Muğam bütün dövrlərdə insanları saflığa səsləyib

 

Muğamın yaranma tarixi qədim Qobustanda məskunlaşan analarımızın, nənələrimizin körpələrin beşiyi başında oxuduqları ilk “Layla”lar qədər daha qədimdir. Bildiyimiz kimi, “Layla”lar şeir formasında deyilmir, hər hansı muğam üzərində zümzümə edilir. Bu, min il də, 20 min il bundan əvvəl də belə oxunub. İndinin özündə avazla oxunan ən qədim laylalarımızı dinləyəndə onların hansı muğama kökləndiyini açıq-aydın müəyyənləşdirmək mümkündür. Yeri gəlmişkən, qeyd edək ki, həm qədim, həm də çağdaş laylalarımızın əksəriyyəti “Segah” muğamının lad-intonasiyası əsasında oxunur. Şərqin az qala bütün xalqlarının ümumi ruhuna uyğun yaradılan “muğam janrı həm uzaq keçmişin, həm bu günün, həm də gələcəyin möhtəşəm xəzinəsidir” – desək, heç də yanılmarıq.

Muğam dünyası bütün dövrlərdə insanları paklığa, saflığa səsləyib, şübhəsiz, bu iş gələcəkdə də davam etdiriləcək. Azərbaycan muğamlarının yaranması və inkişafında istər xanəndələrin, istərsə də instrumental ifaçıların xidməti böyükdür. Muğamlar dəsgah halında səsləndirilərkən xanəndəni müşayiət etmək üçün tar və kamança əvəzsiz alət sayılır. Lakin digər – balaban, ney, tütək, zurna, ud, qanun, saz və s. kimi alətlərimizdə də muğamlar özünəməxsus tərzdə səslənir.

Hər alətin öz səsi, öz dünyası var. Bir-birindən maraqlı, ecazkar səsə malik çalğı alətlərimizin sırasında idiofonlu alətlərin də xüsusi yeri var. Bir sıra idiofonlu alətlər formasına, materialına və quruluşunun sadəliyinə görə, daha qədim dövrlərin yadigarı sayılır. İlk baxışda belə bir təsəvvür yaranır ki, idiofonlu alətlərin muğam ifaçılığında heç bir rolu yoxdur. Lakin Azərbaycan ifaçılıq sənətinə dərindən diqqət yetirdikdə idiofonlu alətlərin də muğam ifaçılığının inkişafında heç də az əhəmiyyət daşımadığının şahidi oluruq. Məsələn, bir sıra idiofonlu alətlərdən (laqquti, qaşığek, çaharpara, şaxşax, xalxal və s.) muğamların şöbə və guşələri arasında çalınan dəraməd, rəng, rəqs, dəringə və ya təsniflər, eləcə də zərbi-muğamlar ifa edilərkən geniş istifadə olunduğu çoxlarına bəllidir. Hətta bəzi idiofonlu – əlvah, çini kasa dəsti, nəlbəki dəsti, kuzə dəsti, laqquti dəsti kimi alətlərimizdə muğamların tərkib hissələrindən olan müəyyən şöbə və guşələri də səsləndirmək mümkündür. Təsadüfi deyil ki, bir sıra muğam guşələrinin hətta adlarında da idiofonlu alətlər əks olunub. “Naqusi”, “Zəngi-şütür”. N.Gəncəvinin şeirlərində bunun şahidi oluruq:

 

“Naqusi” və “Övrəng” çalınan zaman

Zəng səsi qalxırdı övrəng taxtından.

 

Beytin I misrasında işlənən istilahlar (“Naqusi” və “Övrəng”) orta əsrlərdə çalınan muğam adlarıdır. Xatırladaq ki, qədimdə naqus adlı idiofonlu alət də olub. İndi isə muğam ifaçılığında səsləndirilməsi mümkün olan bir sıra idiofonlu alətlərə nəzər yetirək. Əlvah aləti. Azərbaycanın böyük musiqişünas alimi Əbdülqadir Marağalının icad etdiyi əlvah çalğı aləti geniş diapazonlu olduğundan, əlvah alətində XIV-XV əsrlərdə Şərqdə (Cənubi Asiyada) yayılan bütün muğamların ifa edilməsi mümkün imiş. Türkiyəli alim Murat Bardakçı “Marağalı Əbdülqadir” əsərində əlvahın quruluşundan söhbət açarkən səsləri muğam adları ilə qeyd edərək yazır: “Bu cür misdən və ya poladdan hazırlanmış ksilofona bənzəyən alətdə 46 ədəd lövhə 3 sıra ilə düzülüb. İlk sırada 10 ədəd lövhə var və bunlar o dönəm “Rast”ın “Segah”la “Övc” arasındakı ana, yəni əsas səsləri verir. II sıradakı 18 lövhədə “Segah”la “Nəva”, son sırada olan 18 lövhədə isə “Nəva” ilə “Zil-Nəva” arasındakı bütün səslər ifa edilir”.

Bu məlumat əlvahın o dövr üçün mükəmməl alət olduğunu və muğamların çalınmasının mümkünlüyünü təsdiqləyir. Təəssüf ki, əlvah aləti sonrakı mərhələlərdə unudulub və tədricən sıradan çıxıb. AMK-nın “MMAT” elmi-tədqiqat laboratoriyasında əlvah alətinin ilkin variantını misdən (metallofon) hazırlamışıq. Ansambl və orkestrlərin səs palitrasını daha da zənginləşdirməkdən ötrü əlvah tipli alətlərə böyük ehtiyac var. Öz dövründə mükəmməl çalğı aləti kimi tanınan, hazırda bərpa olunmuş əlvahda istənilən muğamın ifası mümkündür. Çini kasa dəsti. Kasalardan məişət qabı kimi e.ə. istifadə edilsə də, Əbdülqadir Marağalı onlarda ardıcıl səsdüzümü alaraq, XIV əsrin sonlarında yeni növ çalğı aləti icad edib. O, çini kasa sazı adlandırdığı bu mükəmməl alətdə dövrünün muğamlarını, mahnı və rəqslərini səsləndirib. 76 müxtəlif ölçülü kasalardan ibarət olan çini kasa sazında hər kasa ayrıca bir səs verirmiş və onlar üç cərgədə, sıra ilə düzülürdü:

I cüt sırada 22 (burda “Yegah”-“Nəva” oktavası daxilindəki 18 səsdən 15-nin ifası mümkün idi ), II cüt sırada 36 (“Yegah” - “Zil Nəva” arasında yer alan iki oktava həcmində bütün səslərin ifası mümkün olub), III cüt sırada 18 kasa (II cərgədə olduğu kimi, “Segah”-“Zil Nəva” oktavası daxilindəki bəzi səslərin ifasının mümkünlüyü). Maraqlıdır ki, M.Bardakçı yazılarında Ə.Marağalının əsərlərində çini kasa sazı çalğı alətinin səslərinin muğam adları ilə verildiyini bildirir: “Segah”, “Nəva”, “Zil Nəva”, “Qəveşt”, “Nim Hicaz”, “Dik Hicaz” və s.

Kuzə dəsti. Kuzə məişət qabı kimi xalqımıza Tunc dövründən məlumdur. Belə qablardan əsasən su daşımaq və saxlamaq üçün istifadə ediblər. Lakin idiofonlu kuzə çalğı alətini XIV əsrdə yaşamış Azərbaycanın tanınmış musiqi alimi və şairi Xoca Raziyəddin Rizvanşah icad edib. Xoca Raziyəddin Rizvanşah “Mizani musiqi” (“Musiqi ölçüsü”) risaləsində kuzə dəsti adlı çalğı alətindən söhbət açır. Bu barədə Ə.Dağlı “Ozan Qaravəli” əsərində “Mətləbə yaxın bir haşiyə” başlıqlı məqaləsində geniş məlumat verir. Onun “Ozan Qaravəli” adlı əlyazması AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunur. Əlyazma 1924-1958-ci illərdə müəllif tərəfindən ərəb qrafikası ilə yazılıb, 1969-cu ildə isə üzü kirill qrafikalı Azərbaycan əlifbası ilə köçürülüb. Əlyazmanın üzü köçürülmüş digər nüsxəsi Ə.Dağlının yaxın qohumlarında mühafizə olunur.

Həsən bəy Rumlu “Əhsənüt-təvarix”14 əsərində mahir saray musiqiçisi, zəmanəsinin sayılıb-seçilən sənətkarlarından biri olan Xoca Rizvanşahın 12 muğam və 24 şöbədən ibarət təsnifləri olduğunu bildirir. 12 hissədən, yəni bardaqdan ibarət olan kuzələrin hər birinin ayrılıqda öz adı və funksiyaları olubmuş. Bu kuzələri çubuqla mülayim vurduqda ətrafa xoşagələn səslər yayılırmış. Alətdə o dövrün melodiyalarını, eləcə də muğamlardan müəyyən hissələr səsləndirmək mümkün olub.

Nəlbəki dəsti. Müasir dövrdə müxtəlif yüksəkli səs verən kasa dəstindən yaxın keçmişdə “İrs” folklor ansamblında istifadə edilirdi. Kuzə dəsti isə tamamilə unudulmuş, sıradan çıxıb. Bu tipli alətlər sırasında nəlbəki dəsti çalğı alətini müasir azərbaycanlılar yaxşı tanıyırlar. Doğrudur, qədim mənbələrdə nəlbəkilərdən ibarət çalğı alətinə rast gəlməsək də, XX əsrin 70-ci illərindən etibarən virtuoz sənətkar, müxtəlif növlü çalğı alətlərinin mahir ifaçısı Həsənağa Sadıqov ilk dəfə belə bir aləti üzə çıxarıb. O, müxtəlif səsli, ardıcıl səsdüzümlü bir neçə nəlbəkini yanaşı düzərək, onları iki nazik çubuqla döyəcləməklə səsləndirib.

H.Sadıqov nəlbəkilərdə istənilən melodiyanı və həmçinin muğamları (əlbəttə, fraqment şəklində) böyük məharətlə ifa edir. Azərbaycan tamaşaçıları dəfələrlə onun ifasında “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Segah”, “Şüştər” və s. muğamların müəyyən guşələrini dinləyiblər.

Laqquti dəsti. Adi laqqutidən qoşanağara çalanlar istifadə edirlər. Təkmilləşdirilmiş laqquti dəstində dəsgah halında olmasa da, muğamlardan müəyyən fraqmentlər, parçalar ifa etmək mümkündür. Bir oktava diapazonu olan ardıcıl səsdüzümlü laqquti dəsti əsasən ritm ifa etmək üçün nəzərdə tutulub.

Lerik rayonunun Monidigah kəndində aşkar edilmiş laqquti alətinin şərəfinə elə bu kənddə eyniadlı – “Lakto” (əslində “Laqquti”) folklor ansamblı təşkil olunub. Aparılan müşahidələr nəticəsində laqqutinin adı xalq arasında müxtəlif cürə tələffüz edildiyi aşkarlanıb: “lakıtı”, “lakquti”, “laxquti”, “laxqıtı”, “lıqıdı”, “laqudu”, “laqto”, “laqqoto”, “lakto”. Lakin bir sıra mütəxəssislər dilimizin leksik qanunlarını nəzərə alaraq, elmi dairələrdə aləti laqquti adlandırıblar. Ölkəmizdə muğam adları ilə bir sıra ansambllar yaradılıb: “Hümayun” (bədii rəhbər: x.a. Əlibaba Məmmədov), “Dügah” (bədii rəhbər Ələkbər Əsgərov), “Şur” (bədii rəhbər Xosrov Fərəcov), “Dilkəş” (bədii rəhbər x.a. Məmmədbağır Bağırzadə), “Rast” estrada qrupu (bədii rəhbər ə.a. Rəşad Haşımov) və başqaları.

Lakin Azərbaycanda çalğı aləti adı ilə tanınan, öz adında çalğı alətini əks etdirən “Lakto” (“Laqquti”) ilk ansambldır. Çalğı alətinin təbliği baxımından, həmçinin böyük maarifləndirici əhəmiyyəti olduğunu nəzərə alaraq bu işi yüksək dəyərləndirir və digər çalğı alətlərimizin də adlarıyla bağlı ansamblların yaranmasını arzulayırıq. Nümunə üçün ölkəmizdə tanınmış nəfəs alətləri ifaçısı Fərhad Hüseynovun rəhbərlik etdiyi “Ney” ansamblını göstərmək olar.

Çınqıraq dəsti. Çınqıraq aləti kəsik konus və ya üst oturacağı yarımkürə şəklində olan konus formasındadır. Alət mis, tunc və ya bürüncdən hazırlanır. Konusun içərisində səs salmaq üçün sağa-sola hərəkət edən metal dilcik, yəni, mil asılır. Zəngəbənzər alətlərdən bəzi hallarda, xüsusən döyüş səhnələrində çalğı aləti kimi istifadə olunsa da, bu alətlərin heç birində konkret melodiya ifa edilməyib. Bu problemi aradan qaldırmaq məqsədi ilə diatonik səsdüzümlü “çınqıraq dəsti” alətini hazırlamaq qərarına gəldik. Biz müxtəlif səslər verən kiçik çınqıraqlar əldə edərək, kiçik diapazonlu səsdüzümü yaratmışıq. Və bu çınqıraq dəstində müəyyən musiqi parçalarının ifa olunmasının mümkünlüyünü aydınlaşdırdıq.

Hətta çınqıraq dəstində kiçik muğam parçalarının da ifası mümkündür. Diatonik səsdüzümlü çınqıraq dəsti mükəmməl çalğı aləti olmasa da, ondan folklor tədbirlərində, etnoqrafik konsertlərdə istifadə etmək mümkündür. Bu aləti folklor ansambllarının, peşəkar xalq çalğı alətləri ansambl və orkestrlərinin tərkibində epizodik məqamlarda səsləndirilməsi dinləyicilərin böyük marağına səbəb ola bilər. Çınqırağı bu yolla böyük səhnələrə çıxarmaq mümkündür.

 

Abbasqulu Nəcəfzadə,

Musiqişünas

Xalq cəbhəsi.-2015.- 11 iyul.- S. 14.