Multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti

 

Multikulturalizm anlayışı - Qərb kulturoloji elmi yanaşmalarında mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığı ifadəsinin ehtivasıdır

 

I yazı

 

Multikulturalizm – bu “mədəni müxtəliflik” bütün ölkələri düşündürən siyasətə çevrilib. Bu yanaşmadan Qərb alimi S.Hantinqton multikulturalizmə belə tərif verib: “Dünyada insanlar arasındakı ən mühüm fərqlər nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. İnsanlar ən sadə suala cavab istəyirlər. “Biz kimik?” sualını din, dil, tarix, dəyərlər, adət-ənənələr - yəni mədəniyyət anlayışı ilə cavablandırırlar. Yalnız “kim” olduğunu biləndən, müəyyənləşdirəndən sonra hər bir xalq yaşayış siyasətini müəyyənləşdirməyə başlayır. Müstəqil, demokratik prinsiplərə söykənən hüquqi dövlət və vətəndaş cəmiyyətinin təşəkkül prosesində mədəniyyətdə mədəni-milli identiklik, mədəni özünəməxsusluq və multikulturalizm arasında qarşılıqlı təsir dinamikası qüvvətlənir”.

Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin fikrincə, müasir bəşəriyyət baş verən mədəni universallaşma və unifikasiya proseslərinə əks olaraq mədəni müxtəliflik göstəricisi olan fenomenlərin əsasən də (dil, irq, din, adət-ənənə və s.) qorunması və qayğısını dünya mədəniyyətində balanslaşdırmanın özülü kimi qəbul edirlər. Bu baxımdan laqeydlik, biganəlik, getdikcə yerli-lokal, immiqrant mədəniyyətlərinə münasibətdə beynəlxalq miqyasda diqqət yönəlməsinə səbəb olub. Dövlətçilik ənənələri olan ölkələrdə, məsələn Avropada, ABŞ-da və s. “milli” anlayışı bəzən məhz ikinci mənada işlənir və “ümumxalq”, “ümumdövlət” anlayışlarını özündə əks etdirir.

Qərbdə mədəniyyət texniki, yəni texnoloji istiqamətdə inkişaf edərək dünyaya yayılıb texnosivilizasiyalaşma kimi təşəkkül tapır, klassik mədəniyyətin “məhvi”, “sonu”, “qürubu”, “süqutu” tək müəyyən konsepsiyaların yaranmasına şərait yaradır. M.Linq də “multikulturalizm”i ideologiya kimi xarakterizə edərək yazır ki, “Amerika millətlərin milləti, milli mədəniyyətlərin və federasiyaların ümumi hakimiyyətidir.” Belə ki, vahid dövlətin geosiyasi məkanında mövcud olan multikulturalizm siyasəti kimi müasir “vətəndaş milləti” (“civic nation”) konsepsiyasında onun formalaşmasının tarixi modelindən törəyir. Fərdlərin mədəni-müxtəlifliyinin vahid siyasi-mədəni icmaya məxsusluğunun ümumi ortaq məxrəci və ya “qızıl ortası” kimi onların əsil mədəniyyəti, həm də vətəndaşlığı vətəndaş millətinin müəyyənləşdirici meyar göstəricisidir. Bu tip modeldə “millət”, “mədəni müxtəlifləşmə” ilk əsasda etnik mənşə, etnik mədəniyyət yox, vətəndaşlıq və bu vətəndaşlığın mədəni göstəriciləri deməkdir. Qərbdə ABŞ, Fransa, İsveçrə, Böyük Britaniya, Belçika həmin mədəni müxtəlifliyi əks etdirən vətəndaş milləti konsepsiyasını əks etdirən gerçəklikdir. Burada vurğulayaq ki, müasir gənc müstəqillik qazanan dövlətlərin əksəri həm “vətəndaş milləti” , həm “vətəndaşlıq”, həm də “etnik mədəni müxtəlif millət” elementlərini özündə birləşdirən subyektdir. Bu elementlərin qarşılıqlı nisbəti həm dövlətdən dövlətə, həm də tarixi zaman kontekstində belə fərqləndiricidir.

Bu baxımdan İ. Məmmədzadə mənşə etibarilə Amerikan mədəniyyətinin elə bu günkü qlobal mədəniyyət olduğunu qeyd edərək yazır: “Amerikanizmin qlobal mədəniyyət kimi meydana gəlməsinin səbəblərindən biri kimi ABŞ-ın öz mədəniyyətlərini multikultural mədəniyyət kimi qəbul etdiklərini göstərir.” Multikulturalizm siyasəti ideyasında hər bir müasir millət həm etnik, həm də siyasi-hüquqi vətəndaş icması rolunda çıxış edir. Bu konsepsiya, yəni vətəndaş (vətəndaş-ərazi) milləti konsepsiyasının müxtəlif cəhətləri E.Smit, Q.Kon, R.Brubaker, K.Briant, V.Kimlicka kimi Qərb nəzəriyyəçilərinin konsepsiyalarında izah edilmişdir. Bu yanaşmadan J.Linz və F.Stepan öz araşdırmalarında göstərir ki, “Vətəndaş millətinin formalaşması, ictimai inteqrasiyanın dərinləşməsi demokratikləşmə prosesi ilə çox bağlıdır.”

Siyasət elmində belə bir fikir çoxdan təsdiqini tapıb ki, eyni mənşəli-etnik homogen cəmiyyətlərdə demokrartik konsentrasiya - təmərküzləşmənin uğur qazanmaq ehtimalı daha çox olur. Əksinə, əhalinin tərkibi etnik, mədəni, dil, dini aspektdən nə qədər müxtəlif olursa, fundamental demokratik dəyərlər baxımından həmrəyliyin əldə edilməsi və dövlətin siyasi icmasının formalaşdırılması siyasəti bir o qədər də mürəkkəb olur. Nəzərə yetirək ki, belə mədəni-müxtəliflik demokratikləşmənin uğurlu inkişafı qarşısında keçilməz sədd və ya mane deyildir. Belə ki, nəinki Avropa və Amerika reallığında, bu həm də Azərbaycan geosiyasi ərazisində də mövcuddur. Azərbaycan məkanında müxtəlif etno-mədəni və dini icmaların əsrlər boyu yanaşı yaşaması, bir-birinə dözümlülüyü həm də siyasi sferada da aşkar tolerantlıq ənənələrinin sübutudur. Nəzərə yetirək ki, demokratiya tranziti zamanı multimədənilik özü də mürəkkəb vəziyyətlər törədə bilər.” Multikulturalizmlə bağlı siyasət və bu və ya digər nəzəri modelin seçilməsini nəzərdə tutmalıdır ki, yalnız bu zaman mədəni müxtəlifliklə əlaqəli vətəndaş cəmiyyətindən bəhs etmək olar. Belə ki, qloballaşma dövründə milli mədəniyyət, mədəni müxtəliflik, çox mədəniyyətlilik kimi məsələlərə vətəndaş cəmiyyəti həssas yanaşmalıdır. Çünki qloballaşmanı qəbul etməyən kulturlar üçün qloballaşma daha dağıdıcı, mədəni rəngarəngliyin şərti ola bilər. Multikulturalizm müxtəlif elmlər qovşağında və yaxud konkret bir elm kontekstində araşdırıla bilər. Şübhəsiz ki, fenomen ideologiya və siyasətdir. Burada ümummilli dəyərlər irqi və etnik kulturlara qarşı dövlət siyasətində müqavimətlə yox, əksinə mülayimlik və ya dözümlülük göstərməyi tələb edir. Multikulturalizm demək siyasət elminin də obyektidir. Bu politoloji yanaşmada dövlət-hakimiyyət siyasətində vətəndaş cəmiyyətinin tərəfdaş kimi problemin çözülməsində yaxın iştirakını da məqbul edir. İctimai iştirakçılıqla siyasi proseslərin tənzimlənməsi də rəngarəng mədəniyyətlərin siyasiləşməməsi, yalnız mədəni konturlarla nizamlanmasına da kömək etməlidir. Demək bu fenomen sosiumun vacib elementi kimi qorunmalıdır ki, siyasiləşib müxtəlif fəsadlar törətməsin. Bu da bəllidir ki, mədəni birlik və mədəni qurumlar mədəniyyətin sosial həyatının bütün tərəflərini əhatə etməklə bahəm, bəzən siyasi proseslərə də təsir göstərir.

Mədəniyyətin etnik, milli və bəşəri tərəflərinin formalaşmasında mədəni xüsusiyyət və amillərin eyniyyəti mühüm rol oynayır. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Bu baxımdan, görəsən, belə olduqda cəmiyyət çox böyük, müxtəlif mədəniyyətli insanlar toplusunu əhatə etdikcə, onun inkişaf amili yüksəlir, yoxsa enir? Yaxud artır və ya azalır?

Hər hansı mədəni qrupun öz müəyyən bacarıq və imkanları olur. Mədəniyyətin differensiyasında dil, irq, din, sənət, siyasi-mədəni qurumlar və s. kimi oxşar nümunələrindən biri, sistem quran səbəb kimi, konkret etnik birliyi digərinə münasibətdə təşkilatlandıran güc olaraq meydana çıxır. Məsələn, N.Vısotskaya görə “multikulturalizm və ya mədəni müxtəliflik” çoxsaylı mədəni qrupların, fərqli milli mənsubiyyətlərin, dinlərin və s. göstərən cəmiyyətin təyinidir”. Məhz bu nöqteyi nəzərdən paralellik aparsaq, digər tədqiqatçı S.Xəlilovun münasibəti də diqqət çəkir. Belə ki, S.Xəlilova görə “Biz Avropadan elmi-texniki inkişaf səviyyəsini, rasional düşüncə üslubunu, siyasi təfəkkür mədəniyyətini, fəlsəfi təfəkkürün hüquq müstəvisinə köçürülməsinimi götürmək istəyirik? Yoxsa onların özünün xilas olmağa çalışdığı və məmnuniyyətlə xaricə ixrac etdiyi “kütləvi mədəniyyətimi” nəzərdə tuturuq?” Hər bir insan istənilən hər hansı bir mühitdə müəyyən milli-mənəvi dəyərlər sistemi çərçivəsində formalaşır. Lakin başqa bir şəraitə düşəndə, həmin şərait-mühitlə bu insan arasında ziddiyyətlər meydana çıxır. Məhz belə insanın digər ona yabançı olan mədəni-mənəvi mühitə uyğunlaşması onun ənənəvi, milli-mənəvi kökündən uzaqlaşması ilə formalaşır. Burada müəyyən faktorun rolu və əhəmiyyəti əsasən nisbi xarakterlidir. Müxtəliflik və fərqliliyin əsas göstəricisi etnik mədəniyyətin hər hansı bir xüsusiyyətinin digər mədəniyyətdə olmamasıdır.

Tarixdə bu fərqli xüsusiyyət mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran konflikt, qarşıdurma, özgəlik, yad və s. kimi qəbul edilir.

Azərbaycan reallığına nəzər yetirəndə müsbət tendensiyalar diqqət çəkir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin formalaşması ötən XX əsrdə elmi-texniki inqilabla yanaşı, həm də ondan sonra ikinci, yəni sosial inqilab kimi zarakterizə olunur. Müstəqilliyin ikinci dəfə bərpasından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü və formalaşması kimi ictimai hadisənin baş verməsi, dövlətçiliyin demokratik institutsional əsaslarını şərtləndirən struktur dəyişiklikləri, cəmiyyəti təşkil edən müxtəlif sosial tip və stereotiplərin bir-birini əvəzləməsi gedişatı kimi çətin bir proses başladı. Belə dönəmlərdə siyasəti və siyasətçiləri, onların məqam və missiyalarını insanlara çatdırmaq üçün bu kimi ideyalarının trayektoriyasını davam etdirtmək, geniş kütlələrə düzgün təhlil, maarifləndirmə və məlumatlandırmanı ötürmək missiyasını vətəndaş cəmiyyəti institutları həyata keçirməyə cəhd edir. Təbii ki, burada vətəndaş cəmiyyəti nümayəndələri xalq, geniş əhali üçün anlaşıqlı və düzgün məlumat “paketi” ilə xalq-dövlət arasında olan problemlərin çözülməsi üçün körpü, vasitəçi, bəlkə də qarşılıqlı əlaqələndirici kimi çıxış edir. Müstəqil Azərbaycan mədəniyyətinə nəzər yetirəndə, aydın olur ki, problemin siyasi-mədəni təhlili iki paralellikdə aparılmalıdır: dünya mədəniyyəti və Azərbaycan. Nəzərə çatdıraq ki, Azərbaycanda çoxçalarlı mədəniyyətlər və onun da müxtəlif tipləri mövcuddur.

 

Xalq cəbhəsi.-2015.- 15 iyul.- S. 13.