Azərbaycan multikulturalizminə yeni baxış
Niyaz Niftiyevin “Azərbaycanda
birgəyaşayış və
multikulturalizm” kitabına
sözardı
Adətən yaxın dostlarımın, sevdiyim insanların yaradıcılığı ilə bağlı yazmağa çətinlik çəkirəm. Çünki onların əsərlərini yalnız yaxşı tərəfdən oxuyuram, hər cümləsinə, hər kəlməsinə sevgi ilə yanaşıram. Bu baxımdan da Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı haqqında bu kitabı təkrar-təkrar öxuduqdan sonra yazmaq qərarına gəldim. Son oxunuşda Niyaz Niftiyevin mənə doğma bir insan olduğunu tamamilə unutmuşdum. Sadəcə kitabla üz-üzə qalmışdım, vəssalam.
Multikulturalizm mövzusu son illər Azərbaycanda ən çox müraciət edilən mövzulardan biri və bəlkə də birincisidir. Azərbaycan multikulturalizmi təkcə ölkəmizin sərhədləri çərçivəsində müzakirə olunmur. Bu mövzu dünyanın ən nüfuzlu araşdırma mərkəzlərində, universitetlərində araşdırılır, beynəlxalq konfranslarda müzakirəyə çıxarılır. Məhz bu səbəbdən də “Azərbaycanda birgəyaşayış və multikulturalizm” mövzusuna müraciət etmək, bu mövzu ətrafında yeni fikir söyləmək insandan ilk növbədə analitik düşüncə, dərin bilgi, elmi yaradıcılıq potensialı və şübhəsiz ki, zəhmət tələb edir.
Kitabda diqqəti cəlb edən ən önəmli cəhət multikulturalizm mövzusuna sistemli və konseptual yanaşma tərzi ilə bağlıdır. Müəllif sadəcə özünəqədərki təcrübədən çıxış etmir, mövcud olan çeşidli yanaşmaları və yorumları vurğulamaqla, reallıqları dilə gətirməklə kifayətlənmir, Azərbaycanda yaşayan xalqların və etnik qrupların zəngin birgəyaşayış mədəniyyətinə öz baxış bucağından nəzər salır, qənaətlərini ciddi əsaslandırmalarla möhkəmləndirir və daha inandırıcı olmasına zəmin yaradır: “...Azərbaycanşılıq heç bir xalqın humanist (milli) idellarına qaşı çıxmamışdır, bu gün də çıxmır və gələcəkdə də çıxmayacaqdır. Bu, elə bir sarsılmaz ideologiyadır ki, bütün zamanlarda Azərbaycanı özünə doğma yurd, Vətən hesab edən hər kəsi əbədi qardaşlıq və qırılmaz məhəbbət telləri ilə bir-birinə bağlayacaqdır”. Tamamilə doğru təsbitdir. Bu gün dünyada baş verən etnik və dini qarşıdurmaların fonunda Azərbaycan multikultralizminin birgəyaşayışın real düsturlarından biri kimi qabarıq şəkildə nəzətə çarpmasının sirrini də məhz burada – Azərbaycançılıq ideyasının daxili humanizmində, bəşəri mahiyyətində axtarmaq lazımdır. Azərbaycançılıq ideologiyası xalqımızın tarixindən, mədəniyyətindən, dünyagörüşündən qaynaqlandığı üçün də bu qədər təbii və maneəsiz qəbul olunur. Bu ideya Azərbaycan cəmiyyətinə kənardan sırınmayıb, onun öz mahiyyətindən doğub, sistemləşdirilib və elmi-ideoloji anlayışa çevrilib: “Minilliklər ərzində Azərbaycanda müxtəlif dinlərə mənsub vətəndaşlar dinc, bərabər şəkildə yaşayıblar və yaşamaqdadırlar. Bu sahədə heç bir qarşıdurma olmayıb. Azərbaycan xalqının 96 faizinin İslam dininə etiqad etməsinə baxmayaraq, ölkədə xristianlar, yəhudilər milli və dini ənənələrini qoruyub saxlaya biliblər. Bu, bir tərəfdən Azərbaycan xalqının tarixi tolerantlıq ənənələrinin aydın göstəricisi, digər tərəfdən də Azərbaycan dövlətçiliyinin tolrentlığa yönəldilmiş siyasətinin nəticəsidir”.
Niyaz Niftiyevin müasir dünyada baş verən proseslər haqqındakı qənaətləri də çox dəqiqdir. Müəllif hesab edir ki, toplum olaraq qloballaşmada, inteqrasiyada iştirak etmək və paralel “xalq məni”ni qoruyub saxlamaq üçün ətraf cəmiyyətə açıq olmaq mühüm şərtdir: “Bu gün Azərbaycandakı hadisələr, həyata keçirilən siyasət də qeydlərimizi sübut edir. İstər ölkə daxilində milli azlıqlara bərabər şəraitin yaradılması, xalqçılığın inkişafı, istərsə də ətraf cəmiyyətlə isti münasibətlərin qurulması kifayət qədər mühüm məsələlərdir və bununlaAzərbaycan sübut edir ki, millətlərarası münasibətlərin inkişafında öz xətti var və bu prinsiplərə sadiqdir”.
Əsərin tədqiqat mövzusu ilə bağlı çoxsaylı yerli və xarici ədəbiyyatın tənqidi analizi əsasında qələmə alınması Azərbaycan multikulturalizmi ilə bağlı həqiqətlərin, elə də müasir dünyada bu sahədə mövcud olan problemlərin əsas səbəblərinin daha aydın görünməsinə zəmin yaradır.
Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı geniş oxucu kütləsinin rəğbətini qazanacağına, bu istiqamətdə yeni araşdırmalara təkan verəcəyinə inanır, həmkarıma yaradıcılıq uğurları arzulayıram.
Elçin Mirzəbəyli
Xalq cəbhəsi.-2015.- 15 iyul.- S. 15.