“140 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının,
jurnalistikasının qarşısında həmişə bir
problem olub”
Akif
Aşırlı: “Elə “Əkinçi” qəzeti yarananda Həsən
bəy Zərdabinin əleyhinə yazan erməni “Muşaq” qəzetinin
redaktoru idi”
“Azərbaycan milli mətbuatının yaranmasının
140 illiyi ilə bağlı verdiyiniz Sərəncama, Azərbaycan
jurnalistikasına göstərdiyiniz diqqətə və
qayğıya görə məxsusi olaraq Sizə dərin təşəkkürlərimi
bildirirəm.
Məndən öncə çıxış
edən Əflatun Amaşov Azərbaycan mətbuatının
keçib gəldiyi tarixi yola qısa bir ekskurs etdi və
müasir jurnalistikamızın problemləri ətrafında da
fikir və mülahizələrini bildirdi, ən çox da ənənələrdən
danışdı. Təbii ki, bu ənənələri
formalaşdıran böyük şəxsiyyətlərdir,
böyük ziyalılardır. Biz o şəxsiyyətləri,
o ziyalıları daim hörmətlə anırıq. Hesab edirəm ki, Azərbaycanda ənənələrin
formalaşmasında məxsusi rolu olan ümummilli liderimiz Heydər
Əliyevdir. Ulu öndər Heydər
Əliyev Azərbaycan jurnalistlərinin çox yaxın dostu
idi. Ulu öndər Heydər Əliyev bizim
bütün problemlərimizə çox həssas yanaşan,
onları diqqətlə öyrənən və bu problemlərin
həlli yolunda çox ciddi addımlar atan böyük
dövlət xadimi idi”.
Bunu Azərbaycan
Mətbuat Şurası idarə heyətinin üzvü, “Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı iyulun 21-də
Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın
yaradılmasının 140 illiyi münasibətilə Mətbuat
Şurasının İdarə Heyətinin üzvləri ilə
görüşü zamanı çıxış edərək
bildirib.
Onun
sözlərinə görə, 1990-cı illərin
sonlarında cəmiyyətin müxtəlif sahələrində
olduğu kimi, mətbuatımızda da böhranlı hallar
yaşanırdı:”Bu böhranı aradan qaldıran, bizi
böhrandan çıxaran Ümummilli Liderimiz oldu. Həmin dönəmdə problemlərin bir çoxu
kütləvi informasiya vasitələri haqqında mükəmməl
qanunların olmaması ilə bağlı idi. Çox qısa müddət ərzində kütləvi
informasiya vasitələri haqqında nəinki Azərbaycanda,
MDB məkanında, hətta Avropa ölkələrinin
qanunvericilik bazasından da daha yaxşı, daha humanist və
daha demokratik qanunlar külliyyatı qəbul olundu. Senzura
ləğv edildi, bizim “Azərbaycan” nəşriyyatına olan
borclarımız birdəfəlik silindi, bu proses
dayandırıldı. Ulu öndər Heydər
Əliyev, ümumiyyətlə, Azərbaycanda mətbuat
üçün yeni bir ənənənin də əsasını
qoydu. Bu, mətbuat gününün və
mətbuatımızın yubileylərinin dövlət səviyyəsində
keçirilməsi ənənəsi idi. Azərbaycan
mətbuatının 125 illiyi 2000-ci ildə məhz
Ümummilli Liderimizin Sərəncamı ilə çox
yüksək səviyyədə keçirildi. Ulu öndərimiz Heydər Əliyevlə bizim
çox görüşlərimiz olub. Biz
onun tövsiyələrini həssaslıqla qəbul
etmişik. Biz Ulu Öndərin mətbuata
diqqət və qayğısını həmişə
yüksək dəyərləndirmişik. Biz həmin görüşlərin təəssüratını
həmişə yaşatmışıq və
yaşadacağıq. Çünki bu, biz
jurnalistlərin fəaliyyəti üçün çox
böyük önəm kəsb edir".
"Mən istərdim ki, ilk dəfə mətbuatın
yubileyinin keçirilməsi mərasiminə toxunam və
kiçik bir xatirə danışım. Biz
keçmiş “Moskva” mehmanxanasının birinci mərtəbəsindəki
salonda yığışmışdıq və Ümummilli
Liderin zala daxil olmasını gözləyirdik. Həmin salonun bir neçə istiqamətdə
qapıları var idi. Biz də hesab edirdik
ki, Ümummilli Lider ya ön qapıdan gələcək, ya da
arxa qapıdan. İndi burada əyləşən
həmkarlarımın bir çoxu orada idi. Biz yan qapının ağzında dayanıb, gözləyirdik.
Bir də baxdıq ki, qapı açıldı
və Ümummilli Lider göründü. Qapı ilə
bizim aramızda məsafə çox az
olduğundan bizim üçün daxili bir gərginlik
yarandı. Ulu Öndər bizə
yaxınlaşdı. O müdrik insan
bayramımızı təbrik etdi və görünür,
üzümüzə baxıb gərginlik keçirdiyimizi hiss
etdi və bizimlə söhbət etməyə başladı.
Hətta bizə zarafatyana suallar verdi. Çox qısa bir zamanda bizim daxili gərginliyimiz
aradan qalxdı. O söhbətdə, o görüşdə,
cənab Prezident, bizim yaddaşımızda daim yaşayacaq bir
məsələnin şahidi olduq. Ulu Öndər
ölkədə çıxan və ictimai rəyə təsir
imkanı olan bütün qəzetləri, onların baş
redaktorlarını tanıyırdı. Hətta,
adbaad tanıyırdı. Bu, bizim
üçün böyük məsuliyyət idi. Biz bu məsuliyyəti dərk edərək öz
işimizdə daha dəqiq, daha ciddi olmağa
çalışırdıq. Cənab Prezident, Siz
hakimiyyətə gələndə ilk aylarda Türkiyə qəzetlərinin
birinə belə bir müsahibə vermişdiniz. Mən dövlət idarəçiliyi ilə
bağlı hər hansı bir qərar qəbul edəndə,
sənədə imza atanda fikirləşirəm ki,
Ümummilli Lider görəsən bu məsələni, bu
problemi necə həll edərdi. Mən az-çox ictimai
rəyi bilən bir insan, Sizin fəaliyyətinizi çox
yaxından izləyən, müxtəlif yönlərdən
siyasi şərhlər verən bir qəzetin yazarı,
sıravi bir qələm adamı kimi deyirəm: Sizin dövlət
idarəçiliyi ilə bağlı verdiyiniz hər bir qərar,
sənədə atdığınız imzalar Ümummilli
Liderimizin imzalarının davamıdır. Məhz
buna görə biz Sizə təşəkkür edirik. Siz daxilən, ruhən demokratik insansınız.
Burada elə bir atmosfer yaradırsınız ki,
biz çəkinmədən alternativ fikirlərimizi, ürəyimizdən
gələn fikirləri səmimi şəkildə Sizə
çatdırırıq. Bu, Sizin daxili
demokratizminizdən, bizə, Azərbaycan ziyalılarına, qələm
sahiblərinə olan hörmətinizdən doğur", -
", Aşırlı qeyd edib.
Onun sözlərinə görə, ötən dəfə
də elə bu zalda müxtəlif təkliflərlə
çıxış ediblər.
"Bu təkliflər öz həllini tapdı. Artıq ali
məktəblərin jurnalistika fakültəsinə daxil olan
müəllim tələbəyə sual ünvanlamır ki, sən
jurnalist olmaq istəyirsən, ya yox? Çünki
əvvəlcə qabiliyyət imtahanı yox idi.
Jurnalistikaya çox təsadüfi adamlar – hüquq, beynəlxalq
münasibətlər fakültələrinə balı çatmayan abituriyentlər diplom xatirinə
gəlirdilər. Artıq bu problem aradan
qaldırıldı. Həm Mətbuat Şurası, həm
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası, həm KİVDF, həm baş redaktorlar bu
seçim prosesində çox şəffaf, azad şəkildə
iştirak edir və bizim gələcək kadrların daha
peşəkar, daha savadlı olması üçün əllərindən
gələni edirlər. Burada ahıl jurnalistlərlə
bağlı məsələ qaldırılmışdı.
Cənab Prezident, bizim ağsaqqal həmkarımız Yusif Kərimov
indi Mətbuat Şurasında müxtəlif layihələr həyata
keçirir. Özünü jurnalistikaya həsr
edən, Azərbaycan mətbuatının inkişafında məxsusi
yeri olan, sadəcə indi səhhətindəki problemlərlə
əlaqədar cəmiyyətdə baş verən proseslərə
qatıla bilməyən və diqqət–qayğı uman
ahıl jurnalistlər evlərində ziyarət olunurlar. Onların problemləri öyrənilir və həlli
istiqamətində addımlar atılır. Cənab
Prezident, biz belə problemlərimizin daha sürətli, daha
çevik həlli üçün Sizə bir daha təşəkkür
edirik. Biz Sizi özümüzə dost seçmişik və
çox istərdik ki, Siz bizim daim dostumuz olasınız. Çünki Əflatun Amaşov burada bizim yeni
mediamızın gətirdiyi yeni problemlər ətrafında
söhbət açdı. Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
işlərimizi sürətləndirmək üçün
inanırıq ki, Sizin tərəfinizdən
zəruri tədbirlər görüləcək. Əminik ki, əvvəlki problemlərimiz kimi, bu
problemlərin də həllinə Siz öz
yardımınızı, köməyinizi göstərəcəksiniz.
Cənab Prezident, biz çox istərdik ki, bir daha deyirəm, həmişə
bizim dostumuz olasınız. Çünki bu
dostluq bizim problemlərimizin həllində mühüm rol
oynayır", ", Aşırlı qeyd edib.
Prezident
İlham Əliyev bildirib: "Yəni, bu, təmənnalı
dostluqdur, eləmi?"
Akif
Açırlı bildirib: "Təmənnalı dostluq deyil.
Təbii ki, dostluq birtərəfli deyil,
dostluğun iki tərəfi olur. Biz də
çalışırıq ki, Azərbaycan həqiqətlərinin,
milli maraqlarımıza söykənən fikirlərinizin,
ideyalarınızın, yürütdüyünüz müstəqil
siyasətin dünyaya çatdırılması istiqamətində
imkanlarımızı səfərbər edək, bu yolda fəaliyyət
göstərək. Siz burada media
haqqında həm nəzəri, həm də təcrübi
fikirlərinizi söylədiniz. Təbii
ki, media cəmiyyəti təkcə maarifləndirmə,
yönləndirmə institutu deyil, həm də cəmiyyəti
öyrənmə institutudur. Biz cəmiyyət
içərisində oluruq və ayrı-ayrı təbəqələrlə
ünsiyyət qururuq. Onların yazılarını
çap edirik. O insanların ümumi fikri bundan ibarətdir
ki, Siz Azərbaycanın müstəqilliyi ideyasından bir
addım kənara çəkilməmisiniz. Bu,
böyük fədakarlıqdır. Bu fədakarlığa
görə Sizə “Çox sağ olun!”
deyirik. Azərbaycan artıq özünü,
öz müstəqil dövlətçilik tarixini dünyaya təqdim
edib. Bakı indi artıq dünyanın, Qərb
ölkələrinin dialoq mərkəzinə çevrilib.
Bakı Beynəlxalq Humanitar forumlarının
keçirilməsi buna əyani sübutdur. Yeri gəlmişkən,
orada Sizin media haqqında dediyiniz bir fikri
xatırlatmaq istəyirəm. Siz orada dediniz ki, media
dördüncü hakimiyyət deyil, media artıq birinci
hakimiyyətdir", - Aşırlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan təkcə
humanitar, iqtisadi sahələrdə deyil, idman sahəsində də
öz sözünü deyir. Əflatun Amaşov ilk
Avropa Oyunları ilə bağlı öz fikirlərini
çatdırdı. Oyunlar zamanı Azərbaycan
xalqı yekdil bir mövqe tutdu, dövlətini, dövlətçiliyini
və Sizin yürütdüyünüz
siyasəti dəstəklədi. Bu, məhz
xalqımızın uğurudur, cənab Prezident, Sizin
uğurunuzdur.
"Cənab
Prezident, indi 140 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının,
jurnalistikasının qarşısında həmişə bir
problem olub. Elə “Əkinçi” qəzeti
yarananda Həsən bəy Zərdabinin əleyhinə yazan erməni
“Muşaq” qəzetinin redaktoru idi və Həsən bəy də
işini-gücünü atıb buna cavab verirdi. 140 ildir ki, artıq bu problem Azərbaycan jurnalistlərinin,
jurnalistikasının qarşısındadır. Çox xoşdur ki, bu gün Azərbaycanda peşəkar
jurnalist ordusu, söz ordusu var. Vətənimizə söz ilə
güllə atan o insanlara biz layiqli cavablarını veririk.
Siz də Ali Baş Komandan kimi hansı bir məqamdasa
bizi torpaqlarımızı işğaldan azad etməyə
çağırsanız rahat redaksiyalarımızı səngərə
dəyişməyə, səngər qəzetləri
çıxarmağa, yeni medianın imkan verdiyi formatda bunu etməyə
hazırıq. Hesab edirəm ki, Azərbaycan
tarixində bunun örnəkləri olub. İkinci
Dünya savaşında bizim jurnalistlərimiz məhz bu
cür davranıblar. Cənab Prezident, bizi qəbul
etdiyiniz üçün Sizə təşəkkür edirəm,
minnətdarlığımı bildirirəm", -
Aşırlı qeyd edib.
Prezident
İlham Əliyev bildirib: "Sağ olun. Biz
burada səslənən fikirləri ümumiləşdirib, qərar
qəbul edəcəyik. Çox dəyərli
fikirlər, təkliflər səslənib".
Xalq cəbhəsi.-2015.-
23 iyul.- S. 9.