“Kino üçün peşəkar ssenarilər
yazmağı bacaran insanlar çatışmır”
Cahangir Məmmədov: ““Kinematoqrafiya
haqqında” qanuna rəy verəcək hər kəsin ədalətli
münasibətinə ümid edirik”
Mədəniyyət
və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin
müdiri Cahangir Məmmədovun APA-ya müsahibəsi
- Cahangir
müəllim, kino ictimaiyyəti peşə bayramına necə
hazırlaşır?
- Fikrimcə,
ən yaxşı xəbər ondan ibarətdir ki, ölkədə
kino prosesi davam edir: kinoya yeni insanlar qatılır, yeni filmlər
çəkilir, ssenaristlər ssenarilər yazır,
prodüser və rejissorlar yeni layihələr
hazırlayır, kinoteatrların repertuarları durmadan yenilənir
və nəhayət, tamaşaçılar kinoya gedir. Əgər
konkret olaraq 2 avqust Kino Günündən danışsaq, həmin
gün təntənəli gecənin
iştirakçılarına xaricdə yaşayan və ya təhsil
alan azərbaycanlı gənc rejissorlar tərəfindən
çəkilmiş, 5 novelladan ibarət “Şəhər
motivləri” adlı kinoalmanax təqdim ediləcək. Layihə fikrimizcə, uğurlu alınıb və
“Azərbaycanfilm” kinostudiyası bu istiqaməti davam etdirmək
qərarına gəlib. Artıq gənc
kinematoqrafçıların iştirakı ilə “Motivlər-2”
şərti adlı ikinci almanax istehsal olunur.
- Kino sahəsinin
hazırkı inkişaf səviyyəsindən
danışmağınızı istəyirəm. Yeni filmlərdən gözlədiyiniz reaksiyanı
görürsünüzmü?
- Bu
sualı birmənalı cavablandırmaq çətindir. Bir tərəfdən, xüsusilə son zamanlar filmlərimiz
beynəlxalq kinofestivallarda iştirak edir və mükafatlar
qazanır. Keçən il
coğrafiyası 5 qitəni əhatə edən 60-dan çox
beynəlxalq festival bizim filmləri öz proqramlarına daxil
edib. Bu filmlərin əksəriyyəti “Azərbaycanfilm”
kinostudiyasının istehsalıdır. Hələ bizdə
belə bir təcrübə olmamışdı: ilk dəfə
bədii filmlərimiz Kann və Venesiya kimi dünyanın ən
nüfuzlu kino festivallarının müsabiqə
nümayişinə seçilib. Bu gün də
bir sıra uğurlu işlər mövcuddur. Onlardan biri - vətənpərvərlik mövzusunda
çəkilmiş, Qarabağ müharibəsindən bəhs
edən “Yarımçıq xatirələr” filminin təqdimatı
Nizami Kino Mərkəzində uğurla keçirilib və
sentyabr-oktyabr aylarında həmin film kinoteatrlarda
nümayiş olunacaq. Filmlərin birgə
istehsalı üzrə işlər qaydaya salınır.
Gənc rejissorlarla ciddi işlər görülür: ssenari
müsabiqələri keçirilir, “Debüt” studiyası tam
gücü ilə fəaliyyət göstərir, xarici mütəxəssislərin
iştirakı ilə ustad dərsləri təşkil edilir. “Azərbaycanfilm” kinostudiyasında istehsal prosesi dəqiq
qurulub. Bu gün biz çəkiliş
prosesini və Azərbaycanda çəkilişləri həyata
keçirmək istəyən bir çox xarici şirkətlərin
fasiləsiz işini təmin etmək gücünə malikik.
Digər tərəfdən, bu, yaradıcı
kadrların, xüsusilə, yüksək ixtisaslı ssenarist,
rejissor və operatorların
çatışmazlığıdır. Maddi-texniki
baza ilə problem mövcuddur ki, nəticədə kinoçəkiliş
avadanlıqlarının icarəsinə böyük vəsait
sərf olunur.
Lakin ən əsası odur ki, məsələlər tədricən
öz həllini tapır və biz əminik ki,
kinematoqrafiyamız bizi maraqlı işlərlə hələ
çox sevindirəcək. Əlbəttə, hər
çəkilən filmdən uğur gözləmək
mümkün deyil, heç yerdə və heç vaxt belə
olmayıb və yoxdur. İstədiyimiz səviyyəni
saxlamaq hər zaman nəsib olmur. Ümid bəslədiyin
ssenari orta səviyyəli və ya sadəcə zəif film
alındıqda adama pis təsir edir. Amma
bu, təbii prosesdir.
- Kinonun
vergidən azad olunması ilə bağlı məsələ
müzakirə olunurdu. Bununla bağlı vəziyyət
nə yerdədir? Əgər bu baş
tutarsa, hansı irəliləyiş gözlənilir?
- Söhbət
konkret 3 ildən 5 ilədək olan müddətə
kinematoqrafiyaya dəstəkdən gedir. Bu
müddətə biz kinonun əlavə dəyər vergisindən,
kinoçəkiliş avadanlıqlarının və
kinoplyonkaların idxalının gömrük rüsumundan azad
olunmasını təklif edirik. Bu müddət
ərzində kino istehsalçıları öz maddi-texniki
bazasını möhkəmləndirə biləcək,
dövriyyə vəsaitlərini artıracaq, bu isə yeni
layihələr, yeni filmlər, yeni adlar deməkdir.
“Kinematoqrafiya haqqında” yeni Qanun layihəsi Milli Məclisə
təqdim olunub. Və biz bu sənədə rəy verəcək
hər kəsin ədalətli münasibətinə ümid
edirik.
- Ssenarilər
necə seçilir? Müəlliflərin
hansısa “qapalı bazarı” mövcuddurmu, və ya
hansısa indiyə qədər naməlum müəllif prosesə
qatıla bilərmi?
- “Bazar” ifadəsi mənə o qədər də
aydın deyil.
Əgər siz bu və ya digər ssenarinin
seçilməsi üçün “minnətdarlığ”ı
nəzərdə tutursunuzsa, bu yoxdur. Materialın
seçilməsi sisteminin şəffaflığına görə
bu mümkün deyil. Bunun üçün
öz sahəsində kifayət qədər nüfuzlu
yaradıcı mütəxəssislərdən ibarət Məşvərət
Şurası mövcuddur. Şura tərəfindən
materiallar nazirlikdə təsdiqlənməsi üçün
seçilir.
Kino
yazarları dairəsinin qapalılığı ilə
bağlı sualınıza gəlincə, belə dairə nəinki
mövcud deyil, hətta ola da bilməz,
çünki bizdə kino üçün peşəkar
ssenarilər yazmağı bacaran insanlar
çatışmır. Buna görə biz
onların axtarışındayıq, hər zaman ssenari
müsabiqəsi keçiririk, xaricdən müəlliflər
cəlb etmək məcburiyyətindəyik. Bu səbəbdən
hansısa ssenaridə onun inkişafı üçün bir
ipucu olduqda, dərhal qeydə alınır və müəllifi
ilə onun materialı üzərində fərdi iş
aparılır. Biri-birinin ardınca
kinodramaturgiyanın şah əsərini yaradacağını
güman edən bir çox həvəskar yazarlar da
mövcuddur. Məhz onlar əmindirlər
ki, həmin adamları sadəcə olaraq, həmin “əlçatmaz
dairə”yə buraxmırlar. Debütlər
üçün gənc insanların axtarışı
prosesində başa düşürsən ki, kinoda işləmək
üçün maraqlı şəxsiyyət tapmaq necə
çətindir.
- Azərbaycan
kinosunda senzura varmı? Bəzən rejissorlar azadlıq sərhədlərinin
daralmasından şikayətlənirlər...
-
Baxır, bu anlayışa hansı mənada
yanaşılır. Əgər biz dövlət
sifarişi ilə film çəkiriksə, o zaman
sifarişçinin istəyini nəzərə almamaq olmaz.
Və bəziləri bunu senzura
adlandırırsa, düzgün deyil. Tutaq
ki, siz haranısa təmir etdirir və ustaya divarları boz rəngdə
boyamağı tapşırırsınızsa, axı fikirləşmirsiniz
ki, o divarları yaşıl rəngə boyayacaq. Bəs nə üçün kimsə fikirləşir
ki, bunu kinoda etmək olar? Əgər
rejissor və prodüser digər mənbələrin vəsaiti
hesabına film çəkərsə və biz bu filmi Filmlərin
Dövlət Reyestrində qeydiyyata almayıb yayım
hüququ vermədiyimiz halda qanun pozuntusundan danışmaq
olar. Senzura ölkəmizdə qanunla ləğv
edilib.
-
Kinostudiyada aparılan islahatlar Sizi qane edirmi?
- “Azərbaycanfilm” kinostudiyasında kino istehsalı
prosesində ciddi dəyişikliklər etmək zərurəti
çoxdan yaranmışdı. İki il öncə
həyata keçirilən kadr dəyişikliyi nəhayət
bu işə başlamağa imkan yaratdı. Müşfiq
Hətəmov dəqiq istehsal mexanizmini yoluna qoymaqla
studiyanın bütün texnoloji bölmələrinin ahəngdar
işləməsinə, maliyyə intizamının güclənməsinə,
kadrların məsuliyyətinin artmasına, işçilərin
əmək haqlarının artırılmasına və s.
nail oldu. Eyni zamanda, burada vəsaitə əhəmiyyətli
qənaət edilərək yeni layihələrin həyata
keçirilməsinə yönəldilir.
- Cahangir
müəllim, yeni filmlər telekanallarda nümayiş olunmur.
Olunursa da, bu, fikrimcə, qənaətbəxş deyil...
- Əgər ən yeni filmləri nəzərdə
tutursunuzsa, filmi təqdimatından dərhal sonra televiziya
ekranlarına çıxarmaq olmaz. Bu, hər yerdə tətbiq
edilən təcrübədir. Nizami Kino Mərkəzi
filmi göstərməlidir və digər kinoteatrlar istədikləri
halda onu öz repertuarlarına daxil edə bilərlər.
Filmlərin kinofestivallarla bağlı öz qaydaları var:
filmin festivalda iştirakdan öncə televiziya kanallarında
nümayişi məqbul sayılmır. Əslində
verdiyiniz bu sual daha çox televiziya rəhbərlərinə
aiddir. Bir çox filmimizin nüsxələri
bütün telekanallarda mövcuddur. Onları
proqrama daxil edib-etməmək telekanalların istəyindən
asılıdır.
- Növbəti
ilə hansı layihələr var, bu barədə məlumat
verə bilərsinizmi?
- Mirsadıq Ağazadə romantik komediya janrında
“Eviniz abad” şərti adlı bədii filmin istehsalına
başlamalıdır. Çingiz Abdullayevin “Quba kapriçiosu”
romanının motivləri əsasında rejissor Yavər
Rzayevin “Xeyir ilə Şərin rəqsi” filminin istehsalı
başa çatmaq üzrədir. Artıq
neçə ildir ki, başa çatdırılmamış
istehsal və təşkilati məsələlər səbəbindən
“Qırmızı bağ” müştərək filmini
yekunlaşdırmaq mümkün olmayıb. İndi nəhayət bütün təşkilati məsələlər
həll edilib və Mirbala Səlimli öz filminin final mərhələsi
üzərində işləməyə başlaya biləcək.
Kamran Şahmərdan Elçin Əfəndiyevin
eyniadlı əsəri əsasında gürcü
kinematoqrafçıları ilə lentə aldığı
“Qatil” filmi üzərində işləri başa
çatdırmaq üzrədir. Daha bir
neçə adlarını hələ ki, açıqlamaq
istəmədiyim tammetrajlı film layihələri
mövcuddur.
- Bəzən
kinematoqrafçılarımızın kəskin fikirləri
ilə rastlaşırıq ki, çəkilişlərə
xarici mütəxəssislər, aktyorlar, operatorlar dəvət
edilir və bizim mütəxəssislər kənarda
qalır...
- Belə
bir əhvalat danışılır: kinostudiyanın direktoru
Adil İsgəndərovun yanına bir rejissor gəlir və
deyir ki, öz yeni filmində rollara Gürcüstan, Özbəkistan
və Rusiyadan aktyorlar dəvət etmək istəyir. İsgəndərov ona cavabında deyir ki, bəlkə
mən rejissoru da Moskvadan dəvət edim? İlk
baxışdan hər şey düzdür və bu əhvalat
sizin dediyiniz insanların narazılığını təsdiqləyir.
İndi isə vəziyyətə o vaxtdan 50 il
sonrakı baxış bucağından nəzər salaq. İndi biz başqa mühitdə
yaşayırıq. Hazırda film bir
studiyanın texniki və yaradıcı gücü ilə
çəkilirsə, bu artıq filmin dəyərini
artıran amil kimi qəbul olunmur. “Birgə
kino istehsalı haqqında” Beynəlxalq Konvensiya mövcuddur.
Yeri gəlmişkən, Azərbaycan da həmin
Konvensiyanı imzalayıb. Birgə
istehsalın hansı fayda gətirdiyi barədə çox
danışılıb, bu, kinoprokat sahəsinin, maliyyə,
texniki, yaradıcı imkanların genişlənməsi deməkdir.
- Bizdə
sınanmış səsyazma rejissorları var. Amma tutalım,
bir rejissor İtaliyadan hansısa operatorun bir neçə
filminə baxır və düşünür ki, onun filmi
üçün tələb olunan vizual xətti məhz həmin
adam qura bilər...
-
Müasir kino aləmində bu mənada hər şey sıx
bağlıdır. Bu proses getdikcə sürətlənməkdədir.
Titrlərdə prodüserlərin, xaricdən olan çəkiliş
qrupu üzvlərinin, ifaçılarının və s.
göstərilməməsi xaricdə qəribə
qarşılanır. Demirəm ki, bizdə bu, hələ
lazımı səviyyəli mütəxəssislərinin
çatışmazlığından irəli gəlir.
Qabaqcadan etiraz görürəm: nəyə görə
hazırlamırsınız, oxutmursunuz? Oxuduruq.
Mədəniyyət və İncəsənət
Universitetində kinematoqrafiyanın bütün əsas
ixtisasları üzrə mütəxəssis
hazırlığı aparılır. Nazirlik
həmçinin, gəncləri xaricə təhsil almağa
göndərir, öncə dediyim bir çox digər
lazımı işlər həyata keçirir. Buna
baxmayaraq, sabah kinostudiyanın direktorunun
otağına gəlib “mən xaricdən öz filmim
üçün operator, səs rejissoru, rəssam
tapmışam” deyən rejissor tapılacaq. Və onun təklifini
qulaqardına salmaq olmayacaq.
Xalq cəbhəsi.-2015.-
23 iyul.- S. 15.