“Azərbaycan tarixi” ayrıca fənn kimi tədris olunmasın?
“İyulun 10-da Təhsil
Problemləri İnstitutunda
orta məktəblərdə
“Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələ
müzakirə edilib”.
AMEA-nın Bakıxanov adına Tarix
İnstitutunun mətbuat
xidmətindən verilən
xəbərə görə,
müzakirə zamanı
daha orta məktəblərdə “Azərbaycan
tarixi”nin ayrıca fənn kimi tədris olunmayacağı
bildirilib.
İnstitutun məlumatında bildirilir ki, edilən yeni təklifə görə Azərbaycanın
tarixi “Tarix” fənninin tərkibində,
yəni Ümumi tarix və ya
Dünya tarixinin tərkibində tədris olunacaq.
Tarix İnstitutunun açıqlamasında
belə bir müzakirənin müstəqillik
illərində qaldırılması
və müzakirəyə
çıxarılmasının dərin təəccüb
və təəssüf
hissi doğurduğu qeyd olunub: “Bu məlumatla tanış olarkən sovet dövründə Azərbaycan
tarixinin Diyarşünaslıq
fənni tərkibində
24 saat həcmində tədris olunması, ağır mübarizələrdən
sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz
yada düşür. Sovet dövründə hətta,
“Azərbaycan tarixi”nə
ayrılan saatların
“Ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli
bayrağımızın əks
olunduğu “Azərbaycan
tarixi” proqramı da çap edilmişdi.
Özü də, həmin
proqram 1990-cı ildə
fövqəladə vəziyyət
günlərində çap
olunmuşdu.
İnsanı təəccüb bürüyür:
görəsən müstəqillik
dövründə, özü
də ulu öndər Heydər Əliyevin, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə
böyük önəm
verdikləri halda, yeni nəslə, xüsusən də gənclərimizə vətənpərvərlik
ruhunun aşılanması
ən mühüm vəzifə kimi qarşıda durduğu bir zamanda, nəhayət
Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə
ölkədə “Azərbaycan
tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?!
Tarix İnstitutu
ulu öndər Heydər Əliyevin ideyalarını və prezident İlham Əliyevin konkret tapşırıqlarını yerinə
yetirərək tariximizi
saxtakarlıqlardan, təhriflərdən
təmizləməklə məşğuldur.
Müstəqil Azərbaycanın tarixi yad konsepsiyalara məhəl qoyulmadan, Azərbaycançılıq ruhunda
müstəqil surətdə
araşdırılır və
yazılır. Fikrimizcə, “Azərbaycan tarixi”
orta məktəblərdə
ayrıca fənn kimi mütləq tədris olunmalıdır.
“Azərbaycan tarixi”nin ləğvinə yol vermək olmaz! Ən azı ona görə ki, yaxın və uzaq ölkələrdə
qınaq obyekti olarıq. Əgər müstəqillik illərində biz öz tariximizin orta məktəblərdə müstəqil
fənn kimi tədris olunmasını aradan qaldırırıqsa
buna nə ad vermək olar? Görəsən doğma tarixin
tədris olunmasının
ləğv olunması
məsələsi bizdən
başqa hər hansı bir ölkədə müzakirə
olunarmı?!
Məntiqiniz hanı? Bir tərəfdən
“Qarabağ tarixi”ni ayrıca fənn kimi orta məktəb proqramına salırsınız,
digər tərəfdən
isə “Azərbaycan tarixi”ni ləğv edirsiniz! Gəlin, əl açıb başqa ölkələrdən
dəyər sədəqəsi
dilənməyək! Öz tariximizə,
öz dəyərlərimizə
sahib çıxaq!”
Təhsil Problemləri İnstitutun direktor müavini Ənvər Abbasov isə APA-ya açıqlamasında orta
məktəblərdə “Azərbaycan
tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələnin ümumiyyətlə,
müzakirə olunmadığını
bildirib.
Ənvər Abbasovun sözlərinə
görə, iyulun
10-da Təhsil Problemləri
İnstitutunda aparılan
müzakirələrdə fənlərin
inteqrasiyası məsələsi
müzakirə olunub:
“Biz hazırda Azərbaycan
tarixinin tədris olunmasının ən yaxşı yollarını
axtarırıq. Ümumiyyətlə, biz çalışırıq ki,
Ümumi tarixi Azərbaycan tarixinin müstəvisində öyrədək.
Bizim məqsədimiz bundan ibarətdir. Söhbət bundan gedir. Bu, tamamilə yanlış
və əsassız bir fikirdir”.
Xalq cəbhəsi.-2015.- 15 iyul.- S. 5.