“Respublikamızda mövcud
olan bütün dinlərin
nümayəndələrinə qarşı dözümlülük
və tolerantlıq nümayiş olunur”
Səyavuş Heydərov: Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə
nümunə ola biləcək bir ölkədir
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədr müavini Səyavuş Heydərovun
Trend-ə müsahibəsini təqdim edirik.
- Vətəndaş cəmiyyətində
din amilinin oynadığı
rol və onun birgəyaşayış
prinsiplərinə təsiri
barədə nə deyə bilərsiniz?
- Bu gün dünyada dövlət-din münasibətləri,
birgəyaşayış mühitinin
təmin edilməsi, habelə dini radikalizm və ekstremizmlə birgə mübarizə olduqca böyük əhəmiyyətə
malikdir. Ötən əsrin sonlarından
etibarən dünyanın
bir sıra ölkələrində din anlayışının
vətəndaş cəmiyyətinə
daxil olma prosesi başlamışdır
ki, bu da
özlüyündə qanunvericiliyin
nəzəri əsasları
üzərində sekulyarizm
və din arasında əlaqələrlə bağlı
müasir problemlərə
gətirib çıxarmışdır.
Yer üzündə mövcud olan üç əsas səmavi din – İslam, Xristianlıq və Yəhudilik dünya haqqında təsəvvür
yaratmaqla yanaşı,
ictimai idarəetmə
prinsiplərini də tənzimləməklə, dinin
bu proseslərdə həlledici rola malik olduğunu sübut etməkdədir.
- Sizcə, müasir dünyada birgəyaşayış
prinsiplərinin tənzimlənməsində
hansı neqativ hallar müşahidə edilir və bu prosesin sağlam
müstəvidə qurulmasına
hansı amillər mənfi təsir göstərir?
- Dünyəvi dövlət
quruculuğuna malik bir sıra cəmiyyətlər
müxtəlif dinlərə
qarşı daha sərt, digər qisim cəmiyyətlər isə daha yumşaq
mövqedən yanaşır.
Bu da özlüyündə
müxtəlif mənəvi-sosial
problemlərə, bir sıra regionlarda hətta silahlı münaqişələrə belə
zəmin yaratmaqdadır.
Belə ki, bu gün
bəşəriyyət özünün
təzadlı və məsuliyyətli dövrünü
yaşayır. Bir tərəfdən,
mədəniyyətlərarası dialoqun, xalqların və dövlətlərin
əməkdaşlığının qurulması istiqamətində
birgə fəaliyyət
göstərilsə də,
digər tərəfdən,
dünyanın bir sıra nöqtələrində
ksenofobiya, neonasizm, irqi və dini
ayrı-seçkilik kimi
təhdidlər getdikcə
daha təhlükəli
formada təzahür etməkdədir. Bütun
bunlar "sivilizasiyalararası
dialoq", "beynəlxalq
sülh və təhlükəsizlik naminə
əməkdaşlıq" kimi vacib, ümumbəşəri
əhəmiyyət daşıyan
pozitiv trendləri
formal, deklarativ bəyanatlar
səviyyəsinə endirərək,
bəşəriyyəti yeni
və daha təhlükəli qarşıdurmalara
sürükləməkdədir. Nəticədə "mədəniyyətlərarası
dialoq" prosesi mahiyyətini dəyişərək
geosiyasi və geoiqtisadi maraqların ödənilməsi vasitəsinə,
dünyanın güc
mərkəzlərinin, xüsusilə
də bəzi Qərb ölkələrinin
ikili standartlarının
monoloquna çevrilməkdədir.
- Ölkəmizdə dövlət-din
münasibətlərinin tənzimlənməsi
və dini radikalizmə qarşı mübarizə çərçivəsində
hansı əməli tədbirlər görülür?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası
dünyəvi dövlətdir
və ölkəmizdə
dövlət-din münasibətləri
mövcud qanunvericiliyə
uyğun şəkildə
tənzimlənir. Respublikamızda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük
və tolerantlıq nümayiş olunur. Azərbaycan bu aspektdən dünyanın
bir çox dövlət və cəmiyyətlərinə nümunə
ola biləcək
bir ölkədir. Xalqımızın öz tarixi
köklərinə bağlılığı,
milli-mənəvi dəyərlərinə
sadiq olması Azərbaycan Respublikasının
mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir.
Cəmiyyətimizdə həm dini,
həm də bəşəri dəyərlərə
eyni ölçüdə
önəm verilir.
Azərbaycan radikal qüvvələrə
qarşı mübarizədə
bir sıra vasitələrdən istifadə
etmiş, ölkəmizdə
bu sahədə praktiki yöndən işlər mühüm nəticələr vermişdir.
Dini maarifləndirmə işinin
düzgün və səmərəli təşkili,
cəmiyyətimizin müxtəlif
din və millətlərin
mənsublarının birgəyaşayış
tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında
həlledici rol oynamışdır. Dövlətimiz zəruri hallarda hüquqi aspektdən tələb olunan inzibati tədbirlər də həyata keçirməklə, bu nəticələrin effektivliyini
daha da artırmışdır.
- Multikultural təhlükəsizlik
özündə hansı
anlayışları ehtiva
edir və onun Azərbaycandakı təzahürləri ilə
bağlı nə deyə bilərsiniz?
- Beynəlxalq müstəvidə
dini və etnik zəmində baş verən proseslər bir daha sübut edir ki, multikultural
təhlükəsizlik, ictimai-siyasi,
eləcə də ümumbəşəri təhlükəsizliyin
ayrılmaz tərkib hissəsi olan bir anlayışdır.
Bu gün Azərbaycanın
dövlət siyasətinə
çevrilən multikulturalizm
anlayışı təkcə
ayrı-ayrı ölkələrdə
deyil, bütövlükdə
dünyada mədəni
müxtəlifliyin qorunmasına
və bu vasitə ilə ümumbəşəri harmoniya
yaradılmasına, xalqların,
fərqli din və mədəniyyətlərin qarşılıqlı
faydalı əməkdaşlığına
yönəldilmiş nəzəriyyədir. Bu gün planetin ayrı-ayrı guşələrində
- xüsusilə, İslam
dünyasında cərəyan
edən hadisələr
bir daha bu nəzəriyyənin doğruluğunu və Yer üzündə sülhün, təhlükəsizliyin
təmin olunmasında,
etnik-dini, mədəni
rəngarəngliyin mühafizəsində
vacibliyini, praktiki əhəmiyyətini təsdiqləməkdədir.
Möhtərəm Prezident cənab
İlham Əliyevin qeyd etdiyi kimi,
dünyada multikulturalizmin
alternativi yoxdur. Bu baxımdan, multikulturalizmin
digər populyar mövqedən – siyasi liberalizmdən əsas fərqi onun həmin fərqli qrupların hüquqlarını
tanıması, milli-mədəni
identikliyin qorunmasına,
dini, milli icmaların birgəyaşayış
normalarının formalaşmasına
və inkişafına
yönəldilən qanuni
fəaliyyəti hərtərəfli
və effektiv dəstəkləməsidir. Məhz buna görə də multikultural təhlükəsizlik milli
təhlükəsizliyin bir
növ qarantı rolunu oynamaqdadır. Çünki multikultural təhlükəsizliyi
təmin edən əsas meyar vahid dövlətdə yaşayan müxtəlif milli-dini və sosial qrupların yaratdığı birgəyaşayış
prinsiplərinin qorunub
saxlanması və inkişaf etdirilməsidir.
- Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin
təşkil etdiyi iftar süfrəsində iştirakı zamanı dünyada dini zəmində baş verən proseslərə və ölkəmizdəki
multikultural dəyərlərə
diqqət çəkdi.
Sizcə,
qeyd etdiyiniz birgəyaşayış prinsiplərinin
qorunub saxlanması və inkişaf etdirilməsi üçün
dünya ölkələri
tərəfindən konkret
hansı addımlar atılmalıdır və
Azərbaycan bu sahədə dünya ictimaiyyətinə hansı
töhfələr verə
bilər?
- Prezident cənab İlham Əliyevin vurğuladığı kimi,
həqiqətən də
bu gün dünya mənəvi böhran içindədir.
Qanlı
toqquşmalar, qarşıdurmalar
və müharibələr
bugünkü dünyanın
reallıqlarıdır. Təəssüflə qeyd etməliyəm
ki, bu proseslərin
mütləq əksəriyyəti
müsəlman ölkələrində
baş verir. Dünya bu dərin mənəvi
böhrandan qurtulmaq üçün multikulturalizm
və tolerantlıq ənənələrini gücləndirməlidir.
İslam dinini doğru və düzgün yaşatmağa
çalışan, eyni
zamanda, dünyəvilik
prinsiplərini də əsas alan
ölkələr bu sahədə fəaliyyətlərini
daha da genişləndirməli,
radikal meyilli qüvvələrin İslam
dünyasına, bütövlükdə
bəşər cəmiyyətinə
qarşı yönəltdiyi
aqressiv siyasətə
qarşı öz güclərini birləşdirməlidir.
Bu baxımdan ölkəmizdəki
multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunə ola
bilər. Bu dəyərlərin
iflasa uğradığını
və ya təsirsizləşdiyini bildirən
şəxslər Azərbaycana
gəlib, ölkəmizin
praktikada bu modeli necə yaşatdığını görə
bilərlər. Məhz
bu kontekstdən yanaşaraq, biz ölkəmizdəki
multikultural mühitin,
dövlət-din münasibətləri
modelinin yaxından öyrənilməsinin bütün
dünyaya faydalı olacağına inanır və tolerant təcrübəmizi
dost ölkələrlə hər zaman bölüşməyə hazırıq.
Yeri gəlmişkən, bu yaxınlarda Tacikistan
Respublikasında bu mövzuda
keçiriləcək beynəlxalq tədbirdə mən cənab
Prezidentimizin müvafiq
fikirlərini tədbir iştirakçılarına
çatdırmağa çalışacağam.
Xalq cəbhəsi.-2015.-
17 iyul.- S. 8.