Qədim Şamaxı ilə bağlı
soraqlar Avropada
A.Dümanın səfərindən 1
il sonra 8-10 ballıq zəlzələ
şəhəri yenidən dağıtdı
III yazı
Böyük memar Qasım bəy (1711-1874) Şamaxıda
çox saraylara layihələr hazırlamışdı. Qasım bəy
xüsusi bir layihə hazırlayır; üçmərtəbəli
füsunkar bir saray layihəsi. Əhməd
bəy Şamaxının məşhur ustalarını bir
araya gətirir, Sündü kənd daş karxanalarına da
adamlarını göndərir. Daşların
gətirilməsi üçün 20-30 kəl arabası təşkil
edirlər. Sündü kəndindən 20 nəfər
tağyonan usta tapırlar. Bu işləri
qonşusu, İmamlıda, Sarıtorpaqda tikilən imarətlərin
baş ustası olmuş Kərbəlayi Mürşüdə
(Azərbaycanda ilk ali təhsilli memar Zivər bəy Əmədbəyov
Gəray bəy oğlunun (1873-1925) dayısı) həvalə
edilir. Sultan Əhməd imarətin
hazırlanmasında alış-veriş işlərinə nəzarəti
qızı Səlminin ömür-gün yoldaşı Səlim
bəyə həvalə edir. Baş usta Kərbəlayi
Mürşüd saray-mülkün layihəsini sonuncu dəfə
Qasım bəylə müzakirə edib, Əhməd Sultana təqdim
edir. Əhməd Sultan oğlu Mahmud Ağa ilə
layihəni xeyli müzakirə edir, məsləhətlərini
baş ustaya bildirdilər. Üçmərtəbəli
sarayda qonaqlar üçün geniş salonlar, ədəbi və
musiqi məclisləri, musiqi alətləri, kitabxana və
qonaqların qəbulu və. s.
üçün zallar və otaqlar nəzərdə tutulur.
Ata və oğul böyük zalları genişləndirmək,
külafirəngini artırmaq, girişdə çarhovuzun
yaradılması şərti ilə inşaat işlərinə
başlanmasına qərar verirlər. Sarayın həyətində
istirahət guşəsi - gül bağçaları və
s. yaradılır.
Təəssüf
ki, Azərbaycan memarlığının əsrarəngiz
nümunələrindən biri olan bu saray 1859-cu il zəlzələsində yerlə-yeksan olur. Mahmud Ağa da sarayı ikinci dəfə bərpa
etdirir. 1902-ci il zəlzələsi də
divarlarına Azərbaycanın qüdrətli sənətkarlarının
səsi, avazı hopan, ən gözəl və unudulmaz musiqi məclislərinə
qollarını açan və bənzərsiz səhnələrə
şahidlik edən sarayı minlərlə hədiyyə, əlyazma,
musiqi alətləri və şəkilləri ilə birlikdə
təkrarən yerlə-yeksan edir.
Haşiyə:
O zaman artıq nə Əhməd Sultan, nə də ki Mahmud
Ağa sağ idilər. Vaxtilə fransız
yazıçısı A.Düma Şamaxıya gələndə
Ağanın qonağı olur. Sarayı görəndə
təəccübünü gizlədə bilmir və sonralar
heyrət içində yazır: «Mahmud bəyin evi
Dərbənddən Tiflisə qədər
gördüyüm evlərin ən gözəli idi. O, Şərq memarlıq
üslubunda tikilimiş qiymətli bir imarət idi. Biz adamı valeh edən, gözəlliyini sözlə
ifadə etmək, qələmlə təsvir etmək
mümkün olmayan, çox zəngin, şərqsayağı
bəzədilmiş bir salona daxil olduq. Qonaqlar
qızılı haşiyəli döşəkçələrin
üstündə
oturub,
al-əlvan qumaş mütəkkələrə dirsəklənib.
Salonun o başında incə naxışlarla bəzədilmiş,
şəbəkəli böyük və hündür pəncərələrin
yanında üç rəqqasə və beş
çalğıçı vardı».
… Aylar ötdü, illər dolandı. Əhməd Sultan ömür-gün yoldaşı
Gövhər bəyimlə yeğanə oğlu Mahmud Ağa
üçün toy etməyi qərarlaşdı. Valideynlər gəlinlərini də tez zamanda
seçdilər. Yaxın qohumu, dostu, məclisin ən fəal
iştirakçısı, muğam aşiqi
S.Ə.Şirvaninin yaxını, Sultan bəyin qızı Qəmər
xanımı Həhayət, sarayda heç vaxt, heç yerdə
misli görünməyən dəbdəbəli bir toy quruldu.
Toya Şamaxının bütün ziyalıları, bəyzadələr,
sazəndələr, Bakıdan, Qarabağdan, Təbrizdən,
Dərbənddən, Orta Asiyadan dəvət alan
musiqiçilər, bir sözlə, hər yerdən Əhməd
Sultanın dostları, tanışları təşrif buyurmuşdu.
Məclisdə iştirak edən xanəndələrin
sayı bəlli deyildi. Düz üç gün, üç gecə
toy çalındı. Demək olar ki, bu
günlərdə Şamaxıda böyük el bayramı
yaşandı, aylarla səsi-sədası dillərdən
düşməyən bu toyun ağsaqqalı Əhməd
Sultanın dostu Mirzə Nəsrulla Qurban bəy oğlu (Didə)
idi. Didə ərəb, fars, rus dillərinin
kamil bilicisi, quberniya idarəsinin katibi, dilmanc, istedadlı
şair və muğam bilicisi idi. Bu ziyafətdə
Qafar Məmmədsəid oğlu onun köməkçisi idi.
Qabaqcadan tərtib edilmiş siyahı əsasında
şəhərin bütün məhəllələrindəki
kasıblara, ehtiyacı olanlara xələt və hədiyyələr
paylatdı Əhməd Sultan. Şamaxıda
yüzlərlə ailə toy şirinliyi daddı.
Mahmud
Ağa və Qəmər xanımın bu izdivacdan beş övladı - dörd oğlu, bir
qızı oldu: Ağa bəy, Əhməd bəy, Cavad
bəy,
İbrahimxəlil bəy və Bəyim xanım. XIX əsrin 60-cı illərindən sonra
Şamaxıya yolu düşən İran, Rusiya və Avropa səyyahlarının,
şərqşünaslarının çoxu bu ailənin, məclisin,
sarayın, imarətin qonağı olub. Çox
əfsuslar ki, Mahmud Ağanın qonağı olmuş məşhur
insanların hamısı haqqında mənbələrdə o
qədər də geniş, tutumlu məlumat yoxdur. Sadəcə,
hamının bildiyi, müraciət etdiyi bir neçə səyyahın
xatirələri, yol qeydləri məlumdur: fransız
yazıçısı A.Düma (1802-1870), rus etnoqrafı
İ.Yevlaxov (1816-1884), Sankt-Peterburq Rəssamlıq
Akademiyasının vitse-prezidenti, knyaz Qriqori Qriqoryeviç
Qaqarin (1810-1893).
XII-XX əsrlər arasında Şamaxıda zəlzələlər
çox olub.
Onlardan 16-20-sinin dağıdıcı zəlzələ
(8-10 baldan yuxarı) olduğu məlumdur. A.Dümanın
səfərindən bir il sonra 8-10 bal
gücündə olan zəlzələ şəhəri yenidən
yerlə-yeksan etdi.
Uzun əsrlər boyu paytaxt olmuş Şamaxı şəhəri
bir daha əvvəlki əzəmətini özünə
qaytara bilmədi və onu aramsız olaraq dağıdan, viran
qoyan zəlzələlərin əlindən möhtəşəmliyini
itirərək adi əyalət şəhərlərindən
birinə çevrildi. Zivər bəy Gəray bəy oğlu
Əhmədbəyov Şamaxıda, İmamlı məhəlləsində
1873-cü ildə doğulmuş, mollaxanada və realnı məktəbdə
təhsil aldıqdan sonra Sankt-Peterburq Mülki Mühəndislər
İnstitutuna qəbul olmuşdu. Onun
atası Mahmud Ağanın, S.Ə.Şirvaninin, Səid Əfəndinin
dostlarından idi. Zivər bəy hər iki məclisdə
iştirak etdiyi kimi, Mahmud Ağanın qonaqlarının da
çoxu ilə dost olub. Z.Əhmədbəyov
1902-ci ildə Bakı Quberniya idarəsində, sonralar isə
Bakı şəhər idarəsində memar işləyib.
O, 1918- 1922-ci illərdə Bakının baş memarı olub.
Zivər bəy Əhmədbəyov 52 illik ömrünün
çoxunu memarlıq sənətinə həsr edib, Bakı,
Şamaxı, Göyçay
şəhərlərində neçə-neçə inzibati
binalar, yaşayış evləri, məscidlərin layihəsini
verib, xalq memarlığının mütərəqqi ənənələrini
Şərq və Avropa memarlığı ilə üzvi surətdə
əlaqələndirib.
1918-ci ildə erməni cəlladları Şamaxı əhalisini
qırdığı kimi, şəhəri, eləcə də
Cümə məscidini odlara qalamışdılar. Erməni vəhşiliklərindən
ruhdan düşməyən görkəmli
ziyalı
Zivər bəy 1919-cu ildə şəhərin yenidən bərpası
üçün «Yeni Şirvan» cəmiyyəti təşkil
edir. Zivər bəy Əhmədbəyov Sovet hakimiyyəti
qurulduqdan 5 il sonra haqsızlıqlara
dözməyərək 1925-ci ildə Bakı şəhərində
intihar edir. Onun doğmaları hazırda
Bakıda yaşayırlar.
Şamaxıda dağıdıcı zəlzələlərdən
biri də 1192-ci ildə baş verib. Bu dəhşətli zəlzələdə
Şirvanşaha və onun ailəsinə böyük bədbəxtlik
üz verdi. Gürcü salnaməsində
bu barədə belə yazılır: «Şirvanşah və
Əmir Mirman çarəsiz vəziyyətə
düşdülər. Belə ki, Şirvan ölkəsi o vaxt
Allahın qəzəbinə düçar oldu, yerin silkələnməsindən
Şamaxiyyə şəhərinin divarları və qalası
uçub dağıldı, hər şey məhv oldu, eləcə
də Şirvanşahın arvadı və uşaqları həlak
oldular... Şamaxını bərk dağıdan bu zəlzələdən
çoxlu adam, o cümlədən
Şirvanşahın ailəsi, onun arvadı, İsmət
Əddin, oğlu və vəliəhdi Məniçöhr,
qızı Əmir Əmiran Ömərin arvadı və digər
qızları həlak oldu. Bu fəlakət nəticəsində
Axistandan sonra Şirvanı... onun qardaşları idarə etməyə
başladılar». Bu zəlzələ ilə
yanaşı 1226, 1467, 1667, 1669, 1796, 1828, 1829, 1851, 1855, 1859,
1869,1872, 1902-ci illərdə
Şamaxıda dağıdıcı zəlzələlər
baş verib...
1859-cu il zəlzələsi də şəhəri
alt-üst etdi. Şəhər tam məhv oldu.
İstər-istəməz bu zəlzələdə
Əhməd Sultanın da imarəti-sarayı dağıldı.
Təbii ki, bu sarayda olan var-dövlət, bundan
daha dəyərli olan kitab-əlyazma, xatirə əşyaları
da məhv oldu.
Yalnız A.Dümanın hədiyyə etdiyi bir divar
saatı, bir xalı və dörd gümüş
qaşıq o vaxtdan salamat qalır və günümüzə
şahidlik edir. 150-dən çox yaşı var həmin
saatın. Ata və oğul sonra sarayı
yenidən qurdular. Əvvəlkindən də
möhtəşəm. Ancaq xatirə əşyaları,
kitab, sənəd, şəkilləri xilas etmək
mümkün olmadı... 1902-ci il zəlzələsi
yenidən qurulmuş sarayı və oradakı tarixlər
şahidi olan sənədləri də yox etdi.
Erməni daşnakları 1918-ci ildə bütün
şəhəri yandırır. Erməni cəlladları
«İmamlı» məscidinə pənah gətirən
insanları, eləcə də məscidin Axundu Cəfərquluya
olmazın
işgəncə verərək öldürmüş, sonra məscidin
qapısını bağlamış, oradakı insanları
yandırmışlar. 1919-cu ildə yerlərdə
təhqiqat aparan insanların məsləhəti ilə erməni
cəlladları tərəfindən yandırılan insanlar məscidin
həyətində dəfn edilib. Məzarın
üstünə Cümhuriyyət dövründə sinə
daşı qoyulub. İllər sonra məzar
daşının üstünü torpaq örtüb və
qanlı məzarı Sovet dönəmində torpaq salamat
saxlayıb. Sinə daşı günümüzə
şahidlik edir…
Seyfəddin Qəniyev
Professor
Xalq cəbhəsi.-2015.-
10 iyul.- S. 14.