Multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti

 

Multikulturalizm anlayışı - Qərb kulturoloji elmi yanaşmalarında mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığı ifadəsinin ehtivasıdır

 

Dünya müasir mədəniyyətləri kimi, Azərbaycan mədəniyyəti də vətəndaş cəmiyyətinin təşəkkülü prosesində multikultural xarakter kəsb edir. Milli mədəniyyətlə paralel multikulturalizm də buraya daxil olaraq, keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni kontekstdən nəzər salınmasını şərtləndirir. Kütləvi baxışda özünəməxsusluq hələ də ənənəviliklə, müasirlik isə qərbləşmə (amerikalaşma) ilə əlaqələndirilir. Nəinki Azərbaycanda, bir çox ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Qloballaşma, modernləşmə və demokratik proseslər multikulturalizmin ümumi xarakter daşımasına səbəb olur.

Təhlillərdən aydın olur ki, Avropada multikulturalizm ünsürləri nisbətən gec təşəkkül tapdı. ABŞ-da artıq multikulturalizmin inkişafında əhəmiyyəti qəbul edildi. Belə ki, millətlərin və milli etniklərin bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi Azərbaycanda bu mədəniyyətlər arasında qarşılıqlı dialoq azadlığı var. Azərbaycanda müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq ondan istifadə etmək imkanına malikdir.

Ölkədə multikulturalizmin yaranması və inkişafında modernləşmə və Azərbaycançılıq ideologiyası da əsas amildir. Bu ideologiyanın əsasını millilik, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi, insan hüquq və azadlığına riayət təşkil edir. Bu ideologiya Azərbaycanı özünə vətən qəbul etmiş, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların vəhdət şəklində, dostluq, hətta qohumluq, qonşuluq, əmin-amanlıq şəraitində yaşadığı mədəniyyətlərinin inkişaf etdiyi, ümumi talelərini əks etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir. Digər bir aspekt isə ondan ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanların göstəricisi yox, o həm də geosiyasi sərhədə və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bir ideya-fəlsəfi, mədəni məkanda tamlaşdıran, bütövləşdirən gücdür. Azərbaycançılıq - cəmiyyətin sosial-mədəni, siyasi və hüquqi nizamlanmasının, insanları mənən səfərbər edən və vəhdətinin əsas faktorudur. Azərbaycanın vətəndaş cəmiyyətinin yekcins olmamasına diqqət yetirildikdə etnik və dini dəyərlər ideoloji sxemdə tolerantlıqla qarşılanır. Eyni zamanda birləşdirici faktor kimi milli dövlət, ümumxalq ideyası olaraq azərbaycançılıq universallaşır. Təbii ki, burada məcburiyyət yoxdur. Amma elə məqsəd, elə prioritetlər var ki, onlar milli ideya olaraq müəyyənləşir. Belə məqamdasa vətəndaşların dini, etnik, və sosial mənsubiyyətindən (həmçinin siyasi əqidəsini də buraya aid etmək olar.) asılı olmadan , bu kimi ideyalar geniş dəstək qazanır. Bu ideologiya məhz azərbaycançılıqdır. Bu isə Azərbaycan vətənpərvərliyi, dövlət müstəqilliyi, milli təhlükəsizliyin qorunması, demokratik və iqtisadi islahatlarla ölkənin modernləşdirilməsidir. Burada “qızıl ortada” xətt kimi ən əsas isə Qarabağ probleminin həllidir.

Hər bir inkişaf edən sosiumda ideologiya olmadan cəmiyyət “ideya boşluğuna” yuvarlana, nəticədə, tənəzzülə uğraya bilər. İdeologiya isə elə ümumi, ruhi-mənəvi bir təməldir ki, onsuz mədəniyyət və sivilizasiyanın formalaşması qeyri real görünür. Azərbaycançılıq ideologiyasının qayəsi və dəyəri onun ətrafında ölkədə yaşayan bütün xalqlar, milli-etnik qrup və azlıqların birləşməsi, ümumilikdə özlərini “azərbaycanlı” adlandırmasıdır. Azərbaycan ta qədimdən ən müxtəlif xalqlar və mədəniyyətlərin mövcud olduğu diyarı kimi tanınır. Azərbaycanda multikulturalizmin inkişaf dinamikası xalqın özünün tolerantlığı, demokratikliyi, açıqlığı ilə bağlı amildir. Belə ki, xalqın tarixi kökləri bütün dünyaya yayılan ümumtürk etnosuna gedib çatır. Bununla bahəm, coğrafi və geosiyasi müstəvidən həmişə bütün dünyaya ölkəmiz açıq olmuş, çoxlu müxtəlif mədəniyyətlər arasında isə sintez-qovşaq missiyasını ifa etmişdir.

Qeyd olunan bu aspektlər Azərbaycanı çoxmillətli, çoxdilli, multikultural, demokratik vətəndaş cəmiyyəti quruculuqlu ölkə kimi tanıtmışdır. Azərbaycanın multikultural stereotipləri qlobal tədbirlərdə də təsdiq olunur. Bu yanaşmadan 2011-ci il Bakı Forumunda iştirak edən Y.Jdanovun multikulturalizmin inkişafı barədə söylədikləri ümumi təsəvvürləri göstərir: “Planetdə başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarla xalq çox uzun müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlılıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai-elmi fikri millətlərarası münasibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşma probleminə dünyanın diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımdan dəyərli və intəhasızdır”. Məhz bu kimi baxışlar ölkədə multikulturalizmin inkişafını göstərən reallıqdır. Bu reallıqda bir dəlil multikulturalizmə həsr edilmiş “Bakı Beynəlxalq Humanitar Forumu”, orada iştirak edən müxtəlif ölkələrin ölkəmizin multikultural siyasətini təqdir etməsidir. İkincisi isə demokratik, tolerant, multikultural dövlət kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi faktıdır.

Qeyd etdik ki, ölkəmizdə yaşayan eyni bir doğma ailə kimi tarixi gerçəklik, genetik-etnik yaddaş və qarşılıqlı münasibətlərin ötürücüsü olan müxtəlif xalqlar: talış, ləzgi, avar, kürd, tatar, udin, tat və başqaları da özünü azərbaycanlı adlandırır. Müstəqil Azərbaycan konstitusiyasında ölkə əhalisinin əksəriyyətini təşkil edən əhali Azərbaycan türkləri kimi verilməyib. Belə ki, vətəndaş milləti, multikulturalizm siyasəti konseptində konstitusiyada vətəndaşların cəmindən ibarət əhali “Azərbaycan xalqı” kimi təsbit olunubdur. Ali Qanunun I fəsli “Xalq hakimiyyət ” adlanır və I maddədə deyilir ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.” Maddə 1-in II bölməsində isə yazılıb ki, “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir”. Konstitusiyada xüsusi olaraq “Xalqın vahidliyi” haqqında olan 5-ci maddədə göstərilir: “I. Azərbaycan xalqı vahiddir. II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.”

Daha sonra isə 44-cü maddədə “Milli mənsubiyyət hüququ”nda deyilir: “I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ ardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.” 45-ci maddədə isə yazılıb ki, “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır.” Bu müddəalar təsdiq edir ki, Azərbaycanda yaşayan etnik və dil müxtəlifliyini etiraf edən, həm də onu müdafiə edən dövlət bunlara baxmayaraq Azərbaycan xalqının təmsilçisi olaraq əhalinin vətəndaş birliyi, vahidliyidir.

Azərbaycanda yaşayan müxtəlif xalqların mənəvi yaddaşı tarixi inkişaf mərhələsində zərdüştlükdən üzübəri dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə zənginləşərək, mədəniyyət və mənəviyyatın çoxsaylı cəhətlərini özündə miras saxlamışdır. Azərbaycanda multikulturalizm göstəricisi özünün rəngarəng tərkibi ilə fərqlənən və bu müxtəlifliyin etnik-milli mənbələrini qorumuş, burada yaşayan etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyən edən obyektivlikdir. Azərbaycan tarixən də polietnik və müxtəlif dinli ölkə olmuşdur.

Əhalisinin əksəriyyəti azərbaycanlı olan respublikada ta qədimdən İran, Qafqaz (gürcü, erməni, osetin və s.) etnosları, eləcə də yəhudi, rus, ukrayna, tatar, belorus və s. də yaşamışdır. Multikulturalizm siyasətində vətəndaş cəmiyyətinin formalaşdırılması əhalinin azərbaycanlı kimi özünü adekvat olaraq identikləşdirməsi, yəni eyniləşdirməsidir. Bu isə həm də ölkə vətəndaşının etnik mənşəyindən asılı olmadan, özünü “azərbaycanlı” adlandırmalı, belə saymalıdır. Bu əhalisinin əksəriyyəti azərbaycanlı olanların türksoylu olmasına qarşı deyil, əksinə ölkədəki etnik fərqlərin bir vahiddə ifadəsi, belə desək “multikulturalizm siyasəti” və vətəndaş cəmiyyəti millətinin formalaşmasıdır. Hər insanın etnik kökünün onun vətəndaşlığına aidiyyəti yoxdur. Azərbaycanda anadan olan, valideynlərindən biri Azərbaycan vətəndaşı olan hər bir kəs Qanuna əsasən azərbaycanlıdır. Multikulturalizm siyasətində vətəndaş millətinin formalaşması prosesində dövlət dili də mühüm əhəmiyyət daşıyır. Belə ki bütün Azərbaycan vətəndaşlarının dövlət dilini - Azərbaycan dilini mənimsəməsi də əss şərtlərdən biridir. Burada qeyd edək ki, azərbaycan dilinin mənimsənilməsi etnik azlıq və yaxud qrupların dilinin də qorunması ilə birgə tətbiq olunmalıdır. Mədəni müxtəlifliyin hüquqlarına hörmət olaraq ölkədə əsrlərlə bərqərar olmuş çoxdillilik ənənəsi qorunmalıdır.

Mədəni müxtəlif, multikultural siyasətində sərtlik deyil, inadcıllıq göstərmək gərəkdir. Ölkədə sürətlə iqtisadi inkişaf vardır. Bu dəyişilmələrlə yanaşı, həm də dil və mədəniyyətlərin qarşılıqlı əlaqəsi də intensivləşməlidir. Dövlət, üçüncü sektor, siyasi institutlar multikultural vətəndaşlar yetişdirməlidirlər. Belə ki, Martin Haydeger demişkən , indi insan fəaliyyəti mədəniyyət kimi qavranılmalı və həyata keçirilməlidir; artıq mədəniyyətin mahiyyəti odur ki, insanın ali nemətlərə ehtiyacını mədəniyyət üstünə götürür və məhz bu , mədəni siyasətə çevrilir. Bu baxımdan da mədəni müxtəliflik, dialoq və sosiomədəni proseslərin öyrənilməsi XXI əsrin əsas elmlərindən biri olacaq.

 

Cavid

Xalq cəbhəsi.-2015.- 16 iyul.- S. 13.