“TAP, TANAP kimi layihələr
Tehranı maraqlandırır”
Möhsün Pak Ayin: “Bu layihələrin
tamamlanması 2018-ci ilə planlaşdırılır və həmin
vaxta qədər bizim
düşünməyə vaxtımız var”
"Region hazırda böyük təhlükəsizlik problemi ilə üz-üzədir. Bunun kökü isə əslində regiondan kənardadır".
Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin dünən keçirdiyi mətbuat konfransında deyib.
"Təəssüflər olsun ki, regiondan kənarda yerləşən bəzi ölkələr radikal qrupları meydana gətirməklə regionun təhlükəsizliyini pozmağa cəhd edir. Radikal qruplar təhlükəsindən əlavə, biz narkotik qaçaqmalçılığı təhlükəsi ilə də üz-üzəyik. Bunun da kökü regiondan kənara gedib çıxır", - deyə səfir bildirib.
Diplomat qeyd edib ki, NATO 12 il əvvəl narkotik qacaqmalçılığı və terrorla mübarizə adı altında Əfqanıstana daxil olub: "Lakin onlar nəinki terroru, narkotik qaçaqmalçılığını aradan qaldırdılar, əksinə, biz orada narkotik qacaqmalçılığının artmasının şahidi oluruq”.
Səfir İranın bu təhdidlərə qarşı mübarizə aparmaq istəyən istənilən region ölkəsi əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb: "Hazırda müəyyən müsbət əlamətlər nəzərə çarpır. Bəzi qərb ölkələri artıq terrorla mübarizə aparmaqdadır. Düşünürəm ki, Vyana razılaşmasından sonra onlar terrorla mübarəzəyə daha çox enerji sərf edəcəklər. Terror və radikallığa qarşı bütün dünya miqyasında mübarizə aparılmalıdır. Bizim bu sahədə Azərbaycanla çox sıx əməkdaşlığımız var".
Səfir İranla 5+1 ölkələri arasında İranın nüvə probleminə dair danışıqlarln sona çatmasını çox mühüm hadisə kimi dəyərləndirib.
Səfir bildirib ki, qarşı tərəf 13 ildən artıq İranın atom bombası istehsal etmək istəməsi bəhanəsi ilə dünyada İran əleyhinə təbliğat aparıb və İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib: “Lakin İran sübut etdi ki, heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Ali dini rəhbərin fətvasına görə, İranın hərbi strategiyasında belə bir silahdan istifadə etmək haramdır. Bizim diplomatlarımız bu müzakirələrdə sübut etdilər və qarşı tərəfi əmin etdilər ki, İran dövləti heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Dünənki razılaşma sübut etdi ki, müzakirələr aparmaqla müəyyən işləri həll etmək mümkündür. Qarşı tərəf bizi müharibə ilə hədələyirdi, lakin biz bu məsələni müzakirələr yolu ilə həll etmək niyyətində idik. Sübut etdik ki, bizim yolumuz düzgün idi və danışıqlar yolu ilə məsələni həll etmək olar”.
Diplomat İranın müzakirələr çərçivəsində müəyyən hədəflərə çatmaq istədiyini və həmin məqsədlərə çatdığını söyləyib: “Bizim danışıqları davam etdirməyimizdə məqsədlərimizdən biri bu idi ki, nüvə proqramımızı davam etdirək və qoruyaq. Biz buna nail olmuşuq. İkinci hədəfimiz İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması idi və biz buna da nail olduq. Saziş icra olunduqdan sonra bütün sanksiyalar ləğv ediləcək. Sonrakı məqsədimiz bu idi ki, İran dosyesi BMT Təhlükəsizlik Şurasından götürülsün. Bu məsələ də öz həllini tapacaq”.
Möhsün Pak Ayin bəyan edib ki, bu razılaşmadan hər iki tərəf udub: “Biz heç vaxt istəməmişik ki, bu razılaşmalardan kimsə uduzsun, çünki belə razılaşma uzun müddət sürə bilməz. Bu müzakirələrdə qərblilər anladılar ki, İranla təhdid dili ilə danışmaq olmaz və İran xalqına ehtiramla yanaşılmalıdır. İranın dünən əldə etdiyi qələbə yalnız İranın deyil, bizi sevən digər ölkələrin də qələbəsidir. Bu qələbə İranla qonşu ölkələr arasında iqtisadi münasibətlərin daha da genişlənməsinə imkan verəcək. İran güclü dövlətdir və biz bu gücümüzü regional təhlükəsizliyin təmin olunmasına sərf edəcəyik. İran iqtisadi cəhətdən də güclüdür və bu səbəbdən sanksiyalar dövründə hər şeyə tab gətirdi, inkişafdan qalmadı. Sanksiyalar götürüldükdən sonra bu inkişaf davam edəcək. Hal-hazırda dünyanın və regionun ən böyük problemi terror problemidir. Düşünürəm ki, gələcəkdə bununla mübarizədə daha yaxşı fürsətlər əldə olunacaq. Mən Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm ki, dünənki qələbəmiz münasibətilə bizi müxtəlif üsullarla təbrik etdilər. Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.
Səfirin qənaətinə görə, İranın Azərbaycanla iqtisadi münasibətləri çox yaxşı səviyyədədir: “Son iki ildə bu münasibətlər daha da genişlənib. Bunun bariz nümunəsi ötən il Bakıda müştərək iqtisadi komissiyanın iclasının keçirilməsidir”.
O xatırladıb ki, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmamışdı, bunun özü də müsbət bir haldır: “Lakin bu sanksiyalar İranın bank sahəsinə də tətbiq olunduğuna görə, regionun bəzi ölkələri bank sahəsində bizimlə əməkdaşlıq etmirdi. Sanksiyalar aradan qalxdıqdan sonra bu sahədə də əməkdaşlıq genişlənəcək. Bizim Azərbaycanla ticarət və enerji sahəsində müştərək layihələrimiz gözlənilir. Düşünürəm ki, bu layihələr uğurla həyata keçiriləcək. Tranzit sahəsində əsas prioritet məsələ Rəşt- Astara dəmir yolu xəttinin tikintisinin başa çatdırılmasıdır. Ümidvaram ki, ölkələr daha sıx əməkdaşlıq edib, bu layihəni uğurla həyata keçirəcək. Neft və qaz sahəsində də iki ölkə arasında layihələr icra olunmaqdadır. Avqustda Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana səfər edəcək. Eləcə də biz ilin sonuna kimi müştərək iqtisadi komissiyanın 10-cu iclasını Tehranda keçirməyi planlaşdırırıq. Bütün bunlar iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsinin nümunəsidir”.
Möhsün Pak Ayin İran neft-qaz ehtiyatları ilə zəngin olduğunu xatırladıb və qeyd edib ki, TAP, TANAP kimi layihələr Tehranı maraqlandırır.
O bildirib ki, bu məsələ İranın neft nazirliyi və neft-qaz şirkətinin mütəxəssisləri tərəfindən öyrənilir və sonra Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqlar başlana bilər: “Bu layihələrin tamamlanması 2018-ci ilə planlaşdırılır və həmin vaxta qədər bizim düşünməyə vaxtımız var”.
İran səfiri iranlı rejissorların Şuşada kino çəkməsinə münasibət bildirib. Səfir bu məsələyə şübhə ilə yanaşdığını deyib: “Bu xəbərin doğruluğuna şübhə edirəm. Buna görə də bu barədə heç nə deyə bilmərəm”.
Səfir bu xəbəri mətbuatdan oxuduğunu, rejissorlarla dövlət arasında əlaqələrin olmadığını nəzərə alaraq, onlarla əlaqə qura bilmədiyini bildirib: “Əgər hansısa məlumat əldə edə bilsəm, sizə bildirəcəyəm”.
Diplomat həmçinin qeyd edib ki,
bu cür xəbərlərin
bəziləri müəyyən hədəf və məqsəd
daşıyır. “Bu məqsədlərdən
biri də İranla Azərbaycan
arasındakı münasibətləri korlamaq
cəhddir. Bu səbəbdən də əvvəlcə
xəbərin doğru
olub-olmadığını müəyyən etməliyik, sonra isə cavab verə
bilərik”.
Xalq cəbhəsi.-2015.- 16 iyul.- S. 4.