Hərbi Prokurorluqda əməliyyat
müşavirəsi
Xanlar Vəliyev: “2015-ci ilin birinci yarımilində
hərbi prokurorluq orqanları tərəfindən
bir çox ağır, mürəkkəb
və çoxepizodlu cinayət hadisələri
aşkarlanaraq qeydə
alınıb”
Azərbaycan Silahlı Qüvvələrində korrupsiya hallarına yol vermiş 43 şəxs barəsində 25 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib. Bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Xanlar Vəliyev qeyd edib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun və prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2015-ci il yanvarın 10-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
Diqqətə çatdırılıb ki, Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-cü ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 25 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il iyulun 13-də altı ayın yekunlarına dair iclasındakı nitqində korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən görülən tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır.
Xüsusi vurğulanıb ki, 2015-ci ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.
Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.
Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib.
Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 63 yoxlama keçirilib, nəticədə 1064 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 98 təqdimat göndərilib, 125 nəfərə xəbərdarlıq edilib, 30 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 76 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 203 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 20 apelyasiya protestinin 46,2 faizi təmin olunub.
Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 78 məhkəmə prosesi keçirilib.
Cari ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 793 müraciətinə baxılıb, 428 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1491 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.
Hərbi prokuror Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xanlar Vəliyev Silahlı Qüvvələrdə bu il qeydə alınan cinayətlərin statistikasını açıqlayıb.
Hərbi Prokurorluqda keçirilən 2015-ci ilin birinci yarısına həsr olunmuş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, cari ilin altı ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb.
Hərbi prokuror qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2015-ci ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, qulluğa səhlənkar yanaşma, qəsdən sağlamlığa ağır zərər vurma, eləcə də rüşvətxorluq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə faktları ümumiyyətlə qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 98,8 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.
Kollegiyada bildirilib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq edilmiş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə bir sıra cinayətlərin cüzi artımı qeydə alınıb.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləş¬mələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zə¬ru¬ri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüv¬və¬lərdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları ha¬zırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bir daha vurğulayıb ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə səbəbindən asılı olmayaraq baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluq orqanları tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.
Xalq Cəbhəsi.-
2015.- 25-27 iyul.- S. 4.