“Bizə
münasibət dəyişməlidir”
Novruz
Məmmədov: “Həm ABŞ, həm də Avropa
İttifaqı artıq bizi anlayır”
“Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi”.
Bu sözləri dünən keçirdiyi mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Novruz Məmmədov bildirib ki, Donald Tuskun səfəri əslində Avropa Oyunları zamanı baş tutmalı idi: “Ancaq 21-22 iyunda Yunanıstanla bağlı mühüm durum yarandı, böhranla bağlı Avropa İttifaqına üzv dövlətlərin toplantısı oldu. O da Azərbaycan tərəfindən üzr istəyərək bildirdi ki, gələ bilmir”.
Novruz Məmmədov bu ilin əvvəlində Qərb strukturları ilə Azərbaycan arasında bir sıra məsələlərə yanaşmada mövqe fərqinin olduğunu söyləyib: “Azərbaycan müstəqillik qazandığı müddətdən bəri Avropa dövlətləri ilə strateji sahələrdə ən uğurlu və sıx əməkdaşlıq edən ölkədir. Postsovet məkanındakı dövlətlər içərisində Avropa dövlətləri ilə bu səviyyədə əməkdaşlıq edən ikinci ölkə göstərmək olmaz. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr regionun sabitliyinə və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verib. Eyni zamanda Azərbaycan Avropa İttifaqı ilə terrorizmə qarşı səmərəli mübarizə aparır, bunun tarixi müstəqilliyimizin ilk illərindən başlayır. Digər tərəfdən, Azərbaycan Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhün təmin olunmasında əməkdaşlıq edir”.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə siyasi və mədəniyyət sahələrində də sıx əməkdaşlıq edir: “Amma bu ilin əvvəlindən bizim Avropa strukturlarına açıq, səmimi və daha sərt formada iradlarımız olub. Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, sizdən bunu dəyərləndirən münasibət gözləyirik, çox təəssüf ki, uzun müddət gözləsək də, bu münasibəti görə bilmirik. Həm də Avropa strukturlarına xırda bir irad deyəndə özünü fəal adlandıran müxalifətçilər, QHT-lər deyirlər ki, dünya dağıldı. Bəlkə deyilən iradlar əsaslıdır?! Sözüm yoxdur, onları maliyyələşdirənlərə, sahiblərinə xidmət etsinlər, ancaq unutmasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Onlar Avropa strukturlarından bu müddət ərzində Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi tələb etməyiblər, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması barədə indiyə qədər söz deməyiblər”.
Novruz Məmmədov Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözlədiklərini vurğulayıb: “Təəssüf ki, onlar bunu etmirlər, edə bilmirlər. Biz Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadıq. Bizi tənqid edirdilər. Amma həmin tənqid edənlərin biri də demədi ki, assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyü göstərilmir. Necə olur ki, Moldova, Ukrayna ilə assosiasiya sazişində bu göstərilir? Bunu bir müxalifət fəalı, həmin QHT-lər demədilər. Prezident İlham Əliyev Azərbaycanın maraqları ilə bağlı addım atır və atmaqdadır. Ola bilər ki, bir müddət Azərbaycanın bəyanatlarına, mövqelərinə Qərbdə diqqət yetirmirdilər, düşünürdülər ki, Azərbaycanı istədikləri yola gətirəcəklər. Amma prezident son müşavirədə Qərbdə bağlı konkret mövqe nümayiş etdirdi. Anladılar ki, Azərbaycana başqa ölkələr kimi fərqli münasibət göstərə bilməzlər. Avropa İttifaqının prezidentinin səfəri də bunun göstəricisi idi”.
Novruz Məmmədovun sözlərinə görə, Donald Tusk etiraf edib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır: “O cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Donald Tusk bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləyir. Uzun yoldan sonra bu qiyməti aldıq. Yeri gələndə biz öz mili maraqlarımız, təhlükəsizlik və sabitliyimiz üçün bu addımları atmaqda davam edirik. Bir daha deyirəm ki, müstəqilliyi qoruyub saxlamaq çox çətindir. Müstəqilliyimizi əbədi qorumalıyıq”.
Novruz Məmmədovun sözlərinə görə, “Avropa İttifaqının prezidenti Donald Tuskla görüşlərdə əsas müzakirə olunan məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi olub”.
Məmmədov bildirib ki, Donald Tusk Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini dəstəklədiyini bəyan edib: “Biz 20 ildən çox Avropa İttifaqı ilə əməkdaşlıq etmirdik ki, indi də şıltaqlıq edək ki, əməkdaşlıq etmək istəmirik. Ancaq biz Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərlə bağlı ədalətli mövqe gözləyirik”.
PA rəsmisi Azərbaycanda sabitlik və təhlükəsizliyin qorunub saxlanmaqda olduğunu vurğulayıb: “Eyni zamanda dinamik inkişaf davam etməkdədir. Müstəqil daxili və xarici siyasət xəttinin qorunması tarixi nailiyyətimizdir”.
Novruz Məmmədov bildirib ki, Heydər Əliyev bu siyasətin, kursun əsasını qoyub, prezident İlham Əliyev xalqına bağlılığı, istedadı ilə bu missiyanı uğurla yerinə yetirir: “Neftin qiymətinin düşməsi ilə bağlı bir çox ölkədə problem yaransa da, Azərbaycanda belə problem yoxdur. Qeyri-neft sektorunda əldə olunan 9 faiz artım bunun göstəricisidir. Ancaq bunları görə-görə bizə etinasızlıq edilir. İşğalçı Ermənistana dəstək verilir, işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoyulmursa, biz buna sakit yanaşa bilmərik. Ola bilər ki, Azərbaycanda kiminsə hüququ pozulur, amma hansısa hadisə baş verən zaman bununla bağlı Avropanın ən mühüm qəzetlərində məqalələr yazılırsa, niyə qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı Avropa və Amerika qəzetlərində belə məqalələr tapmaq olmur? Qaçqın və məcburi köçkünlərimiz öləndə ata-analarının yanında dəfn edilməyi arzulayır, ancaq olmur. Onlar insan deyillər?”
Novruz Məmmədov bildirib ki, Almaniya və ABŞ səfirləri və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri ilə görüşləri olub: “Bu görüşlərdə artıq deyirlər ki, bizi başa düşürlər. Onlar başa düşürlər ki, Azərbaycanı nəyəsə məcbur etmək düzgün deyil. Mən dəfələrlə bildirmişəm ki, niyə Azərbaycanla aranızda problem yaranmasını istəyirsiniz? Bu gün Yunanıstanla münasibətlərinizdə narazılıq yaranıb, Avropa İttifaqında bir sıra ölkələrlə münasibətlərdə də narazılıqlar yaranıb, nə istəyirsiniz?”
Novruz Məmmədov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə enerji, sülhyaratma proseslərində, mədəniyyət, idman sahələrində strateji tərəfdaşlıq edir:
“Bütün bunlar bir reallıqdır. Çox qəribə bir situasiya var. Səfirdən tutmuş ölkə başçılarınadək bütün görüşlərdə Azərbaycanın zəruri əməkdaşlıq edilən dövlət olduğunu bəyan edirlər. Amma digər tərəfdən deyirlər ki, bu, qəzetdir, o belə yazıb, QHT-dir, belə bəyanat verib. Bu, ədalət tərəzisini pozur. Rəsmilər Azərbaycanın yüksək yerdə olduğunu bəyan edirlər, amma hansısa qəzet nəsə yazırsa, QHT bir bəyanat verirsə, bu, Azərbaycanın imicinə ziyandır. Belə mexanizmin Qərbə uğur gətirəcəyinə şübhəm var. Dünya dövlətlərinin çoxu bu yanaşmalara şübhə ilə yanaşır”.
Novruz Məmmədov Avropa İttifaqı ilə strateji tərəfdaşlıq müqaviləsi üzərində işlənildiyini də xatırladıb.
PA rəsmisinin sözlərinə görə, ABŞ dövlət katibi köməkçisinin baş müavini Riçard Hoqland və Avropa İttifaqı prezidenti Donald Tuskun səfərləri Azərbaycanın mövqeyi ilə bağlı olub: “Azərbaycan 24 il Avropa və ABŞ ilə sıx əməkdaşlıq edibsə, niyə fərqli mövqe qoyulmalıdır? Həm ABŞ, həm də Avropa İttifaqı artıq bizi anlayır” .
Novruz Məmmədov deyib ki, həm ABŞ, həm də Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaş olduğunu bildirirlər: “Riçard Hoqlandın səfəri də bu ruhda idi. Enerji məsələləri ilə bağlı ABŞ-dan Azərbaycana gələn nümayəndə heyəti də münasibətlərin inkişafını arzuladı. Almaniya tərəfdən də belə təklif olub, biz də müsbət mövqeyimizi bildirmişik. Ancaq onu da deyim ki, biz mövqeyimizə sadiqik, bizə münasibət dəyişməlidir”.
Novriz Məmmədov bu ilin yarım ili ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəzərə çarpan irəliləyiş olmadığını xatırladıb və qeyd edib ki, müəyyən addımlar atılsa da, nəticə yoxdur: “Elə həmsədrlər buna görə də regiona səfər etdilər. İradə nümayiş etdirdilər ki, xarici işlər nazirləri, prezidentlər görüşsünlər. Amma Azərbaycan prezidenti bəyan edir ki, görüşə hazırdır, amma görüş görüş xatirinə olmasın".
Novruz Məmmədov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində görüşü barədə hələlik razılıq yoxdur: “Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər. Amma bu görüşün sentyabr, oktyabr, yaxud noyabrda olacağını deyə bilmərəm”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını qaytaracaq: "Yunanlar deyirlər ki, Allah kimisə cəzalandıranda əvvəlcə ağlını alır. İndi yəqin ki, Allah Ermənistan rəhbərliyinin ağlını alıb. Erməniləri iki yerə bölmək lazımdır. 6-7 milyon erməni müxtəlif ölkələrdə qoltuqlarda rahat yaşayır, 1-1,5 milyon isə Ermənistanda onların cəzasını çəkir, gələcəkləri yoxdur. Ermənistan müstəqillik qazanan zaman iddialarla çıxış etməsəydilər, indi Azərbaycanda da çox rahat yaşayırdılar".
Xalq Cəbhəsi.- 2015.- 25 -27 iyul.- S. 3.