Hindistan ədəbiyyatının
çiçəklənmə dövrü
Hind xalqının adət-ənənəsi, tarixi taleyi, mədəni keçmişi benqal, hindi, urdu, pəncab, marat, qucarat, tamil və s. xalqlarla bağlıdır. Qədim hind ədəbiyyatı özündə dini külliyyatları qoruyur. Bunlar Vedalarda, epopeyalarda ("Mahabharata", "Ramayana", "Pançatantra"), qədim müəlliflərin (Şudrak və Kalidasa) dramlarında əks olunub. 648-ci ildə hind torpaqlarını birləşdirən Xarşinin ölümündən sonra dövlət feodal knyazlıqlara bölündü. Kastalar yaranmağa başladı. Bu kasta quruluşu haqqında Afanasi Nikitin (XV əsr) "Üç dəniz arxasına səyahət" əsərində yazırdı: "Hindistanda 84 inam var idi, hərəsi bir bütə inanırdı, onlar yemir, içmir, öz aralarında evlənmirdilər". Onların başında brəhmən kahinlər dururdu. Ərəb yürüşlərindən sonra ölkədə islam görüşləri də yayılmağa başladı. Ərəblərin (VII-VIII əsrlərdə), Mahmud Qəznəvinin (XI əsr), sultan Şihabəddinin yürüşləri (XII əsrdə) xüsusilə təhlükəli idi. Onlara müqavimət göstərmək əbəs idi. XIII əsrin əvvəllərində Hindistan türk və əfqan feodallarının əlində idi. 1206-cı ildə paytaxtı Dehli olan müsəlman dövləti yarandı. Bu dövlət Gurlu sülaləsinin Şimali Hindistanı işğal etməsi nəticəsində meydana gəlmişdi. Belə ki, Gurlu sərkərdəsi və canişini Qütbəddin Aybək 1206-cı ildə özünü Şimali Hindistanda sultan elan etdi (1206-1210). Aybəkdən sonra hakimiyyətə kürəkəni Eltutmuş xan gəldi. O, Pəncabın böyük hissəsini, Multanı, Lahoru, Qəznəyə qədər bütün hind torpaqlarını bu sultanlığın ərazisinə qatdı. XII-XIII əsrlərdə Hindistanda siyasi pərakəndəlik idi. Bu da Dehli sultanlığının hakimiyyətinin möhkəmlənməsinə şərait yaratdı. Məmlükləri əvəz edən Xalaçlar sülaləsinin hakimiyyəti dövründə Əlaəddin Məhəmməd şah Hilci (1296-1316) Dehli sultanlığının ərazisini 3 milyon 890 min kv.km-ə çatdırmışdı. XIV əsrdə Dehli sultanlığının ərazisi Kəşmir və Əssam da daxil olmaqla Şimali Hindistanı əhatə etdi. Ölkənin cənub sərhədləri sultan Əlaəddin Hilcinin dövründə Kaveri çayına qədər uzandı.
Tarixdə ilk dəfə olaraq Əlaəddin Məhəmməd şah bütün Hindistanı vahid dövlət kimi birləşdirə bilmişdi. Dehli sultanlığı Teymurun yürüşü ilə öz ərazisini bir qədər itirmiş oldu. 1526-cı ildə Babur şah Dehli sultanlığının varlığına son qoydu. XVII əsrin əvvəllərində Hindistan ərazisində orta əsrlərin ən qüdrətli türk dövlətlərindən biri olan Böyük Moğol imperiyası yarandı. Bu dövlətin əsasını Babur qoymuşdu. Zahirəddin Mahmud Babur 1485-ci ildə Fərqanədə anadan olmuşdu. Atası Ömər Şeyx Mirzə Teymurun nəvəsi idi. Atası öldükdən sonra Fərqanə hakimliyi 12 yaşlı Babura çatdı. Kiçikyaşlı Fərqanə hökmdarı uzun illər hakimiyyətə göz dikmiş əmi və dayıları ilə mübarizə aparmışdı. Özbək xanı Şeybani xanla döyüşdə məğlub olmuşdu. Babur özbəklərə qarşı Şah İsmayıl Xətayi ilə birləşmiş və bu, nəticə vermədiyindən Hindiquş dağlarını aşaraq Əfqanıstana daxil olmuş, Kabil şəhərini tutmuşdu. O, 1504-cü ildə Kabili dövlətin paytaxtı etmişdi, 1507-ci ildə özünü Əmir Teymurun varisi elan edib ələ keçirdiyi torpaqları köhnə silahdaşları arasında bölüşdürmüşdü. Babur 1519-cu ildə Sind çayını keçərək Pəncab ətrafını işğal etdi. 1522-ci ildə artıq Sind və Bəlucustan arasındakı ərazi onun hakimiyyəti altında idi. Baburun bu yürüşləri Dehli sultanlığı üçün böyük təhlükə idi. Dehli sultanı İbrahim Ludi 100 minlik ordu və 1000 döyüş fili ilə onun üzərinə yeridi. 1526-cı il iyunun 29-da Ponipad şəhəri yaxınlığında Babur şahla sultan İbrahim Ludi arasında qanlı döyüş oldu. Baburun 13500 nəfərlik ordusu və ağır topları var idi. Bu döyüş yarım gün oldu və toplar həlledici rol oynadı. Top atəşləri altında hind qoşunu və fillər pərən-pərən düşdü. İbrahim Ludi və onun 40 min döyüşçüsü həlak oldu. Babur şah Dehliyə daxil oldu. Babur şah Aqra şəhərinə hücum edib 10 may 1526-cı ildə oranı tutdu və Böyük Moğol imperiyasının əsasını qoydu. Babur şah həm də incə təbiətli şair idi. O, cığatay ləhcəsində türkcə şeirlər yazırdı. "Baburnamə" onun bu dildə yazdığı ən güclü əsəri idi. Bu əsərində Babur şah öz soykökünü bütün incəlikləri ilə araşdırır, yürüş etdiyi ölkələri təsvir edir, bir çox qəhrəmanların və dövlət xadimlərinin yaşadığı dövrü qələmə alırdı. Buna görə də "Baburnamə" həm də qiymətli tarixi mənbə kimi mühüm rol oynayır. Babur şah eyni zamanda gözəl xətlə yazmağı bacaran mahir xəttat idi. "Baburi" adlanan xətt növü onun adı ilə bağlıdır.
1530-cu ildə Babur şah vəfat etdi, oğlu Humayun şah elan edildi. Lakin o, hakimiyyətdə duruş gətirə bilmədi. Ölkədə üsyanlar baş verirdi. Humayun şah qəflətən vəfat etdi. Vəliəhd Əkbər Əfqanıstandakı üsyanı yatırmağa getmişdi. Sarayda qonaq olan Osmanlı imperiyası əmirlərindən Seyid Ali Rəis Vəliəhdin məsləhəti ilə Əkbər şah gələnə qədər Humayun şahın ölüm xəbəri gizlədildi. Əkbər şah (1556 - 1605) öz fəaliyyətinə dövləti daxildən möhkəmləndirməklə başladı. Babası Babur şahın ağıllı vəziri Bayram xan yenidən vəzir təyin edildi. Əkbər şahın hakimiyyətinin son illərində Böyük Moğol imperiyasının ərazisi Şimali Hindistandan, Qucaratdan Benqaliyayadək uzanır, Şərqi Əfqanıstanı və Dekan yaylasını əhatə edirdi. Əkbər şahın dövründə Səfəvilər və Osmanlılarla diplomatik əlaqələr və mehriban qonşuluq münasibətləri yaranmışdı. III-XII əsrlərdə ölkənin cənubunda bhakta (Allaha sadiqlik) hərəkatı başladı və XIV- XVII əsrlərdə Şimali Hindistanı da əhatə etdi. O dövr üçün bhakta hərəkatı demokratik idi. Bu hərəkatı yayanlar Allah qarşısında hamının bərabər olduğunu deyir, kastalardakı ən kiçik adamlardan tutmuş brəhmənə qədər hamının bərabər olduğunu söyləyirdilər.
Bu "Müsəlman yürüşləri"ndən sonra Hindistanda farsdilli ədəbiyyat, sonralar urdu ədəbiyyatı yaranmağa başladı. Hətta fars dili saraylarda işlənməyə başladı. Dehli sarayına məşhur fars və tacik şairləri dəvət olundu. Hindistanda farsdilli ədəbiyyat yaranmağa başladı. Hindistanın farsdilli şairlərindən Əmir Xosrov Dəhləvi, Həsən Dəhləvi, Nəxşabi, Bedil kimi şairlər məşhurlaşdı.
E.ə. birinci minilliyin əvvəlləri – II minilliyin sonlarında sanskrit dilində də ədəbiyyat yaranmışdı. Kökü qədimlərə çıxan tamil və urdu ədəbiyyatı da yaranmaqda idi. Bu ədəbiyyatların kökündə şifahi xalq yaradıcılığı dururdu; əmək nəğmələri, kult, mərasim və məhəbbət nəğmələri də qədim inanclarla bağlı olub, XII əsrə qədərki ədəbiyyatın özülünü təşkil edirdi. Təqvim nəğmələri də bu qəbildəndir. Hind xalqları dil və mənşəcə yaxın olduqlarından bəzi müəllifləri bir neçə ədəbiyyata şamil etmək olar (Namdev, Vidyapati Txakur, Mirabai və b.). Orta əsrlərdə hind ədəbiyyatına məxsus mövzular, süjetlər, təlimlər əsasən brac, avadxi dillərində yayılmışdı. Brac dili Qanq və Camna çaylarının yuxarı mənsəbində yaşayan əhalinin danışıq dili idi. Bu canlı dillərdəki ədəbiyyatın yaradıcılıq forması nəzm idi. Hinduizmə inanan xalqların yaradıcılığı sanskrit dilində, müsəlmanlığa inananların yaradıcılığı isə fars dilində idi. Hind ədəbiyyatında baxılan bu dövrdə - feodal quruluşunda iki istiqamət var idi: xalq və feodal ədəbiyyatı. Bu da hind ədəbiyyatına, mədəniyyəti tarixinə baxmağa imkan verir.
Sanskrit ədəbiyyatı dövrü orta əsrlərdə dinin möhkəmlənməsinə xidmət edən müqəddəs əlyazmalar da daxil olmaqla seçilmiş əsərləri əhatə edirdi. Belə əsərlərə XII əsrdə yaşamış Cayadevin "Qitaqovinda" poemasını daxil etmək olar. Orta əsrlər ədəbiyyatına Xaribxadrın "Kələkbaz haqqında hekayət" əsəri də aiddir (praktit variantı VII- VIII əsrlərdə, sanskritcəsi XIV əsrdə yazılıb). Bu əsərdə alimlərin disputu təsvir olunur, onlar "elmi" titullar almaq uğrunda yarışırlar. Hindistanın cənubunda XI-XIII əsrlərdə ortodoksal hinduizmdə Şiva allahına səcdə etmək qəbul olunmuşdu. Kult səviyyəsində ədəbiyyatda da Şiva kultuna səcdə öz bədii həllini tapırdı. Teluq ədəbiyyatında həmin təlimi həyata keçirən Palkuriki Somanatxa (1160-1240) idi. O, Şivaya həsr olunan poemaların müəllifi idi. XII əsrdə əlyazma şəklində yazılmış Benqaldakı erkən buddist və hinduist sektalarının əsərləri 120 il bundan əvvəl Nepalda tapılmışdı. Maxaraştrda Maxanubxav sektasında Qucarat Çakradxar (XIII əsr) adlı şair özündən sonra qiymətli əsərlər qoymuşdu. Maxanubxavlar könüllü olaraq sanskriti rədd edir, öz təlimlərində ondan istifadə etmirdilər. XIV-XVII əsrlərdə sekta hərəkatı Hindistanı bürümüşdü.
Hindistan ədəbiyyatının çiçəklənmə dövrü XV-XVI əsrlər sayılır. Bu dövrdə güclü şairlər yetişmişdi: benqal Çondidaş (XV əsr), Krittibaş Ocxa (XV əsr), Mukundoram Çokroborti (XVI əsr), Mithildən Vidyapati Txakur, hind ədəbiyyatının nümayəndələri Kabir (XV əsr), Cayasi, Surdas, Tulsi Das (1532-1624), Pəncabdan Nanak (1469-1539), Maratxidən Namdev (XIV əsr) və Eknatx (XVI əsr), Quceratdan Narasinx Mexta (XV əsr) və başqaları. Dirçəliş dövrünün ən böyük şairi Kabir idi (1440-1518). O, azadlıq sevən sərbəst düşüncəli şair idi. Dirçəlişin ikinci budamına Mühəmməd Cayasi başçılıq edirdi. Bu budaqda krişna poeziyası üstünlük təşkil edirdi. Bu poeziya sufi görüşlərinə də yaxın idi. Dirçəlişin üçüncü budağı ramayana poeziyası idi. Burada da utopik xəyallar, insanın xoşbəxtliyi, humanizmi yer alırdı - Mukundoram Çokroborti bu budağa aiddir.
Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru
Xalq cəbhəsi.-2015.- 15 iyul.- S. 14.