geniş tərkibli Azərbaycan Parlamentinin)
çağırılması haqqında qanun qəbul etdi və
öz fəaliyyətini dayandırdı. Beləliklə,
Azərbaycan parlamenti fəaliyyətinin bu dövründə -
Milli Şura dövründə Tiflisdə, Gəncədə və
Bakıda fəaliyyət göstərmişdi.
Azərbaycan
Xalq Cümhuriyyətinin parlamentçilik tarixində II
dövr və ya Bakı dövrü 1918-ci il
dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam
edib. İlk iclas - 1918-ci il dekabrın 7-də,
son iclas 1920-ci il aprelin 27-də keçirilmişdi. Bu dövrdə Parlamentin cəmi 145 iclası
olmuşdu. Bütün bu iclaslarda Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti İstiqlal bəyannaməsinin
müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və
konkret tarixi şəraiti nəzərə alaraq ölkənin
ərazi bütövlüyünü təmin etmək və
müstəqilliyini qoruyub saxlamaq, insan haqları və
azadlıqlarının dolğun təmin olunduğu ən
müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi
daşıyan çox mühüm qanunlar və qərarlar qəbul
etmişdi. Bütün bu qanunlar və qərarlar
hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə
orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Professor
Qüdrət Əbdülsəlimzadə qeyd edir ki, belə bir
çətin şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin
dövlət siyasətinin cari və perspektiv konturları, onun
lideri Məhəmməd Əmin Rəsulzadənin "Fikri,
milli və siyasi istiqlalın kökü -
İstiqlaldır" ideyası əsasında
formalaşmışdı: "Bu mənada Azərbaycan Xalq
Cümhuriyyətinin cəmiyyətdə iqtisadi əsasını
təşkil edən mülkiyyət - əmlak münasibətlərinin
dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi,
aqrar-torpaq islahatlarına dair müxtəlif variantların
hazırlanaraq parlamentdə geniş müzakirəsi, sənaye
sahələrinin inkişafına dair xətti, maliyyə-pul-alyuta
siyasəti, inflyasiya prosesləri ilə bağlı tədbirləri,
ölkənin xarici iqtisadi-ticarət əlaqələrini
genişləndirməsi səyləri, iqisadiyyatın dövlət
tənzimlənməsi istiqamətindəki addımları, əhalinin
güzəranını yaxşılaşdırmaq, təhsil,
səhiyyə, habelə digər sahələrdəki fədakar
və düşünülmüş fəaliyyəti əsil
Milli Hökumət qayğılarının danılmaz ifadəsi
idi. Milli Hökumətin konkret Azərbaycan
reallıqlarını, eyni zamanda daxili-xarici təsir qüvvələrini
nəzərə almağa çalışan iqtisadi tədbirlərinin
həyata keçirilməsi gedişində təkamül
yolunun seçilməsi şübhəsiz, uzaqgörənlik və
müdriklik kimi qiymətləndirilməlidir. Məhəmməd
Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində
hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət
daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə
dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər
yolu ilə irəliləmək siyasətini
aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd
cəmiyyətin bütün vətəndaşlarının bərabər
yaşamaq hüququ əsasında qurulması idi: "Burada
bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına
görə varlı, nə də yoxsulluğuna görə
haqsız sayılırdı... Azərbaycan
zehniyyətincə, dünyanın əvvəlindən bəri
insanların yaşayış və iqtisadiyyatında
qarşılaşdıqları ədalətsizliyi birdən-birə
ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə
mülkiyyəti və bununla bağlı insanlar arasında
ortaya çıxan səfaləti aradan götürmək
mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət
çıxar və iç qarışıqlıqlardan
başqa ayrı bir nəticə alına bilməzdi". Torpaq və ondan istifadə məsələlərinə
gəlincə, M.Ə.Rəsulzadə bu qənaətdə idi
ki, hər bir əkinçi özü əkib-becərdiyi
torpağa sahibliyini qəbul etməklə yanaşı "Azərbaycan
islahatları geniş torpaqları "ölü
halında" (istifadəsiz) saxlayan torpaq sahiblərinin
mülkiyyət hüququnu rədd edirdi". Belə bir
yol, konkret reallıqları nəzərə alan
uzaqgörən iqtisadi siyasətin nəticəsi idi".
I Dünya müharibəsində böyük dövlətlərin
dünyanı bölüşdürmək uğrunda
mübarizəsinin həlledici mərhələyə daxil
olduğu və ölkənin başı üzərini yeni
işğal təhlükəsinin aldığı çox
mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə
fəaliyyət göstərən Azərbaycan parlamenti öz
fəaliyyətinin mühüm hissəsini dövlət
müstəqilliyinin qorunub saxlanmasına və ordu
quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu
sahədə qəbul etdiyi qanun və qərarların
müzakirəsində parlament üzvləri həmrəylik və
yekdillik nümayiş etdirirdilər.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə,
qanunvericilik təklifləri, Müəssisələr Məclisinə
seçkilər keçirmək üzrə mərkəzi
komissiya, mandat, hərbi, aqrar məsələlər:
sorğular üzrə, təsərrüfat-sərəncamverici,
ölkənin istehsal qüvvələrindən istifadə
üzərində nəzarət, redaksiya və fəhlə məsələləri
üzrə komissiyaları idi. Azərbaycan Xalq
Cümhuriyyəti hüquqi dövlət yaratmaq
üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə
orqanlarına bölünməsi prinsipini də nəzərdə
tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
bütövlükdə fəaliyyəti daha çox ölkənin
sosial-iqtisadi və maliyyə problemlərinin həllinə,
ölkənin siyasi və ərazi
toxunulmazlığını təmin etməyə, vətəndaşların
hüquqlarını qorumaq, dövlətin demokratik və
hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan
Cümhuriyyətinin dünya dövlətləri tərəfindən
tanınması üçün şərait yaratmaq, onun
xarici ölkələr, ilk növbədə yaxın
qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələrini
yaratmağa yönəlmişdi. Eyni zamanda bu dövr ərzində
vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət
haqqında, mətbuat haqqında, Milli Bankın təsisi
haqqında, Bakı Dövlət Universitetinin yaradılması
haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi
haqqında, məhkəmə qanunvericiliyi haqqında və s.
sənədlər də parlamentdə müzakirə edilib və
qəbul edilmişdi.
Uğur
Xalq cəbhəsi.-2015.-
6 iyul.- S. 13.