“Azərbaycan mətbuatı və milli-mənəvi
dəyərlərimiz”
Azərbaycan Milli Kitabxanasında
konfrans keçirilib
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, dünyada milli mətbuatını yaranmasının 140 illiyini qeyd edən az ölkələr var ki, onlardan biri də Azərbaycandır: ”Əkinçi” qəzeti Azərbycan mətbuatının sonrakı inkişafına, onun peşəkar dəyərlər üzərində qurulmasına da böyük töhfə verdi. O dövrdə nəşr olunan məqalələr bu gün üçün də aktual və maraqlıdır. Azərbaycan xalqı mətbuatın inkişafı ilə gələcəyə baxmaq, inkişaf etmək haqqı qazanıb. Azərbaycanda yüzlərlə mətbu orqan var. Onların sırasında dövlətə məxsus olanların sayı azdır. Bizim media tamamilə sərbəstdir. Azərbaycan mətbuatı bu gün istənilən mövzu, istənilən hadisə haqqında yazmaqda tam sərbəstdir. Mənim düşüncəmə görə mətbuatın ən vacib vəzifələrindən biri Azərbaycan ənənələrini qorumaq, tarixi keçmişinə ehtiram hissi ilə yanaşmaqdır”.
Tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, dövlət siyasəti Azərbaycan mətbuatının inkişafına, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağına yönəlib: "Bu sahədə atılan addımlar imkan verir deyək ki, bizim peşəkar mətbuatımız bunun öhdəsindən gəlir.
Bu gün müharibə şəraitində yaşayırıq. Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın peşəkarlığı burda böyük rol oynayır. Cənab prezidentin vurğuladığı kimi jurnalistlərin vətənpərvər olması vacib məsələlərdəndir. Mətbuatın cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli və önəmlidir. Onun üzərinə böyük missiya və vəzifə düşür. İnanıram ki, Azərbaycan mətbuatın üzərinə götürdüyü böyük missiyanı indiyə qədər olduğu kimi bundan sonra da davam etdirəcək”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının 140 illik yubileyi, müasir mətbuatın inkişafı haqqında fikirlərini bildiriblər.
Tədbirdə "Milli rəqslərimiz
milli dəyərimizdir” mövzusunda
keçirilən yazı müsabiqəsinin qalibləri və
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif edilən
bir qrup jurnalist mükafatlandırılıb.
Xalq cəbhəsi.-2015.- 11 iyul.- S. 3.