Azərbaycan Prezidentindən ləyaqət
dərsi
İlham Əliyev: “Biz heç yerə
inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə
də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu
tərəfdaş kimi, ləyaqətli ölkə kimi”
“Bu gün biz dünyanın müxtəlif yerlərində
çox xoşagəlməz prosesləri müşahidə
edirik. Yaxın Şərqdə vəziyyət həddindən
artıq çox gərginləşib. Qanlı
toqquşmalar dayanmır, qan tökülür və yeni
müharibə ocaqları yaranır. Avropa
dərin iqtisadi böhran içindədir və bu böhrandan
hələ ki, çıxış yollarını tapa bilməyib.
Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini
də görürük və bu, bizi çox narahat edir”.
Azərbaycan prezidenti İlham Əliyev bunu bu
gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında deyib.
Dövlət
başçısının sözlərinə görə,
Azərbaycan artıq uzun illərdir çalışır ki,
bölgədə multikulturalizm dəyərləri
üstünlük təşkil etsin: “Bölgədə
sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri
güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən
bu istiqamətdə həm ölkə daxilində, həm də
beynəlxalq müstəvidə çox önəmli
addımlar atılır. Ancaq bununla bərabər,
biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni
görürük və bu, bizi narahat edir”.
“Mənəvi böhran, iqtisadi böhran bu gün
artıq Avropada reallıqdır və əlbəttə ki, bu,
bizi düşünməyə vadar edir və bu amilləri gələcək
fəaliyyətimizdə mütləq nəzərə
alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə
inteqrasiya etməlidir? İnteqrasiya etməlidir,
yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq
formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq
neçə vaxtdır düşünürəm və hesab
edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq
mexanizmi, formatı və konsepsiyası
hazırlanmalıdır”.
Dövlət
başçısı, əslində, bu barədə
artıq önəmli addımların
atıldığını qeyd edib: “Bildiyiniz kimi, Azərbaycan
Avropa İttifaqı ilə Assosiasiya Sazişinə
qoşulmamışdır. Ona görə ki, bu
saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki,
bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli
əməkdaşlığa bənzəyirdi və elə bil
ki, o saziş bir göstəriş vərəqəsi idi.
Bizə isə bu, əlbəttə ki,
yaramır. Çünki Azərbaycan
bütün ölkələrlə, bütün beynəlxalq
təşkilatlarla bərabərhüquqlu münasibətlər
qurur və biz fəaliyyətimizi bu prinsip üzərində
davam etdiririk”.
“Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə
biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini
irəli sürmüşük. Bu, tərəfdaşlıq
müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi
ola bilər. Sadəcə olaraq, əməkdaşlıq,
yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur
və Azərbaycanın milli maraqları o sazişdə
maksimum dərəcədə təmin olunmalıdır və
dəyərlərimiz də əlbəttə ki, bizim
üçün ən önəmli yerdədir.
Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi
dəyərlər haqqında daha çox danışmaq
lazımdır. Çünki həm Yaxın Şərqdə,
həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət,
o cümlədən mənəvi dəyərlər üzərində
yaranıb. Münaqişələr bir
çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda əlbəttə ki,
bütün məsələləri dərindən təhlil
edərək, ölkəmiz üçün, xalqımız
üçün ən məqbul, ən yaxşı
variantı seçirik və seçəcəyik”, deyə
dövlət başçısı vurğulayıb.
Prezident
qeyd edib kİ, MDB məkanında vəziyyət o qədər
də ürəkaçan deyil: "Bir çox ölkələr
böhranla bacara bilmirlər. Ukraynada böhran
davam edir. Ermənistan demək olar ki,
çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz
xalqını o qədər əzib ki, xalq buna dözə bilmir.
Onu da qeyd etməliyəm ki, Ermənistan
xuntası xalq hesabına varlanır. Bəlkə
bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya
miqyasında bəlkə də xaricdən ən
aşağı qiymətə qaz alan
ölkədir. Ancaq öz əhalisinə bunu
üç dəfə baha satır. Elektrik
enerjisi də, yanacaq da həmçinin. Yəni,
bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə
ki, xalq buna dözə bilmir".
"Belə bir mənzərə yaranıb. Yunanıstan
böhranı hələ ki, davam edir. Hələ
ki, heç bir nəticə əldə edilməyib. Əlbəttə, biz bilirik ki, vaxtilə
Yunanıstanda müəyyən səhvlər
buraxılmışdır və həddindən artıq
borclanma getmişdir. Bunun da səbəbi yəqin
ondan ibarətdir ki, siyasətçilər öz işlərinə
o qədər də məsuliyyətlə
yanaşmırdılar. Mən həmişə
demişəm və bu gün də deyirəm, Azərbaycanda
xarici dövlət borcumuz minimum səviyyədə
olmalıdır, hazırda təqribən 10-11 faiz
civarındadır. Biz onu daha da
aşağı salmalıyıq. Biz borc
götürə bilərik. Ancaq bu, bizə
lazım deyil. Sabah bu, bizə problem yarada
bilər.
Ona görə Yunanıstanla bağlı vəziyyət əlbəttə
ki, bu səbəblərdən qaynaqlanır. Eyni zamanda, biz
görürük ki, Avropanın bəzi ölkələri,
xüsusilə özləri üçün xüsusi yer əldə
etmək istəyən ölkələr Yunanıstanı, sadəcə
olaraq, alçaldırlar. Xalqı, dövləti
alçaldırlar. Bax, budur, bugünkü
reallıqlar", deyə dövlət başçısı
bildirib.
“Bu format
bizə lazım deyil”
Azərbaycan Prezidenti deyib ki, əgər bu gün biz bu vəziyyəti
nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə
də Avropa Şurasına da üzv olmazdıq”.
«Mən bəzi hallarda dövlət məmurlarından,
deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz
Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə
bir düşünün. Birincisi,
Prezidentin mövqeyini bilməlisiniz. İkincisi,
siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya
edəcəksiniz? Bu inteqrasiya sizə
lazımdırmı, yoxsa yox? Hansı
simada Azərbaycanı orada qəbul etmək istəyirlər?
İkinci dərəcəli üzv kimi, assosiativ
üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə
kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O
illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli
idi. Mən hesab edirəm ki, əgər bu
gün biz bu vəziyyəti nəzərə alaraq seçim
etməli olsaydıq, bəlkə də Avropa Şurasına da
üzv olmazdıq. Azərbaycanı nə
qədər təhqir etmək olar? Bizi nə
qədər alçaltmaq cəhdləri göstərilə
bilər? Artıq bizim hövsələmiz
tükənib. BizAvropa Şurasız da
yaxşı yaşaya bilərik, yaşamışıq da.
2001-ci ilə qədər
yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş
müharibəsi, erməni işğalı, siyasi böhran,
iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq,
ölməmişik”, deyə dövlət
başçısı vurğulayıb.
Prezident
İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa Şurasına
üzv olub ki, ilk növbədə Qarabağ problemi həll
edilsin: “Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan
Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ
ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi
görürük: ədalətsizlik, ikili standartlar,
islamafobiya, paxıllıq, bədniyyət. Bax,
bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul
edirlər. Qətnamənin məruzəçilər
tərəfindən təklif edilmiş mətnində
yazılmışdır ki, assambleya nəzərə alır
ki, Azərbaycan torpaqları işğal altındadır.
Götürüb o cümləni dəyişirlər,
yazırlar ki, assambleya nəzərə alır ki,
Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu,
açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya
qayıdıram. Biz heç yerə
inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir.
Lazım olarsa, yenə də başqa birliklərə
də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş
kimi, ləyaqətli ölkə kimi”.
“Turistlərin sayını
artırmağa çalışmalıyıq”
Avropa Oyunlarından söz açan Prezident İlham
Əliyev bildirib ki, bu hadisədən sonra Azərbaycana turistlərin
axını daha da sürətlə gedəcək. Bura gələn
qonaqlar Bakıya aşiq olublar. Bakının
gözəlliyi, rahatlığı, təhlükəsizliyi
daim qonaqların diqqət mərkəzində idi. Əlbəttə, biz turistlərin sayını
artırmağa çalışmalıyıq”.
Dövlət
başçısı deyib ki, Avropa Oyunları bunun
üçün gözəl imkan, təqdimat olub: “Ancaq
başqa məsələlər də öz həllini
tapmalıdır ki, Azərbaycana daha çox turist cəlb edə
bilək. İlk növbədə viza məsələsini
qeyd etmək istəyirəm. Mən dəfələrlə
bu məsələ ilə bağlı göstərişlər
vermişəm, müəyyən addımlar atılıb.
Amma hələ tam şəkildə bu məsələ
öz yoluna düşməyib. Viza rejimi elə
olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək
istəyənin qabağında möhkəm sədd olsun.
Bu, birmənalıdır. Eyni
zamanda viza rejimi elə olmalıdır ki, Azərbaycana turist,
qonaq kimi gəlmək istəyənin qarşısında maneəyə
çevrilməsin. Ona görə də
vizaların elektron verilməsi, xaricdə səfirliklərə
baş vurulmaması öz həllini tapmalıdır. Azərbaycana gəlmək istəyən hər bir
insan elektron viza almalıdır. Səfirliyə getməyə
ehtiyac olmamalıdır, evində kompüter
qarşısında oturaraq elektron qaydada bileti, vizanı
almalı, turizm şirkətlərinin xətti ilə Azərbaycana
gəlməlidir, vəssalam! Xarici İşlər
Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə,
digər qurumlara göstərişlər verilib, amma nəticə
yoxdur. Əgər kimsə mənə desə ki, nəticə
var, yoxdur! Çünki mən bura gələn qonaqlardan
soruşuram, ağzıdolu danışırlar ki, nə
gözəl ölkədir, amma deyirlər ki, bir problem var ki, gəlmək
çətindir, gərək 1 ay, 2 ay qabaq planlaşdıraq. Müasir dünyada insanlar tez hərəkət edirlər,
iki, üç gün ərzində hər hansı ölkəyə
gəlmək istəyən oteli sifariş edir, müraciət
edərək bilet, viza alır, gəlir. Gərək bu məsələni
mütləq həll edək”
“Azərbaycan yanacağı xaricdən
almır, özü istehsal edir...”
Dövlət
başçısı aviabiletlərin bahalığı ilə
bağlı ictimaiyyəti narahat edən məsələlərə
də diqqət çəkib: “AZAL yüksək xidmət
göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır,
özü istehsal edir. Axı başqa
ölkələrə nisbətən kerosin ucuz qiymətə
verilir, niyə aviabiletlər bahadır?”
Prezident
bildirib ki, AZAL dövlət tərəfindən böyük
subsidiyalar alır: “Bütün təyyarələr dövlət
büdcəsi hesabına alınır, aeroportlar dövlət
hesabına tikilir, bütün şərait dövlət
hesabına yaradılır. O halda başqa ölkələrə
nisbətən aviabiletlərin qiyməti nə
üçün baha olmalıdır?”
Prezident
Maliyyə və Sənaye və İqtisadiyyat nazirliklərinə
bu məsələ ilə məşğul olub, digər
ölkələrlə müqayisə aparmağı
tapşırıb: “Burada tənzimləmə mexanizmi
olmalıdır, hər şey şəffaf olmalı və
qiymətlər qaldırılmamalıdır ”.
Dövlət
başçısı beş ulduzu olmayan
hotellərin qiymətinin baha olduğunu deyib: “Bölgələrdə,
rayon yerlərində elə qiymət istəyirlər ki, insan
ora getmək istəmir. Buna bəlkə də
sadə yanaşırlar ki, bazar tənzimləyir, əgər
tələbat varsa, təklif də var. Amma hər kəs gedə
bilmir. Azərbaycanda beş ulduzlu
otellərin sayı kifayət qədər çoxdur, mən
buna çox sevinirəm. Bu, ölkəmizin
gücünü göstərir, prestijdir. Əgər
dünyanın beş ulduzlu aparıcı
brendləri Bakıdadırsa, Bakı buna layiqdir. Onlar da layiqdirlər ki, Bakıdadırlar. Ancaq üç ulduzlu otellər azdır, iki ulduzlu
otellər yoxdur. O qədər də böyük maddi
imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər.
Budur reallıq! Azərbaycanda o qədər
gözəl yerlər var ki, heç yerə istirahətə
getmək də lazım deyil. Dağ,
meşə, çaylar, göllər, dəniz, xizək
kurortu, hər şey var”.
Prezident
deyib ki, ölkə turizmin inkişafı üçün
üç məsələyə - viza, aviabiletlərin və
otellərin qiymətləri məsələsinə, o cümlədən
üç ulduzlu, iki ulduzlu otellərin tikintisi məsələsi
diqqət mərkəzində olmalıdır: “
Mədəniyyət və Turizm Nazirliyi bununla
bağlı tövsiyələr versin, eyni zamanda sahibkarlar da
bunu eşitsinlər ”.
Prezident
İlham Əliyev sahibkarları məsuliyyətli olmağa
çağırıb: “Sahibkarlar məsuliyyətli
olmalıdırlar. Onlardan bizim heç bir
başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında
ödəsinlər. Əlbəttə ki,
hansısa sahibkar sosial məsuliyyəti öz üzərinə
götürmək istəsə, mən onu ancaq
alqışlaya bilərəm”.
Prezident
deyib ki, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər:
“ Əvvəlki dövrlərdə neftin
qiyməti yüksək idi. Ölkəyə
çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq
ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox
vəsait əldə etsinlər, onu yenidən ölkə
iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz
azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq,
dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar
tam şəkildə icra edilir, amma bizim dövlət
investisiyamız azalıb. Kapital qoyuluşu
azalıb”.
“Rayonlarda haqq qoyurlar, pay istəyirlər”
Prezident
xatırladıb ki, son bir neçə ildə ilk dəfədir,
xarici sərmayə daxili sərmayəni üstələyib:
“Ona görə ki, daxili investisiyalar azalıb. Daxili
investisiyaların böyük hissəsi dövlət büdcəsi,
yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb.
Bu, reallıqdır, bunu hamı bilməlidir.
Belə olan halda, əlbəttə, hər bir
hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz
haradadır. Biz bu rezervləri aşkar
etmişik. Görmüşük ki, bir
çox hallarda vergilər ödənilmir, burada yayınmalar
baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət
də bilir. Yəni, əfsuslar olsun, vergivermə
mədəniyyəti bizdə tam şəkildə, şəffaf
qaydada formalaşmayıb. Vergiləri
dövlət qurumları verir. Əlbəttə,
o vergini almaq böyük məharət tələb etmir.
Dövlət Neft Şirkətində hər
şey şəffafdır. Bu, dövlət
qurumudur. Digər dövlət qurumları
da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə
verirmi? Yox, vermir”.
Dövlət
başçısı Vergilər Nazirliyinin fəaliyyətinə
də toxunub: “Mənə məlumatlar gəlir ki, son vaxtlar
Vergilər Nazirliyi özünü çox sərt aparır,
tələbkardır. Burada biz iki məsələni
bir-birindən ayırmalıyıq. Vergilər
Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri
vergiləri birmənalı olaraq qanuni şəkildə, tam
versinlər. Burada heç bir başqa söhbət və
güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb
irəli sürülməməlidir. Mən
bunu qeyd etməliyəm. Ona görə,
sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz
verməlidirlər, vəssalam. Ondan
başqa, heç kimə 1 manat verməməlidirlər.
Bax, mən onlara tapşırıram və
göstəriş verirəm. Eyni zamanda,
dövlət qurumlarına çox ciddi göstəriş verirəm
ki, heç bir əsassız tələb irəli
sürülməməlidir. Əfsuslar olsun ki, belə
hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə
orqanları, yerli icra hakimiyyətləri Bakıda və
rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq”
edirlər. Bu, dözülməz haldır, buna
son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu
heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə
siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi
xarakter alıb. Bu, tamamilə
yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün
aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş
verirəm. Mənə məlumat versinlər,
qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə
yazsınlar. Əgər belə hallar varsa,
o xoşagəlməz işlərlə məşğul olan dərhal
öz cəzasını alacaq”.
Prezident
qeyd edib ki, ölkə sahibkarlıq hesabına inkişaf edəcək:
“ Di gəl ki, kimsə varlanmaq
üçün gəlsin sahibkarları boğsun ki, sahibkar
qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni,
bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır,
dövlətə xəyanət edir. Mən bunu belə qəbul
edirəm və hamı bunu bilsin və nəticə
çıxarsın”
Dövlət
başçısı dərmanların bahalığı ilə
bağlı məsələyə də diqqət çəkib:
“Uzun illər dərman pereparatları ilə bağlı burada
da çox xaotik vəziyyət müşahidə olunurdu. Bu məsələ bir qədər diqqətdən kənarda
qalmışdı”.
Prezident
bildirib ki, məsələ dərindən təhlil edilərkən
ədalətsizliklər olduğu ortaya çıxıb: “Qiymətlər
süni şəkildə qaldırılır. Başqa
ölkələrlə müqayisədə Azərbaycanda bəzi
dərmanların qiymətləri bir neçə dəfə
bahadır. İnsanlar məcbur olub bu dərmanları
alırlar. Bir çox hallarda keyfiyyətsiz
dərmanlar satılır. Bu məsələ
dərindən öyrənilib”.
Dövlət
başçısı bildirib ki, İqtisadiyyat və Sənaye,
həmçinin Səhiyyə nazirlikləri bu məsələ
ilə ciddi məşğul olduqlarını deyiblər:
“Burada həkimlərin də məsuliyyətsizliyi və bəzi
hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan
yerdən almalısan. Hətta reseptlə
satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir.
Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan
da məcbur olub gedir ona verilən reseptlə dərman alır.
Heç bilmir nə alır. Sonra dərmanın
ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki,
heç kim maraqlanmır”.
Ölkə
başçısı vurğulayıb ki, dərmanlar müxtəlif
ölkələrdə istehsal olunur: “İnkişaf etmiş
ölkələrdə onların qiyməti bahadır. O qədər
də inkişaf etməmiş ölkələrdə o qiymət
aşağıdır. Gedirlər ən ucuzunu, ən
aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən
baha qiymətə satırlar. Bu, hələ məsələnin
az bir hissəsidir. Mən
burada bu barədə çox danışmaq istəmirəm.
Ancaq bu sahədə çox ciddi pozuntular olub və
var. Bu pozuntulara son qoyulmalıdır”.
Prezident
bildirib ki, sentyabr ayından gec olmayaraq bu məsələ
artıq yeni müstəviyə qalxmalıdır: “Həm
şəffaflıq təmin ediləcək, hər bir vətəndaş
biləcək ki, hansı dərmanı alır və hansı
qiymətə alır. Qiymətlərin
yuxarı səviyyəsi müəyyən ediləcək.
Heç kim o səviyyədən baha sata
bilməyəcək. Dərmanları satanlar da
burada öz gəlirlərini götürəcəklər.
Onların da normal gəlir səviyyəsi
olmalıdır. Ancaq bu səviyyə 100,
200, 300 faiz olmamalıdır. Heç yerdə
belə özbaşınalıq yoxdur. Görülən
və görüləcək tədbirlər nəticəsində
ilin sonuna qədər dərmanların qiymətləri kəskin
şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin.
Bu məsələ də daim diqqət mərkəzində
olacaq”.
“Bizim
torpaqlarımızı işğal edən təkcə Ermənistan
deyil”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində heç bir irəliləyiş
in olmadığını deyən Prezident İlham Əliyev
Ermənistanda kriminal diktatura rejimi öz xalqını əzdiyini,
xalqın hesabına varlandığını deyib.
Dövlət
başçısı bildirib ki, Ermənistan sadəcə,
danışıqlar prosesini boykot edir, maksimum dərəcədə
bu məsələni uzatmağa çalışır: “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar
prosesini boykot edir və çalışır ki, bu məsələni
maksimum dərəcədə uzatsın. Ancaq
məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə
uğrayır”.
Prezident
bildirib ki, Ermənistan dərin siyasi, mənəvi, psixoloji və
maliyyə böhranı içindədir: “
Ölkənin inkişafı üçün heç
bir resurs yoxdur. İqtisadiyyat çöküb,
sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni,
insan resursları da yoxdur. Belə getsə
gələcəkdə Ermənistan kimi ölkə bəlkə
də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq
bugünkü kriminal diktatura rejimidir”.
Ölkə
başçısı bildirib ki, Ermənistan və Azərbaycan
müqayisəedilməz səviyyədədir: “
Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi
dəstək hesabına Ermənistan hələ ki, bizim
torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki,
bizim torpaqlarımızı işğal edən təkcə
Ermənistan deyil. Bizim
torpaqlarımızı işğal edən Ermənistanın
havadarları, ermənipərəst, islamofob siyasətçilər,
anti-Azərbaycan qüvvələrdir. Ermənistan
bizim torpaqlarımızı işğal edə bilərmi?
Bir həftə ərzində orada daş daş
üstündə qalmaz. Bu da
reallıqdır və yenə də deyirəm, biz real
dünyada yaşayırıq, öz tədbirlərimizi
görürük və gün gələcək Azərbaycan
öz ərazi bütövlüyünü təmin edəcək.
Hələ ki, biz bu istiqamətdə bütün
hazırlıq işlərini görürük”.
Xalq cəbhəsi.-2015.-
15 iyul.- S. 4.